Məhkəmə qərarları › İş №2-1(107)-286/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-286/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-286/2021 30.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) 04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.12.2019-cu il tarixli **********14-10301 reyestr römrəli, ünvan 1 ünvanına aid, X1 adına fərdi yaşayış evinə dair Texniki Pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbi belə əsaslandırımışlar ki, İddiaçı1 mərhum atası X7 14.03.2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri arvadı İddiaçı2, oğlu İddiaçı1 və qızı X13 müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına 13.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iş üzrə üçüncü şəxs X1 adına 18.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. İş üzrə üçüncü şəxs R.Həşimova iddiaçıların qonşusudur. İddiaçılara mərhum Ə.Həşimova məxsus olan fərdi yaşayış evinə dair koordinatların və sərhədlərin müəyyən edilməsi ilə bağlı mütəxəssis tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilərkən məlum olmuşdur ki, Ruhangiz Həşimovaya verilmiş texniki pasportda qeyri-müəyyənlik mövcuddur. Belə ki, R.Həşimovaya məxsus fərdi yaşayış evinin koordinatları idarənin mühəndisi Əhməd Nəbiyev tərəfindən şişirdilərək faktiki koordinat nöqtələri artıq göstərilmiş və sənəd hazırlanarkən tərəflər arasında mübahisə yaradan 86 sm olan dar dalan qeyri-müəyyən səbəbdən 2.0 metr kimi göstərilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün İddiaçı1 cavabdeh orqana müraciət etmiş, lakin onun müraciət təmin edilməmişdir. İddiaçılar birinci instansiya məhkəməsinə 03.11.2020-ci il tarixdə daxil olan ərizədə iddia tələbində dəqiqləşdirmə aparmış və “04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 11.02.2021-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 17.07.2020-ci il tarixli, **********14 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Şəki şəhər ZDS-in 12 fevral 1970-ci il tarixli qərarı, 16 dekabr 1974-cü il tarixli, 9432/4851 saylı torpaq qeydi, 01 iyun 1987-ci tarixli, 8465 inventar nömrəli texniki pasport, Şəki regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 24 oktyabr 2019cu il tarixli, 3161 saylı vərəsəlik dairəsinin müəyyən olunması barədə məktubu əsasında mərhum X4 adına qeydiyyata alınaraq 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış verilmişdir. 01 iyul 1987-ci il tarixli, 8465 inventar nömrəli texniki pasportda X4 adına 83 sm olan hissə göstərildiyindən 13 noyabr 2019-cu il tarixdə işlənilmiş 8465 inventar nömrəli texniki pasportda əksini tapmışdır. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınaraq X6 adına 15 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik qəbul edildikdən sonra X1 adına 18 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış verilmişdir. 04 noyabr 2019-cu il tarixli, 3330 inventar texniki pasport işlənilərkən 3 saylı köməkçi otağa giriş qapısı mövcud olduğundan həyətyanı torpaq sahəsinin həmin hissəsi ümumi istifadə kimi göstərilmişdir. Birinci instansiyan məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiyan məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiyan məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiyan məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 13.11.2019-cu il tarixli, ********** nömrəli çıxarış və 13.11.2019-cu il tarixli, **********64-10301 reyestr nömrəli Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir. İş materiallarında olan Şəki şəhər XDS İK-nın 12.02.1970-ci il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 atasının adına olan evə ailəsinin çoxluğu nəzərə alınaraq bir otaq calamasına icazə verilmişdir. İş materiallarında olan 863908 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 14.03.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin 24.10.2019-cu il tarixli, 3161 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 vərəsələri arvadı İddiaçı2, oğlu İddiaçı1 və qızı X8r. İş materiallarında olan 15.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra 27.11.2019-cu il tarixli vərəsəlik hüququ əsasında fərdi yaşayış evi X1 mülkiyyətinə verilmiş, sonuncunun adına 18.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və 04.12.2019-cu il tarixli, **********14-10301 reyestr nömrəli Texniki pasport tərtib edilmişdir. İş materiallarında olan mərz çəkən X9 12 saylı Ərazi İdarəsinin rəisinə ünvanladığı izahatda qeyd edilir ki, 25.10.2019-cu il tarixində daxil olmuş ********** saylı ərizənin icrası ilə bağlı ünvan 6 ünvanında tərəfindən müayinə ölçü işləri aparılmışdır. Aparılmış müayinə ölçü işlərinin nəticəsinə və arxiv sənədlərinə istinad edərək mərhum X6 adına texniki pasport tərtib edilmişdir. 1962-ci ildə tərtib olunmuş 3230 inventar nömrəli texniki pasportda yarım zirzəminin giriş qapısı, 1-ci mərtəbəyə çıxış üçün pilləkən və pilləkən meydançası göstərilmişdir. Mübahisəyə səbəb olan ərazi 2 yaşayış evi arasındakı məsafə pilləkən və onun səkisinin düşdüyü hissə olduğundan, lakin hal-hazırda pilləkənin və onun səkisinin sökülüb götürülməsi səbəbli iki yaşayış evi arasındakı keçid hissəsi **********14- 10301 saylı texniki pasportda ümumi birgə istifadə kimi göstərmişdir. İş materiallarında olan cavabdehin 12.10.2019-cu il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd edilir ki, sənəd üzrə ümumi torpaq sahəsi 357 kv.m-dir. Bu sahədən 161 kv.m hissə iddiaçı X12 Şəki XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrılmışdır. 39 kv.m zəbt torpaq sahəsi var. “B” tikilisi zəbt torpaq sahəsinə düşür. İddia olunan torpaq sahəsinin girişinə qapı qoyulub və qapalı bir sahədir. Eyni zamanda həmin torpaq sahəsinə X2 məxsus evin zirzəmi hissəsində yerləşən köməkçi otağın girişi-çıxış qapısı açılır. 11.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi plan-ölçü sənədində olan səhvin aradan qaldırılması üçün vaxt verilməsini xahiş etmiş və bununla bağlı barışıq üçün tərəflərə vaxt vermişdir. Lakin iş materiallarında olan cavabdehin İddiaçı1 ünvanladığı 01.03.2021-ci il tarixli, **********46 nömrəli məktubdan müəyyən edilir ki, məsələ ilə əlaqədar R.Həşimova 15.02.2021-ci il tarixdə ərazi idarəsinə dəvət edilmiş, lakin düzəliş edilməsinə etiraz etdiyi üçün dövlət reyestrində və verilmiş sənədlərdə düzəliş aparılması mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 aprel 2021-ci il tarixli, 2- 1(116)-127/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X3 apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ünvan 6 ünvanında tərəfindən müayinə ölçü işləri aparılmış, aparılmış müayinə ölçü işlərinin nəticəsinə və arxiv sənədlərinə istinad edərək mərhum X6 adına texniki pasport tərtib edilmişdir. 1962-ci ildə tərtib olunmuş 3230 inventar nömrəli texniki pasportda yarım zirzəminin giriş qapısı, 1-ci mərtəbəyə çıxış üçün pilləkən və pilləkən meydançası göstərilmişdir. Mübahisəyə səbəb olan ərazi 2 yaşayış evi arasındakı məsafə pilləkən və onun səkisinin düşdüyü hissə olmuşdur. Həmin ərazi onlara məxsus olmuş belə ki, qeyd etdiyi kimi həmin ərazidə onlara məxsus evə girib çıxmaq üçün pilləkən olmuşdur. Həmçinin həmin ərazidə onlara məxsus zirzəmiyə giriş qapısı da yerləşir. Lakin sonradan təmir işləri aparılarkən həmin pilləkən sökülərək evin qarşısında quraşdırılmışdır. Lakin bu o demək deyil ki, həmin ərazidən ona məxsus pilləkən götürülübsə həmin ərazi onun deyil. Həmin ərazi həmişə bizə məxsus olmuş və həmin ərazidən hal-hazırda da ona məxsus fərdi yaşayış evinin zirzəmisinə qapı mövcuddur. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçılar cavabdeh inzibati orqana 19.02.2020-ci il tarixdə müraciət etmiş, cavabdeh inzibati orqan isə 18 mart 2020-ci il tarixli məktubla bundan imtina etmişdir. Lakin iddiaçılar bundan 3 ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsində göstərilən prosessual müddəti ötürmüşdür. Lakin iddiaçılar iddia müddətini ötürdükləri halda birinci instansiva məhkəməsi buna hüquqi qiymət verməmiş və iddia müddətini tətbiq etməmişdir. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normaların kobud şəkildə pozmuşdur. Belə ki, İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun vəkili X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)- 127/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Üçüncü şəxs X1 apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası üçüncü şəxs tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verdiyi təsdiqini tapdığından, mübahisə predmeti olan 86 sm olan dar dalan texniki pasportda 2.0 metr qeyd olunduğundan və bununla da iddiaçıların tələbi əsaslı olduğundan iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyini qoymaqla düzgün nəticə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar