Məhkəmə qərarları › İş №2-1(107)-286/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-286/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-286/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı təşkilatı”nda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət də sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı təşkilatı”nda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət də sığorta stajı kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1977xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1998-ci il və xx.xx.2000-xx.xx.2005-ci illərdə müxtəlif vəzifələrdə işləmiş, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuş və xx.xx.1976-xx.xx.1977-ci illərdə (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1-ci dərəcəli matros sənəti üzrə tam kursunu bitirmiş) təhsil almışdır. İddiaçının iş stajı ümumilikdə 28 il 8 ay 20 gün (iyirmi beş il səkkiz ay iyirmi gün) təşkil edir.

3. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən 16 iyun 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X4” təşkilatında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən təşkilatda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 8 ay 20 gün xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1977-xx.xx.1977-ci il və xx.xx.1979-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41280,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16849,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

5. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunnun ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

7. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

9. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

11. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini), avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur.

14. İş materiallarında olan Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının 17 mart 2022- ci il tarixli **********6 nömrəli imtina məktubuna əsasən Nümayəndə1 16 iyun 1978-ci il tarixli ИT0290556 nömrəli əmək kitabçasında iddiaçının 30 dekabr 2000-ci il tarixdən 30 dekabr 2005-ci il tarixədək olan dövr ərzində “X4” təşkilatında işlədiyi qeyd olunmuş və həmin dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (Monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından iddiaçı Nümayəndə1 ümumi iş stajı 25 ildən az olmaqla 20 il 8 ay 20 gün (xx.xx.1977-ci il tarixdən 05 oktyabr 1979-cu il tarixədək, 30 oktyabr 1977-ci il tarixdən 04 noyabr 1977-ci il tarixədək və 03 dekabr 1979- cu il tarixdən 03 aprel 1998-ci il tarixədək) təşkil edir.

15. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan ümumi sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.

16. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Yusif Məmmədovun “iddianın dəqiqləşdirilməsinə dair” ərizəsini təqdim edərək “xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı təşkilatı”nda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət də sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

20. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 30 dekabr 2000-ci il tarixdən 30 dekabr 2005-ci il tarixədək "X4" təşkilatında işlədiyini iddia edir. 17 mart 2022-ci il tarixli **********6 nomrəli imtina məktubuna əsasən iddiaçının 16 iyun 1978ci il tarixli ИT0290556 nömrəli əmək kitabçasında iddiaçının 30 dekabr 2000-ci il tarixdən 30 dekabr 2005-ci il tarixədək olan dövr ərzində X4" təşkilatında işlədiyi qeyd olunmuşdur və həmin dövrün dəqiqləşdirilməsi məqsədi ilə "Sığorta Alt Sistemi (Monitorinq)" proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında" qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının ümumi sosial sığorta stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümümi iş stajına daxil etmək mümkün olmadığından iddiaçı Nümayəndə1 ümumi iş stajı 25 ildən az olmaqla 20 il 8 ay 20 gün (xx.xx.1977-ci il tarixdən 5 oktyabr 1979-cu il tarixədək, 30 oktyabr 1977-ci il tarixdən 4 noyabr 1977-ci il tarixədək və 3 dekabr 1979-cu il tarixdən 3 aprel 1998-ci il tarixədək) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16849,06 manat təşkil edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişlər.

25. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

26. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və cavabdeh iddiaçının həmin tarixli müraciətinə baxaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. - Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmiş, ümumi iş stajının 25 ildən az olması səbəbi ilə imtina verilmişdir. - İddiaçıya məxsus 316 nömrəli attestatın surətindən görünür ki, iddiaçı 1976-cı ildən xx.xx.1977-ci il tarixədək birinci dərəcəli matros peşəsi üzrə təhsil almışdır. Təhsil ilinin həmin dövrdə 01 sentyabr tarixdən başlandığı nəzərə alınarsa iddiaçının təhsil müddəti xx.xx.1976-xx.xx.1977-ci il aralığında qəbul edilməlidir. Hətta iddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1978-ci il tarixli əmək kitabçasında da xx.xx.1976-cı ildən təhsil aldığı göstərilmişdir. - ******* nömrəli hərb biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1978-ci ildə doldurulmuş əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək birinci dərəcəli matros şagirdi; xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixədək birinci dərəcəli matros; xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək nəqliyyat donanmasının gəmilərində matros; xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilədək nəqliyyat donanmasının gəmilərində elektrik; xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək nəqliyyat donanmasının gəmilərində radioperator; xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək nəqliyyat donanmasının gəmilərində radiostansiya rəisi; xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək Zaqatala rayon İcarə podratı təşkilatının camaşırxana şöbəsində mexanik. - “Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyətinin X1 xx.xx.2022-ci il tarixli, AM03102-2297 nömrəli arayışında qeyd olunur ki, iddiaçı Azərbaycan Dövlət X9nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1979-cü il tarixindən xx.xx.1998- ci il tarixinədək, matros, elektrik, radiooperator, radiostansiya rəisi vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 18 il 04 ay 00 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təstiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli Qərarına əsasən X9 Azərbaycan Dövlət X9 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X9nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə “Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - Zaqatala rayon X4 təşkilatının xx.xx.2022-ci il tarixli, 122 nömrəli arayışından müəyyən olunur ki, iddiaçı camaşırxana şöbəsinə xx.xx.2000-ci il tarixdə mexanik vəzifəsinə qəbul olunmuş və xx.xx.2005-ci il tarixədək həmin vəzifədə işləmişdir. Arayışda qeyd olunur ki, iddiaçının camaşırxanada mexanik vəzifəsində mexanik üzrə iş stajı 5 il 00 ay 00 gün təşkil edir və o, öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Ərizəyə əlavə olunmuş əmr kitabının surətinə əsasən görünür ki, iddiaçı camaşırxana müdirinin 14 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinə əsasən camaşırxana mexanik vəzifəsinə qəbul edilmiş və 12 nömrəli, xx.xx.2005-ci il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. - “AZEMİS”dən çıxarışdan görünür ki, Zaqatala şəhər Mərkəzi X4 Təşkilatının hüquqi ünvanı Zaqatala şəhəri, Nizami 47-dir. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Zaqatala şəhər Mərkəzi X4 Təşkilatı 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır (VÖEN **********) və Təşkilatın hüquqi ünvanı ünvan 3i sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il məktubundan görünür ki, Zaqatala şəhər Mərkəzi X4 Təşkilatı (VÖEN: **********) Zaqatala Kommunal Müəssisələri Kombinatının xx.xx.1990-cı il tarixli, 58 nömrəli əmri ilə yaradılmışdır və Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində D-9/50 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.1998-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-ə keçirilmişdir. xx.xx.2008-ci il tarixədək fəaliyyəti aktiv olmuş, həmin tarixdən isə fəaliyyəti dayandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

30. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.

32. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

33. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir.

34. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

35. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

36. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır.

37. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

39. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

41. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

42. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Kollegiyanın 12 may 20223-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il məktubundan görünür ki, Zaqatala şəhər Mərkəzi X4 Təşkilatı (VÖEN: **********) Zaqatala Kommunal Müəssisələri Kombinatının xx.xx.1990-cı il tarixli, 58 nömrəli əmri ilə yaradılmışdır və Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində D-9/50 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.1998-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-ə keçirilmişdir. xx.xx.2008-ci il tarixədək fəaliyyəti aktiv olmuş, həmin tarixdən isə fəaliyyəti dayandırılmışdır.

46. Qeyd edilən normaların tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmişdir. İddiaçı qanuna müəyyən edilən yaş həddinə çatmışdır. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (18 il 4 ay) işlədiyi matros, elektrik, radiooperator və radiostansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21.2-ci bəndinə, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda (XXVİİİ yarımbölmə 3cü bənd kod 23003000 1-ci yarımbənd) göstərilən 23003010 kodlu vəzifəyə uyğundur.

47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).

48. Həmçinin, iddiaçı tərəfindən güzəştli arayışlar birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur.

49. Cavabdehin imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur.

50. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu illər, 1976-xx.xx.1977-ci təhsil illəri və “Çamaşırxana icarə podratı təşkilatı”nda işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci ilədək müddət də sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2-1(116)-133/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar