Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-287/2020 16.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək vəzifə maaşının 15%-i miqdarına verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzəfəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-547/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı məhkəmə sədri kimi pensiya alır, o, pensiyaya çıxan zaman pensiyası o vaxt qüvvədə olan qanuna görə, məhkəmə sədrinin əmək haqqının 80%-i miqdarında hesablanmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin xx.xx.2019-cu il tarixli arayışından məlum olur ki, məhkəmə sədrinin vəzifə maaşı xx.xx.2018-ci il tarixdən artaraq 1596 manat, xx.xx.2019-cu il tarixdən isə 1733 manat olmuşdur. Bundan əlavə, hakimlərə xx.xx.12019-cu il tarixdən əvvəl hər ay verilən vəzifə maaşının 15%-i əvəzinə 25%-i miqdarında pul təminatı və vəzifə maaşlarına hər ay bir aylıq vəzifə maaşı həcmində əlavə verilir. Beləliklə, DSMF-nin rayon şöbəsi həmin artımları, iddiaçı pensiyaya çıxan zaman tətbiq olunmuş qanun və qaydaları rəhbər tutaraq onun pensiyasını yenidən hesablamalıydı. Lakin cavabdeh AR Konstitusiyasını və qanunları kobud surətdə pozaraq belə etməmiş, iddiaçının hüququ vəziyyətini pisləşdirən, xx xxxx 2018-ci ildə təsdiq edilmiş yeni qaydalarla pensiyasını hesablamışdır. Hətta xx.xx.2018-ci il tarixdə pensiyasını yenidən hesablayarkən nəinki əvvəlki qanunu tətbiq etməmiş, əksinə, hələ 55 gündən sonra təsdiq ediləcək qaydaları əsas götürmüşdür. DSMF-nin istinad etdiyi Qaydalar, göründüyü kimi onun hüquqi vəziyyətini yaxşılaşdırmır, əksinə, pisləşdirir və bu səbəbdən də, geriyə şamil edilə biliməz. İddiaçının DSMF-nin qanunsuz hərəkətiylə bağlı məhkəməyə üçüncü müraciətidir. Əvvəlki iki halda məhkəmələr iddialarını təmin etmiş, DSMF-nin orqanını qanuni hərəkətə məcbur etmək haqqında qərarlar qəbul etmişlər. Birinci halda, 2014-cü ildə DSMF-nin İsmayıllı rayon şöbəsi «Məhkəmələr və hakimlər haqqında» AR Qanuna əlavə və dəyişikliklər edilməsi barədə» xx xxxxxxx 2010cu il tarixli Qanuna əsasən birinci instansiya Məhkəməsinin hakimlərinə vəzifə maaşlarının 15%-i miqdarında əlavə olunmuş aylıq pul təminatının iddiaçının pensiyasına əlavə edilməsindən imtina etmişdir. İddia əsasında İsmayılı rayon məhkəməsi işə baxaraq xx xxxxxx 2014-cü ildə tələbi təminiylə bağlı qətnamə qəbul etmiş, bundan sonra DSMF-nin şöbəsi həmin məbləğdən çatan hissəsini pensiyasına əlavə etmişdir. İkinci halda 2016-cı ildə DSMF-nin rayon şöbəsi «Məhkəmələr və hakimlər haqqında» AR Qanuna əsasən hər il hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı və 2 aylıq əmək haqqı məbləğində müavinəti onun pensiyasına hesab edilməsindən imtina etmişdir. Şəki İnzibati- İqtisadi məhkəməsi xx xxxxxx 2016-cı il tarixli Qərarı ilə iddiaçının iddiasını təmin etmiş,cavabdehin üzərinə tələbi nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması vəzifəsini qoymuşdur. Şəki Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyası cavabdehin apellyasiya şikayətini təmin etmədən, qərarı öz gücündə saxlamışdır. İddiaçının hazırki üçüncü müraciəti əvvəlki iddia ilə, demək olar ki, eyni, analojidir. Onun ilk müraciətlərindən DSMFnin tələb etdiyi məbləğləri işlədiyi zaman almamağı ilə əlaqələndirərək, imtina etmişdir. DSMF-nin rayon şöbəsi göstərmişdir ki, hakimlərin əmək haqlarına verilən əlavələr, yalnız işlədiyi dövrdə həmin əlavələr almış hakimlərə verilə bilər. Lakin iddanı təmin edən məhkəmə qətnamələri onların səhv fikirdə olduqlarını qanuni şəkildə izah etdi. DSMF-nin rayon şöbəsinin, əllərində analoji işlər üzrə 3 qətnamənin, Konstitusiya Məhkəməsinin qərarı ola-ola pensiyasını hesablayarkən yenidən əvvəlki imtina mövqeylərini tutmaları, onları qanunlarla deyil, hansısa «anlayışlarla» fəaliyyət göstərmələrini düşünməyə əsas verir. Bu, sosial müdafiədən çox sosial hücum xarakteri daşıyır. Bu məsələləri peşəkarcasına bilmələri dövlət DSMF-nin rayon şöbəsinin verdiyi xx xxxxxx 2017-ci il tarixli arayışla da sübut olunur. Arayışda göstərilir ki, pensiyası Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixdə orta aylıq əmək haqqının 80%-i miqdarında hesablamışdır. Qüvvədə olan Konstitusiya və Qanunlara əsasən bundan sonra onun pensiyası hüquqi vəziyyətini ağırlaşdıran hansısa qaydalarla hesablana bilməz. Bu cür hesablama birbaşa Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin pozulması deməkdir. Cavabdehin etirazının dəlilləri: Qanunvericiliyə əsasən 5 il və daha çox hakim işləmiş şəxslərə hakim vəzifəsində istənilən 5 ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin olunur. Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri əvəzçiliyə və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya təyin olunması üçün orta aylıq əmək haqqı hesablanarkən gəlirin ümümi məbləğinə daxil edilir. İddiaçı şöbənin xx xxxxxx 2009-cu il tarixli 2321 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdən Qanunun 20.1.4-ci maddəsinə uyğun olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli 19/07 №-li əmək haqqı arayışı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hakim işlədiyi dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla, 1996-cı ilin may ayında ödənilmiş 82500 manat, 1997-ci ilin yanvar ayında ödənilmiş 100000 manat, 1998- ci ilin iyul ayında ödənilmiş 275500 manat,1999-cu ilindekabr ayında ödənilən 275500 manat mükafat məbləğləri orta aylıq əmək haqqının tərkibinə daxil edilmişdir. İddiaçı pensiyası Şəki İnzibati-İqtisadı Məhkəməsinin xx xxxxxx 2016-cı il 2- 1(84)-104/2016 nömrəli Qərarına əsasən xx.xx.2016-cı il tarixdə yenidən haqq-hesab edilərkən ona 2612,04 manat orta aylıq əmək haqqının 80 faizi miqdarında miqdarında aylıq 2089,63 manat pensiya təyin olunmuşdur. Orta aylıq əmək haqqı müəyyənləşdirilərkən vəzifə maaşının üzərinə hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə vəzifə maaşının 15 faizi həcmində pul təminatı hakimlərə hər il verilən iki aylıq əmək haqqı məbləğində müavinət müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və mükafat əlavəedilmişdir. Qanunun 20.7-ci məddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasına əmək sonrakı artımlar da nəzərə alınmaqla, hakimlərin vəzifə maaşlarının artırılması Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına uyğun olaraq pensiya yenidən hesablanmaqla xx.xx.2018-ci il tarixdən 2874,82 manat orta aylıq əmək haqqında 2150,23 manata, xx.xx.2019-ci il tarixdən isə 3120,71 manat orta aylıq əmək haqqında 2206,93 manata çatdırılmışdır. xx.xx.2018-ci il tarixdən başlayaraq qulluq stajına əlavələr Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 142 nömrəli Fərmanı ilə təstiq olunmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavənin yenidən hesablanması qaydasına uyğun olaraq yenidən hesablanır. İddiaçının səlahiyyət müddətində fəaliyyət dövrü 6 il 11 ay olduğundan aylıq artım məbləği xx.xx.2018-ci il tarixdən PMA = 262,78X(83 x 50% / 180)=262,78X23,06% = 60,60 manat, xx.xx.2019-cu il tarixdən isə PMA = 245,89X(83 x 50% / 180)=245,89X23,06% = 56,70 manat təşkil etmişdir. İddiaçı hakimlərə hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən alınmaqla hesablanması orta aylıq əmək haqqının müəyyən edilməsi qaydasına zidd olunduğundan həmin məbləğlər orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alına bilməz. İddiaçı cavabdeh Dövlət Sosial Fondunun İsmayıllı rayon şöbəsinə qarşı “pensiyanın yenidən xx.xx.2018-ci il tarixə kimi olan qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddi ərizəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin, “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə yenidən hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələbinə zidd olduğu üçün edilə bilməz, əsassız olduğu üçün iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini sizdən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 547/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, da Cavabdeh üzərinə İddiaçıpensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-nin X4 İdarəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 04737907 nömrəli X1 surəti, И-Т seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, xx.xx.2020-cİ il tarixli ********* nömrəli etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 8/36 nömrəli, xx.xx.2009-cu il tarixli 19/07 nömrəli, xx.xx.2009-cu il tarixli 16 nömrəli, xx.xx.2018-ci il tarixli 8/525 nömrəli,xx.xx.2016-cı il tarixli 8/217 nömrəli, xx.xx.2015-ci il tarixli 8/920 nömrəli, xx.xx.2014-cü il tarixli 8/1151 nömrəli arayışları, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(107)- 146/2016 nömrəli Qərarı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-104/2016 nömrəli Qərarı, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi aiddir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx xxxxxx 2009-cu ildə xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 20.1.4-cü maddəsinə əsasən sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən İddiaçının xx.xx.1995-xx.xx.1999- cu ilədək hakim işlədiyi dövrün orta aylıq əmək haqqı nəzərə alınmışdır. İddiaçı, “Məhkəmələr və hakimlər haqqında” qanunun (bundan sonra - MHQ) 106-cı maddəsinin 3-cü hissəsinə əsaslanaraq hazırki tələblə çıxış edir. Məlum olduğu kimi, x xxxxxxx 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanunla MHQ-ya aşağıdakı məzmunlu 3-cü hissə əlavə edilib: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”. Daha sonra, xx xxxx 2019-cu il tarixli 1647-VQD nömrəli Qanunla həmin hissə aşağıdakı redaksiyada verilib: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.” Göründüyü kimi, xx xxxxxxx 2010-cu ildə MHQ-nin 106-cı maddəsinə müvafiq məzmunlu dəyişiklik edilərkən iddiaçı artıq hakim deyildi. Yəni bu əlavənin heç bir zaman almayıb. Məhkəmənin qiymətləndirməsindən belə aydın olur ki, iddia təmin edilərkən MHQ-nın 106-cı maddəsin edilmiş dəyişiklik “əmək haqqının sonraki artımı” kimi qəbul edilib. Halbuki burada “əmək haqqının sonraki artımı”ndan söhbət gedə bilməz. Belə ki, ƏPQ-nin 20.7-ci maddəsi onun digər müddəaları, xüsusilə də 1.0.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməlidir. “Əmək haqqındakı sonrakı artım” ifadəsi mücərrəd artımı deyil, konkret pensiyaçının əmək haqqındakı artımı ifadə edir. Daha açıq bir ifadəylə, şəxs pensiyaya çıxarkən onun pensiyasının hesablanması zamanı əsas alınmış “əmək haqqının orta aylıq məbləği”nə şəxsin pensiyaya çıxdığı anda aldığı “əmək haqqı” və “digər ödənclər” daxildir. Dolayısı ilə, əgər şəxs pensiyaya çıxarkən almadığı, yəni “əmək haqqının orta aylıq məbləği”nə daxil olmayan məbləği “əmək haqqındakı sonrakı artım” kimi tələb edə bilməz. Bu nəticə, ƏPQ- nin 1.0.1-ci maddəsində əmək pensiyasına verilmiş anlayışla da uzlaşır. Çünki həmin maddəyə görə, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2020-ci il tarixli Qərarında açıq şəkildə göstərmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında ” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən ” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar ”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:- “Əməkpensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;-“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil:-əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi;-əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli Əmri ilə təsdiq edilmiş DSMF-nin X4 İdarəsinin Əsasnaməsinin 2.1.1-ci və 2.1.2-ci bəndlərinə müvafiq olaraq, “Əmək pensiyaları haqqında” qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması DSMF-nin X4 İdarəsinin səlahiyyətinə aid edilmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 547/2020 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasınını əvvəlki iclasında iş üzrə iddaçı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2- 1(116)-547/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: DSMF-nin X4 İdarəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)- 104/2016 nömrəli Qərarından görünür ki, cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsinin üzərinə hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı və 2 aylıq əmək haqqı məbləğində müavinət əmək haqqına əlavə edilərək İddiaçı pensiyasının hesablanması vəzifəsi qoyulmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(107)-146/2016 nömrəli Qərarından görünür ki, DSMF-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-104/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)- 546/2014 nömrəli Qətnaməsi ilə Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2010-cu il tarixli 1092- İİİ QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşına əlavə olunan 15 faiz miqdarında aylıq pul təminatının birinci instansiya məhkəməsinin keçmiş hakimi kimi ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası alan İddiaçı şamil olunması hüququ müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarı ilə hakimin əməyini xüsusi dəyənləndirməni, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyi fərqli yanaşmanı tələb edir. Bu baxımdan mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərliyi prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda Olan şəxslərlə bağlı selektiv yanaşmaya yol verilməsi AR-nın qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə qismən razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hissədə ləğv edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-547/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlnılmalıdır. Belə ki, hazırkı “pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nın mümkünlüyü ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmələr və hakimlər haqqında” Qanuna xx xxxx 2019-cu il tarixli düzəliş edildikdən sonra 106-cı maddə yeni redaksiyada verilmiş mətninə əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadalanan və iddiada qeyd edilən ödənişlər iddiaçıya yalnız o vaxt əmək pensiyasına əlavə ödənişlər hesablana bilərdi ki, iddiaçının İddiaçı oğlu xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqındakı sonrakı artımlar, il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım alması şəxsin vaxtilə aldığı əmək haqqı ilə həmin ödənişləri almış olsun. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən“Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollqegiyası bildirir ki, iddiaçının İddiaçı oğlu xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hakim kimi ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, əmək pensiyasının xx.xx.2018-ci il tarixə kimi yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmadığı üçün və həmçinin 2010-cu ildən əvvəlki hüquq münsibətlərinə aid olduğu üçün nəzərə alına bilməz. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən iddiaçının hüququ o vaxt yarana bilərdi ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun”.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbin hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində ləğv edilməli, apelyasiya şikayətinin bu hissədə dəlilləri əsaslı olduğundan qismən təmin edilməlidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavə dəyişikliklər edilməsi barədə x xxxxxxx 2010-cu il tarixli 1092-111 QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna xx xxxx 2019-cu il tarixli düzəliş edildikdən sonra 106-cı maddə yeni redaksiyada verilmiş mətninə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Bununla baglı,məhkəmə kollegiyası qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)-546/2014 nömrəli Qətnaməsində görünür ki, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2010-cu il tarixli 1092-İİİ QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşına əlavə olunan 15 faiz miqdarında aylıq pul təminatının birinci instansiya məhkəməsinin keçmiş hakimi kimi ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası alan İddiaçı şamil olunması hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarda həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki,bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Belə olan halda,“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxx 2019-ci il tarixli Azərbaycan Respublikasının Qanunununa əsasən həmin qanunun 106-cı maddəsinin üçüncü hissə yeni redaksiyada verilərək Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilməsi müəyyən edilmişdir. Ona görə də qanuni qüvvəyə minmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(037)-546/2014 nömrəli qətnaməsi ilə təmin edilmiş İddiaçı 15%-i miqdarında verilmiş pul təminatı 25%-dən nəzərə alınmaqla hesablanmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edərək İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində təmin edilməməli və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-547/2020 nömrəli qərarı İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək İddiaçı pensiyasının yenidən xx.xx.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hisəsində təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-547/2020 nömrəli qərar qalan hissədə dəyişdirilmədən saxlnılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-287/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-287/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver