Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-287/2021 30.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə qarşı “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli qərarından iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinə 21.10.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddia tələbi belə əsaslandırılmışlar ki, Şəki rayonu, Daşüz Bələdiyyəsinin 12.06.2020-ci il tarixli 09 saylı iclasında 15 il müddətinə İddiaçı2 illik icarə haqqı 94 manat olmaqla 4.62 ha və İddiaçı1 illik icarə haqqı 805 manat olmaqla 40 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Qərarın verilməsi üçün əsas 14.05.2020 və 11.06.2020-ci il tarixlərdə keçirilən hərraclar olmuşdur. Hərracların qalibləri müvafiq olaraq İddiaçı2 və İddiaçı1 olmuşlar. Daha sonra qanunvericiliyin tələb etdiyi şəkildə həmin şəxslərə torpaq sahələrinin icrayə verilməsi barədə X15 Xidmət Mərkəzinin Notariat Ofisində müqavilələr bağlanaraq notariat qaydasında təsdiqlənmişdir. Həmin müqavilələr İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmışdır. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Daşüz Bələdiyyəsinin sənədləri inzibati nəzarət qaydasında yoxlanılaraq torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarların ləğv edilməsi təklif edilmişdir. Şəki rayonu X10 Regional Ədliyyə İdarəsinin təkliflərini müzakirəyə çıxararaq 22.07.2020-ci il tarixli qərarla 12.06.2020-ci il tarixli qərarını və 31.08.2020-ci il tarixli 14 saylı iclasında 20.02.2020-ci il tarixli 03 saylı iclasının gündəliyində olan ikinci məsələ üzrə 40 ha və 4.62 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərarlarını ləğv etmişdir. Şəki Regional Ədliyyə İdarəsi eyni zamanda Daşüz Bələdiyyəsinə müraciət edərək keçirilmiş hərracların protokolları üzrə qəbul edilmiş qərarların və şəhadətnamələrin etibarsız hesab edilməsi və icarə müqavilələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi zərurətini bildirmişdir. Lakin Bələdiyyə məhkəməyə müraciət etməkdən imtina etdiyi üçün Şəki Regional Ədliyyə İdarəsi həmin tələblə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki rayonu, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli qərarları iddiaçılara elan edilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Şəki Rayon Məhkəməsində iddia tələbinə baxılarkən hazırkı iş üzrə iddiaçılar belə bir qərarların mövcudluğundan xəbərdar olmuşlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şəki rayonu, Daşüz bələdiyyəsinin 20.02.2020-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən edilir ki, 1.Daşüz bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarından 40.0 ha örüş torpaq sahəsinin müsabiqəyə çıxarılması; 2.qeyd olunan torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki rayonu Daşüz bələdiyyəsinin 12.06.2020-ci il tarixli, 09 saylı iclas protokolunun surətindən müəyyən edilir ki, İddiaçı2 maldarlıqla məşğul olmaq üçün 15 il müddətinə 4.62 ha, İddiaçı1 isə 40.0 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı1 40.0 ha torpaq sahəsi 15 il müddətinə, hər ili üçün 805 manat olmaqla icarəyə verilmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin 22.07.2020-ci il tarixli, 12 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı 16.07.2020-ci il tarixli məktubların müzakirəsi bələdiyyədə aparılmışdır. İdarə tərəfindən bələdiyyənin 12.06.2020-ci il tarixli, 09 saylı iclas protokolunda olan aktlara inzibati nəzarət qaydasında baxılmışdır. Məlum olmuşdur ki, torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəblə də X10 Regional Ədliyyə İdarəsinin məktublarını nəzərə alaraq hazırkı iş üzrə sözügedən torpaq sahələrinin iddiaçılara icarəyə verilməsi ilə bağlı qərarların ləğv edilməsini qərara almışdır. Bundan başqa Daşüz bələdiyyəsinin 31.08.2020-ci il tarixli, 14 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Regional Ədliyyə İdarəsinin tövsiyyə xarakterli məktubunu nəzərə alaraq bələdiyyə 20.02.2020-ci il tarixli, 03 saylı iclas protokolunda olan ikinci məsələ (torpaq sahəsinin 15 il müddətinə hər bir hektarı üçün 20.0 manat icarə haqqının müəyyən edilməsi) ilə əlaqədar vermiş olduğu qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, 11.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.62 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 17.03.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 4.62 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 14.05.2020-ci il tarixli, 156 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı2 olmuşdur. Bundan sonra ona 4.62 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011593 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı2 arasında 16.06.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı2 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (94.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin məhkəməyə təqdim etdiyi sənədlərin surətlərindən müəyyən edilir ki, 07.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 40.0 ha torpaq sahəsi Daşüz bələdiyyəsinin mülkiyyətindədir. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 06.05.2020-ci il tarixli “Torpaq müsabiqə müqaviləsi”nə əsasən qeyd olunan çıxarışa əsasən 40.0 ha torpaq sahəsi müsabiqəyə çıxarılmışdır. Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 11.06.2020-ci il tarixli, 186 nömrəli iclas protokoluna əsasən müsabiqədə 2 nəfər iştirak etmiş və müsabiqənin qalibi İddiaçı1 olmuşdur. Bundan sonra ona 40 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı, 011701 nömrəli şəhadətnamə verilmişdir. Bələdiyyə ilə İddiaçı1 arasında 12.06.2020-ci il tarixdə İcarə müqaviləsi bağlanmış və İddiaçı1 icarəyə götürdüyü torpaq sahəsinin dəyərini (805.0 manat) bələdiyyənin hesabına ödəmişdir. İş materiallarında olan həmin iş üzrə iddiaçı Şəki Regional Ədliyyə İdarəsinin cavabdehlər Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, X15 Xidmət Mərkəzinin notariat ofisi, İddiaçı2 və İddiaçı1 qarşı Şəki Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin surətindən görünür ki, bələdiyyənin 20.02.2020-ci il tarixli, 03 saylı iclasında iştirak etdikləri qeyd edilən 9 nəfər bələdiyyə üzvündən 5-dən izahat alınmışdır. Onlar izahatlarında qeyd olunan iclasda iştirak etmədiklərini bildirmiş və bu barədə məlumatlarının olmadığını qeyd etmişlər. Nəticədə bələdiyyə yetər say olmadan iclas keçirərək qərar qəbul etmişdir. Bu səbəblərə görə İdarə məhkəmədən Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının 14.05.2020-ci il tarixli, 156 nömrəli və 11.06.2020-ci il tarixli, 186 nömrəli iclas protokolları üzrə qərarlarının ləğv edilməsini, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM seriyalı, 011701 nömrəli və AM seriyalı, 011593 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsini, bələdiyyə ilə İddiaçı2 arasında 16.06.2020-ci il tarixdə və bələdiyyə ilə İddiaçı1 arasında 12.06.2020-ci il tarixdə bağlanmış icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşüz bələdiyyəsinin bələdiyyə üzvləri X2, X8, X6, X9 və X4 Şəki Regional Ədliyyə İdarəsinə verdikləri izahatlardan müəyyən edilir ki, adları qeyd olunan bələdiyyə üzvləri Daşüz bələdiyyəsinin 20.02.2020-ci il tarixli 03 saylı və 12.06.2020-ci il tarixli 09 saylı iclaslarında iştirak etməmiş və iclas barədə onların məlumatları olmamışdır. Şəki İnzibаti Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyəsinə qarşı “Şəki rayonu, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayonu, Daşüz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarmm qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məkəhməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi işə mahiyyəti üzrə 19.04.2021-ci il tarixdə baxaraq 2-1(116)-316/2021 saylı qərarla iddia tələbini təmin etməmişdir. Şəki İnzibati Məhkəməsinin həmin qərarını əsassız və ədalətsiz hesab edirik. Məhkəmə tərəfindən sözügedən qərar çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunvericiliyin iddiaçıların xeyrinə olan mühüm tələbləri nəzərə alınmamışdır. Qeyd edək ki, məhkəmə tələbi rədd edərkən yalnız 20.02.2020-ci il tarixli 03 saylı və 12.06.2020-ci il tarixli 09 saylı iclaslarında bələdiyyə üzvlərinin iştirak etməməsini əsas götürmüşdür. Halbuki hazırkı iddianın predmeti həmin qərarlar deyil, 22.07.2020-ci və 31.08.2020-ci il tarixli iclas qərarları İddiaçı2 və İddiaçı1 münasibətdə ləğv edilməsi ilə bağlı olmuşdur. Məhkəmə yalnız "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsaslanmaqla hazırkı tələbi əsassız hesab etmşdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, sözügedən norma bələdiyyənin fəaliyyətini nizamlayan normadır, həmin normanm bələdiyyənin rəhbəri tərəfindən pozulmasına görə vətəndaş hər hansı məsuliyyəti nəzərdə tutulmamış və bu hal şəxsin hüquqlarının məhdudlaşdırılmasma yönəldilə bilməz. Nəzərə alsaq ki, torpaq sahəsinin icrayə verilməsinə dair qərar əsasında bağlanmış müqavilələr üzrə İddiaçı1 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatma alınmışdır. Bələdiyyənin qəbul etdiyi qərarlara Şəki Regional Ədliyyə idarəsində inzibati nəzarət qaydasında baxılan zaman aşkar olunan pozuntulara görə iddiaçıların hüquqlarının pozulması yolverilməzdir. Belə ki, bələdiyyə ilə müqavilə bağlanarkən və yaxud bələdiyyə qərarı qəbul edilərkən tərəflərin bələdiyyəninin fəaliyyətinə inzibati nəzarət orqanından asılılığı qeyd olunmamışdır. Şəxslərin hüquqları qeydiyyata alındıqdan sonra bu cür proseslərin mövcudluğu yalnız hüquq pozuntusu kimi qəbul edilir. Təəssüflər olsun ki, məhkəmə araşdırması zamanı bu hallara hüquqi qiymət verilməmiş, bələdiyyənin qəbul etdiyi qanunsuz qərar ləğv edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinin sədri X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Məhkəmə kollegiyası hazırki iddianın mümkünlük şərti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin məzmunundan görünür ki, iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə Şəki rayonu, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi, ikinci hissə isə hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qərar qəbul edilməsi tələbindən ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı bildirir ki, həmin iddianın baxılması inzibati məhkəməsinin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası iddia olmaqla mümkün iddiadır. Lakin iddia tələbinin birinci hissəsi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddia tələbinin birinci hissəsində iddiaçılar Şəki rayonu, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarilxi qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015 tarxli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçını həmin iddia tələbi üzrə subyektlərin hüquqlarının olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verib olub-olmaması, qanunvericilikqə nəzərdə tutulduğu hallara cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmin iş iştiraqçılarının yol verilmədiyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar mübahisələndirilən bələdiyyə qərarları haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddian mümkün olsa da, əsassızdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən ləğvi tələb olunan Şəki rayonu, Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclas qərarları məhkəməyə iddia qaldırana qədər ləğv edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. Belə olan halda iddia ikinci hissədə- yəni hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarı “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, qərar ləğv edilməmiş hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-316/2021 saylı qərarı “Şəki rayonu Daşüz bələdiyyəsinin 22.07.2020-ci il və 31.08.2020-ci il tarixli iclaslarının qərarlarının İddiaçı1 və İddiaçı2 münasibətdə ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. Qərar ləğv edilməmiş hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-287/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-287/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver