Məhkəmə qərarları › İş №2-1(107)-288/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-288/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-288/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Qax şəhər şöbəsinə qarşı “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli X4 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasıtəyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-123/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Qax şəhər şöbəsi tərəfindən apelyasiya şikayətiтэ əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü il tarixdə Qax rayon unun Əlibəyli kəndində anadan olmuşdur. xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixə kimi Gürcüstan SSR-nin 63 nömrəli X4 təhsil almışdır. 1973-cü ildən 1999-cu ilədək Qax rayon unun Əlibəyli kəndinin Çaparidze adına kolxozunda işləmişdir. O, yaşının 63 yaş 06 ay tamam olduğu üçün xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə ƏƏSMN yanında Dövlət X3 Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda 1973-cü ildən 1999-cu il tarixədək kolxozdakı iş stajının əmək kitabçasına qeyd edilmədiyi və təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Nazirlik yanında Dövlət X3 Qax rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Şöbə tərəfindən ona göndərilmiş məktubda onun kolxozdakı fəaliyyətinin 21 il 06 ay olduğu, lakin əmək kitabçasının olmadığı üçün məhkəmə qərarı ilə təsdiq olunandan sonra sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünlüyü bildirilmişdir. Təhsil aldığı 01 il 10 ay müddət sosial sığorta stajına daxil edildikdə onun 02 il hərbi xidmət dövrü və 21 il 06 ay kolxozdakı stajı ilə birlikdə ümumilikdə müəyyən olunan sosial sığorta stajı 25 il 04 ay olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ verir. İddiaçı xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1998-ci illərdə Qax rayon u Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli X4 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Qax rayon unun Əlibəyli kəndində yaşayan İddiaçı xx xxxxxx 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün Nazrlik yanında Dövlət X3 Qax rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə şöbənin pensiya sektorunda baxılıqdan sonra ona mövcud qanunvericiliyin tələblərinə görə əmək pensiyasının təyin olunması üçün əmək fəaliyyəti haqqında sənədin əmək kitabçası hesab edildiyi, eləcə də əmək stajının şəxsin əmək kitabçası əsasında müəyyən olunduğu və əmək kitabçası təqdim edə bilmədiyinə görə Qax rayon unun Əlibəyli kəndinin Çaparidze adına kolxozunda işlədiyi illərin onun sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliksının Qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarından sonra mümkünlüyü barədə ona müvafiq məlumat verilmişdir. İddiaçı sosial sığorta stajı, 23 il 06 ay Qax rayon Dövlət Arxivindən verilmiş arayış əsasında hesablanan Qax rayon unun Çaparidze adına kolxozunda işlədiyi dövr və 02 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 25 il 06 ay müəyyən edildiyindən eyni zamanda qeyd edildiyi kimi sosial sığorta stajı mövcud qanunvericilyin tələbinə uyğun olaraq məhkəmə qərari ilə təsdiq olunduqdan sonra qanunvericiliklə nəzərdə tutulan 63 yaş 06 ay yaş həddinin tamam olduğu xx xxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 123/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət X3 Qax şəhər şöbəsinin üzərinə İddiaçı “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli X4 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Qax rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 123/2020 nömrəli qərarını aşağıdakı göstərilənlərə görə əsassız və qeyri obyektiv hesab edirlər. Qeyd edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1 bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə mərkəzləşdirilmiş vahid pensiya proqram təminatı olan PAS-a (X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası.Göründüyü kimi İddiaçı Nazirlik yanında Dövlət X3 Qax rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi üçünmüraciəti zamanı əmək kitabçası təqdim etməmiş, onun 1973-1998-ci illərdə Qax rayonunun Əlibəyli kəndinin Çaparidze adına kolxozundakı fəaliyyəti Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışında qeyd edilmişdir. Bu səbəbdən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Nazirlik yanında Dövlət X3 Qax rayon şöbəsinin pensiya təyin edən komissiyasımın qərarı ilə vətəndaşa əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-123/2020 nömrəli qərarını ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********7 nömrəli etirazı, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2018-ci il tarixli 2014 nömrəli arayış, Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı, xx.xx.2019-cu il tarixli 39/2 nömrəli məktubu, 388 nömrəli attestatın təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Dövlət X3 Qax şəhər şöbəsinin üzərinə İddiaçı “1973-1998-ci illərdə Qax rayonu Əlibəyli kəndi Çaparidze kolxozunda işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Gürcüstan SSR-nin 63 nömrəli X4 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü iltarixədək təhsil alması, 1973-cü il tarixdən 1998-ci il tarixədək işləməsi 388 nömrəli attestatın təsdiqlənmiş surəti və Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İşdə olan DSMF-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 63 yaş 06 ay yaş həddinin tamam olduğu xx xxxxx 2018-ci il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü iltarixədək təhsil alması, 1973-cü il tarixdən 1998-ci il tarixədək işləməsi 388 nömrəli attestatın təsdiqlənmiş surəti və Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət, əmək kitabçasında qeyd olunan işlər və arxiv arayışlarına əsasən tələb olunan 25 il sığorta stajının olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı DSMF-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisiləndirilməyən əmək stajı 23 il 06 aydır. Məhkəmə qərarı ilə 1973-1998-ci illərdə işlədiyi 21 il 6 ay və xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərsə qanunvericiliklə nəzərdə tutulan 63 yaş 06 ay yaş həddinin tamam olduğu xx xxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü iltarixədək təhsil alması, 1973-cü il tarixdən 1998-ci il tarixədək işləməsi 388 nömrəli attestatın təsdiqlənmiş surəti və Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 183 nömrəli arayışı ilə öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Qax rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-123/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar