Məhkəmə qərarları › İş №2-1(107)-288/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-288/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-288/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X5 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-133/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon keçmiş “Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu, Havarlı kənd ərazisində yerləşən “Boz dağın” ətəyində 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-133/2022 nömrli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarı ilə ona əmlakdan pay haqqı olaraq verilmiş, “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan əmlakla bağlı mübahisə olduğunu və məsələ ilə bağlı məhkəmənin icraatında iş olduğunu bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu, müvafiq qeyri yaşayış sahəsinin ona Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyasının qərarı ilə əmlakdan pay haqqı olaraq verilməsi ilə, cavabdeh orqan iddia tələbinə etirazını sözügedən qeyriyaşayış sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. İddiaçı, birinci instasiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instasiya məhkəməsinin iclasında izahat verərək ilkin imtina məktubunun dəlillərini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi, birinci instasiya məhkəməsinin iclasında izahat verərək bildirdi ki, sözügedən qeyri-yaşayış sahəsi X5 komissiyasının qərarı ilə iddiaçıya verilsə də, həmin qərar rayon arqrar islahat komissiyasının qərarı ilə təsdiq edilməmişdir. Həmçinin iddiaçının, ona satılan əmlakı almasını təsdiq edən edən sübutlar yoxdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 iyul 2022-ci il tarixli, 2-1(116)- 133/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X5 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən maddi hüquq normalarının düzgün tətbiq etməyərək qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati iş üzrə mübahisəyə dair təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, iddia predmeti olan daşınmaz əmlak üzərində ilkin hüququnun yaranması, habelə mövcud qanunvericiliyin dispozisiyasında həmin əmlak üzərində sahiblik və sərəncam hüqunun iddia olunan daşınmaz əmlaka dair əqd predmeti olmasını əsaslandıran amil müəyyən edilməmişdir. Belə ki, işin mahiyyətindəndə göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsinə hər hansı torpaq ayırma sənədi mövcud deyildir. Həmçinin həmin torpaq sahəsində yerləşən tikilinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən hər hansı sənəd mövcud deyildir. Təhvil-təslim aktının, eləcədə ümumi şifahi qaydada razılaşdırılmış “alqı-satqı” aktının hüquqi qüvvəyə malik olması birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən araşdırılmamışdır. Qeyd etmək zəruridir ki, ekspertiza rəyində qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması bir mənalı şəkildə həmin əmlakın müstəsna olaraq dövlət mülkiyyəti olması kimi qarşılanır. Belə ki, iddia predmeti olan qeyriyaşayış sahəsi yerli aqrar-islahat komissiyasının qərarı ilə iddiaçıya verilsədə, həmin qərarın rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiqlənməməsi bir daha işin mahiyyəti üzrə sübuta yetirir ki, mübahisə predmeti islahatdan kənar qalması yox, müstəsna dövlət balansında saxlanılaraq iddiaçının faktiki istifadəsindədir. xx.xx.2000-ci il tarixli 16 nömrəli qaimənin və eyni tarixli 16 nömrəli “əmlakdan pay haqqının verilməsi barədə” aktdan görünür ki, sözügedən daşınmaz əmlak iddiaçının istifadəsinə təhvil verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-133/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-133/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyasının 13 iyun 2000-ci il tarixli qərarından görünür ki, Havarlı kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş qazma qoyun damı texniki baxış aktına əsasən 240000 manata qiymətləndirilərək ona satılması qərara alınmışdır. xx.xx.2000-ci il tarixli 16 №-li qaimədən və eyni tarixli 16 №-li “əmlakdan pay haqqının verilməsi barədə” Aktdan görünür ki, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyası tərəfindən 240000 manat məbləğində qiymətləndirilmiş qoyun küzü (yatağı) iddiaçıya təhvil verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyası tərəfindən “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş, qiymətləndirmə dəyəri 240 min manat olan qazma qoyun damının iddiaçıya əmlak payı kimi verilməsi qərara alınmışdır. Bununla da istinad olunan qanunvericiliyin müddəalarına görə iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü müvafiq ərazi idarəsinə müraciət etsə də, həmin əmlak üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh həmin əmlak üzərində mübahisənin mövcudluğuna istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əmlakın naturada ayrıca tikili kimi mövcud olub-olmaması və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsi ayrıca tikili kimi mövcuddur və tikilinin sahəsi 369 kv.m-dir. Həmin tikilinin faktiki olaraq X1 istifadəsində olması qeyd edilsə də, qeyd edilən şəxsə aid hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından Əli Məmmədovun üçüncü şəxs qismində inzibati Məhkəmə icraatına cəlb edilməsinə lüzum görülməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Cavabdeh orqanın verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə hər hansı torpaq ayırma sənədi və həmin torpaq sahəsində yerləşən tikilinin iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən hər hansı sənəd mövcud deyildir. Məhkəmə kollegiyasının 29 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, ona AİK-in qərar ilə verilmiş qoyun damında yenidən daha geniş tikinti işi aparmışdır. Bununla bağlı müvafiq icra hakimiyyəti orqanının icazəsini almamışdır. İşdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 25 aprel 2007-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya 10.0 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmiş, hal-hazırda icarə müqaviləsinin müddəti bitmişdir. İddaçı ona pay verilmiş qoyun damının ilkin vəziyyəti və yerləşdiyi torpaq sahəsini yenidən icarəyə götürməsi və ya mülkiyyətinə alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin təqdim etdiyi 13 iyun 2022-ci il tarixli, **********31 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia tələbində qeyd edilən İddiaçı naturada göstərdiyi tikintinin yerləşdiyi torpaq sahəsi örüş uqodiyalı, kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyətinə aid 8 nömrəli qış otlaq sahəsi olmaqla, sahəsi 369 kv.m faktiki istifadəçisi X2r. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialından Yevlax “Tərəvəz- Südçülük” kollektiv təsərrüfatının X5 Komissiyası tərəfindən “Boz Dağın” ətəyindəki 3 saylı, 1961-ci ildə tikilmiş, qiymətləndirmə dəyəri 240 min manat olan qazma qoyun damının ilkin vəziyyəti barədə plan ölçü sənədlərinin (həcminin) təsdiq edilmiş surətlərini yaxud eni-uzunu barədə ayrıca mövcud olan məlumatların Şəki Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş olunmuş, lakin heç bir məlumatın olmaması müəyyən edilmişdir. Nəticədə sözügedən qoyun damının ilkin vəziyyətini (en, uzun, hündürlük) müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya pay kimi verilmiş, 1961-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsinin üstündə tikilmiş ilkin vəziyyəti barədə məlumat olmayan qoyun damı iddiaçı tərəfindən rekonstruksiya və dəyişikliyə məruz qaldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Bu da əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edirik ki, cavabdeh inzbati orqan iddiaçıya pay kimi verilmiş qoyun damının üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-133/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X5 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar