Məhkəmə qərarları › İş №2-1(107)-289/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-289/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-289/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərüffatının ixrac edilməsində heç bir gəlir vergi nəzərdə tutulmamalıdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Yəni vasitəsiz olaraq, kimin tərəfindən istehsalı məlum olamayan, arada heç bir şey (şəxs) iştirak etmədən, istehsal olunan kənd təsərrüfatı malları kimin tərəfindən satışı təşkil olunursa olsun birbaşa və dolayısı yolla kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsinə də 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilirsə bunun 20 faiz məbləğini hesablansa (371,40/20 * 100 = 1857 manat) bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji olaraq vergi hesablanmışdır. Cavabdehin etirazı: İddiaçı xx.xx.2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünündə etiraf etdiyi kimi, o 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. İddiaçı ərizəsində göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamalıdır. Öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə istinad edir. Lakin, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam bilavasitə sözü ilə bağlıdır hansının ki mənası vasitəsiz olaraq, arada heç bir vasitə olmadan mənasına bərabərdir. Başqa sözlərlə desək şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəlirə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq, həmin məhsulları ixrac edirsə Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən İddiaçı (VÖEN: **********) xx.xx.2018-c tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4064701,68 manat, xərclərin isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. Göründyü kimi, İddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamalıdır” yazsa da, xx.xx.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilir və qəbul edir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir.X2 başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktını” vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar “xxxxxxxxxxxxxx” MMC tərəfindən çap edilmişdir. "xxxxxxxxxxxxxx” MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 saylı və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901-004050 malların alış aktını çap etmişdir. HAN seriyalı 001251-001300 saylı malların alış aktı 2017ci ilin noyabr ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktı 2019-ci ilin iyul ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 407/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi”barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2017-018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərrüfatının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamalıdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.11. ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Yəni vasitəsis olaraq, kimin tərəfindən istehsalı məlum olamayan, arada heç bir şey (şəxs) iştirak etmədən, istehsal olunan kənd təsərrüfatı malları kimin tərəfindən satışı təşkil olunursa olsun birbaşa və dolayısı yolla kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsinə də 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alsaq ki, ixrac zamanı bir maşın üçün 371,40 manat vergi və rüsumlar ödənilirsə bunun 20 faiz məbləğini hesablasaq ( 371,40 / 20 * 100 = 1857 manat) bir maşm kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olarıq. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Qeyd edir ki, kənd təsərrüfatı malları yaş mallardı, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəmizə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji olaraq vergi hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli qərarına əsasən analoji fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin seçilməsi və əlaqəli məlumatları əsasında vergiləri hesablaya bilər. Həmin Qərarın 1.2. maddəsinə əsasən Bu Qaydanın məqsədləri üçün "əlaqəli məlumat" dedikdə, verginin hesablanması ilə bağlı vergi ödəyicisi və onun fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri barədə vergi orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi məlumatları, hüquqi və fiziki şəxslərdən, açıq və qanunvericiliyə uyğun olaraq digər informasiya mənbələrindən alman və istifadə edilə bilən məlumatlar nəzərdə tutulur. Qərarın 3.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli, və eyni cinli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və verginin hesablanmasında həmin meyyarlardan istifadə olunmalıdır. Qərarın 3.2-ci maddəsinə əsasən hesablanan verginin növündən asılı olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin, gəlirdən çıxılan xərcləri və rentabellik səviyyəsi istifadə oluna bilər. ona məlum olmayan səbəbdən gəlir vergisi üzrə külli miqdarda vergi borcu hesablanmışdır. 2017-ci il ərzində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən analoji olaraq hansı vergi ödəyicisini əsas götürülərək ona gəlir vergisi hesablanması düzgün olmamışdır. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatmın davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif dövlət səviyyəli çıxışlarında da bildirmişdir ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qovaılmalı, icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı, dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2- 1(116) - 7/2020 qərarının ləğv edilməsini və iş üzrə iddiaçının iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsiinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara xx.xx.2019-cu il tarixli **********028400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, AR Vergilər Nazirliyinin 11 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********59400 nömrəli etirazı, çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabatın və şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.29-cu maddəsinə əsasən malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır. 13.2.37-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 1 3.2.55-ci maddəsinə əsasən ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. 13.2.61-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. 37.1-ci maddəsinə əsasən X2 vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən X2 vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən X2 keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən X2 başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-ci maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-ci maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-ci maddəsinə əsasən X2 zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 67.14-ci maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yuxarıda sadlanan hüquq normalarının məzmununudan da göründüyü kimi, iddiaçının vergidən azad olunmasını şərtləndirən hallar mövcud deyildir. İddiaçı istinad etdiyi Vergi Məcəlləsinin 102.1.11-ci maddəsini onun hüquq və vəzifələrini yüngülləşdirən formada təfsir etməsi maddənin “ruhunu”onun tətbiq edilmə formasından kənara çıxarmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarın qanunazid olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunun təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar