Məhkəmə qərarları › İş №2-1(107)-289/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-289/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-289/2023 07.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən mərhum X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mərhum bacısı X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli və ölümündən sonra qızı X25 Feyruzovnanın adına verilmiş **********8 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçının valideynləri X15 ilə X16 1940-cı illərdə faktiki olaraq evlənmişlər. Nikahlarını 20 fevral 1960-cı ilə Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində (keçmiş Ağdaş rayonu Şıxlı kənd sovetliyində) rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iddiaçının qardaşı X21, bacısı X17 və İddiaçı anadan olmuşdur. İddiaçının X3 01 noyabr 1981-ci il tarixdə, anası X16 12 aprel 2002-ci il tarixdə, qardaşı X21 28 yanvar 2014-cü il tarixdə, bacısı X17 isə 08 yanvar 2021-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişlər. İddiaçının mərhum qardaşı X21 1995-ci ilədək Rusiya Federasiyasında yaşamışdır. 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndinə qayıtmış və ölən günədək həmin kənddə (02 saylı təsərrüfatbaşına kitabının 58-ci səhifəsinin 149 nömrəli şəxsi hesabı və 03 nömrəli təsərrüfatbaşına kitabın 22-ci səhifəsinin 159 nömrəli şəxsi hesabı) özünə məxsus təsərrüfatda yaşamışdır. İddiaçının mərhum bacısı X17 1979-cu ildə ailə qurması ilə bağlı Bakı şəhərinə köçmüş və daimi qeydiyyata alınaraq orada rəsmi qaydada işləmişdir. Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi məlumata görə 2016-cı il tarixdən nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabının 60-cı səhifəsinin 154 nömrəli şəxsi hesabına qeydə alınmışdır. İddiaçının valideynləri X15 ilə X16 ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayandan sonra Azərbaycana, Ağdaş rayonunun Şıxlı kəndinə qayıdaraq orada yaşayıblar. Onlar birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10 ha, faktiki isə 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. İddiaçının atası vəfat edəndən sonra mərhum anası X16 həmin kəndə qeyd edilən təsərrüfatda (nümayəndəliyin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/4 nömrəli təsərrüfat) ölən günədək tək yaşamış və təsərrüfatı tək özü idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mərhum anası təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adına JN:009, kod 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. İddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq rəsmi dövlət orqanlarından ona Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı (pay torpaq almaq hüququ olan subyektlərin siyahısı) və 0,15 hektar həyətyanı torpaq sahəsi ilə bağlı iddiaçının mərhum anasının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olub-olmaması barədə ona məlumat verilməmişdir. Bütün bunların əksi olaraq iddiaçının müraciətlərinə dəqiq araşdırma aparmayaraq səthi və yalan cavab verən həmin rəsmi orqanların məsul şəxsləri tərəfindən 1979-cu ildən 2016-cı ilədək Bakı şəhərində rəsmi qeydiyyatda olan və orada yaşayan mərhum bacısı X6 mülkiyyətinə Ağdaş rayonunun Şıxlı kəndi ərazisində Ağdaş rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı və 2003-cü ilin aprel ayında o vaxt mövcud olmuş DTXK Ağdaş rayon şöbəsində qeydiyyata alınmış (qeydiyyat nömrəsi qeyd edilməyib) JN-99A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,15 hektar həyətyanı torpaq sahəsi verilir. Həmin torpaq sahəsi cavabdeh idarədə əvvəlcə xx.xx.2016-cı ildə fərdi yaşayış evi də daxil olmaqla 0,1340 hektar ölçüdə, bundan 5 il sonra, yəni xx.xx.2021-ci il tarixdə isə 0,15 hektar ölçüdə mərhum bacısının adına qeydə alınaraq adına müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********29 nömrəli imtina məktubunda mübahisə predmeti olan daşınmaz əmlaka dair arxiv məlumatlarına əsasən qeyd etmişdir ki, Ağdaş rayonu Şıxlı kəndində 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2015-ci il tarixli 481 nömrəli məktubuna, ləğv edilmiş DTXK-nın Ağdaş rayon şöbəsinin tərtib etdiyi JN-99A nömrəlıi "torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (şəhadətnamə itdiyinə görə arayış və qəzetdə dərc olunmuş elan) əsasən bacısı X6 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmışdır. X23 faktiki hüquqi varisi X25 Feyruzovna fərdi yaşayış evinə verilmiş dövlət reyestrindən çıxarışın dublikatını almaq üçün ərazi idarəsinə ərizə ilə müraciət etmiş və nəticədə ona xx.xx.2021-ci il tarixdə ********** nömrəli hüquqların dövlət reyestrindən çıxarış (dublikat) verilmişdir. Qeyd edilən daşınmaz əmlak vərəsəlik şəhadətnaməsinə əsasən X25 Feyruzovnanın adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq başqa subyektlərin mülkiyyətində olan daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********02 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instanisya məhkəməsi icraatı gedişində iddiaçı yenidən cavabdehə müraciət ünvanlamış, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-14-0034-8/2023 nömrəli məktubu ilə iddiaçıya təkrar imtina cavabı verilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-76/2023 nömrəli qərardadı ilə X25 Feyruzovna iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək "cavabdeh tərəfindən mərhum X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən müəyyən edilmiş və iş üzrə mühüm əhəmiyyəti olan faktlardan biri sayılan, prossesual müddəti (mübahisələndirməyə dair) nəzərə almamışdır. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib olunmuş tarixindən də məlum olur ki, inzibati aktın mülkiyyətçiyə təqdim edilməsindən eləcə də, həmin sənəddən irəli doğan bütün hüquqi aspektlərin dövrünə görə qüvvədə olub-olmamasını araşdırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almalı idi ki, dövrünə görə hüquqi qüvvəsi olmuş və əsasında prossesual hüquq normalarının eləcə də, mülkiyyət üzrə aidiyyatı prossesual hərəkətlərin həyata keçirilməsinin nəticəsindən asılı olaraq hazırda həmin hüququn qüvvədə olub-olmamasına münasibət bildirməmişdir. Belə ki, məhkəmə qərarında ləğvi nəzərdə tutulan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquların dövlət reyestrindən hüququnu itirmiş çıxarışların ləğvi prossesual hüquq pozuntusudur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)- 76/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin etiraz məktubuna əlavə olunmuş: - JN-099A kod 90319018 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi X7 verilmişdir. - Ağdaş rayon notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon Şıxlı kəndində yaşayan X18 öldüyü günə ona məxsus olmuş bütün əmlakını, o cümlədən Şıxlı kəndində yerləşən evini X11 vəsiyyət etmişdir. - Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 481 nömrəli arayışından görünür ki, Nümayəndəliyin 02 saylı qaytanlanmış təsərrüfatbaşına kitabının 58 saylı səhifəsinin 149 nömrəli qeydinə əsasən Ağdaş rayonunun Şıxlı kəndində X6 torpağın mülkiyyətinə verilməsinə dair JN-099A nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0,15 ha torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 95,0 kv.m olan fərdi yaşayış evi vardır. - Ağdaş RPŞ-nin xx.xx.2015-ci il tarixli, 13/5967-C-41 nömrəli məktubundan görünür ki, Hürü Cəmiyeva xx.xx.2015-ci il tarixdə adına olan JN-099A nömrəli şəhadətnamənin naməlum itməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, ərizəsi qeydiyyata götürülərək ətraf rayonlara və kənd icra nümayəndəliklərinə sorğu məktubları göndərilmiş, lakin qeyd olunan şəhadətnamənin tapılması barədə hər-hansı məlumat daxil olmamışdır. - RX seriyalı, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. - Hürü Cəmiyeva tərəfindən 17 saylı ərazi idarinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, JN-099A saylı şəhadətnamədə həyətyanı torpaq sahəsi 0,15 ha göstərilməsinə baxmayaraq faktiki torpaq sahəsinin 0,134 ha olması ona məlum olmuş və Hürü Cəmiyeva 0,134 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evi birlikdə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2021-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. - xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi qızı X25 Feyruzovnadır. Miras əmlak ********** qeydiyyat nömrəli, **********23- 10301 reyestr nömrəli dövlət reystrindən çxıarışa əsasən Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********2310301 reyestr nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X25 Feyruzovnanın xüsusi mülkiyyətindədir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 46 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd XDS İcraiyyə Komitəsinin Şıxlı kəndinə aid olan 1986- 1987-1988-1989-1990-cı illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X8 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi və 1977-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 47 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 1991-1992- 1993-1994-1995-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X8 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 1990-1991 -ci illərdə 0,10 ha, 1992-1993-1994-1995-ci illərdə 0,15 ha torpaq sahəsi və 1988-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 1996-1997- 1998-1999-2000-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X8 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,15 ha torpaq sahəsi və 1988-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 2001-2002- 2003-2004-20005-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X8 adına olmuş, təsərrüfatında ailə başçısı olması, xx.xx.2002-ci ildə vəfat etməsi, adına 0,10 ha torpaq sahəsi və 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdaş rayonu, Şıxlı kəndində torpaq islahatı zamanı həyətyanı torpaq sahəsi ayrılan subyektlər siyahısında X15 və X9 adı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə olunmuş: - Dövlət torpaq kadastrı məlumatlarına aid cədvəlin təsdiq olunmuş surətindən görünür ki, cədvəldə 99-cu sırada X4 adı yazılmış, 0,15 torpaq sahəsinin olması qeyd edilmişdir. - Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 nömrəli iclas protokolundan görünür ki, iclasda “Yeniarx” birgə kəndli təsərrüfatında aqrar islahatların aparılmasının nəticəsi haqqında yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 2 saylı qərarı müzakirə olunmuş, yerli aqrar islahat komissiyasının kənddə torpaq islahatı və püşkatmanın nəticələrinin təsdiq edilməsi barədə xx.xx.1998-ci il tarixli 2 saylı iclas protokolu nəzərə alınmış, “Yeniarx” birgə kəndli təsərrüfatında xx.xx.1998-ci il tarixdə yeni yaradılmış 30 təsərrüfat qurumu arasında aparılan püşkatmanın nəticələri, torpaq islahatı barədə hazırlanmış kompleks yerquruluşu layihələri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilməsi qərara alınmışdır. - Subyektlər siyahısının təsdiq edilmiş arxiv nüsxəsindən görünür ki, siyahıda X28 və X19 adları yazılmış, “qaytanlanmış kitabda” qrafasında 0,125 ha qeyd olunmuşdur. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən təqdim edilmiş sözügedən subyektlər siyahısının hazırkı iş və mübahisəli torpaq sahəsinin ayrılması ilə heç bir hüquqi bağlılığının olmadığı müəyyən edilmişdir. - Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsinin Ağdaş rayon ZDS İK-ya ünvanladığı xx.xx.1975-ci il tarixli, 243 nömrəli məktubun surətindən görünür ki, Şıxlı kənd sakini Cəmiyev Sracəddinə kolxozun qaytanlanmış torpaq kitabının ikinci nömrəsində 0,10 hektar torpaq sahəsi yazılmışdır. Həmin kitab 1970-ci ildə yazılıb, lakin Cəmiyev Sracəddinə torpaq sahəsi yazılmasına baxmayaraq rəsmi torpaq sahəsi ölçülüb verilməyib və və vətəndaş ev tikməyibdir. Torpaq qanunlarına əsasən onun adına qeyd edilmiş 0,10 ha torpaq sahəsinin verilməsi qeyri-mümkündür. Ona görə ki, hazırda kolxozda həyətyanı torpaq fondu yoxdur və kəndin yeni baş planı çəkilmişdir. Həmin plan təsdiq olmayınca həyətyanı torpaq sahəsinin verilməsi imkan xaricindədir. - Şıxlı kəndində həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda 99-cu sırada X8 adı yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,15 ha qeyd edilmiş, daha sonra “Banı Seyfəddin qızı” sözlərinin üzərindən xətt çəkilmiş və sıra nömrəsinin qeyd edildiyi sətirdən yuxarı sətirdə “Hürü Siracəddin qızı” sözləri yazılmışdır. - JN-0099 kod 90319018 nömrəli Dövlət aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12 ayrılmışdır. - A seriyalı, 277253 nömrəli, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş plan-ölçü sənədinin, həmçinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Şıxlı kəndində yerləşən 1,0352 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Plan-ölçü sənədi DTXK Ağdaş rayon şöbəsinin jN-0099, xx.xx.2000-ci il tarixli Dövlət aktına əsasən tərtib olunmuşdur. - Şıxlı bələdiyyəsinin xx.xx.2014-cü il tarixdə 34 nömrə ilə iddiaçıya verdiyi arayışın surətində qeyd olunur ki, İddiaçı anası X18 vəfat edən günə qədər Şıxlı bələdiyyəsinin təsərrüfatbaşına uçot kitabının 10-cu səhifəsinə əsasən 0,15 ha həyətyanı və 1,04 ha pay torpağı olmuşdur. 2003-cü ildən bələdiyyənin uçot kitabının 10-cu səhifəsinə əsasən X6 adına 0,15 ha həyətyanı və 1,04 ha pay torpağı uçota alınmışdır. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-343 nömrəli arayışından görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - 166887 nömrəli "evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X22 ilə X18 xx.xx.1940-cı ildə nikah bağlamışlar. - 473447 nömrəli "doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1945-ci ildə anadan olmuşdur. X3, anası X14r. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 687 nömrəli arayışından görünür ki, X21 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-312/11 nömrəli arayışından görünür ki, X20 xx.xx.1981 -ci il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 689 nömrəli arayışından görünür ki, X18 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. - AR İN ƏMDX DƏDKR "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Ağdaş rayon AİK-in xx.xx.1998-ci il tarixli 12 nörməli iclas protokolunun, Ağdaş rayonunun Şıxlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin, xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin dublikatının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan: - 1 nömrəli təsərrüfatbaşına kitabının 04/2 nömrəli şəxsi hesabının surətindən görünür ki, 1996-1997-1998-1999-2000-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X8 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi və 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. - X34 filialının xx.xx.2022-ci il tarixli, 97/10 nömrəli məktubunda qeyd olunur ki, Ağdaş rayon Şıxlı kənd İƏD üzrə nümayəndəliyin sənəd materialları mühafizə olunmaq üçün X34 filialına təhvil verilməmişdir. - Ağdaş rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 835 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı ərizəsi əsasında xx.xx.2014-cü il tarixdə 75 reyestr nömrəsi ilə xx.xx.2002-ci il tarixdə vəfat etmiş anası X8 adına Ağdaş rayon notariat ofisində vərəsəlik işi açılmamışdır. Həmin vərəsəlik işi üzrə hal-hazıradək hər-hansı bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, xx/xx-7843/11 nömrəli məktubunda qeyd olunur ki, "Elektron notariat” İnformasiya X1 hər-hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır. 1.1 yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3 şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4 kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5 tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6 şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7 yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8 yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9 ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10 ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11 Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3 kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001 -ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5 yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7 yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1 maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1 İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3 Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4 İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ağdaş rayon AİK xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilməsinə baxmayaraq, subyektlər siyahısına ilk öncə X8 adı daxil edilmiş, sonradan heç bir hüquqi əsas olmadan onun adının üzərindən xətt çəkilərək Hürü Siracəddin qızının adı subyektlər siyahısına əlavə edilməklə, sonuncunun adına şəhadətnamə hazırlanmış, sonrakı tarixlərdə cavabdeh tərəfindən öz faktiki xarakterli hərəkətləri ilə səhvə yol verilərək eyni torpaq sahəsi (müxtəlif ölçülər göstərilməklə) və fərdi yaşayış evi **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, qeydiyyat mərhum Banı Cəmiyevanın adına aparılmalı, sonrakı qeydiyyat vərəsəlik qaydasında müəyyən edilməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonrakı qeydiyyatların aparılmasına əsas olmuş ilkin qeydiyyata, yəni Şəhadətnamənin tərtib edilməsinə əsas qismində xx.xx.1995-ci il tarixli vəsiyyətnamə çıxış etmişdir ki, həmin vəsiyyətnamə əsasında heç bir vərəsəlik işi açılmamış və hər-hansı vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. B.Cəmiyevaya münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də tərtib edilməmişdir. Təsərrüfatbaşına kitablardan çıxarışa əsasən B.Cəmiyeva barədə təsərrüfatın tək üzvü olamaqla qeydiyyat aparılmasına baxmayaraq, onun təsərrüfatında olmuş fərdi yaşayış evi çıxarışlarla H.Cəmiyevanın adına rəsmiləşdirilmişdir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər üç qeydiyyat bir-birinin davamı olaraq inzibati orqanların heç bir inzibati akta və ya mülki hüquqi əqdə, həmçinin vərəsəlik haqqında şəhadətnaməyə əsaslanmayan faktiki xarakterli hərəkətlərinin nəticəsi olaraq aparıldığına görə, X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi məsələsinə bir inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərində isə müddət nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilən zaman JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qüvvədə olan hüquqmüəyyənedici sənəd hüquqi əhəmiyyətli olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

31. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mərhum X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2-1(116)-76/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar