Məhkəmə qərarları › İş №2-1(107)-29/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-29/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-29/2021 08.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-203/20N nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1975-ci ildə Qax rayonu, Tasmalı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1993-cü ildə Qax Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Qax Rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində N nömrəli hərbi hissə komandirinin əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının N nömrəli hərbi hissənin hansı bölməsində xidmət etməsi barədə məlumat aşkar olunmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997ci ilədək N nömrəli hərbi hissədə Ağdam-Ağcabədi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən olunmasını xahiş etmiş, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılaraq 960-N nömrəli hərbi hissənin tərkibinə daxil edilmiş, Ağdam-Ağcabədi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 11/984 nömrəli etirazında bildirmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində isə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı N nömrəli hərbi hissəyə ezam edilsə də, ezamiyyətin məqsədi N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, rabitənin təşkili olmuşdur. Ezamiyyət məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, HG seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin fevraldekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında X1 xidməti barədə məlumat aşkar olunmamışdır. - İşdə olan, Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli 11/984 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissə komadirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində isə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı N nömrəli hərbi hissəyə ezam edilsə də, ezamiyyətin məqsədi N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, rabitənin təşkili olmuşdur. Ezamiyyət məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-203/20N nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-203/20N nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-203/2020 saylı qərarına əsasən iddia tələbi əsassız olaraq təmin edilməmişdir. İddia ərizəsində xx.xx.1993-cü ildənxx.xx.1997-ci il tarixədək həqiqi hərbi xidmətdə N saylı və N nömrəli hərbi hissələrdə xidmət keçdiyini və bir sıra döyüşlərdə iştirak etdiyini bildirmişdir. Bu fakt isə ona məxsus olan hərbi biletində öz əksini tapmışdır. Lakin məhkəmə cavabdehin etiraz məktublarını əsas gərirərək iddianı təmin etməmişdir. Belə ki, işdə olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020- ci il tarixli, 11/984 saylı məktubdan görünür ki, onun xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N saylı hərbi hissə komandirinin 1993-cü il tarixli, nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda onun N saylı hərbi hissəyə ezam edildiyi qeyd edilmişdir.Qeyd olunanlar dolayı yolla onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini sübut edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə görə isə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəsisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hesab etmişdir ki, iş materiallarında olan ona məxsus hərbi bilet və digər sənədlərlə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi öz təsdiqini tapmışdır və bu işin mübahisələndirilməyən halıdır. Qanunun mənasından göründüyü kimi, «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə dair qaydalar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müharibədə iştirak etmiş şəxslərə şamil edilir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-203/2020 saylı qərarının ləğv edilməsi və iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-203/20N nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Lakin müəyyən edimişdir ki, həmin hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Bununla yanaşı, iddiaçının hərbi biletində göstərilmişdir ki, o, xx.xx.1993-cü ildən döyüş əməliyyatları başa çatanadək N nömrəli hərbi hissənin tərkibində rabitəçi kimi iştirak etmişdir. Eyni məlumat iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsindən alınmış qeydiyyat kartasında da göstərilmişdir. Bununla yanaşı, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hərbi hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan başqa cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci divizionları xx.xx.1993-cü ildən xx.xx.1994- cü ilədək döyüş əməliyyatlarında iştirak etsələr də, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 5-ci və 7-ci divizionların döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərbi biletində onun N nömrəli hərbi hissənin tərkibində rabitəçi kimi iştirak etməsi qeyd olunsa da, həmin hərbi hissənin arxiv sənədlərində bununla bağlı hər hansı sənəd aşkar edilməmiş, eyni zamanda, iddiaçının özünün bildirdiyi 5-ci və 7-ci divizionların, ümumiyyətlə, döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlilər ilə razılaşmayan kollegiya qeyd edir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı verilməsi üçün hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməlidir. Bununla baglı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı blavasitə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam edilsə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, ezamiyyətin məqsədi rabitənin təşkili olmuş, ezamiyyətin məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Bu xüsusatla bağlı aparılmış araşdırma nəticəsində məlum oldu ki, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü ildən xx.xx.1994-cü ilədək əmrlərində iddiaçının xidməti, eləcə də ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir (cavabdehin xx.xx.2020-ci il tarixli arayışı). Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri görə iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarına və sübutlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə olan materiallarda iddiaçının müharibə dövründə hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birinci instansiya məhkəməsinin sorğusu əsasında Müdafiə Nazirliyi tərəfindən daxil omuş məlumat məktublarında aşkar olunmamışdır. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-203/20N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar