Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-29/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı1, Cavabdeh - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən onun və ailə üzvlərinin istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş qardaşının payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(116)-150/2021 saylı qərarından iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli Qərarına əsasən ona və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 8,04 ha çöl torpaq sahəsindən 5,76 hektarının texniki səbəblər üzündən Torpağa Mülkiyyət Hüququna dair JN-184 KOD- 90509028 nömrəli Dövlət Aktında qeyd olunmadığından həmin torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 10 nömrəli Qərarına əsasən iddiaçı və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 8.04 ha çöl torpaq sahəsi verilmişdir. Qeyd olunan torpraq sahəsi göstərilən miqdarda ölçülərək iddiaçı və ailə üzvlərinə verilsə də, lakin verilmiş 8.04 ha torpaq sahəsindən Torpağa Mülkiyyət Hüququna dair JN-184 KOD-90509028 nömrəli Dövlət Aktında yalnız 2.28 ha verildiyi qeyd olunmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.04.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nın Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində iddiaçı və onun 7 nəfər ailə üzvlərinə bir konturdan ibarət olmaqla 2,28 ha torpaq sahəsinin verilməsi barədə JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Müraciətdə iddiaçının qeyd etdiyi 5,76 ha torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilə bilmədiyinə görə, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbində dəqiqləşdirmə aparmış və “Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən iddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(116)-150/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı 15.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, araşdırma aparılan zaman İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab RAİK-nın 29.11.1997-ci il tarixli, 10 saylı qərarı ilə Zərdab rayonu, Gödəkqobu kəndi ərazisindən 2,28 ha torpaq sahəsinin verilməsi və adlarına JN-184 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edildiyi məlum olmuşdur. İddiaçı1 26.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində yerləşən 2.28 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin əvvəllər yaranmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adlarına **********24 reyestr nömrəli elektron çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 20 avqust 2021-ci il tarixli, 2- 1(116)-150/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 mülkiyyətlərinə verilmiş Elektron baza məlumatlarında qeyd olunmuş, koordinatları X=720936.2704 Y=4460286.3241; X=720815.9317 Y=4460162.3799; X=720516.5739 Y=4460237.5692; X=720507.5131 Y=4460400.8682 olan 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibаti Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(116)-150/2021 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından Şəki İnzibati Məhkəməsinin qərarı ləğv olunmalıdır. Belə ki, Zərdab RAİKnın 29.11.1997-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçılara, Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən 8.04 ha (ümumi 2.28 ha və 5.76 ha) torpaq sahəsi ayrılıb-ayrılmaması araşdırılmadan və müvafiq sənədlərlə təsdiq olunmadan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarında qeyd olunan torpaq sahəsinin iddiaçılara ayrılmasını və yerində təhkim edilməsini təsdiq edən sənəd olmadan məhkəmə əsassız olaraq, həmin torpaq sahəsinin iddiaçılara məxsus olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçılara YAİK-nın və Zərdab RAİK-nın qərarı ilə hansı ölçüdə torpaq sahəsi ayrılması araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçıların iddia tələbini qismən təmin etmişdir. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(116)-150/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2- 1(116)-150/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçı İddiaçı6 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibаti Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(116)-150/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçıların tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə qismən əsaslıdır. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra - sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra - sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. İş materiallarında olan 004245 nömrəli “ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 12.05.1994-cü il tarixdə Tərtər rayonunun Seysulan kəndində şəhid olmuşdur. X10 “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayonu AİK-nın 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X12, X13, X6, X7, X14, X8 və X5 mülkiyyətinə verilmişdir. Sənəd 20.11.1998-ci ildə dövlət aktı qeydiyyatı kitabında 184 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 105363 nömrəli “ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X3 03.06.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan “Zərdab rayonunun Gödəkqobu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 184-cü sırada X3, X12, X13, X6, X7, X14, X8 və X5 adları qeyd edilmiş və onların qanuni istifadələrində 0.25 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilir. İş materiallarında olan “Zərdab rayonu Gödəkqobu kəndi “Gümüşlü” kolxozunun islahata getməsi ilə əlaqədar həmin ərazidə özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda 195-ci sırada X3, X12, X13, X6, X7, X14, X8 və X5 adları qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın 22.12.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Zərdab rayonu, Gödəkqobu kəndində yerləşən və 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinə verilmiş Dövlət Aktına əsasən onların mülkiyyətindədir. Sözügedən 5.76 ha torpaq sahəsi elektron baza məlumatlarında mövcud olsa da, bu barədə Dövlət Aktında hər hansı bir məlumat yoxdur. Torpaq sahəsinin yerləşməsi və koordinatları DWG məlumatlarına əsasən qoşma olaraq təqdim edilir. DWG məlumatlarına əsasən iddiaçıların istifadəsində olan 5.76 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X=720936.2704 Y=4460286.3241 X=720815.9317 Y=4460162.3799 X=720516.5739 Y=4460237.5692 X=720507.5131 Y=4460400.8682 İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən iddiaçıların adına iki hissədən ibarət olmaqla 2.28 ha və 5.76 ha pay torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki,Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.24 ha həyətyanı torpaq sahəsi X3, X12, X13, X6, X7, X14, X8 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 11.11.2020-ci il tarixli reyestr nömrəsi **********24 olan çıxarışın surətindən və AA seriyalı 542916 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 2.2848 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X12, X13, X6, X7, X14, X8 və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli məktubundan görünür ki, X3, X12, X13, X6, X7, X14, X8 və X5 adlarına elektron baza məlumatlarına əsasən iki hissədən ibarət olmaqla 2.28 ha və 5.76 ha pay torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə kollegiyasinın Zərdab rayon Aqrar İslahat Komissiyası və Zərdab rayon Gödəkqobu kəndi “Gümüşlü”kolxozu üzrə yerli Aqrar İslahat Komissiyası tərəfindən Gödəkqobu kəndi üzrə özəlləşdirilən torpaqlardan pay almaq hüququ olan subyektlərin hər birinə hansı ölçüdə torpaq sahəsi verilməsi barədə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 30 dekabr 2021-ci il tarixli, **********47 saylı cavab məktubunda göstərilmişdir ki, Zərdab rayonu, Gödəkqobu kəndi ərazisində islahatın iki hissədən aparılmış, birinci hissə üzrə adam başına düşən orta pay normasının 39,73 bal/ha, ikinci hissə üzrə isə 329 bal/ha olduğu müəyyən edilmişdir. X2 və ailə üzvlərinin pay torpaq sahəsinin yerləşdiyi paselin bonitet balının 46 olduğu nəzərə alınaraq həmin parseldə orta pay norması 0,9359 ha olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq Zərdab rayon AİK-nin 29.11.1997-ci il tarixli 10 saylı qərarına əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq paylarının yerquruluşu layihələri hazırlanmış, lakin iş üzrə iddiaçıların adına tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktı tam tərtib edilməmişdir. JN-184 kod 90509028 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zərdab rayon AİK-nın 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) hissəsində planşet 184A, sahəsi 22848.96 kv.m qeyd olunmuş, digər çatışmayan 5.76 ha isə qeyd edilməmişdir. İddiaçılara ümumilikdə iki hissədən ibarət olmaqla 2.28 və 5.76 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iddiaçıların istifadəsində olmuş, hazırda da istifadəsindədir. Baza məlumatlarına əsasən da qeyd olunan hal öz təsdiqini tapır. İddiaçıların istifadəsində olan 6.55 hektar (Dövlət Aktında şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı öz əksini tapmadığından 5.76 hektar torpaq sahəsi göstərilmişdir) dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, şəhid olmuş ailə üzvünün payına düşən iki pay torpağı barədə araşdırma zamanı heç bir sübut aşkar olunmamışdır. Belə ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 10 nömrəli qərarı ilə Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 mülkiyyətlərinə verilmiş Elektron baza məlumatlarında qeyd olunmuş, koordinatları X=720936.2704 Y=4460286.3241; X=720815.9317 Y=4460162.3799; X=720516.5739 Y=4460237.5692; X=720507.5131 Y=4460400.8682 olan 5.76 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissədə isə təmin edilməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Füzuli İsayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2-1(116)-150/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-29/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-29/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver