Məhkəmə qərarları › İş №2-1(107)-29/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-29/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-29/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı X7 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1289/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu xx.xx.1971-ci il təvəllüdlü baş leytenant X9 xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən səfərbərlik üzrə hərbi xidmətə göndərilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə N nörməli hərbi hissədə vəfat etmişdir. İddiaçının oğlu X9 hərbi çağırışadək sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmiş, bu günədək də tibb müəssisələrində hər hansı bir xəstəlik diaqnozu ilə qeydiyyata alınmamışdır. İddiaçının oğlunun heç bir xəstəliyi olmadığı halda “Zəfər” gününə yaxın dövrdə Kəlbəcər istiqamətində xidmət zamanı ağır donvurmadan xəstələnərək nəticədə ürək-ağciyər çatmamazlığı xəstəliyinə tutulmuş, həmin xəstəlik bir müddət gizli özünü biruzə verdikdən sonra qısa müddət ərzində əlamətlərini göstərmiş və bunun nəticəsində iddiaçının oğlu Şıxıyev Vüqar hərbi hissədə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək oğluna “şəhid” statusunun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli 374 nömrəli imtina məktubunda qeyd etmişdir ki, zabit və gizir heyəti üçün Şəhid və şəhid ailəsi statusu Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur. Bu səbəbdən mərhum övladı 1971-ci il təvəllüdlü X7 Şəhid və şəhid ailəsi statusu verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi rəisinin səlahiyyətində deyil.

4. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi üzrə cavab verməli orqan Müdafiə Nazirliyi olmalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinin 5-ci abzasına əsasən Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Həmin maddənin 6-cı bazasına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilir.

5. Hüquqi yardım məktubu alındıqdan sonra iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə vəsatət təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-1289/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

6. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/ş-4322 nömrəli imtina məktubundan görünür ki, iddiaçı oğlu Vüqar Şıxıyevə “şəhid” statusunun verilməsi üçün müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Məktubda qeyd olunmuşdur ki, iddiaçının mərhum övladı baş leytenant X9 8 dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin yataqxanasında ürək-ağciyər çatışmazlığı nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsaəsən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçının mərhum övladı baş leytenant X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli 11/3407 nömrəli etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin 05 avqust 2022-ci il tarixli 1/Ş-7354 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum baş leytenant X9 8 dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin yataqxanasında ürək-ağciyər çatmamazlığı nəticəsində vəfat etmişdir. Bununla da, baş leytenant V.X.Şıxıyev döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsini bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün mövcüd qanunvericiliyə görə şəhid hesab edilmir. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1289/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, hərbi xidmətə sağlam yola düşmüş, ölüm gününədək heç bir xəstəliyi olmayan, heç bir tibb müəssisəsində qeydiyyatda alınmamış X5 vəfat etməsi ölümündən təxminən bir ay əvvəl Kəlbəbəcər istiqamətində xidmətdə olarkən şaxtalı qarlı şəraitdə qazanılmış sətəlcəm xəstəliyi nəticəsində kəskinləşmiş pnevmaniyadan baş vermişdir. Məhkəmənin gəldiyi nəticə işdə olan sübütlara da zidd olmuşdur. Belə ki, ölümü ilə bağlı aparılan araşdırma zamanı N saylı hərbi hissə tərəfindən təqdim edilmiş tibb məntəqəsinin abulator xəstələrin qeydiyyat çıxarışından, Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 8988 nömrəli məktubundan, Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli xx/xx-12422 nömrəli məktubundan, Səhiyyə Nazirliyi Milli Onkolokiya Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/815-1079 nömrəli məktubundan, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası “ publik hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, 2198 nömrəli məktubundan və s.i. görünmüşdür ki, Vüqar Şıxıyev yuxarıda qeyd olunan xəstəxanalarda müalicə almamışdır, nə ambulator nə satasionar müalicədə olmamışdır, qeyd edilən mərkəzlərdə heç bir vaxt qeydiyyata alınmamışdır. Beləliklə də işin bütün araşdırılmış hallarından müəyyən olunur ki, Vüqar Şıxıyevinvəfatının xidməti vəzifəsinin icrası və ya hərbi əməliyyatların həyata keçirilməsi ilə səbəbli əlaqəsi olmuşdur. Göründüyü kimi Vüqar Şıxıyevin ölümü “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun” təsir dairəsinə düşmüşdür ki, ona da Şəhid adının verilməsi qanuni və əsaslıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1289/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1289/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

14. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 786 nömrəli məktubuna əlavə olunmuş: N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 6134 nömrəli bildirişində qeyd olunur ki, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, leytenant X9 xx.xx.2020-ci il tarixdə 03:30 radələrində hərbi hissənin əsgər yataqxanasında xroniki kəskin ürək çatışmamazlığından xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrindən çıxarışda qeyd olunur ki, Baş leytenant X9, özüyeriyən artilleriya divizionunun 1-ci özüyeriyən artilleriya batareyasının idarəetmə taqımının komandiri, N dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin Subaylar N ( nömrəli) yataqxanasında ürək-ağciyər çatışmazlığı nəticəsində vəfat etdiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 fevral 2021-ci il tarixli 0240 nömrəli əmrinə əsasən N dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilsin. - 138445 nömrəli “ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının oğlu X9 xx.xx.2020-ci il tarixdə ürək-ağciyər çatmamazlığından vəfat etmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 000380 qeydiyyat nömrəli qərarın surətinə əsasən 22-ci səhifədə aşağıdakılar qeyd edilmişdir: “...Araşdırma materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli komisyon məhkəmə-tibbi ekspertizasına dair tərtib olunmuş K/462021 nömrəli ekspert rəyindən görünür ki, mərhum baş leytenant X5 ölümünə səbəb olmuş pnevmoniya, endokardit (ürəyin daxili qatının iltihabı) baş beyin və ağciyər ödemi ilə ağırlaşmış virus mənşəli infeksion xəstəlik nəticəsində inşişaf etmiş üzrək və tənəffüs çatışmamazlığı olmuşdur... Xəstəliyin ilkin kliniki əlamətləri xx.xx.2020-ci il tarixdə inkişaf etmişdir, xəstəliyin inkişaf dinamikası kəskin, latent (gizli) olmaqla sürətli inkişaf etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli rəyin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Vüqar Şıxıyevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Virus mənşəli pnevmoniya fonunda baş beyin və ağciyərin ödemi, ürək-ağciyər çatmam az lığı ilə ağırlaşmış kəskin endo-miokardit xəstəliyi”nin olduğu müəyyən edilmişdir. Ağciyərlərin histoloji müayinəsi zamanı ağciyərdə virus infeksiyasına bağlı morfoloji dəyişikliklərin olduğunu nəzərə alaraq, pnevmoniya virus mənşəli olmuşdur. Pnevmoniyanm müxtəlif təsnifat prinsiplərinə görə çoxlu sayda formaları (virus, bakterial, göbələk və s.; ocaqlı və ya diffuz, alveolyar və ya interstisial; krupoz və s.) vardır. Vüqar Şıxıyevin ölümünə səbəb olmuş xəstəliklər onun iştirak etdiyi 44 günlük Qarabağ uğrunda gedən müharibədə çətin əməliyyat şəraiti (soyuq hava şəraiti, fiziki və psixioloji gərginlik, antisanitar çöl şəraiti və s.) ilə səbəbli əlaqəsi ola bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

17. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhiddir.

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən və cavabdehin etirazından görünür ki, mərhum X9 xroniki kəskin üzrək çatışmazlığından vəfat etmişdir. Onun vəfatının xidməti vəzifəsinin icrası və ya hərbi əməliyyatların həyata keçirilməsi ilə səbəbli əlaqəsi iş materialları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 000380 qeydiyyat nömrəli qərarında istinad edilən xx.xx.2021-ci il tarixli komisyon məhkəmə-tibbi ekspertizasına dair tərtib olunmuş K/462021 nömrəli ekspert rəyinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsaslanmışdır. Həmin rəydə qeyd edilmişdir ki, mərhum baş leytenant X5 ölümünə səbəb olmuş pnevmoniya, endokardit (ürəyin daxili qatının iltihabı) baş beyin və ağciyər ödemi ilə ağırlaşmış virus mənşəli infeksion xəstəlik nəticəsində inkişaf etmiş ürək və tənəffüs çatışmamazlığı olmuşdur... Xəstəliyin ilkin kliniki əlamətləri xx.xx.2020-ci il tarixdə inkişaf etmişdir, xəstəliyin inkişaf dinamikası kəskin, latent (gizli) olmaqla sürətli inkişaf etmişdir.

26. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, müasir tibbi elmi təsdiq edir ki, insan orqanizminə daxil olan virusların əksəriyyətinin mutasiya dövrü 1 aydan daha artıq da davam edə bilir.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

28. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir.

29. Göründüyü kimi istər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. 30.Məhkəmə kollegiyası hesab edir ki, işə daha obyektiv yanaşaraq X5 44 günlük müharibədə iştirak zamanı yaranmış şəraitlə onun ölümü arasında səbəbli əlaqə araşdırılmalıdır. Çünki müharibədə iştirak edən şəxsin ölüm səbəbi döyüş əməliyyatı zamanı təkcə düşmən gülləsi və mina partlayışı zamanı yaranmış xəsarətlə deyil, qar uçqunu, yüksəkdən düşmə və s. səbəb də ola bilər. Hansı ki, bütün hərbi qulluqçular eyni şəraitdə və eyni məqsədlə döyüşmüşlər. Ona görə də, şəhid adının verilməsi yalnız güllə yarası, mina partlaması nəticəsində yaranmış xəsarətlərlə məhdudlaşa bilməz.

31. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarına məntiqi və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 44 günlük vətən müharibəsində iştirakı və xəstələnərək ölməsi arasında tam səbəbli əlaqə vardır. Belə ki, X9 44 günlük vətən müharibəsində sona qədər iştirak etməsi mübahisəsiz haldır. İddiaçının oğlu xx.xx.1971-ci il təvəllüdlü baş leytenant X9 xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən səfərbərlik üzrə hərbi xidmətə göndərilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının oğlu X9 hərbi çağırışadək sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmiş, bu günədək də tibb müəssisələrində hər hansı bir xəstəlik diaqnozu ilə qeydiyyata alınmamışdır. İddiaçının oğlunun heç bir xəstəliyi olmadığı halda “Zəfər” gününə yaxın dövrdə Kəlbəcər istiqamətində xidmət zamanı ağır müharibə şəraitində xəstələnərək nəticədə ürək-ağciyər çatışmazlığı xəstəliyinə tutulmuş, həmin xəstəlik bir müddət gizli özünü biruzə verdikdən sonra qısa müddət ərzində əlamətlərini göstərmiş və bunun nəticəsində N dekabr 2020-ci ildə hərbi hissədə vəfat etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, X9 44 günlük vətən müharibəsində iştirak etməklə onun ölmü dinc xidmət dövründə deyil, müharibənin gərgin fiziki və psixi şəraitdə, antisanitar, soyuq çöl şəraitində, güllə və mina partlayışı nəticəsində yaranmış ekoloji şəraitdən sonra fiziki müqavimətinin azaldığı qısa müddətdə baş vermişdir.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli rəy isə təsdiq edir ki, ölümünə səbəb olmuş xəstəliklər onun iştirak etdiyi 44 günlük Qarabağ uğrunda gedən müharibədə çətin əməliyyat şəraiti (soyuq hava şəraiti, fiziki və psixioloji gərginlik, antisanitar çöl şəraiti və s.) ilə səbəbli əlaqəsi ola bilər. Cavabdeh orqan isə həmin səbəbli əlaqənin ola bilməməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

34. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

35. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə “X7 “şəhid” statusunun verilməsi” öhdəliyi qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçılar İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1289/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə “X7 “şəhid” statusunun verilməsi” öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar