Məhkəmə qərarları › İş №2-1(107)-290/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-290/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-290/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-457/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1968-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 04.06.1986-cı ildən 01.06.1988-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 16.05.1992-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, elə həmin tarixdən 09.06.1992-ci ilədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizə 24.11.2020-ci ildə ünvana çatdırılmış, lakin cavabdeh həmin müraciətə yazılı cavab verməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Dağlıq Qarabağ hadisələri ilə əlaqədar xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə arayış vermədiyinə görə o, müharibə veteranı adı ala bilmir. Cavabdeh iddiaya qarşı 02.02.2021-ci il tarixli 11/400 nömrəli etirazında iddianı qəbul etməyərək, iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 25.09.2018-ci il tarixli 14N nömrəli arayışı ilə xidmətinə dair araşdırma aparılaraq arayış verilmiş, iddiaçıya münasibətdə hər hansı hərəkətsizlik edilməmişdir. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2- 1(116)-457/2021 nömrəli qərarı ilə, iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, o, 05 may 1992-ci ildə Zaqatala rayonu Hərbi komissarlığından səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılmışdır. Həmin tarixdən 09 iyun 1992-ci il tarixədək N saylı hərbi hissədə vuruşmuşdur. Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı müharibədə vuruşan hərbi hissənin tərkibində Azərbaycan Resublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, faktiki olaraq müharibə veteranıdır. Bu fakt Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin arayışı ilə təsdiq olunur. Döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən sənəd Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 25.09.2018-ci il tarixli 14N saylı arxiv arayışı mövcuddur. O, qanuni yolla ehtiyata buraxılmamış olsaydı, barəsində cinayət işi başlana və cinayət məsuliyyətinə cəlb edilərdi. O, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata buraxılmışdır ki, barəsində bugünədək hər hansı cinayət təqibi olmamışdır. Müvafiq icra hakimiyyəti orqanının onu ehtiyata buraxması barədə əmri yazmaması onun təqsiri deyildir. Müdafiə Nazirliyinin Arxivində saxlanılan Hərbi Hissələrin əmr kitablarında onun ehtiyata buraxılmamağına dair əmrin və ya qeydin olmaması onun təqsiri deyildir və bu kitablarda hər hansı qeydi etmək, əmri yazmaq onun vəzifəsi deyildir. Hər hansı vəzifəli şəxsin vəzifəsini yetərincə yerinə yetirməməsi onun hüquqlarının pozulması ilə nəticələnməməlidir. Pozulmuş hüquqların müdafiə olunması isə məhkəmənin vəzifəsidir. Buna görə də məhkəmə qərarı ilə onun pozulmuş hüquqları müdafiə olunaraq bərpa olunmalıdır. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, o N saylı hərbi hissə komandirinin 18.05.1992-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə daxil edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-457/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.06.1986-cı ildən 01.06.1988-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdən keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 18.03.2021-ci il tarixli 330 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur. - cavabdehin 12.04.2021-ci ildə məhkəməyə göndərdiyi məktuba əlavə olunan 25.09.2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 18.05.1992-ci il tarixli 19 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan başqa, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2-ci maddəsinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3-cü maddəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13.02.2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, - "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, - həmin Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, - həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər. Göründüyü kimi, İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi üçün onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata buraxılmış olması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə sorğu edilərək alınmış 18.03.2021-ci il tarixli 330 nömrəli arayışdan məlum oldu ki, İddiaçı 16.05.1992-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, İddiaçı səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də sorğu edilərək alınmış 05.04.2021-ci il tarixli 11/1418 nömrəli məktubdan və ona əlavə olunmuş 25.09.2018-ci il tarixli 9/2-14N nömrəli arxiv arayışından məlum oldu ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 18.05.1992-ci il tarixli 19 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilsə də, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 öz ifadəsində həmkəndlisi olan İddiaçı ilə birlikdə 06.05.1992-ci ildə hərbi xidmətə getdiyini, N ay N gün eyni hərbi hissədə olduqlarını, sonra iddiaçının harasa getdiyini, iddiaçının niyə və haraya getməsini, eləcə də iddiaçının qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılıb-buraxılmamasını bilmədiyini göstərmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq təqdim edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə sübut mövcud olmadığına görə ona bu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iş materialları araşdırılan zaman iddiaçının qanuni yolla ehtiyata buraxılması barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-457/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-457/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar