Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-290/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək fəaliyyəti müddətini və İ qrup əlil oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq etdiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının tələb olunan sosial sığorta stajına və pensiya kapitalına malik olmamasını, həmçinin iddiaçının, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs sayılmadığını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanununun 7, 8.2 və 21.2.4cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazını, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, iddiaçının əmək fəaliyyəti müddətinin əmək kitabçasında qeyd edilməməsi, övladına qulluqla bağlı müayinə aktının tərtib edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə, İddiaçı İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi hüquq normalarının düzgün tətbiq edilməməklə qəbul etmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı X3na müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə 16 mart 2022-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə münasibət bildirilmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 5776 nömrəli arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.1986-cı il təvəllüdlü oğlu Xəmmədov Rəhman Paşa oğluna anadan olduğu vaxtdan qulluq etdiyini iddia edir. Həmin faktın təsdiq olunması üçün təqdim etdiyi 09 iyun 2022-ci il tarixli 875 nömrəli arayışdan görünür ki, arayış Zaqatala rayon İcra Hakimiyyəti başçısının X6 inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının işlədiyini iddia etdiyi illərin onun əmək kitabçasında qeyd edilməməsi, həmçinin oğlu Xəmmədov Rəhman Paşa oğluna anadan olduğu vaxtdan qulluq etdiyini iddia etməsinə baxmayaraq, həmin faktın təsdiq olunması üçün təqdim etdiyi 09 iyun 2022-ci il tarixli 875 nömrəli arayışın qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməməsi onun iddiasını əsassız edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının 29 sentaybr 2022-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adına kolxozda işlədiyi illəri və 1-ci qrup oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il iki ay müddətin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı ştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 5776 №-li arayışından görünür ki, iddiaçı, X6i “S.Vurğun” adına kolxozda 1984-cü ildə 113 gün, 1985-ci ildə 60 gün, 1986-cı ildə 329 gün, 1987-ci ildə 170 gün, 1988-ci ildə 200 gün, 1989-cu ildə 248 gün, 1990-cı ildə 240 gün, 1992-ci ildə 127 gün, 1993-cü ildə 81 gün əmək fəaliyyəti ilə məşğul olmuş, 1994-cü ildə analıq məzuniyyətində olmuşdur. 19841987-ci illərdə minimum adam günü norması 200 gün, 1988-1990 və 1992-1994-cü illərdə minimum adam günü norması 190 gün qeyd edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 5776 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.1982-ci il tarixdən müvəqqəti olaraq çamaşırxanaya paltaryuyan qəbul edilmiş (əmr № 57), xx.xx.1983-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir (əmr № 59). iddiaçı, xx.xx.1983-cü ildə camaşırxanaya paltar yuyan vəzifəsinə qəbul edilmiş (əmr № 103), xx.xx.1985-ci il tarixdən vəzifəsindən azad edilmişdir (əmr № 74) - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Xəmmədov Rəhmanın “qiymətləndirmə məlumatlarından” görünür ki, ona xx.xx.2004-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, diaqnoz : eplepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, şəxsiyyət dəyişkənliyi, ağıl zəifliyi diaqnozu qoyulmuş, meyar olaraq - etiologiyasından asılı olmayaraq kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik qeyd edilmişdir. - Zaqatala rayon İHB-nın X6 İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 874 №-li məktubundan və eyni tarixli 875 №-li arayışından görünür ki, 12 №-li təsərrüfatbaşına kitabın 164-cü səhifəsinə əsasən İddiaçı ailə tərkibinə Xəmmədov Rəhman Paşa oğlu daxildir və xx.xx.1986-cı ildə anadan olmuş Xəmmədov Rəhman Paşa oğlu anasının himayəsindədir, doğulduğu vaxtdan indiyədək ona İddiaçı qulluq etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı X3 tərəfindən təqdim olunmuş 16 noyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Xəmmədov Rəhman Paşa oğlu xx.xx.1986-cı ildə doğulmuşdur, Xəmmədov Rəhman Paşa oğlu anadan olduğu gündən hal-hazıradək anası X1 himayəsindədir və ona qulluq edir. - AA3299137 nömrəli şəxsiyyət vəsiqəsindən və AZ-İ 616415 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Xəmmədov Rəhman Paşa oğlu xx.xx.1986-cı ildə doğulmuşdur, onun haqqında qrafasında X2 qeyd edilmişdir. -xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə “İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən iddianın mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən əsaslı nəticəyə gəlinmiş olsa da, iddiaçıya uğurlu iddia irəli sürülməsilə bağlı düzgün hüquqi yardım göstərilməmiş, nəticədə mübahisə iddia tələbinin təmin edilməsi qaydasında həll edilsə də, iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsi məhkəmə qaydasında təmin olunmamışdır. Kollegiya vurğulayır ki, iddia tələbinin uğurlu hesab olunaraq məhkəmədə mahiyyəti üzrə baxılmasını mümkün edən əsas şərtlərdən biri irəli sürülən iddia tələbinin mahiyyət etibarı ilə, iddianın təmin ediləcəyi təqdirdə çatmaq istənilən məqsədə nail olmanı təmin etməsidir. Belə ki, hazırki inzibati mübahisəyə dair işin hallarından aydın olmuşdur ki, iddiaçı ona iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi arzusundadır. Qeyd edilən şərtin hazırkı iddia tələbinə münasibətdə ödənilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışı zamanı iddiaçı tərəfə hüquqi yardım göstərilmiş, iddia tələbinin dəqiqləşdirilməsi tövsiyyə edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adına kolxozda işlədiyi illəri və 1ci qrup oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il iki ay müddətin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi qərarla icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, mübahisəyə “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın üzərinə Zaqatala Rayon Dövlət arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adma kolxozda işlədiyi illərin, Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının və 1-ci qrup oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il iki ay müddətin sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi həcmində baxılaraq iddia təmin edilməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 8.2-ci maddəyə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22.2-ci maddəyə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. (əvvəlki redaksiyaya əsasən) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” xx.xx.1992-ci il tarixli 284 nömrəli Qanunun (13.06 2008-ci il tarixli 648-İİİ QD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq 57 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). İddiaçının camaşırxanada paltar yuyan vəzifəsində işlədiyi 2 il 5 ay 15 gün əmək fəaliyyəti müddəti işdə olan arxiv arayışı ilə sübut olunur və həmin müddətin əmək stajına daxil edilməsi ilə bağlı tələb, yuxarıda istinad olunmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndindən irəli gəlir. İddiaçı, X6i “S.Vurğun” adına kolxozda 1986, 1988-1990-cı illərdə tam adam günü normasını yerinə yetirmiş (tam staj olaraq qəbul edilir), 1984, 1985, 1987, 1992 və 1993cü illərdə isə tam adam günü norması yerinə yetirməmişdir (faktiki işlədiyi müddət nəzərə alınır). Həmçinin iddiaçının camaşırxanada paltar yuyan vəzifəsində işlədiyi 1984-cü il ilə X6i “S.Vurğun” adına kolxozda işlədiyi 1984-cü il (113 gün) tam üst-üstə düşdüyündən və həmin müddətlərdən biri hesablanmalı olduğundan iddiaçının 1984-cü ildə camaşırxanada paltar yuyan vəzifəsində işlədiyi müddət qəbul edilir. Həmin müddət üzrə hesablanmış əmək stajı aşağıdakı kimidir; - tam adam günü normasının yerinə yetirildiyi müddət 4 ilə bərabərdir, - 1985 və 1987-ci illərdə 200 adam günü minmumuna qarşı iddiaçının işlədiyi müddət 230 gün olmuşdur və həmin müddət 1 il 1 ay 24 günə bərabərdir, - 1992 və 1993-cü illərdə isə iddiaçı 190 adam günü minimumuna qarşı 208 gün işləmişdir və həmin müddət – 1 il 1 aya bərabərdir. Beləliklə, iddiaçının X6i “S.Vurğun” adına kolxozda ümumi əmək stajı 6 il 2 ay 24 günə bərabərdir. İddiaçının övladının xx.xx.1999-cu ildən sağlamlıq imkanlarının məhduluğunun müəyyən edilməsi, “eplepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, şəxsiyyət dəyişkənliyi, ağıl zəifliyi” diaqnozunun qoyulması, buna görə də xx.xx.2004-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi və xəstəliyinin anadangəlmə olması iş materialları ilə sübut olunur. İddiaçının oğlu Xəmmədov Rəhman Paşa oğlunun sağlamlıq imkanları məhdudluğu ilk dəfə müəyyən edilərkən onun 13 yaşı olsa da, TSEK-in qərarına əsasən müəyyən olunur ki, əlilliyin səbəbi anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillikdir. Yəni, iddiaçının oğlunda sağlamlıq imkanlarının məhdudluğuna səbəb olan xəstəlik onda anadangəlmə olmuşdur. Bundan başqa Zaqatala rayon İHB-nın X6 İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 875 №-li arayışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı X3 tərəfindən təqdim olunmuş 16 noyabr 2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, Xəmmədov Rəhman Paşa oğlu anasının himayəsindədir, doğulduğu vaxtdan indiyədək ona anası qulluq edir (oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1821/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)- 1557/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1746/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarında müvafiq arayış sübut qismində qəbul edilmişdir). İddiaçının oğluna qulluq etdiyi müddət onun X6i “S.Vurğun” adına kolxozda işlədiyi müddətlə tam üst-üstə düşdüyündən və həmin müddətlərdən biri hesablanmalı olduğundan iddiaçının 1993-cü ilədək kolxozda işlədiyi müddət qəbul edilir. Belə ki, iddiaçı tərəfindən müvafiq arxiv arayışının təqdim edilməsi onu göstərir ki, iddiaçı həmin müddətin sosial sığorta stajına hesablanmasında maraqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının oğluna qulluq etdiyi dövr əmək fəaliyyətini 1993-cü il tarixdən dayandırdığı müddətdən sonrakı dövrü əhatə edir. Odur ki, Rəhman Xəmmədovun anadangəlmə xəstəliyini nəzərə alaraq, ona 1993-cü ildən 18 yaşına çatanadək (sağlamlıq imkanları məhdud uşağa) və xx.xx.2004-cü ildən, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtadək qulluq edilmə müddəti (İ dərəcəli əlilliyinin müəyyən edilməsi ilə əlaqədar) İddiaçı sığorta stajına hesablanmalıdır. Yuxarıda qeyd edilən müddətlər toplandıqda müəyyən olunmuşdur ki, iddiaçının tələb olunan 25 il stajı tamamlanıb və o, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)172/2021 nömrəli qərarında göstərilmişdir ki, istinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” iddiaçıya münasibətdə tətbiq edilərkən 1986-cı ildə doğulmuş və 1999-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş şəxsin 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci ilədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci bəndinə əsasən sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır. Qeyd olunan norma onu nəzərdə tutur ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin nəzərə alınması üçün iddiaçı məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş olmalıdır. Yəni, heç bir əmək fəaliyyəti olmayan şəxslərə münasibətdə həmin norma tətbiq edilmir. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan Qaydalarda “misal 32” olaraq aşağıdakı məzmunda kazus qeyd edilmişdir: Misal 32. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış ahıla (yaşı 70ə çatmış şəxsə) qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında ahıla (yaşı 70-ə çatmış şəxsə) qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Göründüyü kimi, kazusun məzmununda qeyd edilir ki, “Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması iş materialları ilə sübut olunduğundan, iddiaçının, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olmaması ilə bağlı cavabdeh orqanın imtina dəlili əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, iddiaçının “Zaqatala Rayon Dövlət arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adma kolxozda işlədiyi illərin, Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının və 1-ci qrup oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il iki ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən cavabdeh inzibati orqanın apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməli, İddiaçı Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adına kolxozda işlədiyi illər və İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-1204/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Zaqata rayon Dövlət Arxivinin xx.xx.2022- ci il tarixli, 5776 nömrəli arayışında qeyd edilən Zaqatala KMK- nın çamaşırxanasında işlədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi iş stajının, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.01.22-ci il tarixli, 5776 saylı arxiv arayışında göstərilən Zaqatala Rayon X6i S.Vurğun adına kolxozda işlədiyi illər və İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-290/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-290/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver