Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-291/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-188/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “22 iyul 2017- ci il tarixdə Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndində (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyyata buraxılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirinin 22 iyul 2017-ci il tarixli 0516 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 157-ci Hərbi Hissənin 2-ci Tabor 4-cü Bölüyün komandiri vəzifəsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməklə bərpa edilməyi barədə qərar qəbul edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15237/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
3. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “məcburi işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 4 İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə oranı bitirib, həmin ilin dekabr ayında leytenant rütbəsini alaraq, İ Ordu Korpusunun tabeliyindəki Hərbi Hissədə xidmətə başlamışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Döyüş zamanı apardığı əməliyyat yerli televiziya kanallarında nümayiş etdirilmiş və bu haqda müsahibələr alınmışdır. Bundan başqa 10-a qədər müxtəlif fəxri fərmanla təltif edilmişdir, Müdafiə naziri tərəfindən təntənəli şəkildə saat hədiyyə edilmişdir. Həmçinin, 9 il boyu ön cəbhədə xidmətdə olmuş və 10 illik Qüsursuz Xidmətə görə medal ilə təltif edilmişdir. 2017-ci ildə baş verən “Tərtər işi” adlanan hadisələrə qədər xidmətini aparmış və xidmətdə olduğu müddət ərzində intizamı pozmamaqla, xidmətin öhdəsindən layiqincə gəlmişdir, hətta yuxarı komandanlıq tərəfindən iddiaçıya heç bir irad, xəbərdarlıq olunmamışdır. Məlum “Tərtər hadisələri” ilə bağlı 2017-ci ilin may ayında Marquşavanda yerləşən köhnə hərbi hissələr ərazisində işgəncələrə məruz qalmışdır. Bundan sonra işgəncələr 708-ci Hərbi Hissədə davam etdirilmişdir, qeyri-insani rəftar etdikdən sonra, ölümcül vəziyyətə salınaraq, 708-ci Hərbi Hissənin qarşısında yerləşən idman normativlərinin götürülməsi üçün müəyyən olunmuş avtomobil yoluna gətirilib, idman imtahanına cəlb olunmuşdur. Təbii ki, yarımcan vəziyyətdə hər hansı aktiv hərəkətlər etməyi fiziki olaraq qeyri-mümkün idi. Bunu da əsas gətirib 12 iyul 2017-ci il tarixdə Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin E bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 12 iyul 2017-ci il tarixli 0516 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. - İddiaçı qeyd etmişdir ki, biliklərin yoxlanılması imtahanına da cəlb edilmişdir. 100 test sualından 86 düzgün cavab verməklə yüksək nəticə əldə etmişdir. Hazırda yuxarıda qeyd etdiyi “Tərtər hadisələri” ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı qeyd edir ki, onun təxris əmrini yazan polkovnik hazırda bu hadisələrlə əlaqəli həbsdədir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən nazirliyin qəbul etdiyi əmr qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin əmr ləğv edilməlidir.
5. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə (hazırkı vəsatətə əlavə olunur) ilə müraciət edərək bildirmişdir ki, o, hərbi xidmətə bərpa olunmaq və xidmətini davam etmək istəyir və xidmətə bərpa olunduğunu və itirilmiş illərin əmək stajına hesablandığı təqdirdə Şəki İnzibati Məhkəməsində baxılan inzibati iş üzrə iddia tələbindən imtina edəcəkdir. İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur. İddiaçının yanvar 2024-cü il tarixli ərizəsinin olduğunu nəzərə alaraq və iddia tələbindən imtina edəcəyini bildirilməsini nəzərə alaraq iş üzrə icraat xitam verilməsi xahiş edilir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2021-ci il tarixli qərarın surəti. - Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı; - Cavabdehin xx.xx.2024-cü il tarixli vəsatəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər; - xx.xx.2024-cü tarixli 0230 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrindən çıxarışın surəti.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 yanvar 2025-ci il tarixli 2- 1(116)-188/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxma müddəti ərzində İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətin uyğunsuzluğa görə) ehtiyata buraxılması ilə bağlı xx.xx.2017-ci il tarixli əmr ləğv edildiyindən və iddiaçı işə bərpa edildiyindən məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir.
9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-188/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Birincisi, - İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, hərbi xidmətə bərpa olunmaq və xidmətini davam etmək istədiyini, xidmətə bərpa olunduğu və itirilmiş illərin əmək stajına hesablandığı təqdirdə Şəki İnzibati Məhkəməsində baxılan inzibati iş üzrə iddia tələbindən imtina edəcəyini bildirilməsini məhkəmə nəzərə almamışdır. Bununla əlaqədar olaraq, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə iddiaçı N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur. Lakin xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən bu nəzərə alınmamışdır. - İkincisi, - Məhkəmə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələni onun üzərinə qoymuşdur. Çünki, iddianın “məcburi işburaxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi” tələbi üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeçiliyində olan orqanlar deyil ki, sonuncu onların hərəkətlərinə görə öhdəlik daşısın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1100cu maddəsinə uyğun olaraq, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədənə dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Yuxarıda qeyd olunan məktubda “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qərar qəbul edildiyi təqdirdə İddiaçı vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maliyyə siyasəti həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan səlahiyyətlərini həyata keçirmədiyindən, iddiaçının məcburi işburaxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi tələbi üzərinə qoyula bilməzdi. Buna görə də, birinci instansiyası məhkəməsi MPM-nin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması üçün İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya yardım etməli idi. İddiaçı razı olmadığı halda iddia ərizəsini mümkünsüz saymalı idi. Məhkəmə isə bunu etmədən iddianı təmin etmişdir. - Üçüncüsü, - Əgər məhkəmə pul təminatı ilə bağlı Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyurdursa onda aşağıda qeyd olunanları nəzərə almalı idi. Məhkəmə İddiaçı eyni tələbinə dair əvvəl məhkəməyə müraciət edilməsini aydınlaşdırmayıb, çünki həmin hadisələrlə bağlı, müxtəlif iddiaçıların eyni predmetli anoloji işlər üzrə məhkəmə qətnamələri mövcuddur və oradan görmək olar ki, həmin hadisələrlə bağlı “məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının hesablanması və ödənilməsi” vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə deyil, digər dövlət orqanının üzərinə qoymuşdur. “Məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının hesablanması və ödənilməsi” hissəsində məbləğin hesablanması qaydası göstərilmədiyindən, bununla bağlı ekspertiza təyin olunmalı və ya xüsusi biliyə malik olan mütəxəssislər cəlb olunmalı idi. Çünki, hərbi qulluqçuların pul təminatının hesablanması qaydalarının öz spesifikası var, (hərbi hissədən, xidmət şəraitindən, xidmət illəri, rütbəsi, hər ay ödənilən ərzaq pulu və s.). Məsələn, oxşar iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində məhkəmə qərarı ilə bağlı ekspertiza keçirilib (Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin mütəxəssisləri də cəlb edilməklə). Məhkəmə isə əmək haqqı barədə maliyyə və digər sənədlərini əldə etmədən iddianı təmin etmişdir. - Həmçinin, məhkəmə onu da nəzərə almamışdır ki, iddiaçı fiziki olaraq, həmin dövrdə hərbi hissədə olmamışdır, hansı kı, elə ödənişlər var ki, məhz həmin şəraitdə, və ya iqlimdə, xidmətdə edən (fiziki olaraq orada olan) şəxslərə ödənilir. Məhkəmə, həmçinin hərbi qulluqçuların pul təminatının hesablanmasına aid olan normativ hüquqi aktlara istinad etməmişdir: Məsələn “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinə və s.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 26.1. dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Maddə 26.2. onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Maddə 26.3. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, hərbi xidmətə bərpa olunmaq və xidmətini davam etmək istədiyini, xidmətə bərpa olunduğu və itirilmiş illərin əmək stajına hesablandığı təqdirdə Şəki İnzibati Məhkəməsində baxılan inzibati iş üzrə iddia tələbindən imtina edəcəyini bildirməsini məhkəmə nəzərə almamışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə iddiaçı N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba əlavə olunan Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinin 2-ci abzasına müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 12 iyul 2017-ci il tarixli 0516 nömrəli şəxsi heyət üzrə əmrinin 1-ci bəndi (051 nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin 1572-ci motoatıcı taborunun motoatıcı bölüyünün sabiq komandiri) kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş, kapitan İddiaçı N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin edilərək 12 iyul 2017-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunmuş hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə iddiaçı N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur.
27. Göründüyü ki, iddiaçı barəsində “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma ilə bağlı xx.xx.2017-ci il tarixli əmri ləğv edilərək o, işə bərpa edilsə də, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi təmin edilməmişdir.
28. Cavabdeh orqan qeyd edir ki, iddiaçı işə bərpa edildiyindən, iddiaçının onlara yazdığı ərizə nəzərə alınaraq “məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi” tələbinə dair iş üzrə icraata iddiaçının tələbindən imtina etməsi əsası ilə xitam verilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 67-ci maddəsinin məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
30. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etsə də, iddiaçı məhkəməyə iddiasından imtina etməsi ilə bağlı hər hansı müraciət etməmişdir.
31. İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
32. Həmçinin iş materiallarından görünür ki, iddiaçının tələbi də təmin olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin iş üzrə icraata xitam verilməsinə dair dəlilinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunmadığı, işin mahiyyəti üzrə mübahisənin mövcud olduğu və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə işə mahiyyəti üzrə baxılaraq çatmalı olduğu nəzərə alınmalı, nəticədə cavabdehin dəlilləri əsassız sayılmalıdır.
33. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddianın “məcburi işburaxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ödənilməsi” tələbi üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz.
34. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin edilərək 12 iyul 2017-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunmuş hesab edildiyindən məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Cavabdeh orqan həmçinin qeyd edir ki, iddiaçı işə bərpa olunsa da, fiziki olaraq, həmin dövrdə hərbi hissədə olmamışdır.
36. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin halları və qanunvericiliyin tələbləri baxımından cavabdehin əsl cavabdehlə əvəz olunması üçün İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya yardım edilməsinə də zərurət yoxdur.
38. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “Məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının hesablanması və ödənilməsi” hissəsində məbləğin hesablanması qaydası göstərilmədiyindən, bununla bağlı ekspertiza təyin olunmalı və ya xüsusi biliyə malik olan mütəxəssislər cəlb olunmalı idi.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxma müddəti ərzində İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Bu halda, əlavə olaraq mütəxəssis cəlb edilməsinə və ya ekspertiza təyin olunmasına da zərurət yoxdur. Odur ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.
40. Bundan başqa, öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-188/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.