Məhkəmə qərarları › İş №2-1(107)-292/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-292/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-292/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X10) “Balakən rayon Aqrar İslahat Komissiyasının 23.11.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən rayonu AİK-nın 23.11.2004-cü il tarixli 02 saylı qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X3 və üçüncü şəxs X4 mülkiyyətinə verilmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsi onun atası və anasının ümumibirgə mülkiyyətində olmasına baxmayaraq JN-960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsinin mülkiyyətçiləri anası və iş üzrə üçüncü şəxs X8r. İddiaçı hesab edir ki, X10 heç bir əsas və səbəb olmadan adını torpaq şəhadətnaməsində qeyd etdirmişdir. İddiaçı üçüncü şəxsin adının şəhadətnamədən çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 23.07.2020-ci il tarixli, **********10 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddiaçİddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəliş edərək 3-cü şəxs X4 adını mülkiyyətçilərin siyahısından çıxardaraq yeni çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə (əvvəllər tanınmış hüquqlar) düzəliş edilməsi və ya onların ləğv edilməsi, adların daxil edilməsi və ya çıxarılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmiş və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı məlumat verilmişdir ki, X2 və iş üzrə 3-cü şəxs X7 (cəmi 2 nəfərə) Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları Ləğv edilmiş DTXK tərəfindən JN-960A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin 0,10 ha torpaq sahəsinin X1 və iş üzrə 3-cü şəxs X4 (cəmi 2 nəfərə) ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Birinci instansiya məhkəməsi iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında iştirak etmiş cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak etmiş 3-cü şəxsin vəkili iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 nömrəli qərarı ilə, iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, anası X3 10.04.2003-cü ildə vəfat etmiş, həmin müddətədək mübahisələndirilən torpaq sahəsi atasına və anasına aid olmuş, ancaq 23.11.2004-cü il tarixli, 02 nömrəli qərar ilə 0.10 ha torpaq sahəsinin anasının və üçüncü şəxs Cavid Mahmudovun mülkiyyətinə verilməsi qərara alınmışdır. Anasının və atasının sovet dövründə sahibliyinə verilmiş sonra isə onların mülkiyyəti olmuş həyətyanı torpaq sahəsi anası dünyada olmadığı bir vaxtda Aqrar İslahat Komissiyası hansı qərarı ilə bu mülkiyyəti iki şəxsin adına necə sənədləşdirib. Buradan da tam müəyyən olunur ki, üçüncü şəxs Cavid Mahmudov və onun atası Xəyyam Mahmudov tərəfindən bu işlər süni aparılmışdır. Atası 07.01.1992-ci ildə Balakəndə vəfat etmişdir. Anası Alagöz xanımla atası Şaban kişi 12.07.1951-ci ildə evlənib. Balakən şəhər İƏD-nin 09.06.2016-cı il tarixli, 2498 nömrəli arayışdan görünür ki, 01 təsərrüfatbaşına kitabın 940-cı səhifəsində mərhum anasının adına şəhərin Z.Əliyeva küçəsi 94 ünvanında fərdi yaşayış evi və JN 960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Eləcə də, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 29.07.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud arxivlərdə Balakən rayon Aqrar İslahat Komissiyasının 23.11.2004-cü il tarixli 02 nömrəli qərarının aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, həmi qərarın xüsusi əhəmiyyəti vardır. Həmin qərar əsasında qeyd olunan torpaq sahələri verilir. Bundan başqa qeyd olunan qərarın aşkar edilməməsi anlaşılan məsələ deyil. Bütü bunlar həmin qərarla 2004-cü ildən sonra üçüncü şəxsin adına süni şəkildə sənədləşməni müəyyən edən sənədlərələ ciddi zidiyyət təşkil etdiyindən həmin qərarın ilkin sənədələri yoxa çıxa bilməz. Balakən rayon Dövlət Arxivinin 16.02.2021-ci il tarixli məktubuna əlavə edilən 23.11.2004-cü il tarixli, 02 saylı iclas protokolunun təsdiq edilmiş surətindən göründüyü kimi iclasda Balakən bələdiyyəsinin 16.11.2004-cü il tarixli 121 saylı və 22.11.2004-cü il tarixli, 122 saylı məktubları nəzərə alınmış, Balakən şəhərində 1645 ailənin qanuni istifadəsində olmuş, 0.03 ha-dan 0.25-hadək torpaqğın norma daxilində cəmi 137 hektar qanuni həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Hüquqi sənədlərin hazırlanması DTXK-dan xahiş edilmişdir. Bu sənəddən də göründüyü kimi, qeyd olunan torpaq sahəsinin kimlərə verilməsi ilə bağlı məhkəmə sorğusu tamamlanmamış, həmin cədvəlin adlı siyahısı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin istinad etdiyi iş materiallarında olan Balakən İƏD-in 19.02.2021-ci il tarixli, 026 nömrəli məktubuna əlavə edilən 1985-1990-cı illərə və 1990-2005-ci illərə dair əhalinin qeydiyyat kitabının təsdiq edilmiş surətində X11, X3 və X4 adları qeyd edilmişdir. Göründüyü kimi, 1985-1990-cı illərin qeydiyyat kitabında X4 adının olması mümkün deyildir. 2004-cü ildən sonra isə sənədlərdə aparılan süni düzəlişlərdən sonra əsl torpaq sahiblərinin üstündən xətt çəkildiyini X4 adının qalması reallığa uyğun deyildir. Valideynlərinin və qardaşının adına olan torpaq sahəsinin üzərinə 200-cü ildən sonra Cavid Mahmudovu da əlavə etmək ciddi qanun pozuntusudur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X5 hər biri ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər və üçüncü şəxs məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 1793 nömrəli “Ölüm haqqında arayış”ın təsdiq edilmiş surətindən görünür ki, X3 10.04.2003-cü il tarixdə Rusiyada, Moskva şəhərində vəfat etmişdir. JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın 23.11.2004-cü il tarixli, 02 nömrəli qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X3 və X4 mülkiyyətinə verilmişdir. 081010 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X11 07.01.1992-ci il tarixdə Balakəndə vəfat etmişdir. 12.05.2020-ci il tarixli, 05/Q-320/69 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, X11 və X6 12.07.1951-ci il tarixdə nikah bağlamışlar. Nikah qeyd edildikdən sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Balakən Şəhər İƏD-nin 09.06.2016-cı il tarixli, 2498 nömrəli arayışından görünür ki, 01 saylı təsərrüfatbaşına kitabının 94-cü səhifəsində mərhum X1 adına şəhərin Z.Əliyeva küçəsi 94 ünvanında (keçmiş R.Cirinqov küçəsi 54) fərdi yaşayış evi və JN-960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi vardır. 04.05.2016-cı il tarixli, 079567 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqısatqısına dair birtipli müqavilə bağlanmışdır. 42188355 nömrəli, 22.10.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" ASC Balakən sukanal idarəsi ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən evə içməli suyun buraxılması və tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə bağlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin 29.07.2020-ci il tarixli, **********34 nömrəli məktubunda qeyd edilir ki, mövcud arxivlərdə Balakən Rayon Aqrar İslahat Komissiyasının 23.11.2004-cü il tarixli, 02 nömrəli qərarı aşkar edilməmişdir. Məktuba əlavə edilən 10.02.2004-cü il tarixli “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, 960-cı sırada X3 və X4 qanuni istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. Balakən Rayon Dövlət Arxivinin 16.02.2021-ci il tarixli məktubuna əlavə edilən Balakən rayon AİK-nın 23.11.2004-cü il tarixli, 02 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iclasda Balakən bələdiyyəsinin 16.11.2004-cü il tarixli, 121 saylı və 22.11.2004-cü il tarixli 122 saylı məktubları nəzərə alınmış, Balakən şəhərində 1645 ailənin qanuni istifadəsində olmuş 0.03 ha-dan 0.25 hadək norma daxilində cəmi 137 hektar qanuni həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Hüquqi sənədlərin hazırlanması DTXK-dən xahiş edilmişdir. Balakən İƏD-nin 19.02.2021-ci il tarixli, 026 nömrəli məktubuna əlavə edilən 1985- 1990-cı illərə və 1990-2005-ci illərə dair əhalinin qeydiyyat kitabının təsdiq edilmiş surətində X11 (adının üstündən xətt çəkilmişdir), X3, X9 (adının üstündən xətt çəkilmişdir) və X4 adları qeyd edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 3-cü şəxs islahatdan əvvəl mərhum babasının təsərrüfatında 1985-1990-cı illərdə qeydiyyatda olmaqla yaşamış, babası 1992ci ildə vəfat etdikdən sonra nənəsi X3 ilə birgə 1990-2003-cü illərdə təsərrüfat aparmış, 2005-2012-ci illərdə əhalinin qeydiyyat kitabına əsasən tək onun adı qeyd olunmuşdur. 10.02.2004-cü il tarixli “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ində də 3-cü şəxsin adı nənəsi ilə birgə qeyd olunmuş, ona görə də Balakən rayon AİK-nın 23.11.2004-cü il tarixli, 02 saylı qərarına əsasən JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun da adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq təqdim edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, iddiaçının Balakən rayon Aqrar İslahat Komissiyasının 23.11.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN- 960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X7 münasibətdə ləğv edilməsindən imtina olunması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, 10.02.2004-cü il tarixli “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ində də 3-cü şəxsə nənəsi ilə birgə qeyd olunduguna görə Balakən rayon AİK-nın 23.11.2004-cü il tarixli, 02 saylı qərarı ilə torpaq sahəsi verilmiş və həmin qərara əsasən JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun da adı qeyd olunmuşdur. Göründüyü kimi inzibati orqan inzibati akt qəbul edərkən İnzibati icraat haqqında” Qanunun tələblərini pozmamış və iddiaçının tələbindən imtina verərkən haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(116)-121/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar