Məhkəmə qərarları › İş №2-1(107)-292/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-292/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-292/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-212/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı məhkəmənin hüquqi yardımı əsasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması və “əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1628/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir, görmə qabiliyyəti məhduddur. Buna görə də iddiaçı X2 adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunmuş və aldığı epikriz nəticəsində 2-ci qrup əlilli dərəcəsi təyin olunmuşdur. Lakin 2021-ci ilin noyabr ayından təkrar müayinə edilməklə əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət etsə də, müəyyən bəhanələr edərək, görmə qabiliyyətinin düzgün qiymətləndirilməsində ona maneçilik törətmişlər. Şəki rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən göndəriş alaraq, Oftalmologiya Mərkəzinə müayinə üçün getsə də, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən imtina edilmiş və hazırkı mübahisə yaranmışdır.

5. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik=> Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=> H43- H45 - Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri=> H44 - Göz almasının xəstəlikləri=> H44.8 - Göz almasının digər xəstəliklər...;Diaqnozun mətni: OU - MİKROFLAQM, HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik=> DİGƏR: OU MİKROFLAQM. HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik=> Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=> H43- H45 Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri=> H44 - Göz almasının xəstəlikləri=> H44.8 - Göz almasının digər xəstəliklər...; Diaqnozun mətni: OU MİKROFLAQM, HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik=> DİGƏR: OU - MİKROFLAQM. HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ ZƏİF HİPERMETROFİYA” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

7. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=> H43- H45 Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri=> H44 - Göz almasının xəstəlikləri=> H44.8 - Göz almasının digər xəstəliklər...; Diaqnozun mətni: OU - MİKROFLAQM, HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik=> DİGƏR: OU - MİKROFLAQM. HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

8. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif Gözün və gözün əlavə aparatının xəstəlikləri=> H43-H45 - Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri=> H44 - Göz almasının xəstəlikləri=> H44.8 - Göz almasının digər xəstəliklər...; Diaqnozun mətni: OU - MİKROFLAQM, HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA; Meyar: 2.2. İkinci dərəcə əlillik=> DİGƏR: OU MİKROFLAQM, HORİZANTAL NİSTAQM GSD-NİN ATROFİYASİ, ZƏİF HİPERMETROFİYA” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

9. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri=> H55-H59 - Gözün və onun əlavə aparatının digər xəstəlikləri=> H55 Nistaqm və gözlərin digər qeyriiradi hərəkətləri; Diaqnozun mətni: Astiqmatizm, Horizontal nistaqm .OU-mürəkkəb miopik astiqmatizm Refraksion ambliopiya ,VİSOD=0.05 k/i 0.09 (yüzdə doqquz) VİSOS= 0.05 k/i 0.009 (yüzdə doqquz).ROU M4.0 və M3.0; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan görmə itiliyi müayinəsi dəqiqləşdirilsin və yenidən qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir.

10. “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0344003AAMHM nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və göndərişin natamam doldurulması, “Ekspertiza üçün əhəmiyyətli olan görmə itiliyi müayinəsi dəqiqləşdirilsin və yenidən qeyd edilsin” qərarı verilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 yanvar 2023-cü il tarixli 2- 1(116)-212/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1989-cu il tarixdə doğulmuş İddiaçı aid 0344003AAMHM nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əlillik dərəcəsinin verilməsi üçün müraciət etsə də birinci instansiya məhkəməsi təkrar işə baxılma barədə öhdəlik qoyulmasına dair qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 16 yanvar 2023-cü il tarixli 2-1(116)-212/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 16 yanvar 2023-cü il tarixli 2-1(116)-212/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0344003AAMHM nömrəli göndərişi, cavabdehin 0344003AAMHM nömrəli göndərişə xx.xx.2022-ci il tarixli imtina qərarı.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.

23. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-212/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndi və həmin Əsasnamənin 1.4cü bəndi ilə müəyyən edilmiş normaları nəzərə alaraq qeyd edir ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etmək TSEK-in və həmin Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmətin səlahiyyətlərinə aid edilmişdir.

31. Bundan əlavə hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

32. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir

34. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

35. Hazırkı işdə də söhbət məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

36. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan görmə itiliyinin müayinəsinin dəqiqləşdirilməsi və yenidən qeyd edilməli olması ilə əsaslandırmışdır. Yəni, cavabdehin imtinasında və iddia tələbinə etirazında göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olması, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır.

37. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.

38. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur.

39. Müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndində və 4.25-ci bəndində müəyyən edilmiş normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır.

40. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndakı normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

41. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1989-cu il tarixdə doğulmuş İddiaçı aid 0344003AAMHM nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

42. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-212/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar