Məhkəmə qərarları › İş №2-1(107)-292/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-292/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-292/2024 28.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X8 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən evə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X14 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1630/2023 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, "Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz rayon Baş Daşağıl kəndində yerləşən, mərhum atası X9 miras qalmış evə və evin həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün cavabdehin Oğuz rayon şöbəsinə müraciət etmiş, lakin Şöbədən ona həmin evə və torpaq sahəsinə sənəd hazırlanmadığı bildirilmişdir.

6. Hal-hazırda həmin evdə qardaşı oğlu yaşayır. Odur ki, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən, mərhum atası X9 miras qalmış evə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X14 adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, ona 03 oktyabr 2022-ci il tarixli **********73 nömrəli imtina məktubu verilmişdir.

7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Oğuz rayonu, Baş Daşağlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum atası X14 adına daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 fevral 2024-cü il tarixli 2- 1(116)-160/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsinin tələb edildiyi evin yerləşdiyi həyətyanı torpaq sahəsi JN-146B və JN-146C saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən mənim mərhum atam X6, mərhum anam X1, həyat yoldaşım X2, övladlarım X7 və X10 xüsusi mülkiyyətindədir. Mərhum atam X6 atası olmuş X24 xx.xx.1980-ci ildə ölmüşdür. O, vəfat etdikdən sonra adına olmuş kolxozçu həyətinə atam X20 başçılıq etmiş və həmin kolxozçu həyəti onun adına qeydiyyata alınmış, Oğuz rayon Baş Daşağıl kəndində aqrar islahat aparılarkən qeyd edilən kolxozçu həyətinin torpaq sahəsi mərum atam X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X24 xx.xx.1980-ci ildə vəfat edərkən başçısı olduğu təsərrüfat və ya ev barədə kolxozçu həyəti olması səbəbindən vərəsəlik işi açılmamış, həmin ev və təsərrüfat mərhum atam Alxasov Əlipaşanın adına yazılmışdır. İddiaçı Oğuz rayon Baş Daşağıl kəndinin əhatə olunduğu müvafiq “Əzizbəyov” adına kolxozun üzvü olmadığından onun hazırda iddia etdiyi evə və həyətyanı torpaq sahəsinə dair hər hansı bir iddiası əsaslı hesab edilə bilməz. Hazırda qeyd edilən ev və yerləşdiyi həyətyanı torpaq sahəsi mənim və ailə üzvlərimin xüsusi mülkiyyətindədir. İş materiallarından da göründüyü kimi X24 xx.xx.1980-ci ildə vəfat edərkən mübahisələndirilən əmlakın sahibi kolxozçu həyətinin üzvü olduğundan həmin əmlak barədə hər hansı bir vərəsəlik işi açıla bilməzdi. Həmin əmlak mövcud qanunvericiliyə əsasən kolxozçu həyətinin digər üzvü olmuş mərhum atam X11 adına qeydiyyata alınmış, mərhum X14 digər övladlarının həmin əmlaka heç bir hüquqları qalmamışdır. Qeyd edilən əsalara görə Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarı 1964-2000-ci illərdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 564-cü maddəsinin müddəalarına tamamilə ziddir İş materiallarından da göründüyü kimi iş üzrə üddiaçı İddiaçı mənim və ailə üzvlərimin xüsusi mülkiyyətində olan əmlaklara heç bir hüququ olmadığı halda ona həmin əmlaklar barədə arayış verilməsi qərara alınmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X26 izahatında bildirdi ki, xəritə nömrəsi 278A qeyd edilmiş 0,1230 ha torpaq sahəsi barədə Baş Daşağıl kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində məlumat mövcud deyildir. X5 adı Baş Daşağıl kəndi üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında qeyd edilmiş lakin şəhadətnamə tərtib edilməmişdir. İddiada qeyd edilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı olmaqla Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Torpaq sahəsinin üzərində 7,50 metr hündürlükdə köhnə tikili mövcuddur. Faktiki naturada ölçülmüş torpaq sahəsi JN-146B və JN-146C nömrəli şəhadətnamlər ilə X6 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Tikilinin köhnə olaraq göstərilməsi şəhadətnamə tərtib edilən zaman həmin tikilinin mövcud olması ilə bağlı olmuşdur.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X25 izahatında bildirdi ki, həm İddiaçı həm də X15 ilə qohumluq əlaqələri vardır. Evin dam örtüyü sökülərək həm də divarları artılaraq yenidən tikilmişdir. Evin tikilmə tarixini dəqiq bilməsə də onun doğum tarixindən əvvəl tikildiyini bilir.

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Oğuz rayon Baş Daşağıl kənd İcra Nümayəndəliyinin 1972-1982-ci illərə dair Təsərrüfatbaşına kitablarından 19, 214, 213, 203 nömrəli şəxsi hesab vərəqələrindən görünür ki, X24 ailə başçısı kimi, təsərrüfatın istifadəsində mövcud olan fərdi yaşayış evinin tikildiyi il 1939-cu il, sahəsi 88 kv.m qeyd edilmişdir. - Oğuz rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X15 hazırda Oğuz şəhərində daimi qeydiyyatdadır. Faktiki olaraq ailəsi ilə birlikdə Oğuz rayonun Baş Daşağıl kəndində yaşayır. X15 1970-ci ildə Baş Daşağıl kəndində anadan olmuş, hazırda Baş Daşağıl kəndində yaşayır. Yaşadığı yaşayış binası 0,09 ha həyətyanı torpaq sahəsində yerləşir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, xəritə nömrəsi 278A qeyd edilmiş 0,1230 ha torpaq sahəsi barədə Baş Daşağıl kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində məlumat mövcud deyildir. X5 adı Baş Daşağıl kəndi üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan vətəndaşların siyahısında qeyd edilmiş lakin şəhadətnamə tərtib edilməmişdir. İddiada qeyd edilmiş faktiki naturada ölçülmüş torpaq sahəsi kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı olmaqla Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Torpaq sahəsinin üzərində 7,50 metr hündürlükdə köhnə tikili mövcuddur. Faktiki naturada ölçülmüş torpaq sahəsi JN-146B və JN-146C nömrəli şəhadətnamlər ilə X6 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. - Oğuz rayon Qeydiyyat Şöbəsinin 60/12 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X24 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 120 nömrəli arxiv arayışından görünür ki, Oğuz (Vartaşen) rayon Baş Daşağıl kənd sovetinin 1972-1974-cü il tarixli 3№-li Təsərrüfatbaşına kitabında mərhum atası X14 adına Təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan 1939-cu il tarixdə tikilmiş yaşayış evinin olduğu qeyd edilmişdir. - JN-146B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə X17, X3, X4, X12 və X18 0.06 ha torpaq sahəsi verilmişdir. - JN-146C nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə X17, X3, X4, X12 və X18 0.06 ha torpaq sahəsi verilmişdir. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, Oğuz rayonu Baş Daşağıl kəndi ərazisində X5 mərhum atası X13 məxsus 0,04 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsi üzərində sahəsi 100 kv.m olan 2 mərtəbəli və 4 otaqlı fərdi yaşayış evi var. - Baş Daşağıl İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və kənd sakinləri, eyni zamanda üçüncü şəxs Ç.İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən vaxtı ilə X6 və ailəsinin yaşadığı, hal-hazırda varis kimi X15 və ailənin yaşadığı ev 1994-cü ildə 88 kv.m olmuşdur. Bu ev 1996-cı ildə sökülərək öz yerində yenidən inşa edilmişdir. Hal-hazırda evin ölçüləri 100 kv.m-dir. - Oğuz rayon Baş Daşağıl kənd İcra Nümayəndəliyinin 1980-ci ilə dair Təsərrüfatbaşına kitablarından 213, 214 nömrəli şəxsi hesab vərəqələrindən görünür ki, təsərrüfatın ailə başçısı olan X24 1980-ci ildə vəfat etdikdən sonra təsərrüfatı ləğv olunmuş, onun yerinə təsərrüfatın ailə başçısı kimi X6 adı, təsərrüfat üzvlərinin siyahısında X5 adı qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan, Oğuz rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 120 nömrəli arxiv arayışı və Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Oğuz rayon Baş Daşağıl kənd İcra Nümayəndəliyinin 1972- 1982-ci illərə dair təsərrüfatbaşına kitablarının mərhum İdris Bəkirova aid şəxsi hesab vərəqələrindən çıxarışları ilə müəyyən edilir ki, təsərrüfatın istifadəsində mövcud olan fərdi yaşayış evi 1939-cu ildə tikilmişdir, sahəsi 88 kv.m-dir. Eyni zamanda təsərrüfatbaşçısı olaraq İdris Bəkirov qeyd edilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, 7,50 metr hündürlükdə olan köhnə tikili naturada mövcuddur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Belə ki, iş materiallarının və məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, Oğuz rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 120 nömrəli arxiv arayışı və Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Oğuz rayon Baş Daşağıl kənd İcra Nümayəndəliyinin 1972-1982-ci illərə dair təsərrüfatbaşına kitablarının mərhum İdris Bəkirova aid şəxsi hesab vərəqələrindən çıxarışlarına əsasən, təsərrüfatın istifadəsində mövcud olan fərdi yaşayış evi 1939-cu ildə tikilmişdir, sahəsi 88 kv.m-dir. Eyni zamanda təsərrüfatbaşçısı olaraq İdris Bəkirov qeyd edilmişdir. Oğuz rayon Baş Daşağıl kənd İcra Nümayəndəliyinin 1980-ci ilə dair Təsərrüfatbaşına kitablarından 213, 214 nömrəli şəxsi hesab vərəqələrindən isə görünür ki, təsərrüfatın ailə başçısı olan X24 1980-ci ildə vəfat etdikdən sonra təsərrüfatı ləğv olunmuş, onun yerinə təsərrüfatın ailə başçısı kimi X6 adı, təsərrüfat üzvlərinin siyahısında isə üçüncü şəxs X5 da adı qeyd edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, Oğuz rayonu Baş Daşağıl kəndi ərazisində X5 mərhum atası X13 məxsus 0,04 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsi üzərində sahəsi 100 kv.m olan 2 mərtəbəli və 4 otaqlı fərdi yaşayış evi var.

30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

31. Bununla yanaşı təsərrüfatın ailə başçısı onun öz tərkibindəki başqa şəxs ilə əvəz edilərsə (məsələn, ailə başçısının vəfatı, yaxud başqa səbəblərlə əlaqədar olaraq) şəxsi hesabın nömrəsi dəyişmir. Belə hallarda, təsərrüfatın köhnə şəxsi hesabını bağlamadan və yazılanları yeni hesaba köçürmədən əvvəlki hesaba aşağıdakı dəyişiklikləri qeyd etmək lazımdır: Şəxsi hesabın yuxarı hissəsində sabiq ailə başçısının soyadı, adı və atasının adının üzərindən xətt çəkilir, əvəzində yeni ailə başçısının soyadı, adı və atasının adı yazılır. 1-ci “təsərrüfat üzvləri” adlı bölmənin 1-3-cü sətirlərində təsərrüfat üzvlərinin soyadı, adı və atasının adı, 4-cü sətirdə isə ailə üzvünə münasibəti “ailə başçısının”, digər ailə üzvlərinin isə ailə başçısına olan qohumluq münasibətləri “arvadı”, “oğlu”, “qızı”, “atası”, “anası”, “qardaşı”, “bacısı”, “gəlini”, “kürəkəni”, “qayınatası”, “qayınanası”, “babası”, “nənəsi”, “nəvəsi”, ”nəticəsi”, digər qohumu və s. yazılır. Sabiq təsərrüfat (ailə) başçısına aid əvvəl yazılmış olan qohumluq münasibətləri sözlərinin üzərindən mütləq xətt çəkilməlidir.

32. Həmçinin, məhkəmə kollegiyasına təqdim edilmiş Baş Daşağıl İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və kənd sakinləri, eyni zamanda üçüncü şəxs Ç.İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən vaxtı ilə X6 və ailəsinin yaşadığı, hal-hazırda varis kimi X15 və ailənin yaşadığı ev 1994-cü ildə 88 kv.m olmuşdur. Bu ev 1996-cı ildə sökülərək öz yerində yenidən inşa edilmişdir. Hal-hazırda evin ölçüləri 100 kv.m-dir. Eyni zamanda qeyd etmək lazımdır ki, mübahisəli yaşayış evi üçüncü şəxs X5 atası X6 mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir.

33. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X26 izahatında bildirdi ki, faktiki naturada ölçülmüş torpaq sahəsi JN-146B və JN-146C nömrəli şəhadətnamlər ilə X6 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Mütəxəssis rəyində qeyd edilmiş tikilinin köhnə olaraq göstərilməsi şəhadətnamə tərtib edilən zaman həmin tikilinin mövcud olması ilə bağlı olmuşdur.

34. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə 1980ci il tarixdə vəfat etmiş X19 məxsus təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

35. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-160/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar