Məhkəmə qərarları › İş №2-1(107)-293/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-293/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-293/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X4 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxılır. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X4 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X6 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə verilmiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəyə əlavə edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpraq sahəsini 2010-cu ildə X8 və X9 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manata satmaq istəsə də, 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətinə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qasımov və Günel Qasımova ona ödəmişdir. Hazırda torpaq sahəsini Günel Qasımova və Ayaz Qasımovun adına sənədləşdirib qalıq pulunu almaq istəyir. Bu əsasla da cavabdeh orqana müraciət etsə də, imtina almışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı Mingəçevir şəhər “Toxuculuq” Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X6 ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X4 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sənəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X7 tərəfindən 2 otaqlı, kürsülü evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi ilkin hüquq sahibi X7 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqısatqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı ücün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rənbər tutaraq, məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin olunmamasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 11.09.2020-ci il tarixli **********65 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli" bağçılıq təsərrüfatının adlı siyahısında X4 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasport verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X7 tərəfindən 2 otaqlı, kürsülü yaşayış evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına JTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Göstərilənləri nəzərə alaraq Mingəçevir şəhərində yerləşən 0.049933 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi üzərində torpaq sahəsinin ilkin sahibi X4 mülkiyyət hüququnun qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində qeyd edilən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə rəsmi təqdim etməklə müraciət etdiyi təqdirdə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24.08.2020-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X4 adı 52 sıra nömrəsi ilə qeyd olunmuşdur. Mingəçevir şəhər Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X4 adına torpaq sahəsinə dair bağçılıq pasportu mövcudur. Sonradan həmin daşınmaz əmlakı 20.06.2002-ci ildə ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 29 mart 2021-ci il tarixli, 2- 1(116)-280/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 saylı qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «X2 Günəşli bağçılıq təsərrüfatında 52 sayla qeydə alınmış, X4 20.6.2020-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydə alınmaqla adına çıxarış verilməsi tələbi təmin edilməmişdir. İşin halları bundan ibarətdir ki, Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı toraq sahəsi X6 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə vermiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan o, satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da o, orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəsinə təqdim edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpaq sahəsini 2010-cu ildə o və X9 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manta satmaq istəsə də 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətimə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qasımov və Günel Qasımova ona ödəmişdir. Günel Qasımova ilə həmin torpaq sahəsini onun adına sənədləşdirildikdən sonra onların adına keçirəcəyiylə bağlı razılaşmışlar. Onların adına torpaq sahəsini sənədləşdirməyin başqa qaydası olmadığından bunu etmək məcburiyyətindədirlər. Bu məqsədlə də cavabdeh orqana hüquqmüəyyənedici sənədlər təqdim etməklə mülkiyyət hüquqlarımın qeydə alınması üçün müraciət etsə də imtina almışdır. İddia tələbinin bu qaydada rədd edilməsi ona dəlalət edir ki, məhkəmə faktiki «Daşınmaz əmlakın dövlət reyestri haqqında»Azərbaycan Respublikası qanunun 8 və 10- cu maddələrinə istinad etməklə iddiamı rədd etmiş, digər maddələri isə formal olaraq sadalamışdır. Hesab edir ki, məhkəmə aşağıda sadaladığı halları nəzərə almamaqla qanuni əsaslı iddia tələbimi təmin etməməkdə haqlı olmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlara məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən, yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bundan əlavə, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3-cü maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 33.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən görünür ki, iddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən, hazırki mübahisə yaranmışdır. Apellyasiya şikayətinə gəlincə, o vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti həm də əsaslıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 29 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçının irəli sürdüyü iddia tələbinin və onun əsasının diqqətli və düzgün araşdırılması son dərəcə əhəmiyyətlidir. Çünki, iddiaçı cavabdehə qarşı tələbləri “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X4 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı 20.06. 2002-ci ildə həmin torpaq sahəsini X3 almışdır. Belə ki, həmin şəxs torpaq sahəsini və orada inşa edilmiş tikililərin dəyərini əvəzinə ondan vəsait almaqla torpaqdan imtina etmiş və həmin vaxt Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən bu sənədləşmə aparılmış, qərar qəbul edilmiş və onun adına vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu tərtib olunmuşdur. Bu vaxt X1 «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsinin ona ayrılmasına dair hüquqmiiəyyənedici sənədləri və torpaq sahəsinə dair bağçılıq pasportunu bağçılıq təsərrüfatına təhvil vermişdir. Məhz bu sənədləşmədən sonra 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Cavabdeh orqanda həmin göstərilənləri onun ünvanladıqları məktubda təsdiq etmiş və göstərmişlər ki, Ərazi İdarəsinin arxiv məlumatlarına və elektron məlumat bazasının məlumatlarına əsasən orada onun adına tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu və DTX və XK-nın Mingəçevir şöbəsi tərəfindən 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü mövcuddur. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş DT və XK-nın Mingəçevir şöbəsinin 18 may 2009-cu il tarixli, A №15340 torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 saylı sərəncamı ilə 499.33 kv.m fərdi bağ sahəsi verilmşdir. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş İddiaçı adına verilmiş bağ təsərrüfatının texniki pasportundan görünür ki, ona verilmiş bağ torpaq sahəsində iki otaqlı yaşayış evi tikilmiş, torpaq sahəsinin şərhi, mühəndis qurğularının təsviri, pasport göstərişləri qeyd edilmişdir. Belə ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanununun 8.0.6-cı və 8.0.4-cü maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi üçün əsas hesab olunur. İddiaçı da həmin bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə təqdim edərək torpaq sahəsinin Plan və ölçüsünü almışdır. İddiaçının adına Plan və ölçü sənədi isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 saylı sərəncamı ilə hazırlanmışdır. Sərəncama əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçsının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun siyahının təsdiqlənməsi, Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi tərəfindən aidiyyatı orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun müasir topoqrafiya, geodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot, inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planının təsdiq təsdiq edilməsi, təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilməsi qərara alınmışdır. Sərəncam əsasında təsdiqlənmiş yekun siyahıda iddiaçının adı olmuş və bu səbəbdən onun adına Plan və ölçü sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə də təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən və və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerqurııluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyindən əsasnamədə göstərilən qaydada əldə etdiyim plan və ölçünü cavabdeh orqana mülkiyyət hüquqlarımın qeydə alınması üçün təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanununun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı mötəbər hesab edilən sənədlərimi və dəlillərini nəzərə almamışdır. Cavabdeh orqan iddiaçıya imtina verərkən sənədləri deyil, toraq sahəsinin əvvəlki sahibinin Bəşir Hüseynov olmasına istinad etmişdir. Halbu ki, Bəşir Hüseynov 2004-cü ildə torpaq sahəsindən imtina etmiş və sənədləri həmin vaxt fəaliyyət göstərən Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinə təqdim etmiş, bunun əsasında həmin torpaq sahəsinə iddiaçının adına «vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu» tərtib edilmiş və torpaq sahəsi iddiaçının qanuni idarəçiliyinə keçmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqan tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarının tələblərini nəzərə almamışdır. Həmin Qərarda isə göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3- hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-ci'ı maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin işə baxan Şəki İnzibati Məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməsə də iddianı əsasssız olaraq təmin edilməmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən yuxarıda göstərilmiş maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, ilkin hüquq sahibi X7 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq vermir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 1–ci maddəsində göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə və Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X4 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar