Məhkəmə qərarları › İş №2-1(107)-294/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-294/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-294/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisi X2 Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında 07.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-23/2021 nömrəli qərardadından iddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüquqların dövlət qeydiyyatı haqqında 07.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 15.08.2019-cu il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. İş məhkəmənin icraatında olduğu müddətdə İddiaçı 15.04.2020-ci il tarixdə vəfat etdiyi üçün məhkəmənin 2-1(116)-107/2020 saylı 23.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərardadından X6 apellyasiya şikayəti vermiş, Şəki Apellysiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-332/2020 saylı 12.08.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-107/2020 saylı 23.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-107/2020 saylı 31.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı prosessual hüquq varisi X6 ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-23/2021 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisi X2 Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında 07.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi” tələbinə dair iş üzrə icraatın Mingəçevir Şəhər Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı hüquqi varisi X6 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı hüquqi varisi X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadı qəbul edərkən maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, qərardadın qəbul edilməsinə əsas olmuş cinayət işi onun və mərhum ərinin barəsində aparılmır. Hazırda mübahisəli olan torpaq sahəsinə Şəki İnzibati Məhkəməsinin qərarı əsasında çıxarış əldə etmişlər. Məhkəmə həmin torpaq sahəsi ilə bağlı qərar verdikdə, artıq məlum idi ki, torpaq sahəsi İddiaçı mülkiyyətinə verilir. Bundan əlavə məhkəmə ilk növbədə araşdırmalıdır ki, aparılan cinayət işi hansı hadisə ilə bağlı aparılır. Aparılan cinayət işinin və mərhum İddiaçı, nə də ona heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-23/2021 nömrəli qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). . Əsaslandırma hissəsi İddiaçının hüquqi varisinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-23/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan iddia ərizəsi və cavabdehin etiraz məktubuna əsasən müəyyən olunmuşdur ki, iddiaçı 07.06.2019-cu il tarixli, A seriyalı, 388493 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və 07.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin kənarını hasarlamaq istəmiş, bununla bağlı cavabdehə məlumat xarakterli məktub ünvanlamış, cavabdeh orqan isə həmin ərazinin ümumi istifadədə olan ərazi olduğunu bildirərək, iddiaçının torpaq sahəsinin kənarlarını hasarlamamağı tövsiyyə etmişdir. Həmçinin cavabdeh orqanda 07.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə səbəb olmuş JN-2786B kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mötəbərliyi şübhə doğurduğundan bu barədə Mingəçevir Şəhər Prokurorluğuna müraciət etmişdir. Məhkəmə cavabdehin etiraz məktubunda qeyd olunanlara münasibət bildirilməsi üçün 07.10.2020-ci il tarixdə Mingəçevir Şəhər Prokurorluğuna sorğu ünvanlamışdır. Mingəçevir Şəhər Prokurorluğunun məhkəməyə ünvanladığı və iş materiallarına əlavə edilən 26.02.2021-ci il tarixli, 81/x-21 nömrəli məktubundan müəyyən edilir ki, mərhum iddiaçı və onun hüquqi varisi S.F.Mustafayevanın oğlu X4 və X7 bir qrup vətəndaşa torpaq sahəsi satmaq və istifadələrində olan torpaq sahələrini sənədləşdirmək adı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etmələri faktlarına görə Mingəçevir Şəhər Polis X5 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılmış, Zahid Hüseynov həmin cinayət işi üzrə CM-in 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onun barəsində ********* nömrəli cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş, X4 isə istintaqdan gizləndiyi üçün ********* nömrəli cinayət işindən onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə 02.01.2021-ci il tarixdə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs Elgiz Mustafayev istintaqdan gizləndiyi üçün həmin cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və Elgiz Mustafayevin barəsində axtarış elan olunmuşdur. 200650174 №-li cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2018-ci il tarixli, 2-1(84)-1787/2018 №-li qərarına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə «JN-2786B» seriya nömrəli «torpağın mülkiyyətə verilməsinə» dair şəhadətnamə əsasında İddiaçı faktiki istifadə etdiyi yerə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» verilməsi öhdəliyi qoyulsa da və həmin öhdəlik cavabdeh orqan tərəfindən icra olunaraq İddiaçı adma ********** №-li 07.06.2019-cu il tarixli «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçü» sənədi verilsə də həmin məhkəmə qərarında «Çıxarış» verilməsi üçün əsas kimi qeyd olunmuş «JN-2786B» seriya nömrəli «torpağın mülkiyyətə verilməsinə» dair şəhadətnamə faktiki olaraq saxta olmuş və bu fakt sənədlərin texniki ekspertizasının 15.02.2021-ci il tarixli 5/111 saylı rəyi ilə təsdiq olunmuşdur. Belə ki, həmin şəhadətnamənin müvafiq səhifələrində olan «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə» və «Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu, Şəki rayonlararası Yerquruluşu İdarəsinə» aid möhür əksləri həmin qurumlara məxsus həqiqi möhürlərlə deyil, iş üzrə aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı X1 əvvəllər yaşadığı Mingəçevir şəhəri, S.Vurğun küçəsindəki binanın qarşısında yerləşən və stifadəsində olan avtomobil qarajından aşkar olunmuş saxta möhürlərlə vurulduğu müəyyən edilmişdir. Məhz bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan elektron baza məlumatlarında, adlı siyahısında və arxivində İddiaçı adma «JN-2786B» seriya nömrəli «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə bağlı heç bir məlumat qeydə alınmamış və arxiv sənədləri mövcud olmamışdır. Hazırda bu və digər analoji şəhadətnamələrin Elgiz Mustafayev tərəfindən saxtalaşdırılması faktları ilə bağlı Mingəçevir şəhər prokurorluğunda ********* №-li cinayət işinin istintaqı davam etdirilir və hazırkı dövrdə cinayət işi üzrə yekun qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən Mingəçevir Şəhər Prokurorluğunun məhkəməyə ünvanladığı və iş materiallarına əlavə edilən 26.02.2021-ci il tarixli, 81/x-21 nömrəli məktubu araşdırıb düzgün olaraq hesab etmişdir ki, hazırkı işin icraatı dayandırılmalıdır. Belə ki, iddia tələbində qeyd olunan torpaq sahəsinə dair çıxarış və plan və ölçü sənədinin verilməsinə səbəb olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Mingəçevir Şəhər Prokurorluğunda ********* №-li cinayət işi üzrə aparılmış istintaq zamanı saxta olduğu aşkar edilmişdir. Bu və bu kimi digər analoji şəhadətnamələrin X3 tərəfindən saxtalaşdırılması faktları ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda ********* №-li cinayət işinin istintaqı davam etdirilir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmənin qəbul edəcəyi qərar həmin cinayət işi üzrə məsələnin həllindən asılıdır. Belə ki, İddiaçı adına olan JN-2786B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də olan məlumatların saxta olması müəyyən ediləcəyi halda, tərəflərdən biri məhkəməyə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2018-ci ildə qərar qəbul etdiyi iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizə verə biləcək. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Məhkəmə kollegiyası qənaətə gəldi ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, göstərilən cinayət işi üzrə icraat başa çatana kimi hazırkı iş üzrə məhkəmə baxışı dayandırılmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(116)-23/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar