Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-294/2022 22.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli JN777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 25 oktyabr 1989-cu il tarixli müqavilə əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçının anası X1 almış və bir müddətdən sonra iddiaçıya bağışlamışdır. Bundan sonra Oğuz Rayon İcra Hakimiyyəti başçısının 27 mart 1998-ci il tarixli 53 saylı sərəncamına əsasən həmin ev ilə tiraltı olan ev də iddiaçıya satılmışdır. Qeyd edilən evə iddiaçının adına iyul 2004-cü il tarixli Texniki pasport və 22 dekabr 2004cü il tarixli Qeydiyyat vəsiqəsi hazırlanmışdır. İddiaçı göstərilən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına dövlət reyestrindən çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Araşdırma nəticəsində aydın olmuşdur ki, əvvəllər Oğuz şəhər A.Padarlı küçəsində yaşamış iddiaçının qardaşının və ailə üzvlərinin adına 0,13 ha torpağa Şəhadətnamə hazırlanmışdır. 23 mart 2006-cı il tarixli JN-777A saylı həmin Şəhadətnamə əsasında cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Göstərilən çıxarışa plan-ölçü sənədi hazırlanan zaman həmin sənədin iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə hazırlandığı məlum olmuşdur. Ona görə də plan-ölçü sənədi hazırlanmamışdır. İddiaçı ilk öncə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək, Oğuz şəhərində yerləşən ona məxsus torpaq sahəsinə dair arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin təqdim edilməsini xahiş etmiş, lakin xx.xx.2020-ci il tarixli **********69 nömrəli cavab məktubunda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və tabeliyində olan "xxxx" MMC-nin arxivlərində saxlanılan X9 Komissiyasının qərarına əsasən tərtib edilmiş və Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş həyətyanı və pay torpaq sahələri almaq hüququ olan subyektlər siyahısında onun adına dair hər hansı bir məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. İddiaçı həmçinin hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********76 nömrəli imtina məktubunda qeyd etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyəti daxilində deyildir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********24 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin 01 iyun 2020-cı il tarixli, 2-(054)-160/2020 saylı qətnaməsi və JN-777 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhədətnamə əsasında X6 və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. X6 və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayş məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,15 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadı ilə X6, X4, X7 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinə, iddiada ləğv olunmasını tələb edilən şəhadətnamənin Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı əsasında verildiyi, çıxarışın isə həmin şəhadətnamə və Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)- 160/2020-ci il tarixli qətnaməsi əsasında verildiyi bildirilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, şəhadətnamənin verilməsinə əsas olmuş qərarın ilkin olaraq mübahisələndirilməli olduğu, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün sayılmamalı olduğu izah edilmişdir. Həmçinin iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. İddiaçının vəkili (nümayəndəsi) öz izahatında məhkəmənin mövqeyi ilə razılaşmadığını bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 10 avqust 2022-ci il tarixli 2- 1(116)-267/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsin qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı tələb üzrə ilk növbədə şəhadətnamənin verilməsinə əsas olmuş qərar mübahisələndirilməlidir ki, Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz. İddiaçı faktiki olaraq iddia tələbində şəhadətnaməni mübahisələndirmiş olsa belə, sözügedən şəhadətnamənin tərtib olunmasına səbəb olmuş Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarını bilavasitə mübahisələndirmiş olur ki, bu da yuxarıda sadalanan normaların tələbinə əsasən yolverilməzdir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. Odur ki, həmin istifadəyə verilmiş torpaq sahəsinin özələşdirilməsi iddiaçının hüququ olduğu üçün həmin şərtin qoyulması iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. İşdən görünür ki, 25 oktyabr 1989-cu il tarixli müqavilə əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçının anası X1 almış və bir müddətdən sonra iddiaçıya bağışlamışdır. Bundan sonra Oğuz Rayon İcra Hakimiyyəti başçısının 27 mart 1998-ci il tarixli 53 saylı sərəncamına əsasən həmin ev ilə tiraltı olan ev də iddiaçıya satılmışdır. Qeyd edilən evə iddiaçının adına iyul 2004-cü il tarixli Texniki pasport və 22 dekabr 2004cü il tarixli Qeydiyyat vəsiqəsi hazırlanmışdır. Oğuz şəhər A.Padarlı küçəsində yaşamış iddiaçının qardaşının və ailə üzvlərinin adına 0,13 ha torpağa Şəhadətnamə hazırlanmışdır. 23 mart 2006-cı il tarixli JN-777A saylı həmin Şəhadətnamə əsasında cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Göstərilən çıxarışa plan-ölçü sənədi hazırlanan zaman həmin sənədin iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə hazırlandığı məlum olmuşdur. Ona görə də plan-ölçü sənədi hazırlanmamışdır. İddiaçı qanuni istifadəsində olan və islahat zamanı adına yazılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün cavabdehə müraciət etmişdir. Bundan başqa həmin torpaq sahəsi torpaq islahatı zamanı dövlət tərəfindən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Təbii ki, həmin torpağa iddiaçının və ailə üzvlərinin adına mülkiyyət sənədi hazırlanmış olsaidi cavabdeh inzibati orqana və məhkəməyə müraciət etməzdi. Digər tərəfdən o, cavabdeh inzibati orqandan və məhkəmədən Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarının ləğvini deyil, onun mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinin texniki səhv olaraq qardaşı X7 və ailə üzvlərinin adına hazırlanmış Şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Çünki Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı X9 Komissiyasının ümumi bir qərardır. Göründüyü kimi iddiaçı heç də Aqrar İslahat Komissiyasının qərarının ləğv olunmasına nail olmaq istəmir, yalnız hazırda mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini texniki səhv nəticəsində qardaşı və onun ailə üzvlərinə adına qeydə alınması barədə cavabdeh orqanının hərəkətlərini mübahisələndirir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qardaşı və onun ailəsinin adına verilmiş şəhadətnamədə göstərilən torpaq sahəsinin bağlılığı barədə tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. Odur ki, yuxarıda göstərilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən yenidən araşdırılmalıdır. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2-1(116)-267/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı Şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-294/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-294/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver