Məhkəmə qərarları › İş №2-1(107)-295/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-295/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-295/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2- 1(116)-135/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 PHŞ və onun Şəki X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona məşğulluq proqramından yararlanmağı üçün etmiş olduğu imtinanın qanunsuz hesab edilməsi və onun özünəməşğulluq proqramından yararlanmağı üçün qoyunlar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Cavabdeh göstərmiş, cavabdeh orqanın üzərinə “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-3206/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür və Qax rayonu Qaradolaq kəndində məskunlaşmışdır. Himayəsində 2 azyaşlı övladı vardır. Qax rayon X11 müraciət edərək özünüməşğulluq proqramından yararlanmaq istədiyinə görə müraciət etmişdir. Ona qoyunçuluqla məşğul olmağı üçün qoyun verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ƏƏSMN tabeliyində Cavabdeh Publik Hüquqi şəxsin X3 Filialının nümayəndəsi yaşadığı əraziyə baxış keçirmişdir. Baxış keçirilən zaman özü izahatında bildirmişdir ki, mal tövləsində bacısı Firuzəyə məxsus olan 2 baş camış, 1 baş camış balası, 8 baş qoyun saxlanılır və hazırda otlaq sahəsindədir. Ona məxsus olan tövlə boş olduğundan bacısı heyvanları müvəqqəti oraya salmışdır. Lakin həmin nümayəndələr orada həmin heyvanların mövcudluğunu əsas gətirərək ona özünəməşğulluq proqramından yararlanmaq üçün imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin heyvanlar bacısına məxsusdur və bunu o özü şəxsən gələn nümayəndəyə bildirmişdir. Qeyd olunan fakta dair o, Qıpçaq kənd ƏİD-dən və Fərdi Baytarlıq həkimdən arayış almışdır. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

5. Cavabdeh iddiaya etiraz edərək mövqeyini belə əsaslandırmışdır ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. X16 uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil edir. - Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzədə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 3.3-cü bəndinə uyğun olaraq Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Qaydanın 5.1-ci bəndinə əsasən işsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar. Həmçinin, Qaydanın 5.3-cü bəndinə əsasən işsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Habelə, Qaydanın 6.1-ci bəndinə əsasən Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznesplanın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. - Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Qanun və Qaydada özünüməşğulluğa cəlb olunacaq şəxslərin seçilməsi və seçilmiş şəxslərin daha sonrakı mərhələlərdə iştirakı Agentlik tərəfindən müəyyən edilir. Bununla bağlı X12 Qərarı ilə 30 dekabr 2020-ci il tarixli **********8 nömrəli “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat - Prosedur” (bundan sonra - Təlimat) (əlavə olunur) və 18 avqust 2022-ci il tarixli **********1 nömrəli "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar" (bundan sonra - Meyar) təsdiq edilmişdir (əlavə olunur). - Sözügedən Təlimat və Meyara uyğun olaraq İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X5 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur (əlavə olunur). Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyun saxladığı qeyd edilmiş və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. Göründüyü kimi, iddaçının tövləsində 2 (iki) baş camış, 1 (bir) baş camış balası və 8 (səkkiz) baş qoyunun olması Agentliyin “Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən meyarların təsdiq edilməsi barədə” 18 avqust 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların 2-ci hissəsinə əsasən şəxsə təqdim olunacaq əmlakın 1/3 hissəsi ilkin baxış zamanı aşkarlanarsa, bu şəxslərə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsindən imtina əsasıdır. - Burada diqqət edilməli məqam ondan ibarətdir ki, Qanuna əsasən özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Hazırda mübahisə üzrə işin faktiki halları analiz edilərkən şəxsin artıq özünü işlə təmin etdiyi qənaətinə gəlmək olur. Belə olduğu halda şəxsə yenidən əmlakın verilməsi qanunvericilik baxımından özünüməşğulluq proqramının məqsədlərinə xidmət etməməklə ziddir. Belə olan halda İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının xx.xx.2023-cü il tarixli Şəxsin özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmamasını müəyyən etmək üçün ilkin monitorinq Aktı, - Qıpçaq kənd ƏİD-dən və Fərdi Baytarlıq həkiminin xx.xx.2023-cü il tarixli arayışı, - Qax rayonu İcra Hakimiyyəti Qıpçaq İƏD-nin 444 nömrəli arayışı, - Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli qərarları, xx.xx.2024-cü il tarixli məktubu, - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Zaqatala rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin 30 iyul 2024-cü il tarixli məktubu, - Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubu, - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 yanvar 2025-ci il tarixli 2- 1(116)-135/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə İddiaçı özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunmasının məqsədə uyğun olmamasını X5 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilərkən həmin ünvanda özünüməşğulluğun təşkili üçün şəraitin olmamasının (2 baş camış və 1 balasının, 8 baş qoyunun mövcud olması) aşkar edilməsi, qeyd edilən halın Meyarın 2-ci hissəsi ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırır. - İstinad olunan “özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti uyğunluğunu müəyyən edən” Meyarların 2-ci bəndində şəxsə təqdim ediləcək əmlakın 1\3 hissəsindən artıq mövcud olması müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 2 baş camış və 1 balasının, 8 baş qoyun iddiaçıya yox, bacısı X8 məxsus olmuşdur. Belə ki, Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyinin məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı son illərdə özünə məxsus mal-qarası yoxdur, bacısı-məcburi köçkün Qaradolaq kənd ərazisində fermada müvəqqəti məskunlaşan X7 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu, 120 (yüz iyirmi) baş xırdabuynuzlu mal-qara olmuşdur. X14 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin xx.xx.2024-cü il tarixli 3- 22.1.2.31/2-59/2024 nömrəli məktubu ilə müəyyən edilir ki, X8 məxsus malqaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balası, 8 baş qoyun iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-135/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən nə ilkin monitorinq zamanı, nə də daha sonra faktiki yaşayış ünvanında aşkarlanmış 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun ona məxsus olmaması ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilmişdir. Meyarların 2-ci hissəsinə əsasən şəxsə təqdim olunacaq əmlakın 1/3 hissəsi ilkin baxış zamanı aşkarlanarsa, bu şəxslərə özünüməşğulluq proqramı çərçivəsində aktivlərin verilməsindən imtina əsasıdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin faktiki yaşayış ünvanında baxış keçirilən zaman 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun aşkarlanması nəticə etibari ilə şəxsin qeyri-formal məşğulluğunu sübut edən faktdır. - Göründüyü kimi, iddaçının tövləsində 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun olması Meyarın 2-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu əsasla İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır. - Qeyd edilənlərlə yanaşı, işə baxan məhkəmə prosessual hüquq normalarına da riayət etməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən Qayda və Meyarla ziddiyyət təşkil edən qərar qəbul etmişdir. Belə ki, hazırkı mübahisə üzrə iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aiddir. İnzibati prosessual qanunvericiliyin tələbləri baxımından inzibati prosesdə əlverişsiz inzibati aktın qəbulunu zəruri edən şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi, prinsip etibarilə inzibati orqanın, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda isə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə inzibati prosessual baxımdan sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. - Məhkəmə qərarının əsaslandırma hissəsində sübut qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 15 noyabr 2024-cü il tarixli 3-22.1.2.31/2-59/2024 nömrəli məktubuna istinad edilmişdir. Sözügedən məktuba əsasən iddiaçının bacısı X8 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmış, iddiaçının təqdim edilmiş siyahı üzrə peyvəndləmə baytarlıq xidməti göstərilmiş mal-qarası müəyyən olunmamışdır. Belə ki, qeyd edilən məktubda iddiaçının bacısına məxsus mal-qaraya münasibətdə peyvəndləmə baytarlıq xidmətinin göstərilməsi iddia predmeti ilə əlaqəli faktiki hal deyil. Əlavə olaraq qeyd edilməlidir ki, həmin məktubda siyahısı təqdim edilmiş mal-qaranın iddiaçıya məxsus olmaması iddiaçının faktiki yaşadığı ünvandan aşkarlanan mal-qaranın ona məxsus olmaması nəticəsini birbaşa doğurmur. Həmin məktubda müəyyən olunan mövqe özlüyündə iddiaçının faktiki yaşadığı ünvandan aşkarlanan mal-qaranın həmin məktubla göstərilmiş siyahı üzrə nəzərdə tutulan mal-qaraya daxil olub-olmadığını müəyyən etməyə əsas vermir, çünki sözügedən mal-qaraya münasibətdə hər hansı fərdiləşdirici məlumat nə həmin məktubda qeyd edilmiş, nə də buna dair mövqe bildirilmişdir. - Məhkəmənin istinad etdiyi bir digər sübut isə Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 5 noyabr 2024-cü il tarixli 5-57-26/2- 46/2024 nömrəli məktubudur. Həmin məktuba əsasən 2 noyabr 2024-cü il tarixində iddiaçının faktiki yaşadığı ünvana baxış keçirilmiş, iddiaçının qonşusundan izahat alınmış, həmin izahatla müəyyən olunmuşdur ki, iddiaçının əvvəlki illərdə iribuynuzlu və xırdabuynuzlu mal-qarası olsa da, son 4-5 ildir ki, özünəməxsus mal-qarası yoxdur. Həmin məktubda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının bacısı - X7 təsərrüfatında 2023-cü ildə 15 (on beş) baş iribuynuzlu və 120 (yüz iyirmi) baş xırdabuynuzlu heyvan olmuşdur. Sözügedən məktub məhkəmə tərəfindən iş üzrə mahiyyəti üzrə qərar qəbul edilən zaman mötəbər sübut kimi qiymətləndirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazların dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-135/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-135/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”ı: Bənd 3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. Bənd 5.1. İşsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X5 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən 15 avqust 2023-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur. Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyun saxladığı qeyd edilmış və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. İddiaçı tərəfindən nə ilkin monitorinq zamanı, nə də daha sonra faktiki yaşayış ünvanında aşkarlanmış 2 (iki) baş camış, 1 (bir) baş balaq və 8 (səkkiz) baş qoyunun ona məxsus olmaması ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir.

27. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının xx.xx.2023-cü il tarixə təsərrüfatında iribuynuzlu mal-qara və xırdabynuzlu mal-qara qeydə alınmadığı göstərilmişdir. Həmçinin Fərdi baytar tərəfindən verilmiş arayışdan iddiaçının iribuynuzlu və xırdabuynuzlu mal-qaranı dövlət vaksinasiyasına təqdim etmədiyi müəyyən edilmişdir.

28. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti Qıpçaq kənd ƏİD üzrə nümayəndəliyinin 5 noyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının qonşusu məcburi köçkün X9 yazılı izahat vermiş və həmin izahatında göstərmişdir ki, qonşusu İddiaçı əvvəlki illərdə təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu mal-qarası olsa da, son 4-5 ildir ki, onun özünə məxsus mal-qarası yoxdur. Eyni zamanda həmin məktubda iddiaçının bacısı – məcburi köçkün Qaradolaq kənd ərazisində fermada müvəqqəti məskunlaşaraq yaşayan X7 təsərrüfatında 2023-cü ildə 15 baş iribuynuzlu, 120 baş xırdabuynuzlu mal-qara olduğu qeyd olunmuşdur.

29. X14 Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin Qax rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin xx.xx.2024-cü il tarixli 3-22.1.2.31/2-59/2024 nömrəli məktubu ilə müəyyən edilir ki, X8 məxsus mal-qaraya peyvəndləmə baytarlıq tədbirləri aparılmışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balasının, 8 baş qoyunun iddiaçıya məxsus olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh orqan isə həmin mal-qaranın iddiaçıya məxsusluğu ilə bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı mötəbər sübut aşkar edilməmişdir. Cavabdeh orqanın nümayəndəsi onlar tərəfindən tərtib edilmiş akta istinad edərək İddiaçı monitorinq zamanı tövləsində mal-qara aşkar edildiyini qeyd edir. Məhkəmə araşdırması zamanı həmin akt tədqiq edildikdə görünür ki, hətta həmin akt tərtib edilən zaman da iddiaçı, aşkar edilmiş mal-qaranın bacısına məxsus olduğunu bildirmiş, sadəcə onun baxdığını qeyd etmişdir. Bu qeyd də akta əl yazısı ilə əlavə edilmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı aşkar edilən mal-qaranın özünə məxsus olmadığını müvafiq orqanların arayışları ilə təsdiq edir, lakin cavabdeh orqan aşkar edilən mal-qaranın iddiaçıya məxsus olduğunu hər hansı mötəbər sübutla təsdiq edə bilmir.

32. Beləliklə məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, xx.xx.2023-cü il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 2 baş camış və 1 balası, 8 baş qoyun iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2-1(116)-135/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar