Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-296/2021 30.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)- 538/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 05.10.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilmişdir. İddiaçı 2016-cı ilin aprel döyüşləri zamanı N nömrəli hərbi hissənin artilleriya divizionunun 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən Talış kəndi uğrunda gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılmış atəş nəticəsində sol bud-çanaq oynağından güllə yarası almışdır. N saylı hərbi hissədə ilk tibbi yardım aldıqdan sonra müalicə almaq üçün 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. 05.04.2017-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün iddiaçı ordu sıralarından tərxis edilmişdir. İddiaçı bildirir ki, o, döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirən zaman yaralanmış və bu səbəblə cavabdeh orqana müraciət edərək, ona Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 10.03.2021-ci il tarixli, 11/1084 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 2016-cı ilin məlum aprel döyüşləri zamanı N nömrəli hərbi hissənin artilleriya divizionun 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən Talış kəndi uğrunda gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılmış atəş nəticəsində sol-bud çanaq oynağından güllə yarası almışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının verinə yetirilməsi ilə baälı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziva) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İddiaçı iddia ərizəsində qeyd etdiyi ilə əlaqədar bildirilir ki, 2016-cı ilin aprel döyüşləri 01.04.2016-cı il tarixdən 05.04.2016-cı il tarixə kimi baş vermişdir. İddiaçının adına tərtib edilmiş 04.07.2018-ci il tarixli 1353 nömrəli Yaralanma alınma şəraiti haqqında Arayışda qeyd etmişdir ki, iddiaçı 12.05.2016-cı il tarixdə 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almışdır. N nömrəli hərbi hissədən verilən 02.03.2021-ci il tarixli 887 nömrəli məktubdan görünür ki, 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirirdi, lakin həmin tarixdə döyüş əməliyyatları aparılmamışdır. Birinci instansiya məkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin surətindən müəyyən edilir ki, o, 05.10.2015-ci il tarixdən 03.01.2016-cı il tarixədək N nömrəli hərbi hissədə, 03.01.2016-cı il tarixdən 05.04.2017-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət keçmişdir. 12.05.2016-cı il tarixdə Sol budun ön səthinin yuxarı 1/3 hissəsinin kor güllə yaralanması” xəsarətini almışdır. İş materiallarında olan 5747 nömrəli arayışın surətindən müəyyən edilir ki, SHXÇDX Şəki şəhər şöbəsinin 21.06.2018-ci il tarixli, 886 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 10.07.2018-ci il tarixdə şəhadətləndirilmişdir. Hərbi həkim komissiyasının qərarı: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan N nömrəli hərbi hissənin çıxarış epikrizinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissədən müalicə olunması üçün N nömrəli hərbi hissəyə göndərilmiş, 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur. İddiaçının diaqnozu “Sol budun ön səthinin yuxarı 1/3 hissəsinin kor güllə yaralanması, yumşaq toxumaların yad cismi (güllə) müəyyən edilmişdir. Epikrizdə qeyd edilir ki, iddiaçının dediyinə görə 12.05.2016-cı il tarixdə təqribən 04:30 radələrində bölüyün ərazisində düşmən tərəfindən açılan atəş nəticəsində yaralanmışdır. N nömrəli hərbi hissədə ilkin yardım olunduqdan sonra 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş, Travmatologiya bölməsinə qəbul olunmuşdur. Müayinə zamanı sol bud-çanaq oynağının 12.05.2016 tarixli 519 N-li RQ-da oturaq sümüyünün önündəki yumşaq toxumalarda 1 ədəd yad cism (güllə) qeyd edilmişdir. Xəstəyə 14.05.2016-cı il tarixdə ümumi anesteziya altinda yad cismin xaric edilməsi” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir, yara ikincili sağalmışdir. Aparılmış yerli və ümumi medikamentoz müalicə nəticəsində xəstənin ümumi vəziyyəti yaxşılaşmışdır. İş materiallarında olan N saylı hərbi hissənin 02.03.2021-ci il tarixli, 887 nömrəli məktubunda qeyd edilir ki, 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirmiş, lakin həmin tarixdə döyüş əməliyyatları aparılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 13 aprel 2021-ci il tarixli, 2- 1(116)-538/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-538/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, 05.10.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Goranboy rayonunda yerləşən “N saylı hərbi hissəyə göndərilmişdir. 2016-cı ildə məlum aprel döyüşləri zamanı N nömrəli hərbi hissənin artilleriya divizionunun 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən Talış kəndi uğrıında gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılmış atəş nəticəsində sol-bud çanaq oynaşımdan güllə yarası almış. N nömrəli hərbi hissədə ilk tibbi yardım olunduqdan sonra müalicə almaq üçün 12.05.2016-cı ildə N nömrəli hərbi hissəyə göndərilmiş və həmin tarixdən 23.06.2016-cı il tarixədək N nömrəli hərbi hissənin travmatalogiya bölməsində “Sol budun ön səthinin yuxarı 1/3-nin kor güllə yaralanması, yumşaq toxumaların yad cismi (güllə) diaqnozu” ilə stasionar müalicə olunmuşdur. 14.05.2016-cı ildə “Yad cismin xaric edilməsi” əməliyyatı icra edilmişdir, 05.04.2017-ci il tarixdə xidmət müddəti başa şatdığına görə ordu sıralarından təxris olunmuş və 07.04.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirən zaman yaralandığı üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin həmin orqan 30.10.2020-ci ildə ona məktub ünvanlayaraq sənədlərinin təsdiq edilmiş surətlərini və ətraflı ərizəni Komissiyaya göndərməli olduğumu bildirmişdir. O, məktubda qeyd edilən göstərişlərə əməl edərək lazımi qaydada sənədlərini toplayıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən müharibə veteranı adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmişdir. Lakin həmin Komissiya 17.12.2020-ci il tarixli məktubla ona 16.12.2020- ci il tarixli imtina məktubu göndərərək müraciətinə komissiyanın iclasında baxılaraq barəsində müsbət qərar qəbul edilmədiyini bildirmişdir. Şəki İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(116)-538/2021 saylı qərarı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilmli və yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-538/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-538/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, 2016-cı ilin aprel döyüşləri 01.04.2016-cı il tarixdən 05.04.2016-cı il tarixə kimi baş vermiş, 12.05.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirdiyi, həmin tarixdə döyüş əməliyyatları aparılmadığı üçün və iddiaçı bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(116)-538/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-296/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-296/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver