Məhkəmə qərarları › İş №2-1(107)-296/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-296/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-296/2024 18.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Üçüncü şəxs Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7362/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Quba filialından şəxsi istehlak məqsədilə 3800 ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliyi tam və vaxtında yerinə yetirmiş, aylıq ödənişlərini vaxtlı-vaxtında gecikdirmədən ödəmişdir. O, müxtəlif vaxtlarda bir neçə dəfə Cavabdehna müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti müsbət həll olunmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2023-cü il tarixli, 2- 1(116)-192/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(107)- 323/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2-1(102)-86/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2023-cü il tarixli, 2-1(107)-323/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2023-cü il tarixli, 2-1(116)- 192/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 (üç min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 (üç min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi. Göründüyü kimi, ləğv prosesində olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində kredit müqaviləsinin bağlanılması barədə qeydlər sistemə daxil edilməsə də, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanması iş materialları ilə sübut olunur. Odur ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. Üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinin hazırkı işə tətbiq edilməli olduğunu qeyd edərək kompensasiya məbləğinin ödənilməsinin qeyri-mümkün olmasını bildirmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin mövqeni əsaslı hesab etməmişdir. Belə ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borcunun restrukturizasiyasını deyil, kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsini tələb etmişdir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 24.1, 24.2, 24.3, 24.5-ci maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, 52, 58.7, 68.1, 68.2, 69.5, 81.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 1 mart 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan “Dəmirbank" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılmasına dair qeydlər mövcud deyildir. Odur ki, Fərmanın icrası məqsədilə yuxarıda qeyd edilən hər iki baza üzrə məlumatlar yoxlandıqdan sonra iddiaçıya hər hansı kompensasiya məbləği hesablanmamışdır. Lakin hazırda iddiaçı məhkəməyə müraciət edərək onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə ona 3.800,00 ABŞ dolları məbləğində kreditin ayrıldığını bildirmiş və əsassız olaraq bu müqavilə üzrə ona kompensasiyanın hesablanmadığını iddia etmişdir. İddia tələbi üzrə məhkəmə üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsini yeganə sübut kimi qiymətləndirmiş və həmin müqaviləni əsas götürərək iddia tələbini təmin etmişdir. Hesab edirlər ki, hazırkı tələb üzrə yekun qərarın qəbul edilməsi məqsədilə sübut kimi yalnız müqavilənin qiymətləndirilməsi kifayət etmir. Belə ki, Fərmanın tələblərinə əsasən fiziki şəxslərə kompensasiyanın ayrılması üçün əsas tələblərdən biri həmin şəxsin devalvasiyaların baş verdiyi tarixlərə (21 fevral 2015-ci və 21 dekabr 2015-ci il tarixlərə) ödənilməmiş əsas kredit borcunun mövcud olmasıdır. Hər hansı şəxsin devalvasiyalardan qabaq xarici valyutada kredit borcunun olması həmin şəxsə Fərman üzrə kompensasiyanın hesablanaraq ödənilməsinə əsas vermir. Bu zaman həm də həmin kredit üzrə borc məbləğinin devalvasiyaların baş verdiyi tarixə qədər mövcud olmasını müəyyənləşdirmək lazımdır. Belə ki, məhz bu tarixlərdə xarici valyuta milli valyuta qarşısında bahalaşdığından, borcalanlar da öz növbəsində milli valyutaya münasibətdə artıq vəsait ödəməli olduqlarından əlavə maliyyə itkisi ilə üzləşmişlər. Devalvasiyalardan qabaq bağlanmış müqavilələr üzrə kredit borcları devalvasiyalara qədər ödənildiyi halda bu hissədə borclular hər hansı əlavə maliyyə itkisi ilə üzləşmədiyindən Fərman üzrə onlara kompensasiyaların ödənilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə də kredit müqaviləsinin devalvasiyalardan öncə bağlanmasını müəyyən etməklə kifayətlənməməli, həm də bu borc üzrə devalvasiyaların baş verdiyi tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığını və ya ümumiyyətlə kredit borcunun qalıb-qalmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, məhkəmə iş üzrə bütün zəruri sübutları toplamadığından araşdırma da hərtərəfli şəkildə aparılmamışdır. Bu isə sonda iş üzrə qəbul edilmiş qərarın əsaslı olmasına ciddi şübhələr yaradır. Bundan başqa, məhkəmə iddiaçının adının kompensasiya alacaqlar şəxslər siyahısına daxil edilməsi ilə yanaşı, həm də kompensasiyanın hesablanması ilə bağlı öhdəliyi də Mərkəzi Bankın üzərinə qoymuşdur. Əvvəla qeyd edilməlidir ki, məhkəmə öz qərarında inzibati orqan tərəfindən icra edilməli olan öhdəlikləri konkret olaraq göstərməlidir. İndiki halda, qərarın nəticə hissəsində araşdırmanın yekununda müəyyən edilmiş sübutlar üzrə iddiaçıya dəqiq olaraq hansı məbləğdə kompensasiyanın hesablanması da qeyd edilməli idi. Məhkəmə qərarında hesablanacaq kompensasiya ilə bağlı konkret məbləğin qeyd edilməməsi ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, devalvasiya günlərinə kredit borcu üzrə hansı məbləğdə əsas kredit borcunun qalığı barədə də məlumatlar dəqiqləşdirilmədiyindən, iddiaçıya ümumiyyətlə kompensasiyanın hesablanması mümkün deyildir. Məlum olduğu kimi, Fərmana əsasən kompensasiyanın hesablanması üçün ilk növbədə hər bir devalvasiya tarixlərinə əsas kredit borcunun məbləği bilinməli və birinci devalvasiya günü üçün 1 ABŞ dollarına 0,25 manat, ikinci devalvasiya günü üçün isə 1 ABŞ dollarına 0,6 manat əmsalı üzrə kompensasiya hesablanmalıdır. Başqa sözlə, həmin tarixlərə əsas kredit borcu barədə məlumat olmadan kompensasiyanın hesablanması da mümkünsüzdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondunun nümayəndəsi X2 qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı: Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;. 1.2 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”

1. Ümumi müddəa Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. 2.Əsas anlayışlar 2.1 Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.3 əsas kredit borcu – kredit müqaviləsi üzrə kredit təşkilatı tərəfindən borc verilmiş pul məbləğinin qalığı; 2.1.4 vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar; 2.1.5 ödəniş müddəti keçmiş əsas kredit borcu – fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclar; 2.1.10. kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ;

3. Kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması 3.1 Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Cavabdeh (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. 3.2 Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1 bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. 3.3. Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.

4. Kompensasiyanın ödənilməsi 4.1 Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. 4.2 Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. 4.3 Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1 kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2 bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. 4.4 Bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borclarının fiziki şəxs tərəfindən 2019-cu il martın 1-dən sonra (2019-cu il martın 1-i daxil olmaqla) ödənildiyi müəyyən olunduqda, kredit təşkilatı kompensasiyanın ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə yönəldilən hissəsinin 5 (beş) iş günü müddətində həmin fiziki şəxsə qaytarılmasına (onun sərəncamına verilməsinə) dair Fərmana və bu Qaydaya uyğun tədbir görür. 4.5 Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.

“Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Cavabdehna verilsin.

İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında 1-ci devalvasiyayadək 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısında kredit öhdəliyi olduğundan ona istinad olunan Fərmanın tələbləri baxımından kompensasiya hesablanmalı idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı mübahisəyə münasibətdə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçıya şəxsi istehlak məqsədi ilə 32 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, **********029 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən hesablanmış faizlərə və cərimə faizlərinin bağışlanılmaqla güzəşt edilməsinə dair məlumatları özündə əks etdirən güzəşt aktı və ya protokol tapılmadığından, qeyd edilən xüsusatlar barədə dəqiq məlumatların verilməsi qeyrimümkündür. İddiaçı kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı onunla ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə ona 3800 ABŞ dolları məbləğində kreditin ayrıldığını, lakin əsassız olaraq bu müqavilə üzrə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına müvafiq olaraq kompensasiyanın hesablanmadığını iddia edir. Cavabdeh isə iddiaya qarşı etirazında xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılmasına dair qeydlərin mövcud olmadığına istinad edərək, bu səbəbdən iddiaçıya hər hansı kompensasiya məbləğinin hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq həmin mövqeni əsaslı hesab etməmişdir. Belə ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borcunun restrukturizasiyasını deyil, kompensasiyanın hesablanması və adının siyahıya daxil edilməsini tələb edir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən 13 iyun 2024-cü il tarixdə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə devalvasiyaların baş verdiyi 21 fevral 2015-ci və 21 dekabr 2015-ci il tarixlərə hansı məbləğdə əsas kredit borcunun qaldığı və ya ümumiyyətlə həmin tarixə kredit borcunun qalıb-qalmadığı barədə sorğu edilmişdir. 17 iyul 2024-cü il tarixdə ləğv prosesində olan "xxxx" ASC sorğuya cavab olaraq bildirmişdir ki, respublika üzrə 1-ci devalvasiyayadək, yəni xx.xx.2015-ci ilədək İddiaçı əsas kredit borc öhdəliyi 2743.33 ABŞ dolları məbləğində, 2-ci devalvasiyayadək, yəni xx.xx.2015-ci ilədək 1905.56 ABŞ dolları məbləğində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərаrа аldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(116)-192/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar