Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-296/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin 23 yanvar 2024-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-344/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 yanvar 2024-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin 02 aprel 2024-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 23 yanvar 2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 (səkkiz min) manat məbləğdə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixədək 8000 manat məbləğin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər İdarəsinin 23 yanvar 2024-cü il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qanunsuz və ədalətsizdir. Buna görə də həmin qərar məhkəmə tərəfindən ləğv edilərək, yeni qərar qəbul edilməlidir. Belə ki, 11 saylı Ərazi Vergilər İdarəsi 23 yanvar 2024-cü il tarixli qərarında iddiaçının 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi qeyd olunmuşdur. Lakin, o bununla qəti olaraq razı deyil. Belə ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 15 dekabr 2023-cü il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iddiaçının obyektində olmamışlar və sözügedən tarixdə adı çəkilən təmir sexi işləməmişdir. Bununla bağlı sübutları var. Cavabdehin nümayəndələri xx.xx.2023-cü ildə Xaldan ərazisində olsalar da iddiaçının təmir sexini guya xx.xx.2023-cü ildə yoxlamalarını bildirmişlər. Lakin bu absurt və yalandır. Belə ki, nə 14-ü, nə də 15-i dekabrda 11 saylı vergilər İdarəsinin işçiləri onun obyektində olmayıblar. Bundan əlavə iddiaçı cavabdehin işçisi ilə ***-***-**-** nömrəsi ilə xx.xx.2023cü il tarixdə digər obyekti olan ərzaq mağazası barədə danışdıqda iddiaçıya Bərdədə olduqlarını bildirdilər. - İddiaçı sözügedən sexi icarəyə vermiş və həmin işçilər də həmin sexi hələ də istifadəyə başlamamışdılar. Bu hadisələrdən sonra cavabdehin nümayəndələri icarəyə verdiyi yerə görə onu aldadaraq iki şəxslə əmək müqaviləsi bağlamağa vadar etdilər. Əlavə olaraq bildirilir ki, iddiaçıya iki işçiyə görə 8000 manat yazılıb. Bu o deməkdir ki, o təkrar törətmişdir. Lakin bu yalandır və əsassızdır. Belə ki, xx.xx.2023-cü ildə iddiaçının digər obyektinə cərimə yazılmasından sui istifadə edərək başqa obyektlərinə də cərimə yazmağa başlamışlar. Lakin cavabdehin nümayəndələri heç həmin obyektin işləyibişləməməsinə diqqət etməmişlər. İddiaçıya hazırki qərarla olan 8000 manat borcun xx.xx.2023-cü ildə yazılmasının səbəbi isə xx.xx.2023-cü il tarixdə digər obyektinə cərimə yazmaqla cərimənin təkrar törədilməsi kimi göstərilməsidir. İddiaçının guya akta və protokola imza etməkdən imtina etməyi göstərilmişdir. Lakin iddiaçının yanında nə akt, nə də protokol tərtib edilməmişdir.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, Yevlax rayonunun Xaldan qəsəbəsində "Ucuz market" adlı və “Avtomobil təmiri sexi” adlı təsərrüfat subyektləri mövcuddur. Fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi – Avtomobil təmiri sexində (obyektin kodu: **********-22002) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1595 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 11:40-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan Avtomobil təmiri sexində 2 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, bu fakt 15 dekabr 2023-cü il tarixli DVX seriyalı 001172 nömrəli aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzalamaqdan imtina etmişdir. - Bununla bağlı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X9 və X3 izahatları alınmış və həmin şəxslər izahatlarında xx.xx.2023-cü il tarixdən 300 manat əmək haqqı müqabilində əmək müqaviləsi bağlanmadan İddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiklərini təsdiqləmişlər. Odur ki, keçirilmiş operativ vergi nəzarəti tədbirinə dair tərtib edilmiş sənədlərin surəti vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli **********872500 nömrəli bildiriş göndərilmiş və həmin bildiriş vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:19:46-da oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tərtib edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərar qəbul edilərək həmin tarixli **********584400 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. - Hazırkı iddia üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamının icrası zamanı müəyyən edilmişdir ki, proqram təminatının texniki imkanları səbəbindən vergi ödəyicisi barədə 4000 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, vergi ödəyicisinin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3493 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla vergi ödəyicisinə 4000 manat maliyyə sanksiyası hesablanaraq xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərarla tətbiq edilmiş 8000 manat maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı konkret hallarla bağlı isə bildiririk ki, işin hallarından da göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri yanlış olmaqla iş materialları ilə təkzib olunur və iddia ərizəsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. - xx.xx.2023-cü il tarixli DVX seriyalı 001172 nömrəli aktın surəti. - DVX seriyali 007614 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti. - xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surəti. - **********9668 nömrəli Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin surəti. - **********9667 nömrəli xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın surəti. - **********3258 nömrəli xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğv edilməsi haqqında qərarın surəti. - **********3493 nömrəli xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın surəti.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 yanvar 2025-ci il tarixli 2- 1(116)-344/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin bildirdiyi məlumata əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamının icrası zamanı müəyyən edilmişdir ki, proqram təminatının texniki imkanları səbəbindən vergi ödəyicisi barədə 4000 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən ilkin olaraq mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərardır. Cavabdeh inzibati orqan qeyd etdiyi yanlışlığın aradan qaldırılmasına dair inzibati icraat çərçivəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3493 nömrəli qərar qəbul qəbul etmişdir. Həmin qərarla vergi ödəyicisinə 4000 manat maliyyə sanksiyası hesablanaraq xx.xx.2024-cü il tarixli **********9667 nömrəli qərarla tətbiq edilmiş 8000 manat maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. - İddia ərizəsinə əlavə olunan 28 noyabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən avtomobil sexi X10 icarəyə verilmişdir. Cavabdeh inzibati orqan ərazidə 15 dekabr 2023-cü il tarixində sözügedən obyektdə yoxlama aparıldığını bildirsə də iddiaçının təqdim etdiyi videogörüntülərə əsasən həmin tarixdə müvafiq hal aşkar edilmir. Digər tərəfdən cavabdeh tərəfindən video və fotoçəkiliş təqdim edilməmiş, formal akt tərtib edilməsi ilə kifayətlənilmişdir. Həmin aktlarda iddiaçının adının qarşısında “imtina etdi” qeydi aparılmış, lakin həmin vaxt orada olduğuna dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə orada işlədiyi göstərilən şəxslərin formal izahatları alınmış, əvvəldən tərtib edilmiş yazılı sualların doldurulması ilə yoxlama funksiyasının başa çatmış olduğu hesab edilmişdir. - İş materiallarından, eləcə də cavabdehin mövqeyindən aydın olur ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir. Aparılmış inzibati icraat materiallarını və sübutları qiymətləndirən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilir. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli, **********3493 saylı qərarı ləğv edilməlidir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-344/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdehin apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X9 və X3 izahatları alınmış və həmin şəxslər izahatlarında xx.xx.2023-cü il tarixdən 300 manat əmək haqqı müqabilində əmək müqaviləsi bağlanmadan İddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiklərini təsdiqləmişlər. - İddiaçının avtomobil sexini icarəyə verdiyini iddia etdiyi X16 xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırması barədə xx.xx.2020-ci il tarixli arayış təqdim etmişdir. X4 xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi olmadan İddiaçı işçisi kimi işlədiyini, aylıq əmək haqqının 300 manat olduğunu, əmək haqqını nağd qaydada aldığını və izahatın onun sözləri ilə yazıldığını göstərmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi İddiaçı ilə X16 arasındakı münasibətlərin əmək münasibətləri deyil, icarə münasibətləri kimi göstərməyə çalışması və məhkəmənin də bununla razılaşması işin faktiki hallarına uyğun deyil və iş materialları ilə təkzib olunur. İddiaçı işəgötürən kimi X16 və X6 ilə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış və bu barədə xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məktub göndərmişdir. Hal-hazırda hər iki şəxs İddiaçı işçisi olaraq əmək müqaviləsi əsasında iddiaçıya məxsus obyektdə çalışırlar. Göründüyü kimi birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutları düzgün qiymətləndirməmişdir. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********1595 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus təsərrüfat subyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri yoxlanmışdır. Odur ki, vergi ödəyicisinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinə zərurət yaranmamışdır. Operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş qanun pozuntusu isə Vergi Məcəlləsinin 50.6-cı maddəsinin tələblərinə uyğun olaraq aktla rəsmiləşdirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və bu hallara tətbiq olunacaq vergi qanunvericiliyinin normaları düzgün müəyyən edilməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Nəticədə inzibati mübahisə üzrə işin faktiki hallarına uyğun olmayan ədalətsiz məhkəmə qərarı qəbul edilmişdir. - İşin hallarından da göründüyü kimi məhkəmə həqiqətin və reallığın müəyyən olunması və iş üzrə sübutların düzgün qiymətləndirilməsi üçün X11 və X5 şahid qismində dindirməmiş və ya məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etməmişdir. Çünki aralarındakı münasibətlər əmək münasibətləri olduğu halda işçiləri qeyri rəsmi əmək fəaliyyətinə cəlb etməklə gələcək pensiya təminatını formalaşdıran sosial sığorta tutulmalarını müvafiq fondlara köçürməyərək, hazırkı vəziyyətdə məsuliyyətdən yayınmaq üçün iddiaçının məhkəməyə təqdim etdiyi yalançı əqd əsasında hüquqları pozulmuş üçüncü şəxslərin prosesə cəlb olunmasına məhkəmə tərəfindən cəhd göstərilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-344/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)- 344/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Vergi Məcəlləsi Maddə 41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydaları: 1.3. Operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı Vergi Məcəlləsinin 23.1.3-1-ci və 39-cu-50-2-ci maddələrinin müddəaları tətbiq edilir. 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.5. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən: 1.5.2.1. vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.2. vergi orqanına bəyan olunmuş mal qalığı göstəricisinin sonradan vergi ödəyisi tərəfindən artırılması və ya azaldılması hallarının müəyyən edilməsi barədə məlumatlar; 1.5.2.3. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən təqdim olunan məlumat formasında qeyd olunan məlumatlar; 1.5.2.4. vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.5. rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.6. vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; 1.5.2.7. vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; 1.5.2.8. istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; 1.5.2.9. vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. ... 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.3. Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxsinin (şəxslərinin) operativ nəzarət tədbirlərini həyata keçirmək, o cümlədən xronometraj metodu ilə müşahidə aparmaq üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda operativ vergi nəzarəti tədbirlərini həyata keçirməli olan, o cümlədən xronometraj metodu ilə müşahidə aparmalı olan vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, habelə aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır və göstərilən pozuntularla əlaqədar vergi ödəyicisi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq həmin protokolu baxılması üçün məhkəməyə göndərir. 2.4. Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı barəsində inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlıdır.
23. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Apellyasiya şikayətinin digər dəlili isə birinci instansiya məhkəməsi tərəfindən X9 və X3 şahid qismində dindirilməməsi və ya məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməməsi olmuşdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndəsi, X9 icarəyə götürdüyü Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən avtomobil sexində 15 dekabr 2023-cü il tarixində yoxlama aparıldığını bildirsə də, iddiaçının təqdim etdiyi videogörüntülərə tərəflərin iştirakı ilə məhkəmə iclası zamanı baxış keçirilmiş, videogörüntülərdə cavabdeh orqanın nümayəndələrinin həmin obyektə gəlmələrinə və yaxud orada iştirak etmələrinə və yoxlama aparılmasına dair hər hansı görüntü aşkar edilməmişdir. Halbuki, işdə olan 001172 saylı akt, DVX 001172 saylı akt və DVX 007614 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun 15 dekabr 2023-cü il tarixdə həmin ərazidə tərtib olunması qeyd edilmişdir. Bununla bağlı suallara isə cavabdeh orqanın nümayəndəsi mötəbər sübutlara əsaslanan cavablar verməmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan qərarının əsaslılığını sübut etməli olduğu halda mötəbər sübutlar təqdim etməmiş, buna baxmayaraq iddiaçı tərəfindən iddiasının əsasslılığını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilmişdir.
26. Eyni zamanda cavabdeh tərəfindən video və fotoçəkiliş də təqdim edilməmiş, formal akt tərtib edilməsi ilə kifayətlənilmişdir. Həmin aktlarda iddiaçının adının qarşısında “imtina etdi” qeydi aparılmış, lakin həmin vaxt iddiaçının orada olduğuna dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin orada işlədiyi göstərilən şəxslərin formal izahatları alınmış, əvvəldən tərtib edilmiş yazılı sualların doldurulması ilə yoxlama funksiyasının başa çatmış olduğu hesab edilmişdir.
27. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh orqanın qeyd etdiyi kimi, əlavə olaraq X9 və X3 şahid qismində dindirilməsinə də zərurət qalmamışdır.
28. Bundan başqa, Kollegiya hesab edir ki, həmin şəxslərin iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməsinə (zəruri cəlbetmə) də zərurət yoxdur.
29. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); - 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
30. Göründüyü kimi, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətində X9 və X3 iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin şəxslər barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir.
31. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.
32. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə də razılaşır ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür.
34. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
35. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
36. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
37. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
38. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Lakin iş materiallarından, eləcə də cavabdehin mövqeyindən aydın olur ki, operativ vergi yoxlaması aparılarkən qanunun bu tələbinə əməl edilməmiş, yoxlama zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmamışdır. Vergi Məcəlləsinin 41.1-ci maddəsi məzmun baxımından imperativdir, yəni norma baxış keçirilərkən baş verən hərəkətlərin həm protokolla rəsmiləşdirməsini, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğunu təsbit etmişdir.
39. İşin faktiki xüsusiyyətlərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir, qərarın əsassızlığı sübuta yetirilir. İddiaçının həmin sexdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi işin halları baxımından da ağlabatan deyildir və işdə olan sübutlarla həmin hallar öz təsdiqini tapmır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.
41. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-344/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.