Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-297/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 saylı qərarından cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1940-cı ildə anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 21.04.2012-ci il tarixli, Seriya MA № ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Ona məxsus bu fərdi yaşayış evi Şadlinski və N.Nərimanov küçələrinin kəsişməsində yerləşdiyinə və əsas daşıyıcı qaz borusunun N.Nərimanov küçəsində olduğuna görə məişət qaz istehlakçısı kimi onun ünvanı N.ünvan 3inin kütləvi qazlaşdırılması aparılarkən onun Yevlax şəhərində olmamağından sui-istifadə edən, "Azəriqaz" İB-nin sifarişi əsasında qaz çəkilişini həyata keçirən podratçı "xxxx" QSCnin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 3.39. bəndinin və qaydalara 2 nömrəli əlavənin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, binanın divarı boyu çəkilən qaz borusu pəncərə və qapı boşluqları ilə kəsişmiş, qaz kəmərinin darvazadan keçən hissəsində yerin səthindən qaz borusuna qədər olan 4 metrlik hündürlük standartına əməl olunmamış, qaz borusu darvazanın yuxarı hissəsindən 50 sm aşağıdan keçməklə onun şəxsi həyətinə yük avtomobillərinin girişiniməhdudlaşdıraraq öz şəxsi mülkiyyətindən sərbəst istifadə hüququ kobud surətdə pozulmuşdur. Ona görə də o, 27.05.2019-cu ildə qaz çəkilişində buraxılmış bu nöqsanların aradan qaldırılması məqsədi ilə Cavabdeh Tərtər X6 İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. X7-İstismar İdarəsi ona ünvanladığı 29.05.2019-cu il tarixli, AM-07- 2938/Q saylı məktubda bildirmişdir ki, qaz xətlərinin yenidən dəyişdirilməsi işləri Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən, lisenziyası olan "xxxx" QSC tərəfindən yerinə yetirilməlidir. Görüləcək işlərin dəyəri onun tərəfindən ödənilməlidir”. X7-İstismar İdarəsi problemi mahiyyəti üzrə həll etmək əvəzinə məsuliyyəti və xərcləri qanunsuz olaraq onun üzərinə atmışdır. Ona görə də qaydaları pozmaqla çəkilmiş qaz xətlərinin yerinin dəyişdirilməsi məsələsinin qanuna uyğun həll edilməsi üçün tabelik qaydasında 14.08.2019-cu il tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Cənab R.Abdullayevə və "Azəriqaz" İB-nin baş direktoru Cənab Ə.Hacıyevə müraciət etmişdir. Hər iki ünvana şikayət ərizələrinin çatması barədə rəsmi xəbəmamə almışdır. Lakin hər 2 orqan Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında" Qanununun 10.1. maddəsinin tələblərini kobud surətdə pozaraq (30 iş günündə vətəndaşa cavab verilməsi barədə) bu günə qədər onun şikayət ərizəsi üzrə görülmüş və ya görüləcək tədbirlər barədə onu heç bir rəsmi məlumat verməmişlər. Cavabdeh "Azəriqaz" İВ Azərbaycan Respublikası Dövlət Arxitektura və Tikinti Komitəsinin 30.12.1999-cu il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş və 01.01.2000-ci ildən qüvvədə olan “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalarının’’ tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı X1 iddiası əsassızdır. Belə ki, Yevalx şəhəri N.Nərimanov küçəsindəki mövcud D57 mm-lik qaz xətti 1974-cü ildə istismara verilmişdir. Cavabdeh SOCAR**********31671373X00028 saylı 09.01.2017-ci il tarixli məktubuna əsasən 01.01.2017-ci il tarixindən etibarən mövcud qaz xəttlərinin yerinin dəyişdirlməsi işləri vətəndaşların öz vəsaitləri hesabına Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən "xxxx" MMC tərəfindən görülür. Belə ki, vətəndaş ərizəsilə birlikdə mülkiyyət sənədinin (və yaxud evinin özünə məxsus olması haqqında arayışı) və şəxsiyyət vəsiqəsinin surətini Cavabdeh İB-nin aidiyyatı olaraq RQll-nə təqdim edir və İdarə tərəfindən vətəndaşın ərizəsi xüsusi lisenziya almış podratçı təşkilata göndərilir. Podratçı təşkilat görüləcək işin lahiyə smetasının dəyərini hesablayaraq vətəndaşa məlumat verilir. Podratçi təşkilatla vətəndaş arasında müqavilə bağlanaraq işin görülməsi həyata keçirilir. İş başa çatdıqdan sonra “Azəriqaz" İB-nin aidiyyatı RQll-nin nümayəndələri aparılmış tikinti işlərinə baxış keçirir və çəkilmiş qaz xətti Tikinti-norma qaydalarına uyğun olduğu müəyyən olunarsa, qaz xətti istismara götürülür. Birinci instansiya məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 saylı qərarı ilə, Cavabdeh üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasından keçən hissəsində çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Yevalx şəhəri Şadlinski küçəsi 38 ünvanında yaşayan İddiaçı fərdi evinə Şadlinski və N.Nərimanov küçələrinin kəsişməsində olan daşıyıcı qaz kəmərindən qaz xəttinin çəkilməsinə görə ünvan N.Nərimanov küçəsində qeydiyyata alınmışdır. Həmin qaz xətti məhkəməyə təqdim olunmuş sənədlərdə də mövcud qaz xətti 1974-cü il tarixdə istismara verilmişdir. Məhkəmə qərarında əsassız olaraq N.Nərimanov küçəsində 2000-ci və 2019-cu illər ərzində qaz çəkilişlərinin aparılması göstərilmişdir. Lakin bu küçədə qaz sızmaları və hər hansı qəza işləri istisna olmaqla heç bir qaz xətti çəkiliş işləri aparılmışdır. Qaz xəttinin bugünki vəziyyətinə baxış keçirilsə, həmin küçədə aparılmış asvaltlanma və səkilərin çəkilməsi nəticəsində yerin səviyyəsinin dəyişməsi qaz xəttinin hündürlüyünün tikinti-norma qaydalarında az olmasına təsir göstərə bilər. İddiaçı Cavabdehnə ünvanladığı ərizə və müraciətlərinə dəfələrlə rəsmi olaraq cavablandırılmış və ona izah olunmuşdur ki, 1974-cü il tarixdən istismara verilmiş mövcud qaz xəttində hər hansı dəyişikliklərin edilməsi 2017-ci il tarixindən etibarən Cavabdeh ilə müqavilə əsasında əməkdaşlıq edən "xxxx" MMC tərəfindən vətəndaşın vəsaiti hesabına həyata keçirilir. Məhkəmə qərarında göstərilmişdir ki, Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının” 3.39 bəndinin və qaydalara əlavənin tələbləri Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Lakin Cavabdeh 1974-cü il tarixdə istismara qəbul olunmuş qaz kəmərinin yerini dəyişdirilməsi ilə bağlı hər hansı işlərin aparılması imkanına malik deyildir, yalnız təmir işlərinin aparılmasını daxili imkanları hesabına həyata keçirir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 saylı qərarının ləğv etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 saylı qərarını ləğv etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 saylı qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, apellyasiya instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - İddiaçı ünvanlanmış X7-İstismar İdarəsinin 29.05.2019- cu il tarixli, AM-07-2938/Q saylı məktubunda SOCAR **********31671373X00028 saylı 09.01.2017-ci il tarixli məktubuna əsasən qaz xətlərinin yerinin dəyişdiriməsi işlərinin Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən lisenziyası olan “X5” QSC tərəfindən yerinə yetirilməli olduğu, görüləcək işlərin dəyərinin “X5” QSC-nin hesabına onun tərəfindən ödəilməli olduğu qeyd edilmişdir. - 21.04.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 21.04.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - 98 a nömrəli qaz kəmərinin pasportunun surətindən görünür ki, qaz kəməri 1974-cü il tarixdə quraşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikasının Konstitusiyası maddə - 13, 29). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 152.1, 152.5, 152.6, 157.2, 157.4). Göründüyü kimi mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.39-cu bəndinə əsasən binanın divarı boyu çəkilən qaz kəmərləri pəncərə və qapı boşluqları ilə kəsişməməlidir. İstehsalat sexlərində və qızdırıcı qazanxanalarda alçaq və orta təzyiqli qaz kəmərlərinin açılmayan pəncərə çərçivələri ilə kəsişməsinə onların impostu uzunu yol verilə bilər. Yüksək təzyiqli qaz kəmərlərini ancaq qapı, pəncərə və s. boşluğu olmayan bütöv divarlarla, yaxud istehsalat binalarının yuxarı mərtəbələrinin pəncərələrinin üstü ilə çəkmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 3.4-cu bəndinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Hazırki məsələyə bu baxımdan yanaşaraq məhkəmə düzgün olaraq hesab etmişdir ki, sözügedən qaz xəttinin (qaz borusunun) darvazanın yuxarı hissəsindən 50 sm aşağıdan keçməklə iddiaçının şəxsi həyətinə yük avtomobillərinin girişini məhdudlaşdırması onun Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdeh tərəfindən edilmiş bu cür müdaxilənin qarşısının alınması üçün iddiaçı tərəfindən hər hansı vəsaitin ödənilməsinin tələb edilməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən müdaxilənin hər hansı qanuni əsası mövcud deyildir, qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıdan müəyyən vəsaitin tələb edilməsi hər hansı hüquqi əsasa söykənmir və buna görə də belə bir vəsaitin tələb edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehin üzərinə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasından keçən hissəsində çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, qaz xətti istismara verildikdən sonra vətəndaşın istəyi ilə hər hansı bir mövcud qaz xəttinin yeri dəyişdirilərsə, bu işin vətəndaşın öz vəsaiti hesabına keçirilməli olmasını göstərmişdir. Məhkəmənin qənaətinə görə sözügedən qaz kəməri çəkilərkən mülkiyyətçi kimi onun razılığı alınmadığından, bu cür razılıq olmadığı halda qaz kəməri ona məxsus torpaq sahəsinə girişi məhdudlaşdırdığından cavabehin həmin dəlili əsaslı hesab oluna bilməz. Apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, qaz xəttlərinin yerinin dəyişdirlməsi işləri Cavabdeh İB ilə müqavilə əsasında əməkdaşlıq edən "xxxx" MMC tərəfindən görülsə də, həmin işlərin görülməsinə dair sifarişçi Cavabdeh İBdir. Belə ki, cavabdeh özü məhkəməyə təqdim etdiyi etirazında bu barədə qeyd etmişdir. Belə olan halda, məhkəmə kolegiyası hesab edir ki, qaz xəttlərinin yerinin dəyişdirlməsi işlərinə dair sifarişçi Cavabdeh İB olduğu üçün vətəndaşlar qarşısında məsuliyyəti da o daşımalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(116)-117/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(116)-117/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-297/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-297/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver