Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-298/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdeh orqana müraciət edərək 82432.10 manat vergi borcunun (kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 43892.78 manat ƏDV-nin və 2016-cı ilin 3-cü rübü üzrə hesablanmış 34701.2 cari vergi məbləğinin ödənilməmiş hissəsi) ümidsiz borc kimi silinməsini xahiş etmiş, tələbini qeyd olunan vergi borcunun tələbetmə müddətinin bitməsi ilə əsaslandırmışdır. Lakin, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, dövlət büdcəsinə vergilər üzrə borcların tərkibində ödəmə müddəti bitmiş və silinməli olan borc olmadığını bildirmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021-ci il tarixdə, 2016-cı ilin 3-cü rübünün cari vergi ödəməsi üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə 5 illik müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir.
4. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisi İddiaçı tərəfindən külli miqdarda təşkil edən 161411.56 manat məbləğində vergilərin dövlət büdcəsindən ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* №-li cinayət işi başlanılaraq istintaqı aparılır. Hazırda həmin cinayət işi ********* №-li cinayət işinə birləşdirilərək istintaqı davam etdirilir. İddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ sözügedən cinayət işi üzrə mülki iddia məbləği olduğundan həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Ümumilikdə isə xx.xx.2022-ci il tarixə İddiaçı-yə məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə göstərilməli olan məbləğ 82432.10+6358.47=88790,57 manat təşkil edir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyul 2022-ci il tarixli 2- 1(116)-990/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinə cavabdehin etirazında göstərilmişdir ki, AR CPM-in 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Buna baxmayaraq məhkəmə tərəfindən həmin qanunvericilik normasına heç bir münasibət bildirilmədən qərarda göstərilmişdir ki, mübahisələndirilən borc məbləğinin cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməməsi ilə bağlı qanunvericilikdə qadağa və hər hansı istisna nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış, ümidsiz borc kimi silinməsi tələb olunan məbləğ cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin predmetidir və həmin cinayət işi üzrə mülki iddia məbləğidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - "xxxx" MMC-nin şəxsi hesab vərəqindən görünür ki, AR CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində qalıq 82432.10 manat qeyd edilmişdir. - Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 80, mənzil 46-dır. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli “mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında” vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin qərarından görünür ki, ********* №-li cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı kimi, həmin Baş İdarənin hüquq şöbəsinin baş X1 mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Bu məhdudlaşdırma isə qanunvericilikdə birbaşa olaraq vergi orqanlarının hərəkətsizliyinin hüquqi nəticəsi kimi ifadə olunmaqdadır. İşin hallarından da göründüyü kimi, iddiaçıya münasibətdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, başlanmış cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda” əsası ilə dayandırılmış, yalnız xx.xx.2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərarla isə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2016-cı ildə bitdiyini iddia etdiyi hesabat dövrünə münasibətdə cavabdeh tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, əksinə cinayət təqibinin başlanmasına əsas qismində çıxış etmiş vergi borcunun tutulması istiqamətində müvafiq tədbirlər görülmüş, cinayət işi başlanılmış və cinayət təqibi üzrə icraat dayandırılmışdır ki, bu isə öz növbəsində prosessual müddətlərin axımının dayanmasına səbəb olmuşdur.
14. Azərbaycan Respublikası CPM-in 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc məbləğinin cinayət işinin predmeti olduğundan ümidsiz borc kimi silinə bilməməsi ilə bağlı qanunvericilikdə qadağa və hər hansı istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Hətta sözügedən borcun zamanında tutulması məsələsini cavabdeh Vergi Məcəlləsinin 89, 90-cı maddələrinin tələbləri çərçivəsində də həll etmək imkanına malik olsa da, bunu etməmişdir, yəni, iddiaçının bu istiqamətdə hər hansı bir hərəkətləri cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərara əsasən müəyyən olunmuşdur ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas fakt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olan material olmuşdur. Cinayət işi üzrə icraat 5 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və dayandırılmış icraat 14 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. 4 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş İdarənin istintaq və təhqiqat idarəsinə həvalə edildiyindən cinayət işi icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Həmin cinayət işinə direktoru eyni şəxs - X4 olan "xxxx" MMC-də (VÖEN:**********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li və s. bu kimi cəmiyyətlər barədə olan cinayət işləri birləşdirilərək, ibtidai istintaq ********* nömrə altında davam etdirilir. İstintaq zamanı qeyd olunmuş cəmiyyətlərdə kameral vergi yoxlaması ilə, həmçinin, səyyar vergi yoxlaması ilə vergiləri hesablamış və borc aktlarını tərtib etmiş müfəttişlər, cəmiyyətlərin əməliyyatlar apardığı müəssisələrin vəzifəli şəxsləri, cəmiyyətlərin cari hesablarının olduğu bankların əməkdaşları, müxtəlif dövrlərdə cəmiyyətin direktorları olmuş şəxslər şahid qismində dindirilmiş, cəmiyyətlərin cari hesablarının olduğu banklardan bank sənədləri götürülmüş, məhkəmə-mühasibat ekspertizaları təyin edilərək müvafiq rəylər alınmış və sair istintaq hərəkətləri yerinə yetirilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan X4 "xxxx" (VÖEN: **********), “Nigar Tikinti" (VÖEN: **********) və “Oktavia Group" (**********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən həmin cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 175 və 177-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 786.665,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır.
23. Məhkəmə kollegiyası iddiaçının 2016-cı ilin iyun ayı üzrə hesabat dövrünün xx.xx.2016-cı il tarixdə, 5 illik müddətin xx.xx.2021-ci il tarixdə, 2016-cı ilin 3-cü rübünün cari vergi ödəməsi üzrə hesabat dövrünün xx.xx.2016-cı il tarixdə, 5 illik müddətin isə xx.xx.2021-ci il tarixdə bitməsi ilə bağlı və həmin hesabat dövrü üzrə qalıq borcunun ümidsiz borc kimi silinməli olduğu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" MMCdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərarla ********* saylı cinayət işi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.
24. Göründüyü kimi, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin müddəalarına əsasən, cavabdeh tərəfindən verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra tutulması müddəti ötürülməmişdir.
25. Bundan əlavə, hazırkı iş üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış, ümidsiz borc kimi silinməsi tələb olunan məbləğ cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin predmetidir və həmin cinayət işi üzrə mülki iddia məbləğidir. Belə olan halda cavabdeh inzibati orqan hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin məbləği tutmaq hüququnu itirməmişdir və həmin məbləği tələb etmək hüququna malikdir.
26. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-990/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 82432.10 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.