Məhkəmə qərarları › İş №2-1(107)-298/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-298/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-298/2023 24.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X3nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-11/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Azərbaycan Elm İstehsalat X2 X16 X4 Həmkarlar Təşkilatının 1 iyul 1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv/metr sahəsi olan qeyri-yaşayış binasının, mağazanın X9 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-99/2022 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Azərbaycan Elm İstehsalat X2 X16 X4 Həmkarlar Təşkilatının xx.xx.1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X3na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyri-yaşayış binası üzərində X9 mülkiyyət hüquqlarının qeydiyyatı alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim edilən sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verməməsini, belə ki, “çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı “İstismara qəbul aktı” təqdim olunmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.

7. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2023-cü il tarixli 2- 1(116)-11/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X3nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-11/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-11/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-11/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1033 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki “Dayaq” məntəqəsinin xx.xx.1992-ci il tarixli 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşk tikintisinə icazə verilmişdir. - Azərbaycan Elm İstehsalat X2 X16 X4 Həmkarlar təşkilatının 25/a nömrəli protokolundan görünür ki, X16 X4 balansında olan 34000 manat məbləğində mağaza satış qiyməti 50000 manat dəyərində ödəmək şərti ilə təsərrüfatın direktoru N.Hüseynova satılması məsləhət bilinmişdir. - X16 X4 xx.xx.1994-cü il tarixli 53 nömrəli əmrdən görünür ki, təsərrüfatın balansında olan mağaza satış qiyməti 500000 manat dəyərində ödəmək şərtilə təsərrüfatın direktoru N.Hüseynova satılması qərara alınmışdır. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2021-ci il tarixli 2/1732 nömrəli məktubundan görünür ki, qeyri-yaşayış sahəsi şəhərsalma sənədlərinə, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə, baş plana uyğundur, tikili nəzərdə tutulan ərazilərin hüdudları daxilində tikilmişdir, tikili istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğundur, tikilinin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi yoxdur, tikinti təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etmir, tikili ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozmur, tikili su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaratmır, tikilidən təyinatı üzrə istfiadə etmək mümkündür. - AZ-İ 038789 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpağıdır. Dövlət mülkiyyətinə aid torpaqdır. Faktiki istifadəçisi İddiaçıdır. Tikili Şəki şəhər 5 saylı tam orta məktəbin şimal sərhəddinin şərq küncündə yerləşir. Şimaldan küçə, şərqdən boş sahə, cənubdan və qərbdən 5 saylı məktəbin ərazisi ilə əhatə olunmuşdur. İcarə və ya istifadə hüququ ilə bağlı digər subyektlərə verilməyib. - X6 Agentliyi Şəki filialının xx.xx.2022-ci il tarixli AERA-30-1047/22 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Calğalı Bulaq küçəsində yerləşən, sözügedən qeyriyaşayış binasının şimal hissəsindəki küçənin əks tərəfindən 6 kV-luq hava elektrik ötürücü xətti (bundan sonra - HX) keçir. Bu HX “Büllur” şadlıq sarayının elektrik enerjisi ilə təchizatını həyata keçirir və hal-hazırda elektrik şəbəkəsinə qoşulmuş (işlək) vəziyyətdədir. Həmin HX-nin kənar naqillərinin meyl etməmiş vəziyyətində şaquli müstəvi ilə həmin qeyriyaşayış binasının ən yaxın hissəsinə kimi üfüqi məsafə 8 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən 1 kV-dan 20 kV-a qədər hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində 10 metr məsafədə hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin elektrik şəbəkələrinin mühafizə zonası hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən qeyri-yaşayış binası həmin HX-nin mühafizə zonasında yerləşir. - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və X5 X13 Məntəqəsi özəlləşdirilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-035/2023 nömrəli məktubundan görünür ki, göstərilən qeyri-yaşayış sahəsi 2009-cu ildə istismara verilmiş və “Büllur” şadlıq sarayını elektrik enerjsi ilə təmin edən elektrik xəttinin mühafizə zonasında yerləşmir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

20. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 3. (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Maddə 4. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Maddə 12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı

1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.

2. Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.

3. Dövlət və ya bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur. Maddə 13. Dövlət və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər.

21. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Maddə 7. Özəlləşdirmənin qaydası

1. Respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi milli valyuta — Azərbaycan manatı əsasında aparılır.

2. Dövlət , mülkiyyətinin özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilir. (-)

4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosial-mədəni obyektlər, yolmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir.

5. Dövlət mülkiyyətinin özəlləşdirilməsi auksion (hərrac), müsabiqə, səhmləşdirmə formaları, müxtəlif investisiya fondları, qiymətli kağızlar və fond birjaları vasitələri ilə həyata keçirilir. (-) Maddə 13. Özəlləşdirmənin yolları

1. Özəlləşdirilən əmlakın haqqının tam ödənilməklə satışı.

2. Özəlləşdirilən əmlakın haqqının qismən (güzəştlə) ödənilməklə satışı. Maddə 14. Özəlləşdirmənin formaları

1. Əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması.

2. Əmlakın müəssisə kollektivinə satılması.

3. Auksion (hərrac) və müsabiqələrin təşkili.

4. Məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdarlar cəmiyyətlərinin) yaradılması.

5. Açıq səhmdarlar cəmiyyəti yaradılması.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və X5 X13 Məntəqəsi özəlləşdirilməmişdir. İddiaçı sözügedən tikilinin Azərbaycan Elm İstehsalat X2 X16 X4 Həmkarlar Təşkilatının 25/a nömrəli protokolu və X16 X4 xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri əsasında mərhum X1 bildirsə də, nəzərə alınmalıdır ki, Şakir Hüseynov özü həmin təsərrüfatın direktoru olmuş, tikilinin özünə satılması barədə əmr vermişdir. X3 1993-1994-cü illərdə, nə də sonradan vəfat etdiyi 2003-cü il tarixədək həmin tikilinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməmiş və hazırda da, tikili və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmaqda davam edir. Odur ki, X3 dövlət mülkiyyətində olan əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh orqan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X3na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsindən imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi inzibati iş üzrə işin faktiki hallarını tam araşdırmadan, iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

31. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki “Dayaq” məntəqəsinin xx.xx.1992-ci il tarixli 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşkün tikintisinə icazə verilmişdir. Azərbaycan Elm İstehsalat X2 X16 X4 Həmkarlar Təşkilatının 25/a nömrəli protokoluna əsasən, X16 X4 balansında olan 34000 manat məbləğində mağazanın satış qiyməti 50000 manat dəyərində ödəmək şərti ilə təsərrüfatın direktoru N.Hüseynova satılması məsləhət bilinmişdir. X16 X4 xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri ilə təsərrüfatın balansında olan mağazanın satış qiyməti 500000 manat dəyərində ödəmək şərtilə təsərrüfatın direktoru N.Hüseynova satılması qərara alınmışdır.

32. Hazırda mövcud olan hüquq münasibətləri yaranan zaman qüvvədə olan yuxarıda istinad olunan hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər.

33. Göründüyü kimi, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1033 nömrəli sərəncamı ilə Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki “Dayaq” məntəqəsinin xx.xx.1992-ci il tarixli 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşkün tikintisinə icazə verilmiş, X16 X4 xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri ilə təsərrüfatın balansında olan mağazanın satış qiyməti 500000 manat dəyərində ödəmək şərtilə təsərrüfatın direktoru N.Hüseynova satılması qərara alınmışdır.

34. Bundan başqa, mübahisə predmeti olan mağazanın X16 X4 xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri əsasında X3 həmin təsərrüfatın direktoru olan zaman tikilinin özünə satılması barədə qərar daha əvvəl mübahisələndirilmədiyindən həmin qərar hazırda da qüvvədədir.

35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X3nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-11/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində X3nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar