Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-298/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayonu Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-397/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli, 16 saylı qərarına əsasən ona və digər ailə üzvlərinə birlikdə Ağdaş rayonu, Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-397/2024 nömrəli qərardadı ilə X1, X9, və Xəlilova (Rəsulova) Kəmalə İmran qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbi dəqiqləşdirərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ağdaş rayonu Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,22 hektar pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci iİ tarixli, 16 saylı qərarına əsasən iddiaçıya digər ailə üzvlərilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,22 ha pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-248A, kod 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Uzun illərdir ki, həmin torpaq sahəsi onların istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir.
5. Lakin, bunlara baxmayaraq o uzun müddətdir ki, pay torpaq sahəsi kimi verilmiş və istifadəsində olan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldıra bilməmişdir. O, bununla bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 1.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir.
7. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər toplusu Ərazi idarəsinin arxiv məlumatlarına istinadən ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Ağdaş rayonu, Mürsəl kəndi ərazisi üzrə elektron xəritə bazasında (DWJ) JN- 248A saylı torpaq sahəsi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamədə qeyd olunan subyektlərin adlarının elektron eyni adlı siyahıda adlarının qeyd edilməsinə baxmayaraq, şəhadətnamənin 2-ci nüsxəsinin olması, eyni zamanda şəhadətnamələrin qeydiyyatı kitabında JN-248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin olması barədə məlumatlar qeyd edilməmişdir. Əlavə məlumat olaraq bildiririk ki, X2 X3 həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları kimi göstərilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxslər iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 fevral 2024-cü il tarixli 2- 1(116)-397/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı ondan ibarətdir ki, ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında hüquqların dövlət reyestrində qeydiyyatının aparılması təmin edilsin və mülkiyyət hüquqları çıxarışla rəsmiləşdirilsin. İddia ərizəsinə, eləcə də birinici instansiya məhkəməsinin qərarının 2/7-ci səhifəsinin 4-cü abzasına nəzər yetirdikdə görə bilərik ki, işin faktiki hallarından biri vətəndaşın uzun müddət həmin torpaq sahəsindən istifadə etməsi və "həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmiş" olması qeyrimüəyyəndir. Nəzərə alınmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən - "Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir." Belə olan halda vətəndaşın dövlət rüsumunu ödəmiş olması dedikdə nəyi nəzərdə tutması aydın deyildir. Bu kimi halların aydınlaşdırılması sənədin mötəbərliliyinə bilavasitə təsir etmiş olacaqdır və bununla da işin obyektiv araşdırılmasına nail olmaq olar. Mütəxəssis rəyində qeyd edilən hallardan biri TEKUİS elektron bazaya əsasən həmin torpaq sahəsinin mülkiyyətçisi - Ağdaş rayonu, Qaradağlı bələdiyyəsi, təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - təmiz örüş torpağı kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinin ümumiyyətcə DWJ elektron bazada öz əksini tapmaması, arxiv materiallarında şəhadətnamədə qeyd olunan subyektlərin adlarının elektron eyniadlı siyahıda adlarının qeyd edilməsinə baxmayaraq, şəhadətnamənin 2-ci nüsxəsinin olmaması, eyni zamanda şəhadətnamələrin qeydiyyatı kitabında JN-248A; KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin olmaması kimi hallar sübut edilməmiş qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-397/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)- 397/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X1, Xəlilova (Rəsulova) Kəmalə İmran qızı və X5 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)- 397/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə (X1, X9, X6 və X10) Ağdaş rayoun Mürsəl kəndindən 1,22 ha torpaq sahəsi ayrılmışdır. - JN-100B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə X7 və 5 nəfər ailə üzvlərinə Ağdaş rayoun Mürsəl kəndindən 0,45 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmiş Ağdaş rayon Mürsəl kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X1, X9, və X10) adının qarşısında “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında 0,12 ha, “faktiki torpaq sahəsi” qrafasında isə 1,22 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi Ağdaş rayonu, Mürsəl bələdiyyəsinin xəritə materialları DWJ-(torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasən mülkiyyətçisi - Ağdaş rayonu, Mürsəl bələdiyyəsi, təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tiklinti altında olan torpaqlar. TEKUİS məlumat bazasına əsasən mülkiyyətçisi - Ağdaş rayonu, Qaradağlı bələdiyyəsi təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - təmiz örüş qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
21. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayonu Mürsəl kəndində yerləşən 1,22 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı tələb hüququnun əsası olaraq JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad edir və iddia olunan torpaq sahəsinin Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmasını bildirir. Cavabdeh orqan apellyasiya şikayətini JN-248A KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsinin olmaması, habelə sözügedən Şəhadətnamənin elektron xəritə bazasında və şəhadətnamələrin qeydiyyatı kitabında öz əksini tapmaması ilə əsaslandırmışdır. İddiaçı tərəfindən JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsli məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan sözügedən Şəhadətnamə əsasında iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etsə də, məhkəməyə həmin şəhadətnamənin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinin tələbləri baxımından Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir.
30. Bununla yanaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Ağdaş rayon Mürsəl kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısı ilə müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin “faktiki torpaq sahəsi” qrafasında 1,22 ha torpaq sahəsi qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin torpaq islahatı aparılan zaman iddiaçının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinə tərtib edilməsi istisna edilmir. Həmin Şəhadətnamənin cizgisindən görünür ki, qonşu torpaq sahəsi 100B X11 qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yerquruluşu planından görünür ki, Şəhadətnamənin cizgisində göstərilən qaydada iddia olunan torpaq sahəsi ilə sərhəddə yerləşən qonşu torpaq sahəsi 100B/0.45 qeyd edilmişdir. İşdə olan, JN-100B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X7 5 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsinin ölçüsü də, 0,45 hektardır.
31. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi hazırda TEKUİS məlumat bazasında örüş olaraq qeyd edilməsinə baxmayaraq, JN-248A nömrəli Şəhadətnamənin qaiməsində (sertifikatında) suvarılan əkin olmaqla bonitet balı 100 göstərilmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, torpaq sahəsinin iddia olunan ölçüdə naturada yerinin müəyyən edilməsi mümkündür. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 1.22 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN-248A, KOD 90319038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Mürsəl kəndi ərazisində yerləşən 1,22 hektar pay torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-397/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.