Məhkəmə qərarları › İş №2-1(107)-299/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-299/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-299/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X9 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsi, VEMTAS tərəfindən aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-903/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin onun ailəsinin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması haqqında qəbul etdiyi qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən VEMTAS tərəfindən aztəminatlı ailəsinə 1 (bir) il müddətinə təyin olunmuş, cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayından qanunsuz dayandırılmış hər ay üçün 235,31 manat məbləğin 2023-cü ilin oktyabr ayından 5 (beş) ay ərzində, yəni 1326,55 manat məbləğin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı sosial yardım almaq məqsədi ilə 2 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx.xx.2023-cü il tarixli **********341 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman VEMTAS tərəfindən aztəminatlı ailəsinə hər ay üçün 235,31 manat məbləğində 1 (bir) il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı 7 ay ərzində dövlət tərəfindən göstərilən pul yardımını aldıqdan sonra aztəminatlı ailəsinə təyin olunmuş sosial yardım məbləğinin verilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir.

3. Cavabdehin “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişində “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi– ailə tərkibinin düzgün göstərilməməsi səbəblərinə görə müraciətdən imtina olunmuşdur.

4. DSMF-in Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-307246/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

5. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə **********341 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2023-cü il tarixdən iddiaçıya sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən sosial yardımın ödənilməsi dayandırılmışdır.

6. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə sosial yardımın verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

7. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

8. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə- orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

10. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra- VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir.

11. Əməkdaş müayinə və monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audio video-foto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir.

12. 2022-ci il tarixindən ÜDSY-nin təyin edilməsi üçün ailənin maddi-məişət şəraitinin müayinəsinin və təyinatdan sonrakı monitorinqlərin aparılması prosedurunun sadələşdirilməsi, həmçinin vahid yanaşmanın tətbiq edilməsi məqsədi ilə passport və müvafiq təlimat hazırlanaraq icrasına başlanılmışdır. Qeyd olunan təlimatın 3.12.4 və 3.12.5-ci bəndlərinə əsasən ümumi həyətyanı təsərrüfata malik iki və daha çox ailənin həyətyanı təsərrüfatının müəyyən edilməsi zamanı bir həyətdə iki və daha çox fərdi ev olduqda və ümumi həyətyanı təsərrüfatın hansı ailəyə aid edilməsi mümkün olmadıqda bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. Müayinə zamanı evdə “ərizə bəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlar uyğunsuzluq kimi qiymətləndirilir. Belə ki, təlimata əsasən qeyd olunan ailənin ünvanında aparılmış müayinə zamanı təmsilçinin anasının ailə tərkibində olması şübhəsi ilə ÜDSY işi risk kateqoriyasına daxil edilmişdir.

13. Qeyd edilir ki, risk kateqoriyasına daxil edilmiş ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə “ərizə-bəyannamə”də göstərilən ünvanda təyinatdan sonra Regional Filial tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023 cü il və xx.xx.2023-cü il tarixlərdə müayinə həyata keçirilmişdir.

14. xx.xx.2023-cü il tarixli müayinə zamanı təmsilçi ünvanda olmamış, digər bütün müayinələr zamanı “ərizə-bəyannamə”də ailə tərkibində göstərilməyən təmsilçinin anası X11 ünvanda aşkarlanmışdır.

15. Həyata keçirilmiş monitorinq video çəkilişlə qeydə alınmış, müayinə zamanı əldə olunan məlumatlar akta qeyd edildikdən sonra, həmin məlumatlar İddiaçı şəxsi imzası ilə təsdiqlənmişdir.

16. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin ünvanlı dövlət sosial yardımı almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsi, VEMTAS tərəfindən aztəminatlı ailəsinə xx.xx.2023-cü il tarixli müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın cavabdeh tərəfindən dayandırıldığı 2023-cü ilin oktyabr ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

18. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 12 mart 2024-cü il tarixli 2- 1(116)-903/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

22. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə **********341 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2023-cü il tarixdən iddiaçıya sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən sosial yardımın ödənilməsi dayandırılmışdır. Belə ki, təlimata əsasən qeyd olunan ailənin ünvanında aparılmış müayinə zamanı təmsilçinin anasının ailə tərkibində olması şübhəsi ilə ÜDSY işi risk kateqoriyasına daxil edilmişdir. Qeyd edilmişdir ki, risk kateqoriyasına daxil edilmiş ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə “ərizə-bəyannamə”də göstərilən ünvanda təyinatdan sonra xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə monitorinq həyata keçirilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 12 mart 2024-cü il tarixli 2- 1(116)-903/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-903/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)- 903/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, mütəxəssislər ünvanda olmuşlar. Ərizəçi və övladından savayı anası da ünvanda idi. Qonaq gəldiyini bildirdi. Anasının yan binada yaşadığını qeyd etdi. Ərizəçi qohumuna məxsus evdə ödəniş etmədən yaşayır. 2022-ci ilin yay ayından köçüb. Ərizəçi qeyri-rəsmi nikahda olub, ayrılıb. Forma 4 sənədi təqdim olunmuşdur. Ailəyə qohumları tərəfindən aylıq 100 azn köməklik olunur. Son 1 ildə alısatqı etməyiblər. xx.xx.2023-cü tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə keçirilmişdir. Ünvanda təmsilçinin anası aşkarlanmışdır. Səadət xanım ünvana qonaq gəldiyini, H.Əliyev prospekti bina 80 mənzil 25-də yaşadığını bildirdi. Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olmadığı bildirildi. Ünvan təmsilçinin nənəsinə məxsusdur. Ailə ünvanda ödəniş etmədən yaşayır. Təmsilçi həyat yoldaşından ayrılıb, ailment tələbi yoxdur, rəsmi nikah yoxdur. Təmsilçi işləmir. “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə aparıldı. Monitorinq zamanı təmsilçinin anası X11, təmsilçininn bacısı X4, təmsilçinin yeznəsi X12, təmsilçinin bacısı oğlu X2 ünvanda aşkarlandı. Təmsilçi anasının kömək üçün gəldiyini, bacısı Nərminənin əməliyyat olunduğu üçün qonaq gəldiklərini, onların Bakı şəhəri, ünvan 1 ünvanında yaşadıqlarını, ailənin 2 nəfərdən ibarət olduğunu, rəsmi nikahın olmadığını, aliment tələbinin olmadığını, aliment alınmadığı bildirildi. xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq zamanı ünvanda heç kim yox idi. Təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlanıldı. Təmsilçi bildirdi ki, Bakı şəhərinə bacısının evinə qonaq gedib. Bir həftədən sonra evə qayıdacağını bildirdi. Müayinə aparmaq mümkün olmadı. xx.xx.2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”ın təsdiq olunmuş surətində qeyd olunur ki, monitorinq təmsilçinin iştirakı ilə keçirildi. Ailənin qeyd olunan ünvanda 2 nəfər tərkibdə yaşadığı bildirildi. Ailənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsinin olmadığı bildirildi. Ünvanda təmsilçinin anası aşkarlandı. Təmsilçi anasının ona kömək üçün gəldiyini bildirdi. Ünvan təmsilçinin nənəsinə məxsusdur. Təmsilçi həyat yoldaşından ayrılıb, rəsmi nikah olmayıb, uşağın atalıq sənədinin Forma 4 olduğunu bildirdi. Təmsilçi işləmədiyini bildirdi. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-3-1/2- 12/2024 nömrəli cavab məktubundan və ona əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş 61 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Mingəçevir şəhəri, H.Əliyev küçəsi ev 78 mənzil 38-da yaşayır. Ailə üzvü oğlu xx.xx.2022ci il təvəllüdlü X3r. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-3-1/2- 13/2024 nömrəli cavab məktubundan və ona əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş 62 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X1 şəhəri, H.Əliyev küçəsi ev 80/25 mənzil 19-da qeydiyyatsız yaşayır.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

28. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə- orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 9.0-cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra- Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra- VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə görə VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X8 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra- Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra- Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6-cı bəndinə əsasən sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. ... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır... 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-903/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

33. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

34. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

37. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X16 və X21 (VEMTAS) yaradılmışdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi– ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmış, həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır.

41. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə olunmuş Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə olunmuş, 4 nömrəli MİS tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı anası X1 şəhəri H.Əliyev prospekti ev 78 mənzil 38 ünvanında qeydiyyatda olsa da, ünvan 5eydiyyatsız yaşayır. Həmçinin məhkəmə tərəfindən “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”lar və onların tərtib edilməsi zamanı aparılmış audio-video yazılar araşdırılmış, heç bir məlumatda iddiaçı və ya anasının eyni ünvanda yaşaması barədə məlumat verməsi aşkar edilməmiş, video görüntülərdə onların bunu etiraf etmələri öz təsdiqini tapmamışdır.

42. Cavabdeh apellyasiya şikayətini iddiaçının anasının onunla birlikdə evdə olması ilə əsaslandırılmış, anasının iddiaçı ilə bir evdə olması onların birlikdə yaşaması və birgə təsərrüfat aparması kimi qiymətləndirilməsi birbaşa olaraq cavabdehin nümayəndələrinin mülahizə və ehtimallarından asılı edilmişdir.

43. Nəticə etibarilə bununla bağlı “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 1b3a0e6f688e436f974f20183a09e375 nömrəli bildiriş tərtib edilmişdir. Həmin bildirişdə xx.xx.2023-cü il tarixli **********34101 nömrəli müraciətə görə sosial yardımın təyin edilməsindən “maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə imtina edildiyi bildirilmişdir. Bununla yanaşı bildirişdə “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması qərara alınmışdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qey edir ki, şəxsin valideyninin onun evində mütəmadi olaraq aşkar edilməsi hələ onların birgə təsərrüfat aparması və birlikdə yaşaması anlamına gəlmir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə maddi məişət şəraitinin müayinəsinin aparılması zamanı evdə iddiaçının valideynini aşkar etməsi hələ uyğunsuzluğun qeydə alınması üçün kifayət deyildir. Belə ki, vəzifəli şəxs onların birgə təsərrüfat aparmasını təsdiq edən xüsusatları da aşkar edərək ortaya çıxarmalı və bununla bağlı sübutları inzibati icraat çərçivəsində qarşılıqlı şəkildə qiymətləndirməli idi.

45. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən həm ünvanlı dövlət sosial yardımının təyin edilməsi, həm də artıq təyin edilmiş və ödənişi həyata keçirilən yardımın qanunauyğunluğunun yoxlanılması zamanı bu fəaliyyət formal hüquqi baxımdan deyil sosial təminat hüququnun məzmununa uyğun şəkildə qurmalı və ona uyğun qiymətləndirmə aparılmalıdır.

46. Belə olan halda, nəzərə almaq lazımdır ki, həmin icraat inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdeh dayandırılmaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün səbəbləri aydın şəkildə göstərməli, onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir.

47. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edirlməlidir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər.

48. Eyni zamanda qeyd edilməlidir ki, VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tabedir. Bu baxımdan cavabdeh faktiki olaraq bildirişlə iddiaçı və onun təmsilçisi olduğu ailəsinə mansibətdə, onların hüquqi statusunda dəyişikliyə səbəb olan qərarları qəbul etmiş və məhdudiyyətin müəyyən edilməsi barədə qərarını da həmin bildirişdə təsbit etmişdir.

49. Belə ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının poluzlmasına səbəb olmuşdur.

50. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin hərəkət və qərarlarının əsaslılığını, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin fəaliyyəti inzibati orqan olaraq onun güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-903/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar