Məhkəmə qərarları › İş №2-1(107)-3/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-3/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-3/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayış evinin həmin 12 sot torpaq sahəsinin içində göstərilməklə mərhum X5 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(116)-147/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə dair təsərrüfatbaşına kitabında X5 mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, evin tikildiyi tarix 1989-cu il, ümumi sahəsi 90 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m yazılmışdır. Təsərrüfatda ailə başçısı kimi X15, ailə üzvü kimi arvadı X16 göstərilmişdir.

2. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə dair təsərrüfatbaşına kitabında ailə başçısı kimi X2 mülkiyyətində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, sənəddə xx.xx.2000-ci ildə X2 vəfatından sonra təsərrüfatda X3 qeydiyyatda olduğu yazılmışdır.

3. Yevlax Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.1999-cu ildə təsdiq edilmiş "Yevlax rayonunun Səmədabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 217-ci sırada X5 və X9 qanuni istifadəsində 0,12 ha, 219-cu sırada X2 qanuni istifadəsində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.

4. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı X5 və X9 adına xx.xx.2002-ci ildə JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir.

5. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,17 ha həyətyanı torpaq sahəsi ilə bağlı X2 adına JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir.

6. X15 xx.xx.2012-ci ildə vəfat etmişdir.

7. Yevlax rayon Səmədabad kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə X5 və X9 ümumi birgə mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

8. X12 xx.xx.2000-ci ildə vəfat etmişdir.

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha və 0,17 ha torpaq sahələrinə dair "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin ləğv edilərək, 0,12 ha torpaq sahəsinə və orda inşa edilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müvafiq şəhadətnamələrin ləğvi məsələsinə məhkəmə qaydasında baxıla bilər.

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "qeyd edilən şəhadətnamələr ləğv edilərək yeni şəhadətnamənin verilməsi və ev 12 sotun içində göstərilməklə yeni çıxarış verilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

11. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, JN- 217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər ləğv edilərək onun adına yeni şəhadətnamənin verilməsi və ev 12 sotun içində göstərilməklə onun adına yeni çıxarış verilməsinə dair öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

12. Sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə yenidən ərizə verərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və 12 sot torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi 12 sotun içində göstərilməklə onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

13. Daha sonra o, məhkəməyə yenə də iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və 12 sot torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi 12 sotun içində göstərilməklə X5 adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

14. O, tələbini belə əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsi atası X15 tərəfindən tikilsə də, ev atasının adına olan JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də deyil, X2 adına olan JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmişdir.

15. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin ləğv edilməsi, yaxud onlarda hər hansı düzəlişin edilməsi İdarənin səlahiyyətinə aid deyil, bundan başqa, xx.xx.2015-ci ildə JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, X13 və onun ailə üzvü X5 adlarına ümumi birgə mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

16. Cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən torpaq sahələrinə yerində baxış keçirilmiş və müəyyən olumuşdur ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi natura üzrə plan ölçüyə tam uyğundur, faktiki vəziyyətdə həmin torpaq sahəsinin üzərində hər hansı tikili və ya qurğu yoxdur. JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ərazilər natura üzrə üst-üstə düşür, hər iki torpaq sahəsinin naturaya uyğun fiziki sərhədləri mövcuddur, hər biri ayrı-ayrılıqda təsərrüfatdır.

17. Bundan başqa, cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən qeyd olunan 0,12 ha torpaq sahəsi boş ərazidir, üzərində hər hansı tikili və ya qurğu mövcud deyil, 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin içində göstərilməsi mümkün deyil. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 11 mart 2021-ci il tarixli, 2- 1(116)-147/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

20. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə 2-1(107)-273/2021 nömrəli inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.

21. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olduğundan iş üzrə icraat təzələnmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əsas mübahisə obyekti olan və mərhum atası X15 tərəfindən tikilmiş ümumi sahəsi 90 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m olan fərdi yaşayış evinin həqiqətən də, JN 217A nömrəli 90112018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X10 məxsus Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində yerləşibyerləşməməsini müəyyən etmək üçün məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilməli və mütəxəssis rəyi alınaraq, işə daha obyektiv qiymət verilməli idi. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bunları etməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(116)-147/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(116)-147/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X22 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(116)-147/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İşdə olan, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,12 ha həyətyanı torpaq sahəsi X5 və X9 mülkiyyətinə verilmişdi. - İşdə olan, JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,17 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Yevlax rayon Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə X5 və X9 ümumi mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********002 nömrəli iddiaya qarşı etirazdan görünür ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, X19 və onun ailə üzvü X5 adlarına ümumbirgə mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 23/11 nömrəli arxiv arayışından görünür ki, Yevlax Rayon Səmədabad kənd sovetliyinin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 1177-ci təsərrüfatında ailə başçısı kimi X15, ailə üzvləri kimi arvadı X16, qızları X11, X6 və X7 (hər üçü köçdüyünə görə adlarının üstündən xətt çəkilmişdir) göstərilmişdir. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X5 mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, evin tikildiyi tarix 1989-cu il, ümumi sahəsi 90 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m yazılmışdır. Təsərrüfatda ailə başçısı kimi X15, ailə üzvü kimi arvadı X16 göstərilmişdir. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında ailə başçısı kimi X2 mülkiyyətində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, sənəddə xx.xx.2000-ci ildə X2 vəfatından sonra təsərrüfatda X3 qeydiyyatda olduğu yazılmışdır. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı ayrıca təsərrüfatının olduğu, təsərrüfatın xüsusi mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsinin olduğu yazılmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/102 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastn və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsinin və Yevlax rayonu Səmədabad kəndində JN-217 A kod 90112018 saylı Şəhadətnamə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları GPS aləti ilə müəyyən edilmişdir. Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikilisi var. Yevlax rayonu Səmədabad kəndində JN-217A kod 90112018 Şəhadətnamə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin üzərində tikili mövcud deyil. Baza məlumatlarına əsasən mövcud tikili JN-219 A saylı Şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin üzərindədir. - Yevlax şəhəri İcra Hakimiyyəti başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 mart 2023-cü il və 19 aprel 2023-cü il tarixli arayışlarından görünür ki, X15 vəfat etdikdən sonra onun təsərrüfatında ailə üzvü olan İddiaçı qeydiyyatda olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə İPM-in 110.1.Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı iddiasını sonuncu dəfə dəqiqləşdirdikdən sonra onun tələbi Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və 12 sot torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin 12 sotun içində göstərilməklə atası X5 adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

35. Beləliklə müəyyən olunur ki, iddiaçının əsl məqsədi Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi üzərində göstərilməklə, həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair birgə çıxarış verilməsinə nail olmaqdır. Ona görə də, məhkəmə kollegiyası iddia tələbində qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinə ayrı-ayrılıqda deyil, birgə yanaşaraq araşdırma aparılmasını məqsədəmüvafiq hesab edir.

36. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, torpaq islahatından əvvəl iddiaçının valideynləri X5 və X9 qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq islahatı zamanı göstərilən torpaq sahəsi həmin şəxslərin mülkiyyətinə verilmiş və onların adına bunu təsdiq edən JN217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra xx.xx.2015-ci ildə göstərilən 0,12 ha torpaq sahəsinə X5 və X9 ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

37. Həmin torpaq sahəsində yerləşən evə də X5 mülkiyyət hüququnu qeydiyyata alınması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X5 təsərrüfatında 1989-cu ildə tikilmiş fərdi yaşayış evinin olması göstərilsə də, hazırda həmin 0,12 ha torpaq sahəsində ev, yaxud başqa bir tikili və ya qurğu mövcud deyil. Bu hal cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktla təsdiq edilməklə yanaşı, bilavasitə məhkəmə tərəfindən həmin torpaq sahəsinə xx.xx.2021-ci ildə keçirilmiş yerində baxış zamanı da müəyyən olunmuşdur. Belə ki, məhkəmə tərəfindən torpaq sahəsinə keçirilən yerində baxış zamanı müəyyən edildi ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi naturadakı vəziyyətə tam uyğundur və faktiki olaraq həmin torpaq sahəsində hər hansı tikili və ya qurğu yoxdur.

38. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/102 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastn və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsinin və Yevlax rayonu Səmədabad kəndində JN-217 A kod 90112018 saylı Şəhadətnamə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları GPS aləti ilə müəyyən edilmişdir. Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikilisi var. Yevlax rayonu Səmədabad kəndində JN-217A kod 90112018 Şəhadətnamə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin üzərində tikili mövcud deyil. Baza məlumatlarına əsasən mövcud tikili JN-219 A saylı Şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin üzərindədir.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mövcud olmayan evə kiminsə mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil, cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur və hazırda iddianın təmin edilməsi üçün əsas yoxdur.

40. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22)

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(116)-147/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat manat İddiaçı tutularaq X4nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar