Məhkəmə qərarları › İş №2-1(107)-30/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-30/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-un Göyçay rayon şöbəsi) qarşı “xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək X5 Müəssisədə işlədiyi müddətin, xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978- ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxxx 2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarından DSMF-un Göyçay rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur. O, xx.xx.1972-ci il tarixdən xx.xx.1978-ci il tarixədək N.Nərimanov adına Dövlət Tibb İnstitutunda təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzində, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Göyçay rayon İstehlak Cəmiyyətində işləmişdir. Onun təhsil alması və qeyd olunan iş yerlərində işləməsi adına olan Д-İ seriyalı 012370 nömrəli diplomla və xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Bundan başqa iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında onun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” MMM-də direktor vəzifəsində işləməsi göstərilsə də məhkəmə araşdırması zamanı vergi orqanlarının məlumatlarından müəyyən edilmişdir ki, “xxxx” X4 (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə 19 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. İddiaçı xx.xx.1997-ci il tarixdən 95 nömrəli əmrlə “xxxx” X1i təmsilçilik funksiyasına malik direktordur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək tələb olunan sosial sığorta stajının təsdiq olunmaması əsası ilə bundan imtina etmişdir. Bundan başqa iddiaçı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək X6 Qanunun 21-ci əsasən təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil almış və 1997-2005-ci illərdə xxxx MMM-də müdir vəzifəsində işləmişdir. Lakin həmin illər cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. O, 2019-cu ilin fevral ayında pensiya yaşına çatdığına görə DSMFun Göyçay rayon şöbəsinə müraciət etmiş, cavabdeh tərəfindən ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdehin nümayəndəsi X7 izahatında iddiaçının tələb olunan sosial sığorta stajı öz təsdiqini tapmadığından ona yaşa görə əmək pensiyası təyin olunması qanunamüvafiq deyildir. Bundan əlavə X6 Azərbaycan Respublikası qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək DSMF-un Göyçay rayon şöbəsinin üzərinə İddiaçı xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı və xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək xxxx MMM-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdır. DSMF-un Göyçay rayon şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq olunmuş “X6” Azərbaycan Respublikası Qanununun İV fəslinin 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Qaydaların Vİ fəslinin 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də huquqi şəxş yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı “xxxx” MMM-də işləmiş olduğu xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi əmək kitabçasında qeyd edilsə də, lakin onun iş stajının düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Göyçay rayon şöbəsinin nümayəndələri X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1195/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir. İddiaçı məxsus xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli arayışı; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli arayışı; İddiaçı məxsus BO seriyalı 076332 nömrəli hərbi biletin təsdiq olunmuş surəti; AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur; N.Nərimanov adına Dövlət Tibb İnstitutunda xx.xx.1978-ci ildə tərtib edilmiş 29920 nömrə ilə qeyd edilmiş Д-İ seriyalı 012370 nömrəli diplomdan görünür ki, İddiaçı xx xxxxxxxx 1972-ci il tarixdə N.Nərimanov adına Dövlət Tibb İnstitutuna daxil olmuş, sanitariya ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət İmtahan Komissiyasının xx.xx.1978-ci il tarixli qərarı ilə “sanitariya həkimi” ixtisası verilmişdir. DSMF-un Göyçay rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “X6” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən tələb olunan sosial sığorta stajı təsdiq olunmadığı üçün ona yaşa görə əmək pensiyası hesablamaq qanunauyğun deyildir. DSMF-un Göyçay rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********8 nömrəli imtina məktubunda bildirilir ki, “X6” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək DSMF-un Göyçay rayon şöbəsinin üzərinə İddiaçı xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı və xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək xxxx MMM-də işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını qərara almış, iddia qalan hissədə rədd edilmişdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçının tələbi üç hissədən ibarət olmaqla iddianın bir hissəsi “xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan, ikinci hissəsi “xx xxxxxxxx 1997ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək xxxx MMM-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan və iddianın üçüncü hissəsi “xx xxxxxx 2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İddianın birinci hissəsi ilə bağlı müəyyən edilir ki, iddiaçı xx xxxxxxxx 1972-ci il tarixdə N.Nərimanov adına Dövlət Tibb İnstitutuna daxil olmuş, sanitariya ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının xx.xx.1978-ci il tarixli qərarı ilə ona sanitariya həkimi ixtisası verilərək adına Д-İ seriyalı 012370 nömrəli diplom hazırlanmışdır. İddiaçı təhsil aldığı müddətin və işlədiyi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla X6 Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil müddətin sosial sığorta stajına daxil edilmədiyini və xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla tələb olunan sosial sığorta stajının təsdiq olunmaması əsası ilə bundan imtina etmişdir. Göründüyü kimi iddiaçının təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsində hüquqi marağı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nda təsbit edilmişdi ki, ali, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli 305 nömrəli Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” xx.xx.2018-ci il tarixli 2-159/18 saylı icmal məktubunun 4.1 və 4.2-ci bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli 305 nömrəli Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiua hüququ yaranmasından asılı olmayaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-159/18 saylı icmal məktubunda ifadə olunan hüquqi mövqeyindən görünür ki, “X6” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixinə kimi ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Apellyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “X6” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “X6” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1973-1977-ci illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası bir çox qərarlarında, o cümlədən xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-543/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli 2-1(102)-804/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli 2-1(102)-797/2019 nömrəli və xx xxxxx 2019-cu il tarixli 2-1(102)-989/2019 nömrəli qərarlarında eyni hüquqi mövqeni sərgiləmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2019-cu il tarixli 2- 1(102)-543/2019 nömrəli qərarında göstərmişdir ki, “şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək xxxx MMC-də işlədiyi müddətin tələb olunan sosial sığorta stajına daxil edilməməsi ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilən dəlilli əsassız hesab edir. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək xxxx MMM-də işləməsi xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın xx xxxxxxxx 1997-ci il tarixdən xx xxxxxx 2005ci il tarixədək xxxx MMM-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında onun xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” MMM-də direktor vəzifəsində işləməsi göstərilsə də məhkəmə araşdırması zamanı vergi orqanlarının məlumatlarından müəyyən edilmişdir ki, “xxxx” X4 (VÖEN: **********) xx.xx.1997ci il tarixdə 19 nömrəli ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, xx.xx.2005-ci il tarixdə isə vergi uçotuna alınmışdır. İddiaçı xx.xx.1997-ci il tarixdən 95 nömrəli əmrlə “xxxx” X1i təmsilçilik funksiyasına malik direktordur. Göründüyü kimi iddiaçının direktor vəzifəsində işlədiyi müəssisə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış və o, xx.xx.1997-ci il tarixdə müəssisənin direktoru vəzifəsinə təyin edilmişdir ki, iddiaçının həmin müəssisədə iş fəaliyyəti əmək kitabçasında qeyd olunduğu kimi xx.xx.1997-ci il tarixdə deyil xx.xx.1997-ci il tarixdə başlamışdır. Bundan başqa şərh olunan qanunvericilik aktlarından göründüyü kimi, xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir ki, iddiaçının həmin tarixdən sonra müəssisədə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyinə dair hər hansı sübut mövcud deyildir. xx.xx.2002-ci il tarixdən əvvəl işlənilmiş əmək fəaliyyəti dövrünə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi mövcud olmadığından, habelə iddaçının işlədiyi müəssisənin mövcudluğu və onun həmin müəssisədə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının “xxxx” X2 xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalı, idda qalan hissədə isə rədd edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (İş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. xx.xx.1998-ci ildə qəbul edilmiş və xx.xx.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Əmək Kitabçaları nəzərə alınır. İddiaçının “xxxx” MMM-də direktor vəzifəsində işləməsi işləməsi xx.xx.1984-cü il tarixli ИT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə, habelə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli və Vergilər Nazirliyinin Bakı Şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli arayışları ilə sübut olunur. Belə olan halda həmin illərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən DSMF-un Göyçay rayon şöbəsinin imtinası əsassız olmuşdur. Kollegiya qeyd edir ki, fiziki və ya hüquqi şəxslərin ərizələri əsasında inzibati orqanlar tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat adlanan 4-cü fəslində nəzərdə tutulmuş qaydada inzibati icraat başlanılmalı və aparılmalıdır. İnzibati orqan kimi cavabdeh DSMF-un Göyçay rayon şöbəsi iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə qanunauyğun nəticəyə gəlməli, yekunda müvafiq qərar qəbul etməli, həmin qərardan qanunda nəzərdə tutulmuş qaydada şikayət vermə qaydasını və müddətini göstərməli idi. Cavabdeh inzibati orqan olan DSMF-un Göyçay rayon şöbəsi qeyd edilən normalara əməl etməmiş, İddiaçıun müraciətindən sonra “İnzibati icraat haqqında” Qanunun tələbinə uyğun olaraq inzibati icraat aparmamış, inzibati icraatın nəticəsində qərar qəbul etməmiş, yalnız xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla iddiaçıya formal məktubla cavab vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “Qanunçuluq prinsipi” adlanan 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qeyd olunanlar onu göstərir ki, inzibati orqan olanDSMF-in Göyçay rayon şöbəsi tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq prinsipi pozulmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Göyçay rayon şöbəsinin iddiaçının xx xxxxxxxx 1972-ci il tarixdən xx xxxx 1978-ci il tarixədək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək xxxx MMM-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1195/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar