Məhkəmə qərarları › İş №2-1(107)-30/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-30/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “61 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-960/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Arzu Ağakişiyeva tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.2000ci il tarixədək Şəki təsərrüfatlararası bağçılıq-üzümçülük birliyində və «Şorsu» təsərrüfatlararası bağçılıq müəssisəsində işləmişdir. Ona yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 25 il iş stajı və 23040 manat pensiya kapitalının olmadığını əsas gətirərək əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların (xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçının yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçası və əmək haqqı arayışına əsasən cəmi 20 il 8 ay (xx.xx.1974-xx.xx.1993-cü illər 18 il 6 ay, 1993-1998-ci illər əmək haqqı arayışı üzrə - 2 il 2 ay ) sosial sığorta stajı və 14932.12 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-960/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı 61 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-960/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuna zidd və əsassız olduğundan ləğv olunmalıdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, vətəndaş tərəfindən təqdim olunmuş əmək kitabçası və əmək haqqı cədvəlləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, əmək kitabçasında iddiaçının xx.xx.1974-cü il iyul ayının 1-dən 2000-ci ilin fevral ayının 28-nə qədər işlədiyi göstərilir. Lakin Milli Arxiv İdarəsinin Şəki filialının 80 saylı arxiv arayışına əsasən, iddiaçı 1974-ci ilin iyun ayından 1994- cü ilin dekabr ayına qədər Şəki rayonu İliçin Xatirəsi adına təsərrüfatlarası bağçılıq müəssisəsində işləmişdir. Həmin illər üzrə 1993-cü ilin yanvar ayından iyul ayına qədər əmək haqqı almamışdır.Eyni zamanda arxiv arayışından görünür ki, iddiaçı 1994-cü ilin yanvar ayından 1998-ci ilin dekabr ayına kimi Şəki rayonu Şorsu təsərrüfatlarası bağçılıq müəssisəsində işləmişdir.Qeyd olunan 5 il üzrə vətəndaş cəmi 12 ay əmək haqqı almışdır. Bu da onu göstərir ki, həmin illər üzrə iddiaçı əmək haqqı almamışdır, deməli, həmin ay işləməmiş və müvafiq sığorta haqlarını ödəməmişdir. Buna görə həmin ay iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. Həmçinin, əmək kitabçası və arxiv arayışında qeyd olunan illər arasında ziddiyyət mövcuddur. Belə ki, əmək kitabçasında vətəndaşın işə girdiyi tarix xx.xx.1974-cü il, işdən azad olunduğu tarix isə xx.xx.2000-ci il kimi qeyd olunmuşdur. Lakin arxiv arayışından görünür ki, vətəndaş 1974-cü ilin iyun ayında da əmək haqqı almışdır. Eyni zamanda arxiv arayışında 1998-ci ildən sonraya aid heç bir qeyd mövcud deyil. Həmçinin, vətəndaşın 1994-cü il aprel ayında 2 fərqli əmək haqqı cədvəllərinə əsasən, 2 fərqli, yəni 3918 və 3321 manat əmək haqqı aldığı qeyd olunmuşdur.Digər tərəfdən bildirməyi zəruri hesab etmişdir ki, iddiaçının əmək kitabçasında işləməyinə dair olan qeydlər kiril əlifbası ilə (bununla yanaşı həmin qeydlərin yazılış tərzi, yazan şəxsin xətti oxunaqsız olması ilə seçilir ki, həm iddiaçıya məxsus kitabçadakı digər qeydlər, həm də ümumiyyətlə adətən kitabçalarda aparılan qeydlər oxunaqlı və səliqəli xəttə malik əməkdaşlar tərəfindən realizə edilir), möhürdəki yazılar isə latın qrafikası ilə yazılmışdır ki, bu da şübhə doğurur. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-960/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-960/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu, Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 80 nömrəli arxiv arayışı, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli etirazı aiddir. . Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-960/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı 61 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Respublika Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 105 nömrəli arxiv arayışına əsasən iddiaçı xx xxxx 1974-cü il 79 nömrəli əmrlə Şəki kolxozlararası üzümçülük bağçılıq birliyinə həmin tarixdən etibarən 5 nömrəli briqadanın tərkibinə fəhlə qəbul edilmişdir. Bundan sonra iddiaçı xx xxxxx 1988-ci il 2 nömrəli əmrin 17-ci §-na əsasən Şəki “İliçin Xatirəsi” Aqrofirmasının 13 nömrəli briqadasına keçirilmişdir. İddiaçı xx.xx.1993-cü il 69 nömrəli əmrin 2-ci §-na əsasən Şəki “İliçin Xatirəsi” Aqrofirmasının tərkibindən çıxarılıb “Şorsu” təsərrüfatlararası bağçılıq müəssisəsinin sərəncamına göndərilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasına əsasən onun ümumi əmək fəaliyyətinin 25 il 7 ay 27 gün olduğu müəyyən edilir ki, bu da ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsinə imkan verir. Belə ki, xx xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 11-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.2000-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqı almaması ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Çünki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi,mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.Bununla yanaşı işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, xx xxxx 1999cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinəəsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar.Həmin məcəllənin 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. Bundan sonra, xx xxxx 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin304-cü maddəsinəəsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdəəvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) Həmin məcəllənin 306-cı maddəsinin 2-ci bəndinə görə işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Göründüyü kimi maddələrin tələblərinə əsasən əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: -birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdəəmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. X1 ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən də onun 61 yaşı tamam olduğu andan yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, Şəki İnzibati Məhkəməsi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “61 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-960/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar