Məhkəmə qərarları › İş №2-1(107)-30/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-30/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlundan və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh (hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Ərazi Məşğulluq filialı) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 26 oktyabr 2020-ci il tarixli, 2- 1(116)-1315/2020 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 mart 2021-ci il tarixli, 2- 1(107)-66/2021 saylı qərarı ilə İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-1(107)-66/2021 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 14 sentyabr 2021ci il tarixli, 2-1(102)-1350/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-1(107)- 66/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır İşin hаllаrı: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin mart ayında Cavabdehnə heç bir yerdə işləməməsi barədə arayış təqdim etmiş, lakin Mərkəz onu işaxtaran kimi qeydə almışdır. İddiaçı dəfələrlə işlə təmin olunması üçün şifahi şəkildə Mərkəzə müraciət etsə də, Mərkəz 4 il ərzində iddiaçını işlə təmin etməmişdir. COVİD-19 pandemiyası dövründə iddiaçıya məlum olmuşdur ki, Mərkəzdə “işsiz” və ya “işaxtaran” kimi qeydiyyata düşmək arasında fərqlər vardır. Buna görə də o, işlə təmin edilməsi üçün Mərkəzə ərizə ilə müraciət etmişdir. 15.05.2020-ci il tarixli cavab məktubunda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədlə Mərkəzə yaxınlaşması bildirilmişdir. İddiaçıya Mərkəzin Şahin adlı əməkdaşı şifahi olaraq bildirmişdir ki, iyun ayının 15-də yaxınlaşsın, onu işlə təmin edəcəkdir. İddiaçı Mərkəzi tərk etdikdən sonra aldadıldığını düşünmüş və 18.05.2020-ci il tarixdə yenidən ərizə ilə Mərkəzə müraciət etmişdir. Məktub 20.05.2020-ci il tarixdə cavablandırılsa da, verilən cavab iddiaçını qane etmədiyi üçün o, yenidən 24.05.2020-ci il tarixində Mərkəzə üçüncü dəfə ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzə ünvanladığı sonuncu ərizəyə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı özü Mərkəzə yaxınlaşmış, Mərkəzin rəhbəri və Şahin adlı şəxsin qəbulunda olmuş, lakin onunla kobud və aqressiv şəkildə davranılmışdır. Sonra Mərkəzdə iddiaçıya bir neçə iş yeri arasında seçim etməsini bildirmişlər, iddiaçı isə “Azəriqaz” İB seçərək Mərkəzdən rəsmi göndəriş verilməsini xahiş etsə də, ona göndəriş verilməmişdir. Bundan sonra iddiaçı 15 iyun 2020ci il tarixdə Ağsu rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun əməkdaşı telefon vasitəsi ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, “Azəriqaz” İB ümumiyyətlə iş yoxdur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaş bir neçə dəfə işlə təmin edilməsi ilə əlaqədar Cavabdehndə olmuşdur. Cavabdeh orqan qeyd etmişdir ki, Cavabdehndə olan vakansiyalar idarə, müəssisə və təşkilatlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Məşğulluq Alt Sistemində yaradılmış X8 daxil edilmiş boş iş yerləri əsasında formalaşır və Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlara həmin boş iş yerləri haqqında məlumat verilir. Əgər vətəndaşın ixtisasına və peşəsinə uyğun münasib iş olarsa həmin vətəndaşa müvafiq vakansiya üzrə elektron vakansiyaya göndəriş verilir. Həmçinin vətəndaşlar esosial.az və e-gov.az portallarında da qeydiyyatdan keçməklə Respublika üzrə olan bütün vakansiyalarla tanış ola və həmin vakansiyalara elektron müraciət edə bilərlər. Vətəndaşların işə qəbulunda (hər idarə üçün təsdiq olunmuş kvota istisna olmaqla) idarə, müəssisə və təşkilatlar sərbəstdirlər və işçinin seçimi işəgötürənlər tərəfindən həyata keçirilir. İddiaçı də Mərkəzdə olarkən bütün bu prosedurlar ona izah edilmiş və ona X9 rayonu üzrə olan 5 boş iş yerinə (Ağsu rayon Suvarma Sistemləri İdarəsinə, X12 Təsərrüfatı Mərkəzinə, "xxxx" ASC-ə, "xxxx" MMC-yə və Azəriqaz İstehsalat birliyinə (göndərişlər məktuba əlavə olunur)) elektron vakansiyaya göndəriş verilmişdir. Lakin həmin təşkilatlar tərəfindən vətəndaşın işə qəbulundan imtina edilmişdir. Cavabdeh orqan əlavə olaraq bildirmiş ki, ’’X15" MMC-də sosial işçi kimi işləmək üçün Cavabdehnə müraciət etmiş vətəndaşların adlı siyahısı Ağsu rayon İcra Hakimiyyətinin tabeliyində yaradılmış Araşdırma komissiyasına təqdim edilir. Vətəndaşlar barəsində ümumi məlumatlar araşdırıldıqdan sonra Araşdırma komissiyası tərəfindən ictimai işlərə cəlb ediləcək vətəndaşlar barəsində təsdiq edilmiş adlı siyahı hazırlanır və Cavabdehnə təqdim edilir. İddiaçı pinəçiliklə (ayaqqabı təmiri) məşğuldur və qeyri formal məşğulluqla məşğuldur. Bu səbəbdən də işsiz statusuna malik olmaması əsas götürülmüş və “X15” MMC-də ictimai işlərə (təmizlik və abadlıq işlərinə) cəlb edilməsi məqbul hesab edilməmişdir. Əlavə olaraq vətəndaşa ayaqqabı təmiri ilə bağlı özünüməşğulluq layihəsinə cəlb edilməsi və ayaqqabı təmiri ilə bağlı müvafiq yeni avadanlıqlarla təmin edilməsi tövsiyyə olunmuşdur. Lakin İddiaçı özünüməşğulluq layihəsinə cəlb edilməkdən imtina etmişdir. Cavabdeh üzərinə düşən bütün öhdəliklərə əməl etmişdir və vətəndaş barəsində qərəzli mövqedə olmamışdır və buna görə də vətəndaşın Cavabdeh ilə bağlı olan iddialarını əsassız hesab edirlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianın əsssız hesab etdiyindən təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 04.03.2016-cı il tarixli arayışı, 13.05.2020-ci il və 20.05.2020-ci il tarixli məktubları, cavabdehin məhkəmənin dəftərxanasına 28.09.2020-ci il tarixdə daxil olmuş etiraz məktubu və ona əlavə edilmiş “vakansiyaya göndəriş” sənədləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin hakimi MPM-nin 47-ci maddəsinin 4-cü bəndini çox kobud surətdə pozaraq, məhkəmə iclasında məhkəməyə təqdim etdiyi vəsatətlərini, etirazlarını və sübutlarını qəbul etməyərək cəmi 10-15 dəqiqə müddətinə iddiasının təmin edilməməsi barədə qərar qəbul etmişdir. Hakim təqdim etdiyim sübutlara heç bir hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən göstərmişdir ki, onun konstitusion hüquq və azadlıqları və ədalətli məhkəmə araşdırılması hüquqları pozulmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315 saylı qərarının ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)- 1315/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-359/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarı 4 il 5 ay müddətində əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2- 1(102)-1350/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, işin hallarına maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. ...işaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi tələblər “Məşğulluq haqqında” Qanunda, əsasən də həmin Qanunun 5-ci maddəsində təsbit olunmuşdur. Hazırkı mübahisə də öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla işaxtaran şəxsin məşğulluqla bağlı hüquqlarının cavabdeh orqan tərəfindən pozulub-pozulmaması ilə bağlıdır. Belə olan halda, cavabdehin hərəkətlərinin qanuni olub-olmamasını müəyyən etmək üçün yuxarıda göstərilən Qanuna istinad olunmaqla iddiaçının işlə təmin olunması üçün zəruri prosedur qaydalara riayət edib-edilməməsi araşdırılmalı idi. İşə baxan məhkəmələr isə göstərilən normalara ümumiyyətlə istinad etməmiş, cavabdehin qeyd edilən prosedura riayət edib-etməməsini araşdırmamışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə görə, şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən, İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə görə, şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Həmin Qanunun 9.1.6-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Ərazi Məşğulluq filialının məhkəmə kollegiyasına ünvanladığı 17 yanvar 2022-ci il tarixli, **********9 saylı məktubunda göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 2016-cı ilin mart ayında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1 (işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir) və 5.2 (şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar) maddələrinə əsasən Cavabdehndə 019913 nömrəli qeydiyyat vərəqəsi ilə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Mərkəzə müraciət edərkən vətəndaş əsas istəyinin X1 X14 İstismarı İdarəsində işlə təmin olunmasına köməklik göstərilməsi olmuşdur. Müraciət edən zaman ona Mərkəzdə mövcud olan vakansiyaların idarə, müəssisə və təşkilatlar tərəfindən təqdim edilmiş boş iş yerləri əsasında formalaşdığı izah edilmiş və X1 X14 İstismarı İdarəsinə işə qəbulun həmin təşkilatın özü tərəfindən mərkəzləşmiş formada təşkilatın daxili prosedur qaydalarına əsasən müsabiqə əsasında aparıldığı izah edilmişdir. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sistemində Məşğulluq altsistemi (MAS) yaratmışdır və İddiaçı 2018-ci ilin dekabr ayından Məşğulluq altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaş müxtəlif vaxtlarda bir neçə dəfə Mərkəzə işlə bağlı müraciət etmiş və X1 X14 İstismarı idarəsində işlə təmin olunmaq iddiasında olduğunu bildimişdir. Vətəndaşın müraciətini nəzərə alaraq ona “Məşğulluq haqqında” Qanunun 6.4 (təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyğun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti iş yerləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır) maddəsinə uyğun olaraq 2020-ci ilin iyul ayında X1 X14 İstismarı İdarəsində boş vakant yer olan nəzarət üzrə müfəttiş vakansiyasına elektron göndəriş verilmişdir. Həmçinin, əlavə olaraq "xxxx" MMC-də, Ağsu "xxxx" ASC-də, X12 Təsərrüfatı Mərkəzində fəhlə və X10 İdarəsində hidrologiya üzrə mütəxəssis vakansiyalarına elektron göndəriş verilmişdir. Lakin bütün təşkilatlar vətəndaşın işə qəbulundan imtina etmişlər. İddiaçı bu barədə məlumat verilmiş və işçilərin işə qəbul edilməsində işəgötürənlərin sərbəst olduqları izah edilmişdir. Qanunun 4.1.3 (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğuna) maddəsinə görə vətəndaş İddiaçı həmin qanunun 5.5 (Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır) maddəsinə əsasən işsizlik statusu vermək mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, İddiaçı uzun illərdir ki, pinəçiliklə (ayaqqabı təmiri ilə) məşğuldur və əsas gəlir sahəsi bununla bağlıdır. Buna əsaslanaraq, ona ayaqqabı təmiri biznes ideyası üzrə özünüməşğulluq layihəsinə cəlb olunması tövsiyyə olunmuş və yeni avadanlıaqlarla təmin ediləcəyi izah edilmişdir. Lakin vətəndaş özünüməşğulluq layihəsinə cəlb edilməkdən imtina etmişdir. Vətəndaşın müraciəti hal-hazırda da 8 saylı Ərazi Məşğulluq Filialının nəzarətindədir və Məşğulluq altsistemində vətəndaşa münasib vakansiyalar yaranacağı təqdirdə, ona qanunamüvafiq qaydada köməklik göstəriləcəkdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ilin mart ayında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1 və 5.2 maddələrinə əsasən Cavabdehndə 019913 nömrəli qeydiyyat vərəqəsi ilə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sistemində Məşğulluq altsistemi (MAS) 2018-ci ildə yaratmışdır. İddiaçı 2018ci ilin dekabr ayından Nazirliyin Məşğulluq altsistemində “işaxtaran” kimi qeydiyyata alınmışdır. İddiaçı müxtəlif vaxtlarda bir neçə dəfə Mərkəzə işlə bağlı müraciət etmiş və X1 X14 İstismarı idarəsində işlə təmin olunmaq iddiasında olduğunu bildimişdir. İddiaçının müraciətini nəzərə alaraq ona “Məşğulluq haqqında” Qanunun 6.4 maddəsinə uyğun olaraq 2020-ci ilin iyul ayında X1 X14 İstismarı İdarəsində boş vakant yer olan nəzarət üzrə müfəttiş vakansiyasına elektron göndəriş verilmişdir. Həmçinin əlavə olaraq "xxxx" MMC-də, Ağsu "xxxx" ASC-də, X12 Təsərrüfatı Mərkəzində fəhlə və X10 İdarəsində hidrologiya üzrə mütəxəssis vakansiyalarına elektron göndəriş verilmişdir. Lakin bütün təşkilatlar iddiaçının işə qəbulundan imtina etmişlər. “Məşğulluq haqqında” Qanunun 4.1.3 maddəsinə görə İddiaçı həmin Qanunun 5.5 maddəsinə əsasən işsizlik statusu vermək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçının işlə təmin olunması ilə bağlı qanunla ona həvalə edilmiş prosedur qaydalara riayət etmiş, lakin cavabdehdən asılı olmayan səbəblərə görə iddiaçının işlə təmin edilməsi mümkün olmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının məşğulluqla bağlı hüquqları pozulmamışdır. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı inzibati iş üzrə iddia tələbinin işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda maddi və prosessual hüquq normlarını düzgün tətbiq etməsə də belə, hüquq normalarına istinad etməsə də, iddianın işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı düzgün nəticəyə gəldiyindən qərarın həmin hissədə ləğv edilməsinə lüzum görmür. Belə ki, İPM-in 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas müəyyən etməyərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 saylı qərarı işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar