Məhkəmə qərarları › İş №2-1(107)-30/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-30/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti dövrlərini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-964/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti dövrlərini – illərini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Qanunvericiliyə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən göründüyü kimi onun kifayət qədər əmək stajı vardır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən xx.xx.1980-ci il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı 22 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.256,7 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 saylı aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək X1 əmək fəaliyyəti dövrlərinin həmin idarələrin uzun müddət fəaliyyətlərinin olmaması səbəbindən və maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2879/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

5. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

6. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.

7. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.

8. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

9. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ 64 yaşdan, xx.xx.2019-cu il tarixdə yaranmışdır.

10. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina cavabı verilmişdir.

11. Həmçinin, iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, Fondun 16 saylı Regional ərazi filialının **********0 nömrəli xx.xx.2021-ci il tarixli aktına əsasən vətəndaşın xx.xx.1986-xx.xx.1992-ci illərdə X7 Dəstədə və xx.xx.1992-xx.xx.2006cı illərdə X2 əmək fəaliyyəti dövrləri həmin idarələrin uzun müddət fəaliyyətlərinin olmaması, həmçinin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

12. Bundan əlavə olaraq iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək X2 əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

13. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı 12 il 06 ay 27 gün təşkil edir. Mübahisələndirilən dövrlər ümumilikdə 19 il 5 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.

14. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-964/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1980-ci il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı 22 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.256,7 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 saylı aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək X1 əmək fəaliyyəti dövrlərinin həmin idarələrin uzun müddət fəaliyyətlərinin olmaması səbəbindən və maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)- 964/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-964/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)- 964/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. İddiaçının 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. - Zaqatala rayon Dövlət Arxivi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktub ilə iddiaçının 1986-cı ilin dekabr ayından 1989-cu ilin aprel ayı daxil olmaqla X5 dəstədə işləməsini əks etdirən arxiv sənədlərinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, həmin idarənin arxiv sənədləri tam şəkildə arxivə təhvil verilməmişdir, həmçinin X4 sənədləri arxivdə saxlanılmır. - Cavabdehin etirazına əlavə olunmuş Zaqatala rayon Dövlət Arxivinin 123 nömrəli məktubunda qeyd olunur ki, X6 Dəstənin əmr kitabları rayon Dövlət arxivində saxlanılmadığından vətəndaşın işə qəbul olma və işdən azad olma əmrlərindən çıxarışların verilməsi mümkün olmamışdır. Həmin idarə 1989-cu ilin may ayından Qax rayonuna köçürüldüyündən həmin sənədlər Zaqatala rayon Dövlət Arxivində saxlanılmır. - Cavabdehin etirazına əlavə olunmuş Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********624600 nömrəli məktubunda qeyd olunur ki, dövlət reyestrində X6 Dəstə adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Cavabdehin etirazına əlavə olunmuş Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli 05/08-xx-xx-3403 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 110 nömrəli Qərarı ilə Şəki rayon aqrokimya laboratoriyasının, Qəbələ rayon aqrokimya laboratoriyasının, Oğuz rayon aqrokimya laboratoriyasının, Qax rayon aqrokimya laboratoriyasının, Balakən rayon aqrokimya laboratoriyasının və Zaqatala rayon aqrokimya laboratoriyasının bazasında X11 Laboratoriyası yaradılmışdır. Nazirliyin arxivinə baxış zamanı Zaqatala rayon aqrokimya laboratoriyasının sənədləri aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı əmək fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsi imkan xaricindədir. - Cavabdehin etirazına əlavə olunmuş Şəki ragional aqrokimya laboratoriyasının xx.xx.2021-ci il tarixli 20 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 110 nömrəli qərarına əsasən rayon Aqrokimya Laboratoriyalarının fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 10 mart 2016-cı il 26 nömrəli əmri ilə 2016-cı il 15 mart tarixindən rayon Aqrokimya Laboratoriyalarının fəaliyyətinə xitam verilmişdir. Qanunvericiliyə uyğun olaraq Laboratoriyaların ayrı-ayrılıqda arxivə verilməli olan sənədlərin siyahısını müəyyən edib onların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin arxivinə verilməsi tapşırılmışdır. Məlumat üçün bildirilir ki, X11 Laboratoriyası 2017-ci il tarixdən yaradılıb və fəaliyyətə başlamışdır. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək sürücü; xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək sürücü; xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Mingəçevir avtobazasında sürücü; xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək ikinci dərəcəli sürücü; xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək «СМУ-10» Trestində sürücü işləmiş; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək “Nizami” adına kolxozda sürücümexanizator sürücü işləmiş; xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək sürücü; xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək X3 sürücü işləmişdir. (cəmi 30 il 6 ay 22 gün) - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmət keçmişdir. (cəmi 2 il 10 gün)

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-964/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək sürücü; xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək sürücü; xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Mingəçevir avtobazasında sürücü; xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək ikinci dərəcəli sürücü; xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək «СМУ-10» Trestində sürücü işləmiş; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək “Nizami” adına kolxozda sürücümexanizator sürücü işləmiş; xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək sürücü; xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək X3 sürücü işləmişdir (cəmi 30 il 6 ay 22 gün). İddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmət keçmişdir (cəmi 2 il 10 gün). Göründüyü kimi, iddiaçının hərbi xidmət müddəti daxil ümumi iş stajının 31 il 7 ay 2 gün olduğu müəyyən olunmuşdur. İddiaçının 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə kişilər üçün yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən yaş həddi 64 yaş olmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

34. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-ci il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

35. Bununla bağlı qeyd etmək olar ki, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

36. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti dövrlərini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

38. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2-1(116)-964/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar