Məhkəmə qərarları › İş №2-1(107)-30/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-30/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı əsasında ona satılmış 11,28 ha torpaq sahəsi (0,72 ha meşə fondu torpağı çıxılmaqla) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 avqust 2023-ü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı əsasında ona satılmış 12,00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Çərəcə Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 09 saylı qərarı ilə iddiaçıya 12,00 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Göyçay rayon Çərəcə Bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2004-cü il tarixli alqı-satqı aktı tərtib olunmuşdur. Torpaq sahəsi ayrılmadan əvvəl baxış aktı tərtib edilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyi alınmışdır. Həmçinin, qərar qəbul olunduqdan sonra müvafiq sənədlərin hazırlanması məqsədilə Göyçay rayon Çərəcə bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məktub ünvanlanmışdır. Müraciət əsasında iddiaçının adına sözügedən torpaq sahəsinə dair A seriyalı 329048 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, ona verilmişdir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********56 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarının, xx.xx.2004-cü il tarixli 197 nömrəli torpaqların alqı-satqısına dair aktının, torpaq sahəsinin yerqurluşu planının və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsinin rəyinin surəti təqdim edilmişdir. Bununla bağlı bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmışdır. Qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Daxil edilmiş sənədlərdə göstərilən məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən torpaq sahəsi dvj məlumatlarında bataqlıq kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 32.2-ci maddəsinə əsasən su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 32.3-cümaddəsinə əsasən su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Həmçinin bildirilir ki, balıqçılıq məqsədi ilə torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2081/2023 nörməli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirməklə iddiaya qarşı yazılı münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Çərəcə bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı əsasında iddiaçıya satılmış 12,00 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Göyçay rayonu Çərəcə bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmiş, iş üzrə Göyçay rayonu Çərəkə bələdiyyəsi üçüncü şəxs qismində zəruri qaydada məhkəmə icraatına cəlb edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı əsasında ona satılmış 11,28 ha torpaq sahəsi (0,72 ha meşə fondu torpağı çıxılmaqla) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə etdiyini və iddianın dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunaraq təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmasına etiraz etmədiyini bildirmiş, cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2 avqust 2023-ü il tarixli 2- 1(116)-1536/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı əsasında ona satılmış 11,28 ha torpaq sahəsini vicdansız əldə etməsi müəyyən olunmur. Sözügedən 11,28 ha torpaq sahəsi ona Göyçay rayonu Çərəcə bələdiyyəsi tərəfindən sahibkarlıq (balıqçılıq, istirahət zonası) məqsədilə bilavasitə satılmışdır. Göyçay rayonu Çərəcə bələdiyyəsi tərəfindən torpaq sahəsi ona satılarkən qeyd olunan normativ aktların tələblərinə əməl olunmuş, Göyçay rayon Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı Çərəcə bələdiyyəsinin sədri tərəfindən imzalanmış və Çərəcə bələdiyyəsinə məxsus möhür ilə təsdiq edilmiş, torpaq sahəsini Çərəcə Bələdiyyəsindən satın alarkən qabaqcadan səlahiyyətli orqanın- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi alnmış, torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilmiş dəyəri olan pul bələdiyyənin hesabına əvvəlcədən ödənilməklə onunla Çərəcə bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə (Akt) imzalanaraq həmin müqavilə (Torpaqların alqı-satqısına dair Akt) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmış və həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ Göyçay rayon Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2023-ü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 2 avqust 2023-ü il tarixli 2-1(116)- 1536/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 avqust 2023-ü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Göyçay rayon Çərəcə bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli, 09 nömrəli qərarının surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan Zöhrab Rza oğluna Çərəcə bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yarasız-daşlı bataqlıq torpaq sahəsindən balıqçılıq və istirahət zonası kimi sahibkarlığın inkişafı məqsədilə 12,0 ha torpaq sahəsi “Kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqların kənd təsərrüfatı məqsədləri üçün istifadəsində güzəştlər edilməsi haqqında” Əsasnaməyə uyğun satılmışdır. Göyçay rayonu Çərəcə bələdiyyəsinin DTXK-ya ünvanladığı 16 nömrəli, xx.xx.2004cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin hazırlanmasına göstəriş verilməsi xahiş olunmuşdur. DTXK-nın Göyçay rayon şöbəsinin cavabdeh Ucar ərazi idarəsinə ünvanladığı rəyində qeyd olunur ki, iddiaçıya sahibkarlıq məqsədilə Çərəcə bələdiyyəsinin xx.xx.2004cü il tarixli 09 saylı qərarı ilə satılmış 12,0 hektar torpaq sahəsi alqı-satqı predmeti olan bələdiyyə torpağıdır. Sahibkarlıq məqsədilə iddiaçının mülkiyyətinə verilməsini DTXK-nın Göyçay rayon şöbəsi məqsədə müvafiq hesab edir. DTXK-nın Göyçay rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 197-ci nömrə ilə qeydiyyata alınmış Aktdan görünür ki, iddiaçıya Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 nömrəli qərarı ilə sahibkarlıq (balıqçılıq, istirahət zonası) məqsədilə 12,0 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına əvvəlcədən ödəmişdir. A seriyalı 329048 nömrəli DTXK tərəfindən tərtib olunmuş plan-ölçü sənədindən görünür ki, Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə iddiaçıya 120000 kv.m torpaq sahəsi sahibkarlığın inkişafı üçün verilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 774-cü nömrə ilə uçota alınmışdır. BFİ seriyalı 666358 nömrəli xx.xx.2004-cü il tarixli kassa mədaxil orderin qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Üçüncü şəxs Çərəkə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 25 nömrəli məktubunda qeyd olunmuşdur ki, 2004-cü il tarixində Cəyirlı (Şıxlar), Çərəcə kəndlərini Çərəcə bələdiyyəsi idarə etmişdir. 2009-cu il 29 may tarixində Cəyirli (Şıxlar), Çərəcə və Çərəkə kəndlərində “Çərəkə” bələdiyyəsi yaradılmışdır. 2011-ci ilə qədər olan bütün bələdiyyəyə məxsus sənədlər X3 Filialına təhvil verilmişdir. Çərəkə bələdiyyəsi X3 Filialına məktubla müraciət edərək, Çərəcə bələdiyyəsinə məxsus 2004-cü il tarixində olan sənədlərin Çərəkə bələdiyyəsinə göndərilməsini xahiş etmişdir. Çərəkə bələdiyyəsinin yuxarıda göstərilən məktubuna əlavə olunmuş X3 filialının xx.xx.2023-cü il tarixli 116 nörməli məktubunda qeyd olunmuşdur ki, Göyçay rayon Çərəcə Bələdiyyəsi torpaq alqı-satqı sənədlərini Arxivə təhvil verməmişdir. Yalnız iclas protokollarını təhvil vermişdir ki, həmin protokollar araşdırılarkən 2004-cü ildə İddiaçı torpaq sahəsi satılması barədə heç bir sənəd aşkar olunmadı. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2034/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılan, ləğv edilmiş DTXK tərəfindən tərtib edilən **********0001 (blank № 329048) Torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları ilə müəyyənləşən 12,0 ha torpaq sahəsinin 11,28 ha hissəsi elektron bazada təqdim edilən torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, islahat uqodiyası şoranlıq, uqodiyası su anbarı, nohurlar göstərilmişdir. Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılan, ləğv edilmiş DTXK tərəfindən tərtib edilən **********0001 (blank № 329048) Torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları ilə müəyyənləşən 12,0 ha torpaq sahəsinin 0,72 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən meşə fondu torpaqları ilə üst-üstə düşür. Torpaq sahəsi faktiki olaraq süni göl kimi sitifadə olunur. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə naturada göstərilən torpaq sahələrinin yerləşmə vəziyyəti sxemdə göstərilmişdir. Azərbaycan respublikası Milli Arxiv İdarəsi X3 filialı məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 223 nömrəli cavab məktubunda bildirmişdir ki, Göyçay rayon Çərəcə bələdiyyəsinin 2004-cü ilə dair sənədləri araşdırılarkən məlum oldu ki, xx.xx.2004-cü il tarixdə ümumiyyətlə iclas keçirilməmişdir. Bələdiyyənin 09 nömrəli iclası isə xx.xx.2004-cü ildə keçirilmişdir. Ümumiyyətlə 2004-cü ilin iclas protokollarında İddiaçı torpaq sahəsi satılması barədə heç bir qərar yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

24. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanununun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir.

25. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004cü il tarixli 09 saylı iclasının qərarı ilə satıldığını iddia etsə də, həmin bələdiyyənin 09 saylı iclası xx.xx.2004-cü il tarixdə keçirilmişdir. Göyçay arxivinin birinci instansiya məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, 2004-cü ilin iclas protokollarında iddiaçıya torpaq sahəsinin satılması nə müzakirə edilməmiş, nə də ki, belə bir məsələ üzrə qərar qəbul edilməmişdir. İddiaçının qərar qismində istinad etdiyi sənəd isə Göyçay rayonu Çərəcə bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli qərarından ibarətdir.

33. Bununla bağlı qeyd edilməlidir ki, bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən Göyçay rayonu Çərəcə bələdiyyəsinin sədrinin xx.xx.2004-cü il tarixli qərarı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilmir.

34. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi kənarları kol-kos və ağaclarla əhatələnmiş su ilə dolu olan bir ərazidir.

35. Göründüyü kimi iş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq sahibkarlığın inkişafı məqsədilə ayrılmışdır, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan ərazidə süni göl yaradılmışdır.

36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Çərəcə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 09 saylı qərarı əsasında ona satılmış 11,28 ha torpaq sahəsi (0,72 ha meşə fondu torpağı çıxılmaqla) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, adına müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 avqust 2023-ü il tarixli 2-1(116)-1536/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar