Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-30/2025 16.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X13 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış (evinə və həmin) evin yerləşdiyi 416 (dörd yüz on altı) kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2-1(116)-810/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə hazırlanmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarış və texniki pasportda düzəliş edərək, torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edərək iddiaçıya yeni Dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili 09 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 416 (dörd yüz on altı) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayon Dövlət Notariat kontorunda təsdiq olunmuş 05 dekabr 2000-ci il tarixli 3M-İ/99 reyestr nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanda, 416 kv.metr torpaq sahəsində yerləşən evi almışdır. Ona məlum olmayan səbəbdən həmin evin həyətyanı torpaq sahəsinə nə əvvəlki mülkiyyətçinin, nə də mərhum ərinin adına Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmamışdır. Bu yaxınlarda həmin evə çıxarış almışdır. Lakin həmin çıxarışda evin həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Odur ki, mərhum əri X3 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın Torpaq sahəsinin mülkiyyət növünün “xüsusi”, Torpaq sahəsi üzərində hüququn növünün isə “mülkiyyət” kimi yazılmaqla mərhum ərinin adına yeni çıxarış verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina məktubu vermişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşaış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, Oğuz Rayonu Notorıat Kontorunda fərdi yaşaış evinə dair alqı-satqı müqaviləsi bağlarkən torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Bildirmək istəyirik ki, Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir sənəd aşkarlanmadır. Eyni zamanda qeyd etmək istəyirik ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hazırlanmış xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasport hazırlanarkən qanuna müvafiq şəkildə hazırlanmışdır və həmin xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasport sənədlərində düzəlişin aparılması və sözü gedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyana torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edilərək mülkiyyət hüququnun qeydiyyata alınaraq adma yeni Çıxarış və texniki pasport sənədləri verilməsi ilə bağlı tələbi Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinnİn 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 iyun 2024-cü il tarixli, 2- 1(116)-810/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilməmişdir. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşaış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir.Oğuz Rayonu Notoriat Kontorunun xx.xx.2000-ci il tarixli 3M-1/89 nömrəli alqısatqı müqaviləsinə əsasən X8 məxsus olmuş yalnız fərdi yaşayış evi sizə satılmışdır. Qeyd edilən 0.06 ha torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsində heç bir qeyd yoxdur. Buna görədə Ərazi İdarəsinin Oğuz rayon şöbəsinə müraciətiniz əsasında yalnız fərdi yaşayış evi qeydiyyata alınmışdır. Belə ki, Oğuz Rayonu Notoriat Kontorunda fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlarkən torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir sənəd aşkarlanmamışdır. Eyni zamanda, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hazırlanmış xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasport hazırlanarkən qanuna müvafiq şəkildə hazırlanmış və həmin xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasport sənədlərində düzəlişin aparılması və sözü gedən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini xüsusi mülkiyyət kimi qeyd edilərək mülkiyyət hüququnun qeydiyyata alınaraq adına yeni Çıxarış və texniki pasport sənədləri verilməsi ilə bağlı tələbi Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2-1(116)-810/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2-1(116)-810/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024cü il tarixli, 2-1(116)-810/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxslər iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir. - xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Oğuz Rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 77 nömrəli məktubu. - AZ-İİ 047685 seriya nömrəli ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X12 özünə məxsus fərdi yaşayış evini X2.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikası Mülki məcəlləsi: Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsi ilə əsaslandıraraq iddianın təmin olunması qənaətinə gəlmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı əldə olunan 24 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5815/2024 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,037946 hektar torpaq sahəsi və üzərindəki qeyri yaşayış tikililəri (çayxana, 2 ədəd mağaza) yerləşən ərazi, Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı olan Oğuz bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. X7 X10 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı (ticarət obyekti), bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,037946 hektar torpaq sahəsi Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,037946 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici (çıxarış, şəhadətnamə) sənədlər tərtib edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ərazisi 0,037946 hektardır, koordinatları və mövcüd vəziyyəti tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir.
27. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi hissəsinə münasibətdə qeyd edir ki, işin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan fərdi yaşayış evi mülkiyyətçisi tərəfindən X1. Həmin fərdi yaşayış evinin iddiaçının mərhum ərinə satılması barədə tərəflər arasında xx.xx.2000-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh inzibat orqan həmin sənəd əsasında X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu qeydə almışdır. Məhkəmə kollegiyasının iclasında isə tərəflər həmin yaşayış evinin tam uçurulduğunu və hazırda mövcud olmadığını bildirmişlər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər.
29. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının iddia tələbi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə təmin edilə bilməz.
30. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 416 (dörd yüz on altı) kv.metr torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır.
31. Belə ki, Azərbaycan Respublikası Topraq Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
32. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddiaçının mərhum ərinə alqısatqı müqaviləsi əsasında satılmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da ona məxsusdur. Lakin iddia tələbində həmin torpaq sahəsinin ölçüsü 416 kv.m qeyd ediləsə də, işdə olan mütəxəssis rəyindən və tərəflərin məhkəmə kollegiyasında verdikləri izahatlardan müəyyən edilir ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş torpaq sahəsinin ölçüsü 0,037946 hektardır.
33. Belə olan halda, məhkəmə kollegiyası iddia tələbi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,037946 hektar hissəsində təmin olunmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
35. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,037946 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2-1(116)-810/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,037946 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.