Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-301/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1984-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmış və N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, xidmətini araşdırmaq və müsbət qərar qəbul etmək mümkün olmadığı üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazı: İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin iyul, oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletdə iddiaçının N nömrəli hərbi hissədə xidmətinə dair qeydlər isə hərbi hissə komandirinin imzası və möhürü ilə təsdiq edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/O-18444 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli 9/2-18115 nömrəli arxiv arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/652 nömrəli məktubu, Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/1175 etiraz məktubu, Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-4515-1220 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/966 nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 600/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-600/2020 nömrəli qərarından narazıdır və hesab edir ki, həmin qərar qanuni və əsaslı deyildir. Belə ki, o 1992-ci il tarixdə X1 uğrunda gedən döyüşlərdə könüllülərdən ibarət Zakatala batalyonunun tərkibində 3 ay müddətində döyüşlərdə iştirak etmiş və müharibədən geri qayıdaraq Zakatala Hərbi Komissarlığında qeydiyyata düşmüş. Qeydiyyata düşməyi Hərbi biletimin 7-ci səhifəsində Zakatala Hərbi Komissarının möhürü ilə təsdiq edilmişdir. Bütün yuxarıda qeyd edilən xüsusatlar Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-600/2020 nömrəli qərarında öz əksini tapmamışdır. Qərarda sadəcə məhkəmə hərbi-hissə komandirinin imza və möhrünün olamamasına əsaslanmış, onun könüllü olaraq N nömrəli hərbi hissəsnin tərkibində vuruşduğumu nəzərə almamışdır. Nəticədə onun müharibə veteranı adı almaqla bağlı qanuni hüquqlarım pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisaləndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən nərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020 nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan, xx.xx.2019-cu il tarixli 9/2-18115 nömrəli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv arayışından görünür ki, iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sübut aşkar olunmamışdır. Belə olan halda həmin şəxs veteran adını daşımaq hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-600/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-301/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-301/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver