Məhkəmə qərarları › İş №2-1(107)-302/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-302/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-302/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 rayonu Aşağı Tala kəndində yerləşən 112,7 kv.m mağaza binasını Zaqatala rayon Kooperativlər Cəmiyyəti ilə Notarial qaydada bağlanılmış 01.07.1999-cu il tarixli 3-M-4-143 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 18 saylı Ərazi İdarəsi tərəfindən 15.04.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Aşağı Tala kənd İcra Nümayəndəliyinin 06 avqust 1999-cu il 53 nömrəli sərəncamına əsasən Aşağı Tala kəndində yerləşən 16 nömrəli mağazanın Zaqatala rayon Kooperativlər Cəmiyyətinə dəyəri ödənilərək iddiaçının mərhum anası X9 tərəfindən xüsusiləşdirildiyini nəzərə alaraq həmin mağaza ətrafında olan 0,06 ha torpaq sahəsinin də alqı-satqı yolu ilə həyətyanı torpaq sahəsi kimi verilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncam 18.08.1999cu il tarixində Zaqatala rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İddiaçının mərhum anası tərəfindən 0,06 ha torpaq sahəsinin dəyəri ödənildikdən sonra alqı-satqıya dair akt bağlanmış, 09 sentyabr 1999-cu il tarixli 225 nömrəsi ilə Zaqatala rayon torpaq şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı qeyri-yaşayış binasının yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 29.12.2019-cu il tarixli, **********49 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı mərhum anası X7 məxsus ünvan 2ində yərləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 09 sentyabr 1999-cu il tarixli, 225 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən X3 qeyri-yaşayış binasının yerləşdiyi ərazi Xidmətin 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza xəritələrində dövlət mülkiyyəti kimi öz əksini tapmışdır. Qeyd olunan torpaq sahəsinin mülkiyyət növünün müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi tərəfindən 15 avqust 2019-cu il tarixli, ********** saylı məktubla cavablandırılmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, “Elektron baza və son kompleks yerquruluşu xəritələrində hüquqları dövlət qeydiyyatına alınmalı olan torpaq sahəsi dövlət mülkiyyəti kimi öz əksini tapmışdır”. Qeyd olunanlara əsasən İddiaçı ərizəsinin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu halda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.0.39-cu bəndinə əsasən fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Birinci instansiya məhkəməsi iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Birinci instansiya məhkəməsi iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 nömrəli qərarı ilə, iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsini mərhum anası alqı-satqı müqaviləsi əsasında almasını, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin mövcud olması faktını təsdiq etsə də, yekun qərar qəbul edərkən torpaq sahəsinin elektron baza xəritələində dövlət torpağı kimi öz əksini tapmasına istinad etmişdir. Halbuki, həmin torpaq sahəsinin alqı-satqı əsasında mərhum anasına verilməsi inkar edilməmişdir. Belə olan təqdirdə mərhum anasına məxsus olan 0.06 ha torpaq sahəsinin mülkiyyətçisi kimi mərhum anası tanınmaqla dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul etməli idi. Çünki, mərhum anası alqı-satqı müqaviləsi bağlayarkən həmin torpaq sahəsinin Zaqatala Rayon İcra Hakimiyyətinin mülkiyyətində olduğunu, icra orqanı ilə bağlanmış müqavilə əsasında isə bütün hüquqlarının ona keçdiyini zənn edirdi. Sonradan mübahisəli dövlət toraq sahəsinin anasının mülkiyyəti kimi deyil, dövlət mülkiyyəti kimi elektron bazaya yerləşdirilməsi vətəndaşın mülkiyyət hüquqlarının pozulmasından başqa bir şey deyildir. Həmçinin həmin əmlakın dövlət mülkiyyətinə alınması haqqında onlara heç bir məlumat verilməmiş, eyni zamanda əvəzi ödənilməmişdir. Məhkəmənin qərarına nəzər yetirilərsə mərhum anasına məxsus olmuş mübahisəli əmlaka dair mülkiyyət hüquqlarının mövcudluğu təsdiq edilmiş, lakin hansı hüquqi əsasla vətəndaşın mülkiyyətində olan əmlakın dövlət mülkiyyətinə keçirilməsi əsaslandırılmamış, izah edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 23.04.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, 11.12.2004-cü il tarixdə vəfat etmiş X6 vərəsələri əri-Yekibaşov Qurban Rəcəb oğlu və oğlu İddiaçıdur. 559798 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 11.12.2004-cü il tarixdə vəfat etmişdir. Aşağı Tala kənd İcra Nümayəndəliyinin 06.08.1999-cu il tarixli, 53 nömrəli sərəncamından çıxarışından görünür ki, sərəncama əsasən ünvan 2ində yerləşən 16 nömrəli mağazanın xüsusiləşdirildiyi nəzərə alınaraq onun ətrafında olan 0.06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə X1 qərara alınmışdır. Qərara əsasən 12.08.1999-cu il tarixli “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri əvvəlcədən M.Əhmədova tərəfindən “X26”nın 101001 nömrəli hesabına ödənilmişdir (11.08.1999-cu il tarixli, 22 nömrəli qəbz). RX seriyalı ******* nömrəli 15.04.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən ümumi sahəsi 112.70 kv.m olan qeyri-yaşayış binası X6 mülkiyyətinə verilmişdir. 31.05.2017-ci il tarixli Aktın surətindən görünür ki, 0.06 ha torpaq sahəsinin iddiaçının mərhum anasına alqı-satqı yolu ilə həyətyanı torpaq sahəsi kimi verilməsi Aşağı Tala kənd icra nümayəndəliyinin 06.08.1999-cu il tarixli, 53 nömrəli sərəncamında nəzərdə tutulmuş və həmin sərəncam 18.08.1999-cu il tarixdə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. M.Əhmədova torpaq sahəsinin dəyərini əvvəlcədən ödədikdən sonra tərəflər arasında alqı-satqı aktı bağlanmış, 09.09.1999-cu il tarixli 225 nömrəsi Zaqatala rayon torpaq şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Lakin aparılmış kadastr ekspertizası və ölçü işləri nəticəsində məlum olmuşdur ki, qeyd olunan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi elektron baza xəritələrində dövlət torpağı kimi öz əksini tapmışdır. Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X14 ona məxsus olan Zaqatala RKC-nin balansında olan Aşağı Tala kəndində yerləşən 16 saylı mağazanı X2. RX seriyalı ******* nömrəli, 15.04.2017-ci il tarixli çıxarışın və qeyri-yaşayış binasının Texniki pasportunun təsdiq edilmiş surətlərindən görünür ki, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 112.70 kv.m olan qeyri-yaşayış (mağaza) binası iddiaçının mərhum anası X6 mülkiyyətində olmuş, M.Əhmədovanın vəfatından sonra isə hər birinə 1/2 hissə olmaqla mərhumun əri və oğlu (hazırkı iş üzrə iddiaçı) arasında bölünmüş və iddiaçının adına ********** qeydiyyat nömrəli, 29.09.2020-ci il tarixli çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2-97-2000 nömrəli, 17.07.2000-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin iş üzrə iddiaçı X6 cavabdehlər X15 və X13 qarşı “torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsi”nə dair iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 2-97-2000 nömrəli, 17.07.2000-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ЗД-389 nömrəli 30.07.2000-ci il tarixli qərardadı ilə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 23.01.2002-ci il tarixli, 2- 7/205 nömrəli qətnaməsinin surətindən görünür ki, X6 Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin sədri X10 qarşı “mülkiyyətində olan mağazaya və ona bitişik torpaq sahəsinə eni 2.65 metr və o qədər də uzunluğu olan yolun kəndin baş yoluna bitişməklə gediş-gəliş üçün açılması”na dair iddia tələbi təmin edilmişdir. M.Mustafayev tərəfindən verilən apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01.04.2002-ci il tarixli, 1028/2002 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23.01.2002-ci il tarixli, 2-7/205 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6K-1261 nömrəli, 11.09.2002ci il tarixli qərarı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01.04.2002-ci il tarixli, 1028/2002 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan 16.07.2020-ci il tarixli, **********66 nömrəli vəsatətində qeyd etmişdir ki, torpaq sahələrinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu halda fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Odur ki, cavabdeh orqan İPM-in 28-ci maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 11.11.2020-ci il tarixli, 2-1(116)-117/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. ƏMDK-nın Şəki ərazi şöbəsinin iş üzrə cavabdehə ünvanladığı məktubda qeyd edilir ki, elektron baza və son kompleks yerquruluşu xəritələrində hüquqları dövlət qeydiyyatına alınmalı olan torpaq sahəsi dövlət mülkiyyəti kimi öz əksini tapmışdır. Cavabdehin 24.11.2020-ci il tarixli, **********70 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı və Yekibaşov Qurban Rəcəb oğlunun adına paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış binasının şimal istiqamətində yerləşən mülkiyyət növü dövlət torpağı olan sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, cənub və qərb istiqaməti yol zolaqları, şərq istiqaməti isə X11 mülkiyyətinə verilmiş 0,1036 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-1524A nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 04.12.1997-ci il tarixli, 64 nömrəli qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi X12 mülkiyyətinə verilmişdir. Bununla bağlı M.Qocayevanın adına RX seriyalı, ******* nömrəli, 17.07.2014-cü il tarixli çıxarış tərtib edilmişdir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş, Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir. Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: Ərizə;Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə);Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti;özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Əsasnamənin 13-cü bəndinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə cavabdehin 29.12.2019-cu il tarixli, **********49 nömrəli məktubundan göründüyü kimi 09 sentyabr 1999-cu il tarixli, 225 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən X3 qeyri-yaşayış binasının yerləşdiyi ərazi Xidmətin 18 saylı Zaqatala Ərazi İdarəsində mövcud olan elektron baza xəritələrində dövlət mülkiyyəti kimi öz əksini tapmışdır. Belə ki, Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərindəAzərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, yuxarıda sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.Buda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi düzgün оlаrаq qeyd etmişdir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(116)-25/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar