Məhkəmə qərarları › İş №2-1(107)-303/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-303/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-303/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə mənə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalın olduğuna görə ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2006-cı il tarixli seriya ÇİL 285370 №-li mədaxil qəbzində qeyd olunmuş məbləğ nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1, 22-1.2.1-ci maddələri ilə əsaslandırmış, xx.xx.2006-cı il tarixli seriya ÇİL 285370 №-li mədaxil qəbzində qeyd olunmuş məbləğin fərdi hesabın sığorta hissəsində qeyd edilmiş məbləğ kimi nəzərə alınmalı olmasını qeyd etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının (15876,45 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: JN-1300, kod40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, ismayıllı rayonu AİK-nın xx.xx.1999-cu il tarixli 66 saylı qərarı ilə Orucalıyev Əmrullah qanı oğluna (4 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrfüatı məhsulları istehsalı məqsədilə 1.11 ha torpaq sahəsi verilmişdir. xx.xx.2006-cı il tarixli seriya ÇİL 285370 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı 2002-2006-cı illər üçün 8 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının olduğunu iddia etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubunda İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd alınmadığı bildirilmişdir. İşin tam və hərtərəfli araşdırılması məqsədi ilə Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2022-ci il tarixli **********6 nömrəli verilmiş sorğuya xx.xx.2022-ci il tarixli **********7 nömrəli cavab məktubunda bildirilmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN xxxxxxx) xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir”. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliklə müəyyən edilən şərtlər ödənildiyi halda yaşa görə pensiya hüququ 64 il 6 ayla 01.01 2020-ci il tarixdə yaranır. İş materiallarına əsasən Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən əmək fəaliyyəti dövrü aşağdakı dövrlər hesab olunur: xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək - 6 ay 16 gün, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək - 8 ay 12 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 19 il 2 ay 13 gün və ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 4 ay 22 gün nəzərə alınmaqla ümumilikdə sosial sığorta stajı 20 il 10 ay 3 gün təşkil edir və bu qanunvericiliklə tələb edilən sosial sığorta stajından (25 il ) azdır. İddiaçı 20 il 10 ay 3 gün sosial sığorta stajına uyğun olaraq fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 15876,45 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin yuxarda qeyd edildiyi kimi İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd olunması iddiası üzrə aparılan araşdırma nəticəsində məlum olmuşdurkı iddia edilən ödənişlər üzrə təqdim edilmiş 24 may 2006-cı il tarixli seriya ÇİL №285370 nömrəli mədaxil qəbzində göstərilən məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar İddiaçı tərəfindən müvafiq hesabat məlumatları təqdim edilmədiyindən fərdi şəxsi hesabda əks olunmamışdır. Beləliklə İddiaçın oğlunun 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, İddiaçı tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiya almaq hüququ yaranmır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Ona görə də İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)- 728/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: İddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; Fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 64.5 yaşda – xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi xx.xx.2006-cı il tarixli seriya ÇİL 285370 №-li mədaxil qəbzində 8 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə qeyd vardır. Müvafiq qəbz xx.xx.2006-cı il tarixdən sonra tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Ödənilmiş sığorta haqqının hər hansı bir informasiya sistemində yerləşdirilməsi isə iddiaçının vəzifəsi deyil. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözgedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını birbaşa sübut edir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixli seriya ÇİL 285370 №-li mədaxil qəbzində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmalı olan məbləğ kimi nəzərdən keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(116)-728/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar