Məhkəmə qərarları › İş №2-1(107)-304/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-304/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-304/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qurbanov Məhəmmədcavan Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional Ərazi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xx.xx.1981-ci ildən xx.xx.2007ci ilədək "xxxx" ASC-də işləmiş olduğu illərin sosial sığorta stajına daxil edilməklə 65 yaşı bitdiyi üçün ona xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərardadı ilə cavabdeh DSMF PHŞ-nin 13 saylı Regional ərazi filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialı ilə əvəz edilmişdir.

3. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialı – hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin, hərbi xidmətdə olduğu və təhsil aldığı müddəti nəzərə almaqla, əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, hərbi bilet, attestat) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1981-xx.xx.2007-ci illər ərzində əmək fəaliyyəti müddətinin yoxlanılmasının mümkün olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyul 2022-ci il tarixli 2- 1(116)-447/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı təqdim edilən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında xx.xx.1981-xx.xx.2007-ci illərdə Ağdaş Kəndkimya ASCdə işlədiyi qeyd edilsə də 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən həmin idarənin ********** nömrəli VÖEN-lə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatından keçməsi, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra X3 fərdi uçot məlumatlarında kapitalın olmadığı və idarənin hazırda fəaliyyətinin olmaması səbəbindən əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il əmək (sığorta) stajı qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən ona əmək pensiyası təyin etmək qanunamüvafiq hesab edilməmişdir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Ağdaş Kəndkimya ASC-nin əmr kitabları Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Müəssisənin mövcudluğu və müvafiq sənədlərin təqdim edilməsi məqsədilə cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Statistika Komitəsinə və Milli Arxiv İdarəsinə sorğu ilə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 50 nömrəli Ağdaş Rayon Dövlət Arxivinin sorğuya cavab məktubundan görünür ki, Ağdaş Kəndkimya ASCninsənəd və materialları Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01/3-2937 nömrəli Dövlət Statistika Komitəsinin sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində Ağdaş Kəndkimya ASC xx.xx.1996-cı il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 233 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" Birliyinin bazasında Ağdaş Kəndkimya ASC yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda Ağdaş Kəndkimya ASC-nin xx.xx.1998-ci il tarixli 233 nömrəli sərəncam ilə yaradıldığı qeyd olunsa da, Dövlət Statistika Komitəsinin məktubunda Ağdaş Kəndkimya ASC-nin Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində xx.xx.1996-cı il tarixdən qeydiyyatda olduğu qeyd edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2- 1(116)-447/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından və H3 ******* №-li hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974xx.xx.1976-ci illərdə hərbi xidmətdə olmuşdur. - xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1974-xx.xx.1974 (4 ay 13 gün), xx.xx.1976-xx.xx.1976 (1 ay 7 gün), xx.xx.1978-xx.xx.1979 (7 ay 29 gün), xx.xx.1979xx.xx.1979 (7 ay 2 gün), xx.xx.1979-xx.xx.1981 (1 il 9 ay 4 gün), xx.xx.1981-xx.xx.2007 (25 il 11 ay 26 gün) - cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçıya aid müavinət işindən görünür ki, iddiaçıya 2-ci qrup əlilliyə görə xx.xx.2013-xx.xx.2014-cü illər üzrə əlilliyə görə pensiya təyin edilmiş, tələb olunan staj 14 il 04 ay, xx.xx.2006-cı ilədək faktiki staj 29 il 10 ay qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdaş Kəndkimya ASC xx.xx.1996-cı ildən qeydiyyatdadır. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2009-cu ildir. - "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 01 saylı ümumi iclasının protokolundan görünür ki, balansda olan 657930 zavod nömrəli, 657930 şassi nömrəli, 518730 mühərrik nömrəli MTZ-80 traktoru İddiaçı satılmışdır. - "xxxx" ASC əmrlər kitabından görünür ki, iddiaçı ilə bağlı xx.xx.1996-cı ildə əmək məzuniyyətinə buraxılması, 2004 və 2005-ci illərə aid “əvvəlki illərdə olduğu qaydada ona təhvil verilmiş texnikada icarə işinə başlaması, icarədə olduğu üçün idarədən şəxsə əmək haqqı hesablanmaması” barədə qeydlər vardır. - Ağdaş rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 50 №-li məktubundan görünür ki, Ağdaş rayon "xxxx" ASC-nin sənəd və materialları arxivə təhvil verilməmişdir. - xx.xx.1970-ci ildə Dövlət Texniki peşə Təhsili Komitəsi tərəfindən verilmiş 824 №- li attestatdan görünür ki, iddiaçı xx.xx.1969-xx.xx.1970-ci illərdə texniki peşə təhsili almışdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmə kollegiyasının sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1996-cı il tarixdə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin dövlət reyestrində "xxxx" ASC 11 iyun 1996-cı il tarixdən qeydiyyatdadır. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məhkəmə kollegiyasının sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan SSR X5 Komitəsinin 1986-cı il 21 aprel tarixli 205 nömrəli əmrinin 2 nömrəli əlavəsinə əsasən Ağdaş rayon X6 “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 1997-ci il 17 mart tarixli 04 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olan “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi ləğv edilərək birliyin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

23. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.

24. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına və H3 ******* №-li hərbi biletinə əsasən, iddiaçı xx.xx.1974- xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət xx.xx.1974-xx.xx.1974 (4 ay 13 gün), xx.xx.1976-xx.xx.1976 (1 ay 7 gün), xx.xx.1978-xx.xx.1979 (7 ay 29 gün), xx.xx.1979xx.xx.1979 (7 ay 2 gün), xx.xx.1979-xx.xx.1981 (1 il 9 ay 4 gün), xx.xx.1981-xx.xx.2007 (25 il 11 ay 26 gün) müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçıya aid müavinət işindən görünür ki, iddiaçıya 2-ci qrup əlilliyə görə xx.xx.2013xx.xx.2014-cü illər üzrə əlilliyə görə pensiya təyin edilmiş, tələb olunan staj 14 il 04 ay, xx.xx.2006-cı ilədək faktiki staj 29 il 10 ay qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdaş Kəndkimya ASC xx.xx.1996-cı ildən qeydiyyatdadır. Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.1998-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2009-cu ildir. "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 01 saylı ümumi iclasının protokolundan görünür ki, balansda olan 657930 zavod nömrəli, 657930 şassi nömrəli, 518730 mühərrik nömrəli MTZ-80 traktoru İddiaçı satılmışdır. "xxxx" ASC əmrlər kitabından görünür ki, iddiaçı ilə bağlı xx.xx.1996-cı ildə əmək məzuniyyətinə buraxılması, 2004 və 2005-ci illərə aid “əvvəlki illərdə olduğu qaydada ona təhvil verilmiş texnikada icarə işinə başlaması, icarədə olduğu üçün idarədən şəxsə əmək haqqı hesablanmaması” barədə qeydlər vardır. Ağdaş rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli 50 №-li məktubundan görünür ki, Ağdaş rayon "xxxx" ASC-nin sənəd və materialları arxivə təhvil verilməmişdir. xx.xx.1970-ci ildə Dövlət Texniki peşə Təhsili Komitəsi tərəfindən verilmiş 824 №- li attestatdan görünür ki, iddiaçı xx.xx.1969-xx.xx.1970-ci illərdə texniki peşə təhsili almışdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İddiaçı, xx.xx.2021-ci ilədək əlilliyə görə əmək pensiyası aldığını bildirmiş və təyin ediləcək yaşa görə əmək pensiyasının - əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan hesablanmasını xahiş etmişdir.

33. İş materiallarında iddiaçıya məxsus əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 29 il 5 ay 21 gün qeyd edilmişdir. İddiaçının işdən azad olunması ilə bağlı əmək kitabçasında müvafiq əmrin nömrəsi və tarixi qeyd edilməmişdir. Həmçinin, iddiaçının işdən azad olunma tarixi xx.xx.2006-cı ildən sonraya aid olmasına baxmayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunduğu tarix (xx.xx.2007-ci il) "xxxx" ASC tərəfindən MTZ-80 traktorunun iddiaçıya satıldığı tarixlə eynidir.

34. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı ildən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti müddəti onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, 2004-2005-ci illərə aid əmrlərdə iddiaçı ilə bağlı “əvvəlki illərdə olduğu qaydada ona təhvil verilmiş texnikada icarə işinə başlaması, icarədə olduğu üçün idarədən şəxsə əmək haqqı hesablanmaması” barədə qeydlər mövcuddur. Nəzərə alınmalıdır ki, müvafiq kənd təsərrüfatı texnikası "xxxx" ASC tərəfindən məhz orada işləyən şəxslərin icarəsinə verildiyindən, iddiaçının 2005-ci ilədək həmin müəssisədə işləməsi heç bir şübhə doğurmur. 2005-ci ilə aid 4 №-li əmrdə (v bəndi) qeyd edilir ki, işlədilən texnikalar icarə pulunu müqavilə əsasında göstərilən miqdarda vaxtında ödəyə bilməyəndə şəxs müqavilə öhdəliyini pozarsa, həmin vaxtı işdən azad edilir.

35. Görünüdüyü kimi, iddiaçıya icarə əsasında kənd təsərrüfatı texnikası verildiyindən ona əmək haqqı hesablanmamış, lakin icarə müqaviləsinin şərtlərinə əməl olunduğu müddətdə "xxxx" ASC-nin işçisi sayılmışdır. Hər bir halda iddiaçının "xxxx" ASCdə işlədiyi müddəti, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtinin tələb olunmadığı xx.xx.2002-ci illədək qəbul edib (xx.xx.1981-xx.xx.2002) onun ümumi sosial sığorta stajı hesabladıqda (hərbi xidmət və təhsil müddəti daxil olmaqla), 26 il 10 ay 9 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

36. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı təqdim edilən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında xx.xx.1981-xx.xx.2007-ci illərdə Ağdaş Kəndkimya ASCdə işlədiyi qeyd edilsə də 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən həmin idarənin ********** nömrəli VÖEN-lə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatından keçməsi, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra X3 fərdi uçot məlumatlarında kapitalın olmadığı və idarənin hazırda fəaliyyətinin olmaması səbəbindən əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il əmək (sığorta) stajı qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən ona əmək pensiyası təyin etmək qanunamüvafiq hesab edilməmişdir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi Ağdaş Kəndkimya ASC-nin əmr kitabları Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir.

37. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmə kollegiyasının sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1996-cı il tarixdə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin dövlət reyestrində "xxxx" ASC 11 iyun 1996-cı il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məhkəmə kollegiyasının sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan SSR X5 Komitəsinin 1986-cı il 21 aprel tarixli 205 nömrəli əmrinin 2 nömrəli əlavəsinə əsasən Ağdaş rayon X6 “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 1997-ci il 17 mart tarixli 04 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olan “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi ləğv edilərək birliyin tabeliyində olan müəssisə və obyektlər özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir.

38. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

39. Göründüyü kimi, 1 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır.

40. Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz.

41. Bununla belə, cavabdeh orqan əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.

42. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının “”Ağdaşkəndkimya” ASC-də işləmiş olduğu illəri nəzərə almaqla xx.xx.2021-ci ildən (əlilliyə görə təyin edilmiş pensiyanın müddəti bitdiyi vaxtdan) yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

43. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2-1(116)-447/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar