Məhkəmə qərarları › İş №2-1(107)-304/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-304/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-304/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9da yerləşən 13 saylı mənzilə dair 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarından İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzilə dair 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Şəki Kommersiya Məhkəməsinin 29 yanvar 2021ci il tarixli e-2-2(117)-7/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC iddiaçıya qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat 28 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan İsmayıllı şəhəri, H.Əliyev pr, ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin ondan tutularaq ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi tələbi” iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-7/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətləri verilmişdir. Lakin hər iki instansiya məhkəmələrinə verilmiş şikayət təmin edilməmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-7/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi "xxxx" ASC-nin İsmayıllı filialı ilə bağlanmış 16 may 2014cü il tarixli 179/14 SKMF nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun bank iddiaçıdan tələb edilə bilməməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, əsas öhdəliyə xitam verilmişdir. Belə olan halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir və məhkəmə aktları ilə "xxxx" ASC ilə bağlanmış həmin müqavilə üzrə iddiaçının öhdəliyi yaranmadığından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ipoteka müqaviləsi əsasında yüklü edilmiş daşınmaz əmlak girovdan azad edilməlidir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(117)-7/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin iddiaçıya məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 9 mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin də iddiaçıdan tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddiası rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(117)-7/2021 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Yenidən iddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-ə qarşı ipotekaya xitam verilməsi ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-194/2022 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Təqdim olunan məhkəmə qərarlarından da görünür ki, ipoteka müqaviləsinə xitam verilməmiş və aidiyyəti qurumun ipotekadan azad etmə barədə müvafiq sənədi iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə də İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 9 mənzil 13 ünvanında yerləşən mənzilin yüklülükdən azad edilməsi və bununla bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsi mümkün olmamışdır.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-441/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1046/2022 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

6. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə dair etiraz daxil olmuşdur. Etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 179/14/SKMF saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına bank tərəfindən 36 ay müddətinə, 14.000 (on dörd min) manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı olaraq iddiaçıya məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzil "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan tərəfindən kredit müqaviləsinin tələbləri pozulduğundan bank məhkəməyə müraciət etmişdir. İddiaçının istinad etdiyi Şəki Kommersiya Məhkəməsinin e- 2-2(117)-7/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsində iddia tələbi rədd edilmiş, iş üzrə əlavə olaraq e-2-2(117)-7/2021 saylı, 29 yanvar 2021-ci il tarixli xüsusi qərardad çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2- 2(107)-31/2021 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(107)-31/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2014-cü il tarixli, 179/14/SKMF saylı kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinə əsasən ona məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzilin ipoteka yüklülükdən azad edilməsini xahiş etmişdir. Qeyd edilən Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-7/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında rədd olunmuşdur. Ancaq buna baxmayaraq Fond hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzilə dair 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış dövlət qeydiyyatının ləğv olunması öhdəliyi qoyulması barədə tələbi əsassızdır və təmin edilməməlidir. Əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, hesab edir ki, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın məhkəmədə qaldırılıbqaldırılmamasından asılı olmayaraq, ipotekaya xitam verilməlidir. Belə ki, qəbul olunmuş məhkəmə qərarlarında əsas borca şamil olunan iddia müddətinin keçməsinə görə cavabdehin iddiası təmin edilməmişdir. Məlum olduğu kimi ipoteka əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir. Əsas öhdəliyin hər hansı səbəbdən (tam icra və s.) aradan qalxması ipotekanın da xitamına səbəb olur. İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsi məhz bu halı tənzimləyən normadır. Məhkəmə araşdırması zamanı artıq borc öhdəliyinin qalmadığı müəyyən edildiyi halda həmin maddəyə uyğun olaraq əşyanın girovdan azad edilməsi üçün hüquqi bir maneə yoxdur. Belə olan halda məhkəmə İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzili yüklülükdən azad edilməsinə dair iddiasına baxılarkən əsas öhdəliyin aradan qalxması halına deyil, müqavilə üzrə iddia müddətinin keçməsinə istinad etmişdir. Halbuki, Mülki Məcəllənin öhdəliklərə xitam verilməsinə dair 27-ci fəslində iddia müddətinin keçməsi nəzərdə tutulmamışdır. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas vardır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması həmin əqddən irəli gələn və icra edilməmiş öhdəliyi aradan qaldırmır. Yəni, müqavilənin qüvvədə olma müddətinin qurtarması və ya iddia müddətinin keçməsi onun müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, mülkiyyətində olan əmlakın bu şəkildə yüklü qalması onun hüquqlarını pozur. Mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki hallara düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətsiz qərar çıxarılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. 14 Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir

16. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - üçüncü şəxsin xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi ilə məhkəməyə ünvanladığı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarının surətindən görünür ki, "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********72 nömrəli etiraz məktubuna əlavə olunmuş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 13 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. - xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli İpoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “İsmayıllı” filialı ilə ipoteka qoyan (borcalan) İddiaçı arasında müqavilənin predmeti İsmayıllı şəhəri H.Əliyev prospekti ev 9 mənzil 13 olmaqla müqavilə bağlanmışdır. - RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 13 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixli, K/M 179/14/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin İsmayıllı filialının xeyrinə ipoteka yüklü edilmişdir. - Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-22(117)-7/2021 nömrəli qətnamənin surətindən görünür ki, həmin iş üzrə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC həmin iş üzrə cavabdeh İddiaçı qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat 28 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan İsmayıllı şəhəri, H.Əliyev pr, ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin ondan tutularaq Ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi tələbi” rədd edilmişdir. İddianın rədd edilməs əsası tələb üzrə iddia müddətinin keçməsi ilə bağlı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 22(107)- 31/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(117)-7/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-365/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(107)-31/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 713-İİQ nömrəli Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər

20. “İpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 883- İİQ nömrəli Qanunun: 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

29. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.

30. Sözügedən qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini aşağıdakı şəkildə ifadə etmişdir: “... İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi qaydada yerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin təmin edilməsinin qeyrimümkünlüyü halında, əsas öhdəliyin təminatı vasitəsi olan girov və ya ipotekanın hüquqi müqəddəratı ilə bağlı müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün bu institutların da mahiyyətinə nəzər yetirilməlidir... ... Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.”

31. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

32. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tələbini əsaslandırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ləğv prosesində olan "xxxx" ASC iddiaçıya qarşı pul tələbinə dair iddiasının müddətin keçməsi əsası ilə rədd edilməsinə istinad etməkdədir. Lakin məhkəmə tərəfindən işin faktiki hallarına yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verilərək qeyd edilməlidir ki, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmadığından iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan mənzilin yüklülükdən azad edilməsi və bununla bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsindən imtinası əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9-da yerləşən 13 saylı mənzilə dair 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2023-ci il tarixli, 2-1(116)-94/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar