Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-304/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-1915F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-55/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-1915F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2342/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı əsasında JN-1915F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Qəbələ şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi onun və oğlu İddiaçı2 mülkiyyətinə verilmişdir. JN-1915F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş halhazırda istifadədə olan 0.06 ha torpaq sahəsinə dair Çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsf’nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 9 saylı Qəbələ Ərazi İdarəsi 28 aprel 2023ci il tarixli 3-21-3-42/2-2113/2023 saylı məktubla onun müraciətinə əsassız olaraq imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, 0.06 ha torpaq sahəsinə dair JN-1915F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində başqa adama məxsus Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə mövcuddur. 9 saylı Qəbələ Ərazi İdarəsinin imtinası tamamilə əsassızdır. Uzun illərdir ki, istifadələrində olan bu torpağı onlar yararlı torpaq şəklinə salmışlar və bu gün isə 9 saylı Qəbələ Ərazi İdarəsi yersiz səbəblər göstərərək onların sənədlərini verməkdən imtina etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyası tərəfindən JN-1915F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilməzdən əvvəl də həmin torpaq onların sərəncamı, istifadələrində olmuşdur, bu gün də onlar əkib-becərir və qoruyurlar. Bu zamana qədər həmin torpaqla bağlı heç kəs iddia tələbi irəli sürməmişdir və onlardan başqa heç kəsin istifadəsində də olmamışdır. JN-1915F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi Reyestr Xidmətinin elekron bazasında, subyektlər siyahısında, arxivdə onların adlarına qeyd edilmişdir. Bütün bunlara baxmayaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin bu cavabı qanunla qorunan hüquqlarını pozur.
4. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, İddiaçı1 JN-1915F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında iddia etdiyi faktiki torpaq sahəsinə eyni nömrəli, eyni qərar əsasında X3 adına tərtib edilmiş JN-1915F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə mövcuddur. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 fevral 2025-ci il tarixli 2- 1(116)-55/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıların hüquqi marağı 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair yeni nümunəli çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçılar, sözügedən torpaq sahəsinin onlara Qabələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmasını bildirirlər. Cavabdeh orqanın imtinası ləğv olunmuş DT və XK Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrdə başqa vətəndaşa məxsus eyni nömrəli və eyni qərarlı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mövcud olması ilə bağlıdır. - Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq üçüncü şəxsin istifadəsindədir. Həmin torpaq sahəsinə münasibətdə X3 adına JN-1915F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı iddia olunan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə aralarında mübahisənin olmamasını və iddia tələbi təmin olunduqdan sonra sözügedən torpaq sahəsindən istifadə ilə bağlı üçüncü şəxslə aralarında olan məsələni həll edəcəyini bildirmişdir. Eyni zamanda üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsini 2004-cü ildə Vaqif Babayev adlı şəxsdən almış, həmin torpaq sahəsinin qarşılığında Vaqif Babayevə 1000 manat məbləğində pul ödəmiş və sonuncu tərəfindən ona müvafiq Şəhadətnamə verilmişdir. 2006-cı ildən sonra həmin torpaq sahəsində ev tikərək hazırda həmin evdə yaşayır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mərhələdə üçüncü şəxsin adına tərtib edilmiş Şəhadətnamə mübahisələndirilmədiyindən həmin sənədin qanuniliyinin şübhə altına alınması və birmənalı olaraq üçüncü şəxsin əmlak hüquqlarının etibarsız sayılması mümkün deyil. Faktiki olaraq iddia olunan torpaq sahəsindən iddiaçılar yox, üçüncü şəxs 20 ildir ki, fasiləsiz istifadə edir. İddiaçı isə sözügedən torpaq sahəsinin aqrar islahat komissiyasının qərarı ilə ona ayrıldığını bildirsə də, torpaq sahəsinin islahat aparılanadək onun qanuni istifadəsində olmamasını və həmin torpaq sahəsindən heç vaxt istifadə etməməsini bildirmişdir. Göründüyü kimi, iddia olunan torpaq sahəsinə dair qüvvədə olan iki eyni nömrəli şəhadətnamənin mövcudluğu hüquqi qeyri-müəyyənlik yaradır və yeni çıxarışın verilməsi yalnız bu şəhadətnamələrin hüquqi qüvvəsinin müəyyən edilməsi ilə mümkün ola bilər. - Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bununla belə iddiaçılar tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş eyni nömrəli Şəhadətnamə mübahisələndirilməmiş və həmin Şəhadətnamə hazırda da öz hüquqi qüvvəsini saxlayır. Odur ki, iddiaçılar, ilk növbədə X3 adına tərtib edilmiş JN1915F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə mübahisələndirilməli və onun ləğvinə nail olmalıdır. Qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra iddiaçılar, iddia olunan torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarına dair yeni nümunəli çıxarışın verilməsi ilə bağlı cavabdehə, müraciətləri təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər.
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-55/2025 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, JN-1915F saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi uzun illərdir ki, onların istifadələrində olmuş və hal-hazırda da onların mülkiyyətində və faktiki istifadələrindədir. Həmin torpaq sahəsində uzun illərdir ki, bağ salmışlar, qulluq göstərirlər. Bütün qonşular, el oba da bilir ki, bu həyət onlarındı. Heç kimlə mübahisələri olmayıb və yoxdur. Həmin həyətdə ona məxsus ev və həyət tikililəri var. JN-1915F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi Reyestr Xidmətinin elektron bazasında, subyektlər siyahısında, arxivdə onların adına qeyd edilmişdir. O, mülkiyyətçidir, mülkiyyətinə olan hər cür qəsdlərdən mülkiyyətini qorumalıdır. Bu onların qanunla verilən hüquqlarıdır.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-55/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı2 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-55/2025 nömrəli qərardadının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia olunan torpaq sahəsi ilə bağlı üçüncü şəxslə aralarında mübahisə yoxdur və iddia tələbi təmin olunduqdan sonra sözügedən torpaq sahəsindən istifadə ilə bağlı aralarında olan məsələni həll edəcəklər.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X8 bildirmişdir ki, o mübahisələndirilən torpaq sahəsini 2004-cü ildə Vaqif Babayevdən almışdır. Şəhadətnaməni də ona Vaqif Babayev vermişdir. O, həmin torpaq sahəsində ev tikmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona Şəhadətnamənin saxta olmasını bildirmişlər.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və üçüncü şəxs iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də, apellyasiya şikayəti qismən, yəni qərarın ləğv olunması hissəsində təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
17. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçılar, ilk növbədə X3 adına tərtib edilmiş JN1915F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni mübahisələndirməli və onun ləğvinə nail olmalıdır. Qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra iddiaçılar, iddia olunan torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarına dair yeni nümunəli çıxarışın verilməsi ilə bağlı cavabdehə, müraciətləri təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər.
18. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
22. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
23. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Cavabdeh orqanın imtinası ləğv olunmuş DT və XK Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrdə başqa vətəndaşa məxsus eyni nömrəli və eyni qərarlı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mövcud olması ilə bağlıdır.
25. İş materiallarında olan JN-1915F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 saylı qərarı ilə X4 və onun ailə üzvü olan İddiaçı2 0,06 ha torpaq sahəsi verilmişdir. Həmçinin iş materallarında olan eyni nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 saylı qərarı ilə X5 0,06 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir.
26. Birinci instansiya məhkəməsinin sorğusu əsasında verilmiş Qəbələ şəhəri üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından JN 1915 ilə qeyd edilən hissədən çıxarışda İddiaçı1 Niyazi qızı və İddiaçı2 adları qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlindən görünür ki, həmin cədvəldə sıra sayı 1915 olmaqla X4 və İddiaçı2 adları qeyd edilmişdir.
27. Həmçinin, "xxxx" MMC-nin 28 noyabr 2023-cü il tarixli, 3-21-3-60/2-2769/2023 nömrəli məktubunda Mərkəzin arxivində saxlanılan Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X3 adının, eləcə də, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının aşkar edilmədiyi qeyd edilmişdir.
28. Həmçinin həm aşağı instansiya məhkəməsinin, həm də apellyasiya instansiya məhkəməsinin iclaslarında üçüncü şəxs X8 onun adına verilmiş şəhadətnamənin saxta olmasını və iddiaçılarla mübahisəli torpaq sahəsi ilə bağlı aralarında mübahisə olmadığını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsini 2004-cü ildə Vaqif Babayevdən almışdır. Şəhadətnaməni də ona Vaqif Babayev vermişdir. O, həmin torpaq sahəsində ev tikmişdir.
29. İşdə olan JN-1916F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 saylı qərarı ilə X10 və onun ailə üzvlərinə 0,06 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli, 12 iyun 2007-ci il tarixli çıxarışdan görünür ki, Qəbələ şəhəri Nəsimi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır.
30. İddiaçı isə məhkəmə iclasında, iddia ərizəsinin dəlillərində və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, JN-1915F saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi uzun illərdir ki, onların istifadələrində olmuş və hal-hazırda da onların mülkiyyətində və faktiki istifadələrindədir. Həmin torpaq sahəsində uzun illərdir ki, bağ salmışlar, qulluq göstərirlər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, ziddiyyətli sənədlər-sübutlar birinci instansiya məhkəməsi tərəfindən araşadırılmamışdır. Belə ki, iddiaçıların çıxarış və plan ölçü sənədi tələb etdikləri şəhadətnamənin ilkin sənədləri (subyeklər siyahısı, cədvəl və s.) olmasına baxmayaraq, üçüncü şəxsin adına verilmiş şəhadətnamənin ilkin sənədləri arxivdə aşkar edilməmişdir. Həmçinin, üçüncü şəxs özü də qeyd edir ki, şəhadətnamə ilə bağlı cavabdeh orqana müraciət etmiş, ona bildirmişlər ki, şəhadətnamə saxtadır.
32. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, üçüncü şəxsə verilmiş şəhadətnamənin mübahisələndirilməli olması üçün ilk öncə həmin şəhadətnamənin iddiaçılara verilmiş şəhadətnamə ilə eyni əsaslarla verilib-verilməməsi müəyyən edilməli, daha sonra cavabdeh orqanın ilkin hüquqmüəyyənedici sənədlər olmadan həmin şəhadətnamənin hansı sənədlər əsasında verildiyi müəyyən edilməlidir.
33. Bundan başqa, üçüncü şəxsin izahatından müəyyən edilir ki, o, həmin torpaq sahəsini Vaqif Babayev adlı şəxsdən almışdır. İşdə olan sənədlərdən də müəyyən edilir ki, X10 və onun ailə üzvlərinə 0,06 ha torpaq sahəsi JN-1916F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmişdir. Üçüncü şəxsin adına olan şəhadətnamənin nömrəsi isə JN-1915F-dir. Göründüyü kimi, şəhadətnamələrin nömrələri üst-üstə düşmür.
34. Ona görə də, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar da araşdırılmalı, həmin torpaq sahələrinin alqı-satqısına dair sənədlər götürülməli, üçüncü şəxsə satılan torpaq sahəsinin yeri dəqiq müəyyən edilməlidir. Zərurət olarsa Vaqif Babayev də dindirilməklə üçüncü şəxsə satdığı torpaq sahəsinin yeri öyrənilməli, üçüncü şəxsin qeyd etdiyi “Vaqif Babayev şəhadətnaməni ona gətirib verib” xüsusat da araşdırılmalıdır.
35. Həmçinin, məhkəmə iclasında həm iddiaçı, həm də üçüncü şəxs torpaq sahəsindən istifadə edərək ev tikdiklərini qeyd edirlər. Bu xüsusat da birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılan zaman araşdırılmalı, iddiaçının hüquqi marağına uyğun olaraq hansı torpaq sahəsinin qeydiyyata alınmasını istədiyi dəqiq müəyyən edilməlidir. Və yaxud üçüncü şəxsin həqiqətən iddiaçılara məxsus şəhadətnamənin cizgiləri daxilində ev tikməklə ondan istifadə etdiyi dəqiq müəyyən edilməlidir.
36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
37. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə iddiaçının hüquqi marağına uyğun riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
38. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti iddiaçının hüquqi marağına uyğun olaraq əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
39. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
40. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
42. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2-1(116)-55/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.