Məhkəmə qərarları › İş №2-1(107)-305/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-305/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-305/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinə qarşı "xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-818/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 1971-1974-cü illərdə Ağdaş rayonu Qolqəti kəndindəki Nərimanov adına kolxozda işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra 1977-1997-ci illərdə yenə həmin kolxozda işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə pensiya yaşına çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv arayışında qeyd olunan 1971-1997-ci illəri əhatə edən dövr əmək kitabçasında qeyd olunmadığına, xx.xx.2006-cı ilədək iddiaçının 25 il sosial sığorta stajı və pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv çıxarışında qeyd olunan 1971-1997-ci illərdə Ağdaş rayon sabiq "Nərimanov" kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbini belə əsaslandırmışdır ki, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyətinə 1971-ci ildə Ağdaş rayonu Nərimanov adına kolxozda kolxozçu kimi başlamış və 1997-ci ilə qədər orada işləmişdir. Əmək kitabçası olmasa da, işləməsini təsdiq edən sənədlər dövlət arxivində vardır. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Ağayev X1 adına kolxozunda 1971-ci ildə 83 adam/gün, 1972-ci ildə 254 adam/gün, 1973-cü ildə 286 adam/gün, 1974cü ildə 248 adam/gün, 1977-ci ildə 274 adam/gün, 1978-ci ildə 247 adam/gün, 1979-cu ildə 283 adam/gün, 1980-cı ildə 247 adam/gün, 1981-ci ildə 284 adam/gün, 1982-ci ildə 296 adam/gün, 1983cü ildə 365 adam/gün, 1984-cü ildə 349 adam/gün, 1985-ci ildə 334 adam/gün, 1986-cı ildə 338 adam/gün, 1987-ci ildə 316 adam/gün, 1988-ci ildə 336 adam/gün, 1989-cu ildə 317 adam/gün, 1990-cı ildə 327 adam/gün, 1991-ci ildə 269 adam/gün, 1992-ci ildə 293 adam/gün, 1993-cü ildə 263 adam/gün, 1994-cü ildə 267 adam/gün, 1995-ci ildə 207 adam/gün, 1996-cı ildə 205 adam/gün, 1997-ci ildə 122 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1982-ci illərdə 240 adam/gün, 1983-1997-ci illərdə 200 adam/gün müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 276 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv arayışında qeyd olunan 19711997-ci illəri əhatə edən dövr əmək kitabçasında qeyd olunmadığına, xx.xx.2006-cı ilədək iddiaçının 25 il sosial sığorta stajı və pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə iddiaçıya pensiya təyini mümkünsüzdür. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-818/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsiŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-818/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2020ci il 30 iyun tarixli 2-1(116)-818/2020 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv arayışında qeyd olunan 1971-1997-ci illərdə Ağdaş rayon sabiq “Nərimanov” kolxozunda işlədiyi 23 il 11 ay sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Aşağıdakı səbəblərdən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 30 iyun tarixli 2-1(116)-818/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı təqdim etidyi arxiv arayışında işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığı üçün yaşa görə əmək pensiyası təyin olunması qaydalara ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçı 1971-1997-ci illərdə Ağdaş rayon sabiq “Nərimanov" kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi və orosessua hüquq normalannın pozulması birinci instansiya məhkəməsinin qərannın tegv edilməsi ücün zəruridir. Həmin məcəllənin 386-a maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış nesab edilir ki, birinici intansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati məhkəmə içraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386-cı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci, 87-ci maddələrini rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 30 iyun tarixli 2-1 (116)-818/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-818/2020 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon şöbəsinin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına əmək kitabçası yoxdur. Onun kolxozda işlədiyi müddətlər arxiv arayışında göstərilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddət onun əmək kitabçasında göstərilməsə də, arxivdə olan sənədlərlə təsdiq edildiyinə görə sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 19 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, Ağdaş rayonu Nərimanov adına kolxozunda əmək iştirakı minimumu 1971-1982-ci illərdə 240 adam/gün, 1983-1997-ci illərdə 200 adam/gün olmuşdur. İddiaçı həmin kolxozda 1972-1974, 1977- 1996-cı illərdə (cəmi 23 il) əmək iştirakı minimumunu yerinə yetirmiş, 1971-ci ildə 83 adam/gün, 1997-ci ildə 122 adam/gün işləməklə, əmək iştirakı minimumunu yerinə yetirməmişdir. İddiaçının 1971-ci və 1997-ci illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə stajı 11 ay, kolxozda işlədiyi müddətin cəmi isə ümumilikdə 23 il 11 ay təşkil edir. Bundan əlavə, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı (1 il 11 ay 23 gün) SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Ağdaş rayon tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-818/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar