Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-306/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət və haqq nəzərə alınmaqla, xx.xx.2013-cü ildən dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-716/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Dövlət Ekologiya və X1 Komitəsində müfəttiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəfərabad kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Ona xx.xx.2001-ci ildə İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Dövlət qulluğunda olan 10 il 1 ay iş stajı nəzərə alınaraq ona xx.xx.2005-ci ildə dövlət qulluqçusu kimi pensiya hesablanmışdır. Cəfərabad icra nümayəndəliyində işlədiyi vəzifəyə görə ona aylıq 480 manat əmək haqqı, 10 % staj əlavəsi nəzərə alınaraq 245,70 manat əmək pensiyası ödənilir. O, cavabdehə müraciət edərək, məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, xx.xx.2013-cü ildən dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, iddiaçı dövlət qulluğu vəzifələrində işlədiyi vaxt qeyd edilən məbləğləri, yəni vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavəni və məzuniyyətə çıxarkən ödənilən bir aylıq müavinəti almadığına görə hazırda onun əmək pensiyasının yenidən hesablanması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, dövlət qulluğu üzrə iş stajı 10 il 01 ay təşkil edir. Ona xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqq və məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət nəzərə alınmamışdır. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-716/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin xx.xx.2013-cü ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərdən Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsi Şəki İnzibati Məhkəməsinin yuxarıdakı qərarının ləğv olunmasını zəruri hesab edir: belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Vətəndaşın iddia ərizəsində qeyd etdiyi məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət və hakimiiyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla əvvəlki pensiyasının yenidən hesablanılası üçün həmin əlavələri alması barədə arayış təqdim etməsi vacibdir. Lakin iddaçı icra nümayəndəsi işlədiyi müddətdə həmin əlavələri almadığı üçün bu barədə arayış təqdim olunmamışdır. Qeyd olunan əlavələrin alınması barədə arayış təqdim olunmadığı halda, nəzərə alınması və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunmuşdur. Bu isə mövcud Qanunvericiliyə ziddir. Həmçinin Məhkəmə Qərarında əmək pensiyasının xx.xx.2013-cü il tarixdən yenidən hesablanması və və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsində deyilir: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün yenidən hesablanmalı olduğu halda, Məhkəmə qərarında xx.xx.2013-cü il tarixdən qeyd olunmuşdur. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-716/2020 nömrəli iş üzrə qərarın ləğv edilməsini və iddia tələbinin apellyasiya şikayətində qeyd olunanları nəzərə alaraq Apelyasiya instansiyasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il imtina məktubu, xx.xx.1981-ci il tarixli əmək kitabçasının surəti aiddir. Əsaslandırma hissəsi: DSMF-in Şəki şəhər şöbəsinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). - İşdə olan, İddiaçı adına verilmiş xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Dövlət Ekologiya və X1 Komitəsidə müfəttiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəfərabad kənd üzrə nümayəndəsi vəzifəsində işləmişdir. - İşdə olan, DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il imtina məktubundan görünür ki, İddiaçı xx.xx.2001-ci ildə İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Dövlət qulluğunda olan 10 il 1 ay iş stajı nəzərə alınaraq ona xx.xx.2005-ci ildə dövlət qulluqçusu kimi pensiya hesablanmışdır. Cəfərabad icra nümayəndəliyində işlədiyi vəzifəyə görə ona aylıq 480 manat əmək haqqı, 10 % staj əlavəsi nəzərə alınaraq 245.70 manat əmək pensiyası ödənilir. Cəfərabad kənd icra nümayəndəliyində işləyərkən qeyd edilən vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavənin və məzuniyyətə çıxarkən ödənilən bir aylıq müavinəti almadığına görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçuları üçün nəzərdə tutulan elə əlavələr nəzərə alınmalıdır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilir. Dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təskil etmiş olar. Basqa sözlə, dövlət qulluqçusunun əgər işləsəydi həmin əlavələri alacağını qəti səkildə söyləmək mümkün deyildir. "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı məzuniyyətə çıxarkən dövlət qulluqçularına ödənilər bir aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınmasını tələb etməkdə haqlıdır. Məhkəmənin fikrincə, iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən maaşın 15 faizi məbləğində əlavə haqların nəzərə alınması barədə tələbi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən, "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Həmin Fərmanla təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın 4-cü bəndində yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri də nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi dövlət qulluqçusu vəzifəsi hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında vardır. Ona görə də həmin məbləğ iddiaçının pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçının əmək pensiyasının xx.xx.2013-cü ildənyenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan məbləğlərin nəzərə alınması barədə qaydalar sonradan yaranmadığına, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edildiyi zaman da mövcud olduğuna görə, iddiaçının həmin məbləğlərin pensiya hüququnun yarandığı gündən yenidən hesablanmasını tələb etmək hüququ vardır. İddiaçıya dövlət qulluqçusu kimi pensiya xx.xx.2005-ci ildə hesablansa da, o, yenidən hesablamanın xx.xx.2013-cü ildən aparılmasını tələb etdiyinə görə, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Məhkəmə kollegiyası ilk öncə olaraq onu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə görə, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən, "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadlanan və iddiada qeyd edilən ödənişlər iddiaçıya yalnız o vaxt əmək pensiyasına əlavə ödənişlər hesablana bilərdi ki, iddiaçı dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqı şəxs vaxtilə aldığı əmək haqqı ilə həmin ödənişləri almış olsun. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən“Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Dövlət Ekologiya və X1 Komitəsidə müfəttiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəfərabad kənd üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçıya xx.xx.2001-ci ildə İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının işlədiyi iş dövrü xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövrü əhatə edir. "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən, "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən qanunvericilik aktları iddiaçının xx.xx.2001-ci ildən əmək pensiyası təyin olunduqdan sonrakı dövrü əhatə edir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyasl belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci ilədək tarixdək iddiaçı dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqı xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmadığı üçün nəzərə alınıb əmək pensiyası məbləği xx.xx.2013-cü ildən yenidən hesablana və yaranmış fərq məbləği ödənilə bilməz. Yuxarıda sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən iddiaçının hüququ o vaxt yarana bilərdi ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun”.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli **********2 saylı imtina məktubundan görünür ki, inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Şəki şəhər şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Şəki şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-716/2020 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət və haqq nəzərə alınmaqla, xx.xx.2013-cü ildən dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-306/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-306/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver