Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-306/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2012-xx.xx.2015-ci il tarixləri aralığındakı müddət üçün hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2012-xx.xx.2015-ci il tarixləri aralığındakı müddət üçün hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-887/2022 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2015-ci ildə MV 056459 №-li “Müharibə veteranı” vəsiqəsi verilmiş, həmin tarixdən ona müavinət təyinatı aparılmışdır. O, əvvəlki dövrlər üzrə müavinət almamış, buna görə də müavinətin xx.xx.2012-ci ildən hesablanaraq ona ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı) birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçıya veteran vəsiqəsinin təqdim edildiyi xx.xx.2015-ci il tarixdən əvvəlki 3 il üzrə sosial müavinət ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən iddiaçıya xx.xx.2015ci il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni xx.xx.2015-ci il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən imtina edilmişdir. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: MV 056459 №-li vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya “Müharibə veteranı” adı xx.xx.2015-ci il tarixdə verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək “Müharibə veteranı” üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-887/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı aşağıdakı əsaslarla qanuna zidd və əsassız hesab olunmalıdır. Vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Və həmin vəsiqə əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 11 fevral 2015-ci il tarixdən ona sosial müavinət təyin etmişdir. İddiaçı daha sonra Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək, ona 2015-ci ildən əvvəlki dövrlər üçün “veteran müavinəti’nin ödənilməsini tələb etmişdir. Şöbənin cavab məktubunda əvvəlki dövr üçün müavinətin hesablanaraq ödənilməsinin qanunauyğun olmadığı qeyd olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alsaq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu kimi işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2015-ci ildə verilmişdir. Yəni, müharibə veteranı kimi bu tarixdən sonra tanınır və belə bir adı təsdiq edən sənəd kimi isə qeyd olunan vəsiqə çıxış edir. Buna görə də, hüquqi olaraq veteran kimi tanınmadığı dövr üçün bu adla müavinətin verilməsi qanuni deyildir. Odur ki, yuxarıda qeyd olunanlarlı nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3İ apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasına ərizə göndərərək qeyd etmişdir ki, obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan baxılmasını xahiş edir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları və faktları da nəzərə alır. Məhkəmə kollegiyası hazırki iddianın mümkünlük şərti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)- 1098/2016 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx.xx.1995-ci il tarixdən fevral 2015-ci il tarixədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 17 iyun 2020-cı il tarixli 2-1(116)-683/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Ona görə də məhkəmə kollegiyası işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ümumi iddia tələbi İddiaçı Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2012-xx.xx.2015-ci il tarixləri aralığındakı müddət üçün hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialının apellyasiya şikyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-887/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2012-xx.xx.2015-ci il tarixləri aralığındakı müddət üçün hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-306/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-306/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver