Məhkəmə qərarları › İş №2-1(107)-307/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-307/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-307/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizə təqdim etmişdir. İddiaçı iddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçının xüsusi mülkiyyətində ünvan 2 ünvanında 0,022598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi ilə, mərhum valideynlərindən miras qalmış ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi arasında hasar olmamışdır və o, mülkiyyətində olan torpaq sahəsinə ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən keçərək girib-çıxmışdır. Mərhum atasının ölümündən sonra ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mərhum anası X7 ilə qardaşı, X3 adına qeydə alınmışdır. 2020-ci ilin sonunda X6 onunla ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən istifadəyə dair mübahisə yaratmış və 21 aprel 2021-ci il tarixdə Göyçay rayon məhkəməsində ona qarşı torpaq sahəsinin sərhədinin müəyyənləşdirilməsi və hasarlanması tələbinə dair iddia qaldırmışdır. Həmin iddia ərizəsində üçüncü şəxs ona və ailə üzvlərinə torpaq sahəsindən istifadə etmənin qadağan edilməsini və torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilərək hasarın çəkilməsinə mane olmama öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 22 iyul 2021 -ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır. Üçüncü şəxsin məhkəməyə iddia ərizəsi verməsindən xeyli əvvəl 2020-ci ildə o, dəfələrlə Göyçay şəhər bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinin qarşısının alınmasını xahiş etmişdir. DƏDRX ona cavab versə də, Göyçay şəhər bələdiyyəsi onun yazılı müraciətlərinə nə yazılı, nə də şifahi cavab verməmişdir. İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasından şübhələnsə də bu barədə məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyi müraciətə baxılmasına dair ona göndərilmiş 13 oktyabr 2021-ci il tarixli məktubu aldıqdan sonra dəqiqləşdirmiş və nümayəndəsi dəfələrlə Göyçay şəhər bələdiyyəsinə gedərək torpaq sahəsinin Telman Rəhimova satılması barədə qərarı istəsə də, bələdiyyə sədri qərarı verməmişdir. Şifahi müraciətləri müsbət nəticə vermədiyi üçün 04 dekabr 2021-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə yazılı müraciət göndərmiş və cavabdeh 08 yanvar 2022-ci il tarixdə göndərdiyi müraciətdən sonra ona 10 yanvar 2022-ci il tarixli 11 saylı məktubla Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarından çıxarışı göndərmişdir. Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarında ünvan 4 ünvanında yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi müddətlə bağlı mümkünlük şərtinə cavab vermir. Belə ki, iddia tələbi inzibati orqanın 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ləğv edilməsi barədədir. Yəni hazırkı iddia İPM-nin 2.2.1ci və 32-ci maddələri anlamında “mübahisələndirmə haqqında” iddiadır. İddiaçı birinci instansiya məhkəməsinə “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizə təqdim etmişdir. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılması barədə dəqiq məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyi müraciətə baxılmasına dair ona göndərilmiş 13 oktyabr 2021-ci il tarixli məktubdan əldə edəndən sonra mübahisələndirdiyi qərarı əldə etmək üçün dəfələrlə Göyçay şəhər bələdiyyəsinə müraciət etsə də bələdiyyə qərarı ona göndərməmiş və o, qərarı əldə etmək üçün müxtəlif orqanlara müraciət etməyə məcbur olmuşdur. Mübahisələndirdiyi qərarı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Qərarı əldə etdikdən sonra 14 gün müddət ərzində, yəni 24 yanvar 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.O, qərarın məzmunundan məlumatlı olsa da bələdiyyənin, istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasını əsaslandırdığı halları qərardan çıxarışı əldə etdikdən sonra öyrənmişdir. Bu əsasları öyrəndikdən sonra o, qərarı mübahisələndirməyi düşünmüşdür. Çünki müraciətlərinə verilən heç bir cavabda bələdiyyənin üçüncü şəxsin hansı üstün hüququna görə torpaq sahəsini sonuncuya satması qeyd edilməmişdir. Onun, mübahisələndirdiyi qərarın surətini almaq üçün etdiyi müraciətləri və qərardan çıxarışı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etdiyini nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçıya təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Şəki İnzibati Məhkəməsinin (hakimi Vüqar Musayev) 13 iyul 2022-ci il tarixli 2- 1(116)-859/2022 nömrəli qərardadı ilə İddiaçı “buraxılmış müddətin üzürlü hesab edilməsi haqqında” ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X2 hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Məhkəmənin yardımından istifadə edərək prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək İPM-nin 38.1 -ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin bərpa edilməsini xahiş etmişdir. X13 Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Həmin qərardadı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Belə ki, hakim iddianı mümkünsüz sayarkən gəldiyi nəticəni iddianın mübahisələndirmə haqqında iddia növünə aid olması, bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümünün iddianın inzibati akt təqdim(elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi, lakin onun qanunla müəyyən edilmiş həmin müddəti ötürməyi ilə əsaslandırmışdır. Halbuki o İstifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılması barədə dəqiq məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyi müraciətə baxılmasına dair ona göndərilmiş 13 oktyabr 2021-ci il tarixli məktubdan əldə etdikdən sonra mübahisələndirdiyi qərarı əldə etmək üçün dəfələrlə Göyçay şəhər bələdiyyəsinə müraciət etsə də bələdiyyə qərarı ona göndərilməmiş və o qərarı əldə etmək üçün müxtəlif orqanlara müraciət etməyə məcbur olmuşdur. Mübahisələndirdiyi qərarı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Qərarı əldə etdikdən sonra 14 gün müddət ərzində, yəni 24 yanvar 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 04 may 2022-ci il tarixli 2-1(116)-859/2022 saylı məktubunda Göyçay Regionäl Ədliyyə İdarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubunu aldıqda qərarın məzmunundan məlumatlı olduğu qeyd edilir. O qərarın məzmunundan məlumatlı olsa da bələdiyyənin istifadəmdə olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üçüncü şəxsə satılmasını əsaslandırdığı halları qərardan çıxarışı əldə etdikdən sonra öyrənmişdir. Bu əsasları öyrəndikdən sonra o qərarı mübahisələndirməyi düşünmüşdür. Çünki müraciətlərinə verilən heç bir cavabda bələdiyyənin üçüncü şəxsin hansı üstün hüququna görə torpaq sahəsini sonuncuya satması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Onun mübahisələndirdiyi qərarın surətini almaq üçün etdiyi müraciətləri və qərardan çıxarışı 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada əldə etdiyini nəzərə alaraq buraxılmış prosessual müddəti bərpa etməli olan hakim iddianı mümkünsüz saymış və bu zaman guya onun 30 günük iddia müddətinin buraxılmasının səbəblərinin təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etmədiyini göstərmişdir. Halbuki onun mübahisələndirdiyi qərarı almaq üçün müxtəlif inzibati orqanlara, həmçinin bələdiyyənin özünə etdiyi müraciətlər və verilmiş cavablar iddia ərizəsinə əlavə olunmuşdur. Bununla da hakim Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ona görə də göstərilənləri nəzərə alaraq cavabdeh Göyçay şəhər Bələdiyyəsinə qarşı Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021 -ci il tarixli 21 saylı qərarının ünvan 4 ünvanında yerləşən 472 kvm torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 hissəsində ləğv edilməsi tələbinə dair iddianın mümkün sayılmamasına dair Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, iddia ərizəsinin məzmununda qeyd edilmişdir ki, “bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üçüncü şəxsə satılmasından şübhələnsəm də bu barədə məlumatı Göyçay Regional Ədliyyə İdarəsinə etdiyim müraciətə baxılmasına dair mənə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubu aldıqdan sonra dəqiqləşdirdim”. Yəni, Göyçay Regional Ədliyyə İdarəsi, xx.xx.2021-ci il tarixli məktubunda iddiaçını, hazırda mübahisələndirdiyi qərarla bağlı məlumatlandırmış (işdə olan reyestrə əsasən, məktub xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə göndərilib) və iddiaçı müvafiq qərarın məzmunundan məlumatlı olmuşdur. X11 Ədliyyə İdarəsi xx.xx.2021-ci il tarixdə iddiaçının təkrar müraciətinə cavab olaraq (xx.xx.2021-ci il tarixdə göndərilib) göndərdiyi məktubda müvafiq torpaq sahəsinin cavabdehin 26 avqust 2021-ci il tarixli qərarı əsasında üçüncü şəxsə satılması barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə istinad edərək qəbul etdiyi qərardadı əsaslandırmağa çalışsa da nəticədə düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsində göstərilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi qanun mübahisəsiləndirmə haqqında iddialar üzrə iddia müddətinin inperativlik normasını müəyyən etmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi Göyçay şəhər Bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli qərarını 13 oktyabr 2022-ci il tarixdə almış, 24 oktyabr 2022-ci il tarixdə - yəni Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2- 1(116)-859/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı iddia müddəti buraxılmamış hesab edilməli, İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-859/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı iddia müddəti buraxılmamış hesab edilsin. İddiaçı cavabdeh Göyçay şəhər bələdiyyəsinə qarşı “Göyçay şəhər bələdiyyəsinin 26 avqust 2021-ci il tarixli 21 saylı qərarının ünvan 1 ünvanda yerləşən 472 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə üçüncü şəxs X1 hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar