Məhkəmə qərarları › İş №2-1(107)-307/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-307/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-307/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: iddiaçı 09 mart 1996-cı ildə Şəki rayonunda anadan olmuşdur. Anası X3r. Atası ilə anasının nikahı olmadığından anasının soyadını daşıyır. X21 rayonu Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə digər 5 nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuşdur. Ancaq ona pay torpağı verilməmişdir. X15 Komissiyası ləğv olunmuş, onların səlahiyyətlərini həyata keçirən orqan yoxdur. X20 İslahat Komissiyası ləğv edilərkən onun hüquqi varisi müəyyənləşdirilməmişdir. Dəfələrlə Şəki rayon İcra hakimiyyətinə, Şəki rayon Turan qəsəbə Bələdiyyəsinə pay torpağı ilə əlaqədar müraciət etmişdir. Ancaq onun payını verməmişlər və bildirmişlər ki, bələdiyyə balansında əkin sahəsi yoxdur. O, bələdiyyə torpağından deyil, dövlət torpağından pay torpağının verilməsini istəyir. Əgər bu mümkün deyilsə, onun payına düşməli olan 2.48 ha torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına yatırılmasını xahiş edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1203/2021 saylı qərarı ilə iddia tələbi qeyri-mümkün sayılaraq göstərilmişdir: “bununla yanaşı nəzərə alaraq ki, rayon və yerli aqrar islahat komissiyaları müvafiq rayon icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərirdi, belə olduğu təqdirdə iddiaçı sözügedən pul kompensasiyasının alınması üçün Şəki rayon İcra Hakimiyyətinə müraciət etmək hüququna malikdir, Maliyyə Nazirliyi isə hazırki iddia tələbi üzrə cavabdeh ola bilməz”.

3. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində “Şəki rayonunda anadan olduğunu” bildirsə də, Şəki rayonunun hansı kəndində, hansı qəsəbəsində anadan olduğunu qeyd etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuşdur, ancaq ona pay torpağı verilməmişdir”. İddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçının valideynlərinin rəsmi nikahı olmamışdır, yəni onun adının o zaman ailə üzvlərinin siyahısına daxil edilməsini təsdiq edən hüquqi sənəd yoxdur. Onun adının ailə üzvlərinin siyahısında olduğu halda ona pay torpağının verilməməsini qeyd edir. Lakin iddiaçı iddia ərizəsində ona pay torpağının verilməməsinin səbəbini aydınlaşdırmır. Torpaq islahatının yerlərdə yaradılmış yerli aqrar isianat komissiyaları həyata keçirmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aqrar islahat komissiyalarının ləğv edildiyini, lakin onun hüquqi varisinin müəyyənləşdirilmədiyini qeyd edir. xx.xx.1996-cı il tarixdə Şəki rayonunun Turan qəsəbəsində anadan olmuş İddiaçı torpaq islahatı zamanı pay torpağı verilməməsinə görə Cavabdeh heç bir hüquqi məsuliyyət daşımır. Torpaq islahatı zamanı iddiaçıya qanunvericilikdə nəzərdə tutulan pay torpağının verilməməsinin səbəbləri aydın olmadığından və iddiaçının ailə üzvlərinə pay torpağının verilməsi prosesindən 20 ildən artıq müddət keçdiyindən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 yanvar 2023-cü il tarixli 2- 1(116)-123/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - 257676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. X2, anası X4r. - JN-0024 kod 40401027 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən müəyyən edilir ki, Şəki AİK-nın xx.xx.1998-ci il tarixli 59 saylı Qərarı ilə kənd təsərrüfatı təyinatlı 14.89 hektar torpaq sahəsi X1 və onun ailə üzvlərinin (X9, X7, X10, X11, X8) mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********52 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilən “General M.Əsədov” qəsəbəsində (Turan qəsəbəsi) xx.xx.1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahı”sında X1 və onun ailə üzvlərinin (X9, X7, X10, X11, X8) adları qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

15. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda pay torpağı verilməmiş şəxslərə həmin torpaq payının əvəzində pul kompensasiyasının verilməsi nəzərdə tutulmamışdır. Buna görə də cavabdeh orqanın hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuzluğu öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

16. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı inzibati mübahisənin yaranmasına səbəb Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə Pərvanə Ramazanovaya verilmiş 14,89 hektar torpaq sahəsindən iddiaçıya onun iddia etdiyi payın verilməməsidir. Göründüyü kimi, iddiaçı tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsi mübahisələndirilmiş və iş üzrə cavabdeh qismində Cavabdeh cəlb edilmişdir.

17. Bununla baglı kollegiya qeyd edir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının ləğv edildiyindən, Cavabdeh onun hüquqi varisi olmadığından və Cavabdeh ilə Şəki Rayon Aqrar İslahat Komissiyası arasında təşkilati tabeçilik əlaqələri mövcud olmamışdır. Belə olan halda hazırkı mübahisə üzrə iddia tələbinə əsl cavab verməli olan inzibati orqan Cavabdeh deyildir.

18. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə İPM-in 12-ci və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

19. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

21. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh həmin iddiaya əsl cavab verməli olan inzibati orqan olmadığından Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

22. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(116)-123/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Şəki rayon İcra Hakimiyyətinə qarşı “Şəki rayon İcra Hakimiyyətindən ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 12000 manat vəsaitin ona ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar