Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-307/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçı və ailə üzvlərinə ünvanlı sosial yardım almaq hüququnun müəyyən edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (VEMTAS) xx.xx.2023-cü il tarixli, f49425c5928748a5ac8cacce3b9b2d11 nömrəli bildirişinin qanunsuz hesab edilməsi və ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-420/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “iddiaçı və ailə üzvlərinə ünvanlı sosial yardım almaq hüququnun müəyyən edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (VEMTAS) xx.xx.2023-cü il tarixli, f49425c5928748a5ac8cacce3b9b2d11 nömrəli bildirişinin qanunsuz hesab edilməsi və ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 17 iyul 2023-cü il tarixli **********10501 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh "Ərizə bəyannamə"də təbii qaz abonent kodu aşkar edilməməsi əsası ilə ünvanlı sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10501 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. Bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. - Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X6 (VEMTAS) yaradılmışdır. - “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti və imtina bildirişi. - Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə oluna sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 yanvar 2025-ci il tarixli 2- 1(116)-420/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin olunaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, iddiaçı ailəni təmsil edən şəxs kimi cavabdehə müraciət etmişdir. Cavabdehin imtina əsası kimi qeyd etdiyi hal Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmamasından ibarətdir. Həmin halın mübahisənin baş verdiyi tarixə olan vəziyyətinin araşdırılması məqsədi ilə təbii qazdan istifadə ilə bağlı ödəniş qəbzinin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Təqdim edilən 28 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, **********00000 abonent İD kodu sistemdə mövcuddur. Həmin sistemin iş prinsipi isə smart kart məlumatları əsasında müvafiq ödəniş əsasında balansa müəyyən vəsaitin daxil edilməsinə əsaslanır. İddiaçının istifadə etdiyi “Zenner” smart-kart tipli sayğaclara onlayn ödəniş etmək mümkündür. Bu isə yalnız həmin məlumatların “online” ödəmə sistemlərinə inteqrasiyası zamanı mümkündür. Yəni, iddiaçının **********00000 abonent İD kodu müvafiq kart məlumatları əsasında da mövcuddur. Əks halda onlayn ödəmə sistemlərində məlumatın aşkarlanması mümkün olmayacağı kimi kart məlumatları əsasında balansa vəsait daxil edilməsi də mümkün olmazdı. - Göründüyü kimi inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı barəsində lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları araşdırmamışdır. Nəticə etibarı ilə iddiaçının sosial durumu və ünvanlı sosial yardımın təyin edilməsi əsasları mövcud olduğu halda ona əsassız olaraq ünvanlı sosial yardım təyin edilməsi təmin edilməmişdir. Odur ki, cavabdehin faktiki hərəkətləri qanuzsuz olduğundan iddiaçıya ünvanlı sosial yardımın ödənilməsi həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-420/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2-1(116)-420/2025 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. - Əvvəlcə onu qeyd etməliyik ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10501 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. Qeyd edilən iş üzrə tərəfimizdən işin araşdırılması zamanı təmsilçi İddiaçı tərəfindən abonent koduna dair məlumatların ərizə-bəyannamədə düzgün qeyd edilməsi, sözügedən imtinanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə məxsus elektron informasiya sistemində olan texniki yanlışlıq nəticəsində verilməsi müəyyən edilərək ona xx.xx.2024-cü il tarixdən məhkəmədənkənar qaydada 550.80 manat məbləğində sosial yardım təyin edilmişdir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçıya xx.xx.2024-cü il tarixdən 1 il müddətinə məhkəmədənkənar qaydada ünvanlı dövlət sosial yardım təyin edilməsini nəzərə almamış, eyni müraciət üzrə ünvanlı dövlət sosial yardımı ümumilikdə 2 il müddətinə təyin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-420/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)- 420/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Maddə 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə; 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Bənd 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Bənd 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
16. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”: Bənd 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Cavabdehin imtinasında mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, müraciətə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********00000 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir.
24. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 28 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, **********00000 abonent İD kodu sistemdə mövcuddur. Həmin sistemin iş prinsipi isə smart kart məlumatları əsasında müvafiq ödəniş əsasında balansa müəyyən vəsaitin daxil edilməsinə əsaslanır. İddiaçının istifadə etdiyi “Zenner” smart-kart tipli sayğaclara onlayn ödəniş etmək mümkündür. Bu isə yalnız həmin məlumatların “online” ödəmə sistemlərinə inteqrasiyası zamanı mümkündür. Yəni, iddiaçının **********00000 abonent İD kodu müvafiq kart məlumatları əsasında da mövcuddur. Əks halda onlayn ödəmə sistemlərində məlumatın aşkarlanması mümkün olmayacağı kimi kart məlumatları əsasında balansa vəsait daxil edilməsi də mümkün olmazdı.
25. Göründüyü kimi inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş, iddiaçı barəsində lazımınca araşdırmamış, sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları araşdırmamışdır. Nəticə etibarı ilə iddiaçının sosial durumu və ünvanlı sosial yardımın təyin edilməsi əsasları mövcud olduğu halda ona əsassız olaraq ünvanlı sosial yardım təyin edilməsi təmin edilməmişdir.
26. Cavabdeh orqan tərəfindən isə hazırki iş məhkəmənin icraatında olduğu zaman işin araşdırılması zamanı təmsilçi İddiaçı tərəfindən abonent koduna dair məlumatların ərizə-bəyannamədə düzgün qeyd edilməsi, sözügedən imtinanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə məxsus elektron informasiya sistemində olan texniki yanlışlıq nəticəsində verilməsi müəyyən edilərək iddiaçıya xx.xx.2024-cü il tarixdən məhkəmədənkənar qaydada 550.80 manat məbləğində sosial yardım təyin edilmişdir.
27. Apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçıya xx.xx.2024-cü il tarixdən 1 il müddətinə məhkəmədənkənar qaydada ünvanlı dövlət sosial yardım təyin edilməsini nəzərə almamış, eyni müraciət üzrə ünvanlı dövlət sosial yardımı ümumilikdə 2 il müddətinə təyin etmişdir.
28. Eyni zamanda cavabdehin nümayəndəsi kollegiyanın iclasında ərizə təqdim edərək göstərilən halın, yəni mübahisənin artıq mövcud olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
29. Qeyd edilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi ona xx.xx.2023-cü il tarixli **********10501 nömrəli müraciəti əsasında ünvanlı dövlət sosial yardımı təyin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Cavabdeh tərəfindən isə iddiaçıya sosial yardım onun müraciət etdiyi tarixdən 1 il 4 ay sonra təyin edilmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələbi təmin edilməmişdir və tərəflər arasında mübahisə mövcud olmuşdur.
30. İşin hallarından görünür ki, iddiaçının sosial yardım üçün etdiyi ilkin müraciətə cavabdeh orqan tərəfindən abonent kodunun aşkarlanmaması səbəbindən imtina cavabı verilmişdir.
31. İnzibati icraat haqqında Qanunun 19.1-ci maddəsinə əsasən təqdim olunan sənədlər həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə mötəbər hesab olunmalıdır.
32. Cavabdeh orqan isə daha sonra iddiaçının ilkin müraciətinin məhkəmə qaydasında mübahisələndirməsini nəzərə alaraq mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş və müayinə zamanı qaz abonent kodunun düzgün qeyd edildiyi məlum olmuş və yoxlama zamanı daxil edilən digər məlumatlarda hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir.
33. Bununla da, cavabdeh orqan təqdim olunan məlumatlarda hazırda (xx.xx.2024cü il tarixdən məhkəmədənkənar qaydada 550.80 manat məbləğində sosial yardım təyin edildiyi zaman) uyğunsuzluq aşkar edilməməsini müəyyən etsə də, bu uyğunsuzluğun ilkin müraciət zamanı mövcud olduğunu sübuta yetirməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.
35. Lakin cavabdeh yuxarıda qeyd olunan uyğunsuzluqları vaxtında öz səlahiyyətləri çərçivəsində araşdırmaq imkanı olsa da, bunu etməmiş və nəticədə xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmişdir.
36. İddiaçının ilkin müraciətindən (xx.xx.2023-cü il) bir ildən çox keçdikdən sonra, xx.xx.2024-cü il tarixdən ona sosial yardım təyin edilmişdir. Bu hal onu göstərir ki, iddiaçının sosial yardım almaq hüququ əvvəldən mövcud olmuşdur və ilkin imtina cavabdeh orqanın qanunsuz qərarlarının nəticəsi olmuşdur.
37. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın kollegiyanın iclasında təqdim etdiyi ünvanlı sosial yardımın təyin olunması barədə 25 noyabr 2024-cü il tarixli qərardan da görünür ki, iddiaçıya 18 iyul 2023-cü il tarixli müraciəti əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq iddiaçının müraciətinə 1 il 4 ay sonra cavab vermiş, ilkin imtina cavabında göstərdiyi xüsusatları sonda ünvanlı dövlət sosial yardım təyin etməklə təkzib etmişdir. Nəticə etibarilə, iddiaçının sosial yardım üçün etdiyi müraciəti qanuni tələblərə cavab verməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən imtina cavabı əsassız olaraq verilmişdir.
39. Azərbaycan Respublikasının Konstitusiyasına və ümumi hüquq prinsiplərinə əsasən, ədalət prinsipi dövlətin hüquq müstəvisində insan hüquq və azadlıqlarını qorumağın əsas tələblərindən biridir. Əgər bir şəxsin hüquqları qanunsuz hərəkətlər nəticəsində pozulubsa, bu hüquqların tam şəkildə bərpa olunması hüquqi ədalətin tələbidir.
40. Bu kontekstdə, iddiaçının sosial yardım almaq hüququ xx.xx.2023-cü il tarixində yaranıb, lakin cavabdeh orqanın qanunsuz imtina qərarı səbəbindən o, yalnız xx.xx.2024cü il tarixindən etibarən sosial yardım ala bilib. Bu isə iddiaçının hüququnun pozulduğunu göstərir.
41. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdeh orqanın qeyd etdiyi kimi 14 ay (xx.xx.2023-xx.xx.2024) müddətinə deyil, bir il (xx.xx.2023-xx.xx.2024) müddətinə sosial yardım təyin edilmişdir.
42. Əgər dövlət orqanının qanunsuz qərarları nəticəsində şəxs öz qanuni hüququndan yararlana bilməyibsə, onun hüququnun tam bərpa olunması üçün yalnız gələcək dövrə yönəlik tədbirlər kifayət deyil. Ədalət prinsipinə görə, həmin şəxs itirdiyi hüquqların nəticələrini də bərpa etməli, yəni geriyə dönük olaraq hüquqlarının təmin olunması üçün müvafiq addımlar atılmalıdır.
43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin, iddianın rədd edilməsinin və iş üzrə icraata xitam verilməsinin əsası kimi qəbul etmir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlı sosial yardım təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-420/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.