Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-308/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbinin əsaslarına görə, iddiaçı İsmayıllı rayon Tircan kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşadığı İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yararsız hala düşmüşdür. İddiaçı lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Cavabdeh yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Lakin bu günədək heç bir əməli iş görülməmişdir.
3. İddiaçı cavabdehə qarşı hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/1110 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmiş, komissiya rayon ərazisində işini yekunlaşdırmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən aslı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən vətəndaşların daşınmaz əmlaklarının sığortalanması icbaridir. Qanuna əsasən fiziki və hüquqi şəxslər əmlaklarını icbari qaydada sığorta etdirməyə borcludurlar. Belə olduğu halda hər-hansı təbii fəlakət nəticəsində daşınmaz əmlaka dəymiş ziyan müvafiq sığorta şirkətlərinin ayırdığı vəsait hesabına aradan qaldırılır. Həmin sosial proqram başa çatdığı üçün iddiaçıya köməklik göstərilməsi imkan xaricindədir.
4. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/671 nömrəli məktubunda qeyd etmişdir ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar vətəndaşlardan daxil olmuş bütün şifahi və yazılı müraciətlər ümumiləşdirilərək zəlzələnin nəticələrini qiymətləndirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiyaya təqdim edilmişdir. Mütəxəssislər təqdim edilmiş siyahılara əsasən yerlərdə baxışlar həyata keçirərək müvafiq rəylər vermiş, həmin rəylər əsasında qərarlar qəbul edilmişdir. Baxışın ümumi prinsiplərinə əsasən yaşayış evlərinin çöl divarlarında çatlar müşahidə olunduqda bina tam müayinə edilərək təmirə, bərpaya ehtiyac olduğu və ya qəzalı vəziyyətdə olması barədə müvafiq qərarlar verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən rayona ezam olunmuş komissiya tərəfindən Tircan kəndində baxış keçirilərkən İddiaçı yaşayış evinə ilkin vizual baxış keçirilmiş, yaşayış evində heç bir çatın olmadığı müəyyən edilmişdir. İddiaçı yaşayış evində heç bir zədə aşkarlanmadığı üçün təmir, bərpa və ya qəzalı olması barədə komissiya tərəfindən qərar qəbul edilməmişdir. Komissiyanın rəyinin dəyişdirilməsi və fərdi yaşayış evinə təkrar baxış keçirilməsi RİH-nin səlahiyyətlərinə aid olmadığından vətəndaşın istəyinə uyğun köməkliyin göstərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmiş, komissiya rayon ərazisində işini yekunlaşdırmışdır.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-54/2-114/2023 nömrəli məktubuna iddia tələbinə dair etirazını əlavə etmişdir. Etiraz qeyd edilmişdir ki, İsmayıllı Rayon İcra Hakimiyəti üzərinə düşən vəzifəni yerinə yetirmiş, İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər əsasında aidiyyəti dövlət qurumlarına müraciət etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsislərindən ibarət yaradılmış komissiya yaşayış evlərinə baxış keçirmişdir. Zəlzələnin ilk günlərində vətəndaşların şifahi müraciətləri əsasında evlərə baxış keçirilmişdir. İşə əlavə edilmiş Cavabdeh başçısının Tircan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 mart 2021-ci il tarixli 15 saylı arayışı ilə də təsdiq olunur ki, iddiaçının evinə baxış keçirilmişdir. İddiaçı da iddia ərizəsində etiraf edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsislərindən ibarət komissiya evinə baxış keçirərək getmişdir. Lakin bu günədək heç bir əməli iş görülməmişdir. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Cavabdeh məktublarını düzgün şərh etmədiyi üçun hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hər iki məktubda komissiya tərəfindən evinə baxış keçirildiyi, iddiaçıya məxsus yaşayış evinin qənaətbəxş olduğu vurğulanır. 05 fevral 2019cu ildə baş vermiş zəlzələ ilə bağlı yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifə yaşayış evlərinə dəymiş ziyanla bağlı bir ay ərzində daxil olmuş müraciətləri siyahıya almaq və aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə təqdim etmək olmuşdur. Zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya rayon ərazisində işini yekunlaşdırdığına və sosial proqram başa çatdığına görə evin zəlzələdən zərər görmüş evlər siyahısına salınması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Göründüyü kimi, iddia tələbi cavabdeh İsmayıllı Rayon İcra Hakimiyətinə münasibətdə iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cu bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdır (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd).
6. Qeyd olunanlara əsasən cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 fevral 2023-ci il tarixli, 2- 1(116)-264/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, o, ismayıllı rayon Tircan kəndində ailəsilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi onun mülkiyyətindədır. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-ismayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində yaşadığı İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yarasız hala düşmüşdür. O, lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Cavabdeh yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Lakin bu günədək heç bir iş görülməmişdir. O, məcbur qalaraq qeyd edilən təşkilatlara rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ərizəsinə xx.xx.2020-ci il tarixli 37/0-01096 saylı məktubunda göstərir ki, “05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşların Cavabdehnə etdikləri müraciətlər əsasında siyahılar tərtib olunmuşdur. Tərtib olunmuş siyahılar üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən həmin evlərə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş aktlar arasında adınız olmadığından tərəfimizdən sizə hər hansı köməklik göstərilməsi mümkün deyil”. Bununla da baxışın nəticəsi hüquqi formada rəsmiləşdirilməmişdir. Məhkəmə isə nəticəsi hüquqi formada rəsmiləşdirilməyən bir hala öz yanından təsdiq formada hüquqi don geydirir. Cavabdeh xx.xx.2020-ci il tarixli 02/387 saylı məktubunda isə göstərir ki, “İsmayıllı rayon ərazisində baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsislərindən ibarət yaradılmış komissiya yaşadığınız evə baxış keçirmiş, komissiya tərəfindən sözügedən yaşayış evinizin qənaətbəxş olması barədə qərar qəbul edilmişdir. Qərarın nəticəsinin dəyişdirilməsi və əlavə tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz”. O, qeyd edilən inzibati orqanların rəsmi müraciətlərinə verdikləri rəsmi cavabları əsas götürərək cavabdeh Fövqəladə Hallar Nazirliyinin yerləşdiyi ərazi üzrə Bakı İnzibati məhkəməsinə “Qobustan, Şamaxı, ismayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş fərdi yaşayış evinin xx.xx.2019-cu ildə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlər siyahısına daxil edilməsi, evə baxış keçirilməsi və evinə dəymiş zərərin aradan qaldırılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi ilə iddia qaldırmışdır. Lakin həmin iddiasına aidiyyət məsələsi ilə əlaqədar baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) xx.xx.2022-ci il tarixli 2-1(116)- 156/2022 saylı qərardadı ilə yuxanda qeyd edilən tələbim mümkün sayılmamışdır. Səbəb kimi qaldırdığı tələb üzrə cavabdeh tərəfindən hər hansı inzibati aktın qəbul edilmədiyi, ümumiyyətlə mübahisələndirdiyi və dəyişdirilməsini tələb etdiyi qərarın mövcud olmaması qeyd edilmişdir. Bu səbəbdən o, İsmayıllı rayon Tircan kəndindəki evinin 2019-cu ilin fevral ayında baş vermiş zəlzələdən zərər çəkmiş evlər sırasına siyahıya salınması və evinin təmir olunmasının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh 21 iyun 2022-ci il tarixli 05/1110 saylı məktubla imtina edərək bildirmişdir ki, zəlzələ ilə bağlı sosial proqramın başa çatması ilə əlaqədar heç bir köməkliyin edilməsi mümkün deyildir. Verilən rəsmi cavabdan görünür ki, güya o, qeyd edilən məsələ ilə əlaqədar Cavabdehnə müraciət etməmiş, bu səbəbdən adı siyahıya salınmayıb və artıq vaxt keçib və adın siyahıya salınması mümkün deyildir. X1 Məhkəməsinin 2-1(116)-156/2022 saylı qərardadından görünür ki, AR Fövqəladə Hallar Nazirliyi xx.xx.2020-ci il tarixli, Cavabdeh isə 20 fevral 2020-ci il tarixli 02/387 saylı məktublarla bildirmişdir ki, yaradılmış komissiya evinə baxış keçirmiş, komissiya tərəfindən sözügedən yaşayış evinin qənaətbəxş olması barədə qərar qəbul etmiş, qərarın dəyişdirilməsi və əlavə tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin məktublar Şəki İnzibati Məhkəməsinin 2-1(116)-156/2022 saylı işində saxlanılır. Lakin qeyd edilən iş üzrə məhkəmənin sərəncamına əsasən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda, həmçinin məhkəmənin elektron poçtuna daxil olmuş xx.xx.2021-ci il tarixli etiraz məktubunda ona məxsus evin yerli icra hakimiyyəti orqanı tərəfindən siyahıda qeyd olunmadığı səbəbindən Agentliyin mütəxəssisləri tərərfindən evinə baxış keçirilmədiyi və akt tərtib edilmədiyi qeyd edilmişdir. Beləliklə də bu bir-birinə ziddiyyətli cavablar göstərir ki, cavabdeh inzibati orqan olan Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin: 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.
19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
21. Göründüyü kimi iddia tələbinin əsasını “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi və onun evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması təşkil edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət yaradılmış komissiya rayon ərazisində işini yekunlaşdırdığına və sosial proqram başa çatdığına görə evin zəlzələdən zərər görmüş evlər siyahısına salınması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir.
23. Bundan başqa, İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqnda iddia (Azərbaycan Respubliaksı İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir.
24. Bu baxımdan öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı;
3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda idiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
26. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən hazırkı tələblə ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciə olunmamışdır.
27. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
28. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
29. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 saylı qərarı ləğv edilməli, iş üzrə qərardad qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(116)-264/2023 saylı qərarı ləğv edilisin. İş üzrə qərardad qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkmiş İsmayıllı rayonu Tircan kəndində yerləşən evinə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq səlahiyyətli komissiya tərəfindən baxış keçirilməsi, evinin zəlzələdən zərər görmüş evlər siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.