Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-31/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı -İddiaçı və onun vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 02.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28.09.2005-ci il tarixdə Qax rayonu Qaxingiloy bələdiyyəsinə müraciət edərək 600 km həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt iddiaçı qanunvericiliklə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmiş və lazım olan hiiquqmüəyyənedici sənədləri əldə etmişdir. Bundan sonra iddiaçı Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə müraciət edərək, həmin torpaq sahəsinə Torpağın mülkiyyət hüququna dair dövlət aktının verilməsini xahiş etmişdir. Həmin vaxt iddiaçı əlində olan bütün hüquqi sənədlərin əslini Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə təqdim etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 10.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müvafiq rəyinin olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 03.12.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli, 09 saylı qərarı, DTXKnın Qax rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2009-cu il tarixli, 764 saylı torpaq sahəsinin planı və ölçüsü təqdim edilsə də, DTXK-nın Qax rayon şöbəsində qeydiyyatdan keçmiş “Torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin ayrılmasına dair DTXK-nın Qax rayon şöbəsinin rəyi təqdim olunmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 03 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-350/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməyərək mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X12 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdə möhür və imzaların olmamasının məsuliyyətini iddiaçı daşımamalıdır. Bu həmin vaxtı DT və XK nin Qax rayon şöbəsində işləyən şəxslərinin öz vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşmasıdır. İddiaçı heç bir saxta sənəd tərtib etməmiş, pulunu ödəyib torpaq sahəsi satın almış və həmin torpaq sahəsində ev inşa etdirərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Aldığı torpaq sahəsinin isə hər il bələdiyyəyə vergiləri ödəyir. Hansısa sənəddə olan rəqəm uyğunsuzluğu həmin torpaq sahəsinin iddiaçının əlindən alınmasına gətirib çıxara bilməz. Məhkəmə fərziyyələr əsasında qərar çıxara bilməz və belə qərar qanuni hesab oluna bilməz. Hazırda iddiaçının qanuni istifadəsində olan və ev tikərək vergilərini ödəyərək yaşadığı torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətindədir və cavabdeh orqan həmin torpaq sahəsi üzərində onun mülkiyyət huququnu qeydə alaraq ona çıxarış verməlidir Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərardadı ilə Qax rayon Qaxbaş bələdiyyəsi və Qax bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X10 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki ioclasında iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Qax bələdiyyəsinin nümayəndəsi X5 göstərdi ki, hal-hazırda iddiaçının istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsi əvvəllər Qax rayonu Qaxingiloy bələdiyyəsinin mülkiyyətində olub. Sonradan həmin bələdiyyə ləğv olunub və əvvəllər Qaxingiloy bələdiyyəsinin ərazisində olan yaşayış məntəqəsi torpaqlarına aid torpaq sahəsinin bir hissəsi Qax bələdiyyəsinə verilib, yəni həmin ərazi Qax bələdiyyəsinə birləşib. Qalan hissəsi isə yeni yaradılmış Qaxbaş bələdiyyəsinin ərazisində saxlanılıb. İddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsi keçmiş Qaxingiloy bələdiyyəsinin mülkiyyətində olduğu vaxt məhz həmin bələdiyyə tərəfindən iddiaçıya satıldığı üçün hazırda Qax bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası və tələbi yoxdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Qax rayon Qaxbaş bələdiyyəsinin nümayəndəsi X3 göstərdi ki, Qaxingiloy bələdiyyəsi 2015-ci ildə ləğv olunub və həmin bələdiyyənin ərazisinin (mülkiyyətində olan torpaq sahələrinin) bir hissəsi yeni yaranan Qaxbaş bələdiyyəsinin Ərazisində (mülkiyyətində) saxılanılıb, qalan hissəsi isə Qax bələdiyyəsinin ərazisinə birləşib. Qaxbaş bələdiyyəsi keçmiş Qaxingiloy bələdiyyəsinin tam hüdudları çərçivəsində yaranmayıb. İddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsini ona Qaxingiloy bələdiyyəsi ləğv edilməmişdən əvvəl satıb. Həmin vaxt qax bələdiyyəsinin həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayıb. İddiaçının ev tikdirdiyi torpaq sahəsinin yerləşdiyi ərazidən həmin vaxt keçmiş Qaxingiloy bələdiyyəsi tərəfindən bir çox şəxslərə həyətyanı torpaq sahəsi satılıb və həmin ərazi hal-hazırda tam məskunlaşmış ərazidir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər hazırkı məhkəmə iclasına nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(116)-350/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunamüvafiq olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı və cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən, müraciətin təmin edilməməsinə səbəb olan sənədlərdə (846 nömrəli rəy və alqı-satqı müqaviləsi) aşkar uyğunsuzluqlar mövcuddur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə məsul şəxslərin imzaları və möhürlərin olması müəyyən edilsə də, DT və XK tərəfindən 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilmiş eyni sənədlərdə məsul şəxslərin imzalarının və möhürün olmaması aşkar edilmişdir. Bu hal da o ehtimala əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunan (cavabdeh orqana müraciət zamanı təqdim edilməmiş) sənədlərə müdaxilə olunmuş və sənədlər sonradan imzalanmış və möhürlənmişdir. Həmçinin iş materiallarında olan mütəxəssis rəyində naturada iddiaçı tərəfindən istifadə olunan 0.06 ha torpaq sahəsinin Qax bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid olması qeydi bələdiyyə tərəfindən sözügedən qərarın qəbul edilməsinə əsaslı şübhələr yaratmış olur. Cavabdehin məhkəməyə təqdim etdiyi alqı-satqı aktının 13.03.2009-cu il tarixində qeydiyyata alındığı yazılmış, iddiaçının təqdim etdiyi aktın surətində isə 13.03.2006-cı tarixində qeydiyyata alındığı yazılmışdır. Bundan başqa bələdiyyə qərarında torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması, rəydə isə kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılmasının qanunamüvafiq olması yazılmışdır. Kənd təsərrüfatına yaralı torpaq sahəsi isə mülkiyyətə verilə bilməzdi. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi bələdiyyə qərarı nə arxivdə, nə də bələdiyyədə mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır. Belə ki, işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 23.12.2005-ci il tarixli, 12 nömrəli qəbzdən görünür ki, iddiaçı Qaxingiloy bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialında olan hesabına ******* (bir milyon səksən min) manat məbləğində torpaq sahəsinin dəyərini ödəmişdir. Qax rayonu, Qax İngiloy bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli, 09 nömrəli qərarından görünür ki, rayonun Qax İngiloy bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlarından ev tikmək üçün alqı-satqı qaydalarına müvafiq 0.06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair” Aktdan görünür ki, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı satılmış, B. Xəlilova torpaq sahəsinin dəyərini 12 nömrəli qəbzlə bələdiyyənin ABB Zaqatala filialındakı hesabına ödəmişdir. Aktda onun hansı tarixdə imza və möhürlə təsdiqlənməsinə dair qeyd mövcud olmasa da, aktın bələdiyyə nümayəndəsi X6, İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdiri X7 tərəfindən imza edildiyi, bələdiyyə və Komitənin Qax rayon şöbəsinin möhürləri ilə təsdiqləndiyi, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində 13.03.2006-cı il tarixdə 1208 nömrə ilə qeydiyyata alındığı müəyyən edilir. 846 nömrəli rəydə qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılması qanunamüvafiqdir. Rəyin DT və XK-nin Qax rayon şöbəsinin müdiri S.Ramazanov tərəfindən imzalandığı və möhür vurulduğu müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125935 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. X18 kitabında 16.03.2009-cu ildə 764 nömrəli ilə uçota alınmışdır. Qaxbaş bələdiyyəsinin 23.11.2020-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən Qaxingiloy bələdiyyəsi 2015-ci il yanvar ayından ləğv olunmuş və yeni Qaxbaş bələdiyyəsi fəaliyyətə başlamışdır. İddiaçı işi ilə əlaqədar olaraq vətəndaşa aid hər hansı bir sənəd Qaxbaş bələdiyyəsində mövcud deyil. Qax rayon Dövlət Arxivinin 26.10.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Qaxingiloy bələdiyyəsi (Fond№140) Qax rayon Dövlət Arxivinə bələdiyyənin 2005-ci ilinə dair iclas protokollarını təhvil vermədiyindən Qaxingiloy bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 09 saylı iclas protokolundan iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinin satılmasına dair arxiv çıxarışının verilməsi mümkün olmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 06.04.2021-ci il tarixli “iddiaçının iddia tələbi ilə bağlı münasibət bildirilməsi” barədə məktubunda qeyd edilir ki, İddiaçı 08.09.2020-ci il tarixdə ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət zamanı təqdim etdiyi sənədlər toplusunda “Torpaqların alqısatqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Eyni zamanda bildirilir ki, DTXK-nın Qax rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilən arxiv materiallarında 13 mart 2009-cu il tarixli, 1208 nömrəli imzalanmamış və möhürlənməmiş “Torpaqların alqı-satqısına dair akt” və 846 nömrəli torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi mövcuddur. DT və XK-nin 846 nömrəli rəyində İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aid və alqı-satqı predmeti olması, həmçinin satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılmasının qanunamüvafiq olması qeyd edilsə də, rəyin Şöbənin müdiri tərəfindən imzalanmadığı və möhürlənmədiyi aşkar olunur. Surəti cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən “Torpaqların alqısatqısına” dair Aktın DT və XK-nin Qax rayon şöbəsində 13.03.2009-cu il tarixdə 1208 nömrəl ilə qeydiyyata alındığı qeyd edilsə də, aktın məsul şəxslər tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi aşkar olunur. Mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada istifadəsində olan 0.0592 hektar torpaq sahəsi elektron məlumat bazasına əsasən Qax rayonu Qax inzibati ərazi dairəsinin hüdudları daxilində Qax bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid şəhərin baş planında yaşayış ehtiyat ərazisidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X19 Kitabının 13.03.2006-cı il tarixli, 1208 nömrəli qeydiyyatın aparıldığı səhifəsi arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125936 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X8 ayrılmışdır. X16 kitabında qeydiyyatı ilə bağlı qeydlərin aparılmadığı aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən aparılan inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh orqan iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını “Torpaqların alqı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müvafiq rəyinin olmaması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Digər tərəfdən, torpağın alqı-satqısının mövcudluğu mötəbər sübutlarla öz təsdiqini tapsa da, cavabdeh “Torpaqların alqı-satqısına dair akt” olmamasını göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Bundan başqa, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin sənədin verilmə əsasını təşkil edən sənəd - Qax rayon Qaxingiloy bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli, 09 qərarı olmuşdur. Qax rayonu Qaxbaş bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verdiyi 22 dekabr 2021-ci il tarixli, 2/138 saylı məktubunda qeyd edilir ki, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə sözü gedən 600 kvm torpaq sahəsi keçmiş (ləğv edilmiş) Qaxingiloy bələdiyyəsinin ərazisinə aid olmuşdur. Həmin ərazi hazırda Qax şəhər bələdiyyəsinin ərazisində yerləşir. Bununla yanaşı, Qax rayonu Qax bələdiyyəsinin 22 dekabr 2021-ci il tarixli, 796 saylı arayışında qeyd olunur ki, həqiqətən də İddiaçı Qax şəhəri, M.Ş.Vazeh küçəsində yaşayır və istifadəsində 0.06 ha həyətyanı torpaq sahəsi var. Həmin ərazi əvvəllər Qaxingiloy kənd ərazisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli “Qax şəhərinin inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X9 Xidmətinin Qax Rayon Hissəsinin 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 03 oktyabr 2009-cu il tarixdə Qax rayonu Qaxbaş kəndində Qaxingiloy bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bələdiyyə binasının yanar konstruksiyaları yanaraq tam yararsız hala düşmüşdür. Bu da iddiaçının “Torpaqların alğı-satqısına dair aktın əldə etmə imkanını aradan qaldırmışdır ki, bu hal da iddiaçının ziyanına şərh edilə bilməz. Kollegiya hesab edir ki, torpağa dair alğı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alğı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən 23.12.2005-ci il tarixində ******* (bir milyon səksən min) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları X19ında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-350/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulsun. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X12 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün.Qərardan qərarın tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-31/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-31/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver